Sual-cavab

MƏDİNƏ qrupundan ayın seçilmiş sualları — Fevral (2014)

MƏDİNƏ qrupundan seçilmiş suallar

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU

1. Qeybətin caiz olan növləri
Sual: İslamda olmayan cahil birinin də arxasıyca danışmaq qeybət sayılır, yoxsa ancaq İslamda olan müsəlman birinin arxasıyca danışmaq qeybətdir? Ümumiyyətlə qeybəti haram sayılmayan insanlar kimlərdir?

Cavab: Faydalı olar inşəAllah: İmam ən-Nəvəvi buyurur: Altı növ qeybət vardır ki, bu qeybətləri etmək icazəlidir (caizdir):

1. Zülmə məruz qaldıqda.

Həmin adam zülm etmiş adam haqqında məhkəməyə, hakim mövqelərə və ya öz böyüyünə, məruz qaldığı zülmü anlada bilər. Məsələn: «Filan kişi mənə qarşı belə etdi», «filankəs rüşvət almaqla mənə haqsızlıq etdi» — deyə o adamların haqsızlıqlarını dilə gətirə bilər.

Allahu Təalə buyurur: «Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir.» (Nisa, 148)

2. Günahların və pisliklərin aradan götürülməsi barədə.

Bunu isə hər adama yox, pis işlərdən çəkindirməyə qadir olan adama demək lazımdır. Məsələn, içki içən bir adamı gördükdə, onun barəsində müəyyən yerlərə məlumat verib, onun bu işdən islah olunması barədə yardım istədikdə.

3. Fətva istədikdə.

Müftinin yanına gedib «filan kişi mənə qarşı bu pisliyi etdi», «atam, qardaşım mənə qarşı pis davrandı», «bunların belə, pis işləri var»- deyə onların əməllərini dilə gətirmək olar.

Əbu Sufyanın zövcəsi Hind bintu Utbəh (Allah ondan razı olsun), Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) gəlib belə demişdir: Ey Allahın Elçisi! Əbu Sufyan simicdir (yəni xəsis) mənə və övladıma yetecək qədər pul vermir. Əbu Sufyanın xəbəri olmadan onun pulundan götürüb xərcləyə bilərəm? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cavab verdi: «Özünə və övladına yetdiyi qədər götürə bilərsən.» (Səhih əl-Buxari, 5364, Səhih Muslim, 4574).

4. Müsəlmanları şərdən çəkindirmək üçün.

Hədis rəvayətçilərinin inanılmayanlarının, etibar edilməyənlərinin barəsində qonum qonşusundan, qohum əqrabasından həmin adam haqqında məlumat almaq olar. Həmin adamlar da onun barəsində məlumat verə bilərlər. Bu cür halarda qeybət etmək bəzi hallarda vacib olur.

5. Günah və bidətləri aşıq-aşkar işlədən adamın qeybətini etmək cazidir.

Həsən əl-Bəsridən (Allah ona rəhmət etsin) günah işlər görüb, onu insanlardan gizlətməyən kəslər haqqında soruşduqda O belə cavab verir: “Yox, qeybət deyil. Çünki onun hörməti yoxdur.”

6. Tanıtmaq məqsədilə.

Bir kəsi təhqir etməmək şərti ilə, adamın başqa adı olmasa, onun ləqəblərındən (kor və s.) istifadə etmək olar. Alimlər bunun qeybət olmamasında ittifaq etmişlər.

[ İmam Nəvəvi «əl-Əzkər» kitabı, 548 ]

2. Necə tövbə etsin?
Sual: Bir qardaş tövbə etmək istəyir, necə tövbə etsin?

Cavab: Allah Təalənin Rəhməti genişdir. O, bağışlayan və rəhm edəndir. Ona asi olmaq isə şərdir və fəsaddır. Peyğımbər (Allahın ona salavat və salamı olsun) buyurub: «Tövbə özündən əvvəlkini yox edir.» (Muslim) — yəni asilikləri yox edir, silir. Həmən qardaş etdiklərinə görə peşman olmalıdır. Həmən işlərdən Allah üçün əl çəkməlidir. Gələcəkdə bir daha etməyəcəyinə dair güclü əzm etməlidir. Allah təalə buyurur: «O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, axı günahları Allahdan başqa kim bağışlaya bilər? etdiklərinin üzərində davamlı, israrlı olmazlar.» (Əli İmran 135). Daha doğrusunu Allah bilir.

3. Futbolla məşğul olmağın hökmü
Sual: Futbolla məşğul olmaq olar?

Cavab: Futbolla idman məqsədilə məşğul olmaq olar. İfrata varmamaq şərtilə və üzərimizə vacib olan ibadət və haqlara laqeyd yanaşmamaq, haqları yerinə yetirməkl şərtlə olar. Ümumiyyətlə, müsəlman bir kimsə çalışmalıdır ki, hər hansı bir icazəli idman növüylə məşğul olduqda niyyətini «Allaha ibadətdə daha qüvvətli olmaq» etsin. Bu halda qeyd olunan şərtlərlə idman etməkdə bir problem yoxdur. Daha düzünü Allah bilir!

4. Bolkart
Sual: Bolkart barədə kim nə bilir? İstifadə etmək olar?

Cavab: İstifadə etmək olmaz. Bu sistem halal deyildir. Bank vasitəsi ilə həyata keçir və tərkibində sələm var. Daha doğrusunu Allah bilir.

5. Zərurət`in tərifi
Sual: Qardas ümumiyyətlə zərurət nədir? Bunu necə teyin edək ki artıq zəruri haldayıq? Əslində şübhəsiz bu elmsizlikdir. Amma hamımız elmli ola bilmərik. Çünki zərurəti doğru teyin etmək üçün xüsusi elm lazımdır.

Cavab: Zərurət — Şəriətin göndərilmə səbəbi olan 5 şeydən (dini, canı, malı, irzi/namusu, nəsəbi — qorumaq) hər hansı birinə qarşı təcavüz (zülm, böyük çətinlik) olduğu zaman baş verir. Bu beş şeydən hər hansı biri böyük təhlükəyə girərsə, zərurət baş verir və zərurətdə haramlar halallaşır. Daha düzünü Allah bilir.

6. Tabi`inlər kimlərdir?
Sual: Tabi`in nə deməkdir və kimlərə deyilir?

Cavab: Tabi`in, tabə`ə felindən olub cəmi ətbəun`dur. Ardıcıl, tabe olan və tərəfdar mənaları vardır. Tabiinlər — Peyğəmbəri (Allahın salavat və salamı olsun) görmüş səhabələrdən birini və ya bir neçəsini bir dəfə və ya bir neçə dəfə görən və ya görüşən və iman üzərində ölən kimsələrə deyilir. Daha doğrusunu Allah bilir.

7. Qəbir olan yerdə namaz qılmaq
Sual: Salam aleykum va rahmatullah. Suallarım qəbir ətrafında tikilən məscidlərlə bağlıdır.

1) İddia edilir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: «Qəbrimlə minbərim arasındakıi yer Cənnət bağlarındandır.» Və iddia edilir ki, Nəbi (Allahın ona salavat və salamı olsun) burada namaza təşviq edib. Elə isə qəbrlərin olduğu yerlərdə namaz qılmaq icazəlidir.

2 ) Məscidul-Həram və Məscidun-Nəbəvidə də qəbrlər var, və heç kim yüzillər boyu orda namaza qadağa qoymayıb. Elə isə qəbr olan məscidlərdə namaz qılmaq olar.

3) Ömər (Allah ondan razı olsun) Daniyel Peyğəmbərin qəbrini gizlətdiyi halda orada digər Peyğəmbərlərin də qəbrləri olmasına baxmayaraq onlara toxunmamışdır. Daniyelin (Allahın ona salamı olsun) qəbrinin gizlədilmə səbəbi isə ona ibadət edilməməsi idi. Dolayısı ilə bu hal yoxdursa qəbr ətrafında ibadət etmək olar? Ömərin digər Nəbilərin qəbrlərini yıxmaması da bunu isbat edir.

4) Rasulullah (Allahın ona salavat və salamı olsun) Əliyə (Allah ondan razı olsun) qəbirləri yıxmağı əmr edir. Bu yalnız süret olan qebirlərə aid bir əmr idi. Heykəl və sürət olan qəbrlərin yıxılmasını əmr etmişdi Rasulullah (Allahın ona salavat və salamı olsun). Bunu bütün qəblərin yıxılması kimi qələmə verənlər bilə-bilə yalan danışırlar. Bu dördüncü iddiadır.

5) Məkkə müşriklərinin əlindən qaçıb Mədinəyə gələn Əbu Cəndəl müsəlmanlarla qalmaq istəsədə Rasulullah (Allahın ona salavat və salamı olsun) buna izn vermir. Çünki müşriklərlə bir müqaviləsi var idi. Əbu Cəndəl (ya da Əbu Basir) Məkkədən aralıda bir qrup insanla yaşamağa başlayır.Öləndən sonra onun qəbrinin ətrafına məscid tikilir və Rasulullah (Allahın ona salavat və salamı olsun) bunu inkar etmir.

Suallar və iddialar bunlardır. Allah razı olsun.

Cavab: Aleykum salam və rahmətullah.

1) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Evimlə minbərim arası Cənnət bağçalarından bir bağçadır.» (Buxari, Muslim, Nəsai, Tirmizi). Amma «qəbrimlə minbərim» ləfzi bəzi alimlərə görə zəif, bəzilərinə görə həsəndir. Hətta səhih olsa belə burda bir ziddiyyət yoxdur, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəhy vasitəsi ilə bilirdi ki, evində dəfn olunacaq. O ki qaldı orda namaz qılmağa təşviq etməyə — buna dəlil yoxdur, heç bir hədisdə orda namaz qılmaq haqda danışılmayıb. Sadəcə yerin fəziləti bildirilib. Burdan da qəbr olan yerdə namaz qılmağa dəlil gətirmək xətadır.

2) Məscidul Həramda qəbrlərin olması iddiası batil iddiadır. Hətta Məkkə müşrikləri belə Kəbəyə təzimdən heç kimi orda dəfn etməyə izn vermirdilər. O ki qaldı Məscidun Nəbəviyə — Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldikdən sonra Məscidi tikmək istəyir, amma məscid tikiləcək yerdə qəbrlər olur, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əmr edir ki, həmin qəbrlər ordan çıxarılsın və qəbirsanlığa köçürülsün. Sonradan məscidi tikir. Deməli, qəbrlər üzərində məscid tikmədi və buna da izn vermədi. Əgər qəbrin məsciddə qalması icazəli olsaydı, qəbirləri köçürmədən orda məscid tikərdi. O ki qaldı Peyğəmbərin (Allahın ona salavat və salamı olsun), Əbu Bəkr və Ömər (Allah onların hər ikisindən də razı olsun) qəbrlərinin olmasına — onların qəbri Aişə (Allah ondan razı olsun) evində olub, məsiddə olmayıb. Bu Əməvi xəlifələrinin dövründə məscid böyüdüləndə zorla məscidə salınıb. O dövrdə sağ olan səhabələr və tabiin alimləri inkar etmələrinə baxmayaraq bu zorla edilib. Bununla belə qəbri məsciddən üç divar ayırır. Digər tərəfdən də alimlər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məscidi ilə digər məscidlər arasında fərq qoyublar. Çünki bu məscid səfərə çıxılması caiz olan üç məsciddən biridir. İkinci də orda qılınan namaz digər məscidlərdə qılınanan namazdan 1000 dəfə əfzəldir… Deməli bunda da bir dəlil yoxdur ki, qəbir olan yerdə namaz qılmaq olar.

3) Heç bir səhih rivayətdə gəlmir ki, Daniyel peyğəmbərin cəsədi ilə bərabər orda digər peyğəmbərlərin də cəsədi olub. Hətta Daniyel peyğəmbərin cəsədinin gizlədilməsi haqda olan əsərin belə isnadında zəiflik var. Hətta gətirilən bu iddiadan belə onu iddia edənə cavab vermək olar ki, əgər Ömər (Allah ondan razı olsun) Daniyel peyğəmbərin cəsədini gizlətdisə ki, insanlar ona ibadət etməsin, eləcə də şəriətimiz qəbr olan yerdə namaz qılmağa izn vermir ki, bu gələcəkdə həmin qəbrə ibadətə apara bilər. Deməli Burda da bir dəlil yoxdur ki, qəbr olan yerdə namaz qılmaq olar.

4) Əli (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məni göndərdi ki, hər bir şəkili silim və hər bir qaldırılmış qəbiri yerlə bir edim.» (Səhih Muslim 2287). Orda demir ki, şəkilli qəbrləri silim. Şəkili ayrı qeyd etdi, qaldırılmış qəbrləri ayrı zikr etdi. Bu ərəb dilindən də bəlli bir şeydir. Qaldı ki, bu hədisin qəbr olan yerdə namaz qılmağa icazə verdiyinə harası dəlildir?

5) Qaldı ki Əbu Cəndəlin qəbri üstündə məscid tikilməsinə — bu batil bir iddiadir. Əksinə Əbu Cəndəl (Allah ondan razı olsun) gedib başqa yerdə məskunlaşandan sonra başlayır müşriklərin dəvə karvanlarını soymağa, onlara zərbələr vurur. Bundan sonra Məkkə müşrikləri Hudeybiyyə sülhündə yazılmış şərti ləğv etməyə məcbur olurlar. Belə ki, şərtin bir bəndində belə yazılmışdı ki, əgər müşriklərdən kimsə islamı qəbul edib Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanına sığınsa ona sığınacaq verə bilməz əksinə onu müşriklərə qaytarmalıdır. Elə buna görə də Əbu Cəndəl başqa yerdə məskunlaşdı. Məkkə müşrikləri də sonradan onun mədinəyə gəlməsinə izn verdilər və o da Mədinəyə qayıtdı…

Bu qədər yazıdan aydın oldu ki, gətirilən şübhələr cılız şübhələrdir. Sözümü Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bir hədisi ilə tamamlamaq istəyirəm. Aişə (Allah ondan razı olsun) deyir ki, Ummu Həbibə və Ummu Sələmə (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanında Həbəşistanda gördükləri kilsələrdən və onların içindəki şəkillərdən xəbər verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Əgər onlardan əməlisaleh bir kişi olərdisə onun qəbri üzərində məscid tikib oranı şəkillərlə bəzəyərdilər. Onlar qiyamət günü Allah qatında ən şərli insanlardır (Buxari 427, Muslim 1209).

8. Meyidi yuyanın qüsl alması məsləsi
Sual: Meyidi yuyan qüsul almalıdır ya yox bu məsələdə iki rəy var varsa hansı səhihdir? Zəhmət olmasa təfsilatlı yazardız.

Cavab: Bu barədə hədis var: «Kim meyit yuyarsa qoy qüsl alsın.». Şeyx Albanidən (Allah ona rəhmət etsin) nəql olunur ki, o, bu hədisi səhihləşdirib. Lakin hədis qüslun vacibliyinə dəlalət etmir. Həmçinin Şeyx İbn Bəzzdən və Albanidən (Allah hər ikisinə rəhmət etsin) nəql olunur ki, qüsl almaq vacib deyil, amma alsa daha əfzəldir. Daha doğrusunu Allah bilir.

9. Dəstəmazsız mushafdan oxumağın hökmü
Sual: Dəstəmazsız Quran oxumağın qaydaları var?

Cavab: Doğru olan rəy odur ki, dəstəmazsız Mushafdan oxumaq olmaz. Allah Quranda buyurur: «Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.» (Vaqiə surəsi 77-80). Hədisdə gəlir ki, «Qurana yalnız pak olan toxunar.» Amma əzbərdən dəstəmazsız inşəallah ki oxumaq olar. Düzünü Allah bilir.

10. Günün hansı saatlarında yatmaq olmaz
Sual: Günün hansı saatında yatmaq olmaz? Haramlığı yaxud məkruhluğu olan bir vaxt varmı?

Cavab: Bu mövzüda ən çox danışılan vaxtlar aşağıdakılardır:

1) Sübhdən sonra, 2) Əsrdən sonra, 3) Məğribdən sonra.

1) Sübhdən sonraya gəlincə, elm əhli məsləhət görürki, bu vaxt zikrlə, təsbihlə, təkbirlə və s. keçirilsin. Çünki bu vaxtlar bərəkətli vaxtlar hesab olunur. Buna dəlillərdən biri bu hədisdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Allahım, ümmətimin səhər çağlarını bərəkətli et.”»

2) Əsrdən sonraya gəlincə, bu vaxtı yatmamaq barəsində zəif hədis var. Şeyx ibn Bəzz və Şeyx Useyminin (Allah hər ikisinə rəhmət etsin) əsrdən sonra yatmaqda bir məneə görmədikləri nəql olunur.

3) Məğribdən sonraya gəlincə isə, bu vaxtı yatmağın məkruh olması barədə Buxaridə rəvayət var, orda deyilir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) işadan əvvəl yatmağı, işadan sonra isə danışmağı xoşlamazdı. Daha doğrusunu Allah bilir.

11. Namaz yerinə “Saləh”, dəstəmaz yerinə “Vudu” və s.
Sual: Mən bilmək istəyərdim ki, namaz, dəstəmaz və bunun kimi digər sözlərin yerinə “saləh”, “vudu”, yəni onların ərəbcəsini işlətmənin nə dərəcədə önəmi var? Əgər bizim dilimiz Azərbaycan dilidirsə və bu sözlərdə dilimizdə işlənmirsə bu sözləri biz mütləq ərəbcə deməliyikmi?

Cavab: Bu vacib deyil. Əksinə sələflər nə qədər çox elmə sahib olsalarda, çalışardılar ki, rahat və hamının başa düşdüyü dildə danışsınlar. Daha doğrusunu Allah bilir.

12. “Sələfu əs-Salih” dedikdə qəsd olunan kəslər
Sual: Sələfu əs-Salih dedikdə kimlər başa düşülür. İbn Teymiyyə (Allah ona rəhmət etsin) Sələfu əs-Salih`dirmi?

Cavab: Sələfu əs-Salih dedikdə bu ümmətin əvvəlki nəsilləri nəzərdə tutulur. Onlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, sonra tabiinlər sonra isə ətbə`u ət-tabi`inlər. Bunlar haqqında Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur ki: «Sizin ən xeyirliniz mənim vaxtımda yaşayanınızdır, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər.» — yəni üç nəsil.

Şeyx əl-İsləm İbn Teymiyyə (Allah ona rəhm etsin) həmin saydığım sələflərə tabe olanlardan və onların yolu ilə gedənlərdən hesab olunur. Daha doğrusunu Allah bilir.

13.“İnşəAllah” sözünün yazılışı
Sual: Əziz qardaşlar, «İnşAllah» və «İn şəə Allah» sözləri arasında ərəb dili qrammatikasına əsasən hansısa fərq var mı?

Cavab: Bu sözün ərəb qrammatikasındakı incəliklərinin, bizim dilimizdə gündəlik olaraq işlətdiyimiz «inşAllah» və ya «inşəAllah» sözü ilə qəsd etdiyimizlə heç bir əlaqəsi yoxdur. Son zamanlar söz ətrafında məsələlər çox qabardılır. Lakin, bilmək lazımdır ki, bizim dilimizdə bu söz, bəlli mənada işlənir və əgər çox dərinə getsək, gərək gündəlik olaraq işlətdiyimiz sözlər üçün əməlli-başlı islahatlar aparaq (ki, buna da ehtiyac yoxdur). Daha doğrusunu Allah bilir.

14. Günah etmişəm və bağışlanmaq istəyirəm
Sual: Mən din haqqında dərinden bilmirəm və mənə köməy etməyinizi istəyərdim. Xahiş edirəm sualımı cavabsız qoymayın. Mən çox böyük günah etmişəm indi isə Allah qarşısında bağışlanmağımı istəyirəm. Eləcədə istəyirəm təmiz günahsız bir həyata başlayım. Mən tövbə edib Allahdan bağışlanmaq istəsəm Allah məni bağışlayarmı?

Cavab: Hәr bir insanın xәtası, günahı var. Әsas olan, bu günahları anlamaq vә Allahdan sәmimi bir şәkildә bağışlanma dilәyәrәk, ibadәtlәri artırmaqdır. Peyğәmbәrimiz (Allahın ona salavat və salamı olsun) buyurur: «Hәr bir insan günah edәndir. Günah edәnlәrin әn xeyirlisi — tövbә edәnlәrdir.» (Tirmizi) Buna görә dә, günah etdikdәn sonra peşman olmaq, tövbә etmәk vacibdir. Tövbә etmәk üçün — o günah әmәli tamamilә tәrk etmәk, sәmimi bir şәkildә peşman olmaq, bir daha bunu etmәyәcәyinә dair söz vermәk lazımdır. Tövbә qapısı Qiyamәt gününә qәdәr açıqdır vә Uca Allah, sәmimi bir şәkildә tövbә edib, ibadәt edәn bәndәlәrini bağışlayacağına dair vәd vermişdir. Rәbbimiz belә buyurur: «(Ey Peyğəmbər! Mənim adımdan bәndәlәrimә) de: «Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» (əz-Zumәr 53)

15. Elm tələb etmək
Sual: Elm tələb etmək deyəndə nə başa düşülür, yəni məsələn bir kəs internetdə müəyyən dərsləri dinləyirsə o elm tələb etmiş sayılırmı?

Cavab: Elm tələb etmək — geniş məfhumdur. Hər bir müsəlmanın ‘elm tələbi’-ndən müəyyən qədər payı vardır. Lakin, elm`ə təməldən başlayan, illərini, günlərini buna həsr edən, müəyyən bir müddət alimlərin yanında elm təhsil edən kəs — (həqiqi mənada) elm tələbəsi hesab olunur. Daha doğrusunu Allah bilir.

16. Ər ilə arvad boşandıqda uşaq kimdə qalmalı
Sual: Şəriətə görə ər ilə arvad boşananda uşaqlar kimdə qalmalıdır? Qadın ile yoxsa kişi ilə?

Cavab: Əsl odur ki, uşaq seçim yaşına qədər ana ilə qalır, sonra özü valideynlərdən istədiyini seçir. amma ola bilər ki, müəyyən hallarda şəriət məhkəməsi uşağı qadına yox kişiyə verə bilər. Hər ailənin öz hökmü var. Daha doğrusunu Allah bilir.

17. Ucb haqqında məlumat
Sual: 1) Ucb nədir? 2) Ucbdan necə qorunmaq olar?

Cavab: 1) Ucb, insanın özü-özündən razı qalıb təəccüblənməsidir. Bu çox təhlükəli bir qəlb əməlidir. Bu, sözdə, hərəkətdə özünü göstərə bilər, əsli qəlbdə baş verir, qəlbə gəldiyi zaman bununla mübarizə aparıb dəf etmək lazımdır, necə ki, sözdə və hərəkətdə də dəf edilməsi lazımdır. Bunun ən gizli əlamətlərindən biri də insanın özünün haqqa dəvət etməsini zənn etməsi, əslində isə öz nəfsinə dəvət etməsidir. Zahiri əməllərindən isə özündən çox danışıb özündən təəccübləndiyini bildirən söz və hərəkətlərdir.

2) Bundan qorunmaq üçün ixlaslı olmaq, daim niyyətə nəzarət edib, əməlin Allah üçün olub olmadığına fikir vermək, insanların tərifllədiyi zaman xüsusilə diqqətli olub qəlbə bir şey düşməməsi üçün Əbu Bəkrin (Allah ondan razı olsun) dediyi duanı demək, şöhrətpərəstlikdən çəkinmək, özünü çox tərifləyərək eyiblərini ona deməyən insanlarla yox, özünə nəsihət edib səhvlərini düzəldəcək saleh insanlarla dostluq etmək, işlərin uğurlu olmasını Allahın müvəffəqiyyətinə bağlayıb öz nəfsindən görməmək və s. yollarla bunu müalicə etmək lazımdır. Daha düzünü Allah bilir!

18. Təqlid yoxsa İctihad
Sual: Belə bir söz var bəziləri deyirk ki «biz hamımız təqlidçiyik, təqlidçi olmayan yalnız icdihad ehlidir yaniki alimlər, başqa variant yoxdur.». Bu cur söz nə dərəcədə doğrudur?

Cavab: İctihad — şəri bir rütbədir və ictihadı yalnız — ictihada qadir olan — yəni, müctəhid edir. Müctəhid olmayan birisinin (yəni, avamın) ictihad etməsi caiz deyil, heç mümkün də deyil. İctihad etmək üçün elmin 20-yə yaxın sahəsindən tam bilgili olmaq lazımdır. İctihada qadir olmayan insan isə, alimlərə tabedir, onların sözlərinə baxır, birbaşa dəlilə baxıb oradan hökm çıxara bilməz. Bunun adını təqlid və ya tabeçilik qoya bilərik, mahiyyət eynidir. Daha doğrusunu Allah bilir.

19. Səfərdə imama qoşularkən
Sual: Əssəlamu aleykum. Sualım bundan ibarətdir ki, əgər mən səfərdəyəmsə və günorta azanı eşitdikdə məscidə girirəm və görürəmki camaat namazı başlayır. Bu zaman mən səfər namazını camaatla qılmalıyam yoxsa ayrı qılmalıyam. Sünnədə səfər namazı 2 rükətdir. İmama uysam onda gərək 4 rükət qılım? Cavab varsa və buna dəlil nədir?

Cavab: Va aleykum salam. İmama qoşuldunuzsa dörd qılın. Çünki, hədisdə varid olub ki, İmam, ona tabe olunması üçün təyin edilib. Daha doğrusunu Allah bilir.

20. Namazı bilərəkdən ertələmək
Sual: Salam aleykum. Əgər bir iş çıxdısa və mən heç cürə namaz qıla bilmədimsə. Sonra qəzasın qılmalıyam, yoxsa yox?

Cavab: Va aleykum salam. Namaz ibadəti islamda ən böyük ibadətlərdəndir. Kəlimeyi şəhadətdən sonra ən böyük ibadətdir. Hökmü isə vacibdir. Hər bir müsəlman bu ibadəti vaxtı-vaxtında yerinə yetirməlidir. Allah Təalə namaz qılanlar üçün çox əzəmətli əcrlər verib, bunlardan: günahların bağışlanması, Allah qatında dərəcələrin artması, qəlbinə sükünətin çökməsi, pis və fahiş işlərdən qorunması və s. Lakin namazlarına səhlənkar yanaşanlar haqqında isə belə buyurub: «Vay olsun o namaz qılanların halına. Hansılar ki, öz namazlarına qarşı səhlənkardırlar.» (Maun sürəsi, 4-5). Namaz heç bir halda bilərləkdən qəzaya salınmaz. Hətta döyüşdə olan mücahidlər üçün bu məsələdə güzəşt yoxdur, onlarda qısaldılmış formada olsa belə qılmalıdırlar. Tövbə edin və qılmadığınız namazın qəzasını qılın. Daha doğrusunu Allah bilir.

21. Əsgərlikdə namaz qılmaq
Sual: Mənim sualım əsgərlikdə namaza imkan verməsələr namazları bacardığımız şəkildə necə qılmalıyıq? Yəni məsələn oturub qılırıqsa hansı formada hərəkətləri etməliyik bu haqda çox xahiş edirəm məlumat verin.

Cavab: Əgər heç cür mümkün olmasa, oturub namaz qılan insan, ruku zamanı başını biraz əyir, səcdədə isə, (rukuda əydiyindən) daha çox əyir. Qalan hərəkətlər isə, normal qaydada edilir. Daha doğrusunu Allah bilir.

22. Kişiyə qızıldan istifadə etmək
Sual: Qızıl taxmaq və ya qızıl diş qoyduqmaq gunahdırmı? İzah edərdiniz mümkünsə.

Cavab: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur ki, «İpək və Qızıl mənim ümmətimin qadınlarına halal, kişilərinə isə haram edilmişdir. Kim onları bu dünyada geyinərsə, axirətdə geyinməz.». Bəllidir ki, cənnətdə möminlərin geyimləri qızıldan və ipəkdən olacaq. Kim bu qadağaya əməl etməzsə Axirətdə ondan məhrum olacaq. Daha doğrusunu Allah bilir.

23. Mulk sürəsinin fəziləti
Sual: Mulk sürəsini oxumaq insanı qəbr əzabından qurtarırmı? Və buna aid səhih hədis varmı?

Cavab: Bəli bu barədə səhih hədislər var:

1) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: «Təbərakə (Mulk) surəsi qəbir əzabına maneədir.» (Albani “Səhihul-Cəmi”, 3643)

2) Cabir ibn Abdullah (Allah ondan razı olsun) belə dedi: «Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Səcdə və Mulk surələrini oxumadan yatmazdı.» (Tirmizi, 3627)

24. Zəif hədisin tərifi
Sual: Zəif hədis haqda alimlərin görüşlərini yaza bilərsinizmi?

Cavab: Zəif hədisin tərifi haqqında alimlərin müxtəlif rəyləri var:

İbn əs-Saləhın (Allah ona rəhmət etsin) tərifi: «Özündə həm səhih və həmdə həsən hədisin vəsflərini cəm etməyən hədisə zəif hədis deyilir.»

İbn Dəqiq əl-İdin (Allah ona rəhmət etsin) tərifi: «Həsən hədisin dərəcəsindən aşağı olan hər bir hədisə zəif hədis deyilir.»

İbn Həcərin (Allah ona rəhmət etsin) tərifi: «Özündə məqbul hədisin vəsflərini daşımayan hər bir hədis zəif adlanır.»

Daha doğrusunu Allah bilir.

25. Vitr namazının hökmü
Sual: Vitr namazını qılmamağın hökmü, və gah qılıb gah qılmamaq böyük günahdırmı?

Cavab: Vitr namazı — tәkidlә әmr olunmuş sünnәtlәrdәndir vә Peyğәmbәrimiz (Allahın ona salavat və salamı olsun) hәmişә qılmağa davam edәrdi. Qılmayan insan böyük bir mükafatdan mәhrum olur, lakin günah sahibi olmur. Daha doğrusunu Allah bilir.

26. Əgər qadın kişiyə şərt qoyarsa
Sual: Əgər iki müsəlman ailə qurursa qadın və kişiylə şərt kəsirsə ki, ikinci zövcə almayacaq. Daha sonra kişi soz verirsə, Allaha and içirsə ikinci zövcə almayacağına. Bu şərt şəriətdə keçərlidirmi? Birdə əgər yoldaşı sözünü tutmadığı üçün qadın ərindən boşana bilər belə olduğu halda? İslamda bu şərtin doğru olub olmadığını öyrənmək istəyərdim.

Cavab: Şeyx Abbad (Allah onu qorusun) bu barədə soruşulduqda demişdi: «Əgər oğlan şərti qəbul edirsə ona əməl etməlidir, əgər şərt xoşuna gəlmirsə və ya münasib deyillsə başqasını axtarsın.» . Daha doğrusunu Allah bilir.

27. Namazı minikdə qılmaq
Sual: Əgər təxmin edirəmsə ki, müəyyən vaxt fərz namazı evdə qıla biləcəm, yola çıxıram, tıxac olur və ya başqa səbəb, gecikirəm, belə olduqda fərz namazı minikdə qılmaq olar?

Cavab: Əgər görsəniz ki namazın qəzaya qalması təhlükəsi var, o zaman qıla bilərsiniz. Daha doğrusunu Allah bilir.

28. Əgər bir cahil söz atarsa
Sual: Əgər bir cahil sənə söz atıb və ya əxlaqsız danışırsa onunla dava etmək caizdirmi??

Cavab: Xeyr, caiz deyil. Söz atılırsa, ən yaxşı halda sözlə cavab qaytarmaq olar, vurmaq olmaz. Qisas — öz mislində olmalıdır. Daha doğrusunu Allah bilir.

29. Qadının geyimində gözlənilən şərtlər
Sual: Qadınlar üçün Hicabin (əbanın) rəngi necə olmalıdır? Cavab: Qadının geyimində şərt odur ki enli olsun, bütün bədənini örtsün və cəzb edici rəng olmasın. Daha doğrusunu Allah bilir.
30. Zəkat çıxarılacaq pulun miqdarı
Sual: Sualım zəkat haqqındadır. Bir məsələ mənə qaranlıqdır. Mən işləyirəm maaşım müəəyən qədər yığılıb və təbiiki üzərindən lazım olanda götürüb xərcləyirəm. Tutaqki orda 5000 var, indi mən ondan zəkat verməliyəm?

Cavab: Puldan zəkat çıxartmaq üçün sizin ehtiyaclarınızdan əlavə yığdığınız pul olmalıdır. Bu pulların miqdarı zəkat veriləcək həddə çatmalıdır. Sonra bunun üstündən bir il keçməlidir. Yalnız bundan sonra sizə zəkar çıxartmaq vacib olur. «Fətva komitəsi»-nin verdiyi fətvaya görə zəkat çıxarılacaq pulun miqdarı hər kəsin öz ölkəsindəki 85 qram qızıl, ya da 596 qram gümüşün qiyməti ilə ölçülür. Daha doğrusunu Allah bilir.