Məqalələr

Məhərrəm ayı

Məhərrəm ayı fəzilətli və haram aylardan biridir!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Məhərrəm ayı fəzilətli və haram aylardan biridir. Uca Allah buyurmuşdur: Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin.” (Quran, Tövbə, 36).

Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: İldə on iki ay var, onlardan dördü – haram aylardır. Bu aylardan üçü dalbadal gəlir: Zül-qaadə, Zül-hiccə, Məhərrəm. (Dördüncüsü isə)  Cümədə və Şaban arasındakı Mudar qəbiləsinin (tərc.qəbilə bu ayı belə adlandırardı) Rəcəbi.” Buxari.

Qatədə (Allah ona rəhmət etsin) yuxarıdakı ayəni təfsir edərək bildirir ki, haram aylarda edilən zülm və günahlar digər aylardan daha şiddətli qiymətləndirilir. Baxmayaraq ki, bu əməllər istənilən halda pis sayılır, Allah istədiyini ucaldır. Həmçinin demişdir: ”Allah məxluqlarından bəzilərini seçib xüsusiləşdirmişdir: mələklərdən bəziləri digərlərindən, peyğəmbərlər isə adi insanlardan üstün qılınmışdır. Zikri sözlərdən, məscidləri başqa yerlərdən, Ramazan və haram ayları digər aylardan, Cüməni günlərdən, Qədr gecəsini gecələrdən seçib xüsusiləşdirmişdir. Elə isə Allahın ucaltdığını siz də ucaldın. Həqiqətən Allahın ucaltdığını ancaq fəhm və ağıl sahibləri ucaldar.” (İbn Kəsir təfsiri).

Məhərrəm ayının birinci günü Hicri təqvimin başlanğıcı hesab edilir. Uca Allah buyurmuşdur: “İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir.” (Quran, Tövbə, 108).

Ayədə qəsd edilən məscid Quba məscididir. “İlk gün” sözü altında isə hicrət qəsd olunduğundan (bu gün isə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrətinə təsadüf etdiyindən ) səhabələr Ömərin (Allah onların hamısından razı olsun) xəlifəliyi altında Məhərrəm ayının ilk gününü İslam təqviminin başlanğıcı kimi təyin etmişlər. “Fəthül Bari”, 7/341

Qeyd etmək yerinə düşər ki, Hicri təqviminin ilk gününün “yeni il” kimi xüsusiləşdirilməsi barədə saleh müsəlmanlardan heç bir dəlil varid olmamışdır.Bu təqvim başlanğıcı yalnızca inzibati işlərin asanlaşması yönündən təyin edilmişdir. “Məusuə əl-liqa əş-şərhiy”, 835

Məhərrəm ayında oruc tutmaq fəzilətli əməllərdəndir. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: Ramazandan sonra ən əfzəl oruc Allahın ayı Məhərrəm(in orucudur), fərzdən sonra ən əfzəl namaz isə, gecə namazıdır” Muslim.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) hədisi şərh edərək bildirmişdir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Ramazandan sonra ən çox Şaban ayında tutmasına dair hədislərlə bu hədis ziddiyyət təşkil etmir. Çünki Məhərrəm ayında oruc tutmağın fəzilətinə dair əmr ona (Allahın ona salavatı və salamı olsun) səfər və xəstəliklərin çoxaldığı ömrünün sonunda gəlmişdir.

Məhərrəm ayının ən fəzilətli günü isə Aşura günü, yəni ayın 10-u hesab edilir. Çünki bu gündə Uca Allah Musa peyğəmbəri (Allahın ona salamı olsun) Firondan xilas etmişdir.

İbn Abbas (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin Aşura günü oruc tutduğunu görüb soruşdu: ”Bu nədir?” Onlar dedilər: ”Bu gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını düşmənlərdən xilas etdiyi bir gündür. (Buna görə də) Musa həmin gün oruc tutmuşdur”. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: ”Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam”. Sonra o, həmin günü oruc tutdu, səhabələrinə də əmr etdi”. Buxari.

Allah Rəsulundan (Allahın ona salavatı və salamı olsun) Aşura gününün orucu barədə soruşulduqda o dedi: ”Keçən ilin günahlarına kəffarədir”. Muslim.

Lakin burda nəzərdə tutulan kiçik günahlardır. Böyük günahlar yalnız səmimi tövbə ilə bağışlanır. “Əl-Məcmu şərhul-muhəzzəb”, 6/431

Aşura orucunun hökmünə gəldikdə isə  Ramazan orucu fərz edilənədək onun hökmü vacib idi. Ramazan orucu fərz edildikdən sonra isə Aşura orucunun vacibliyi nəsx olunaraq müstəhəb (könüllü) edildi.

Aişə (Allah ondan razı olsun) demişdir: ”Qureyş cahiliyyə dövründə aşura günü oruc tutardı və Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) də cahiliyyədə o günü oruc tutardı. Mədinəyə gələndə də o günü oruc tutdu və bunu (insanlara da) əmr etdi. Ramazan fərz olunduqda isə, Aşura gününü tərk etdi və istəyən o gün oruc tutdu, istəyən də tərk etdi”. Buxari, Muslim

Məhərrəmin onuncu gününü 9-cü günlə birləşdirib oruc tutmaq da müstəhəbdir. Belə ki, İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Aşura günü oruc tutub, insanlara bunu əmr edəndə onlar dedilər: ”Ya Rəsulullah, bu, yəhudi və nəsranilərin təzim etdiyi bir gündür.” O (Allahın ona salavatı və salamı olsun) cavab verdi: ”İnşəAllah gələn il olsa (yaşasam), doqquzuncu günü də oruc tutarıq”. Lakin gələn il gəlmədən Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) vəfat etdi. Muslim.

İmam  Nəvəvi (Allah ona rəhmət etsin) hədisin şərhində Aşura ilə bərabər Təsuə günü (doqquzuncu gün) də oruc tutmağın kafirlərə bənzəməmək üçün müstəhəb edildiyini bildirir.

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha