Məqalələr

Lut qövmünün çirkin sapıqlığı – homoseksuallıq

Bəs bu kimi bəlalardan istər qadın olsun, istərsə də kişi necə qoruna bilər?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allah Təalanın qoyduğu bütün qaydalar müdrik və hikmətli olmaqla yanaşı, məxluqların yaradılışı ilə ziddiyyət təşkil etmir, yalnız fayda verir.

Yaxınlıq istəyi də hər canlının fitrətindən gələn təbii ehtiyaclardan biridir. Bu vasitə ilə nəsillər artır, davam edir. Uca Rəbbimiz insanları digər canlılardan üstün qıldığı üçün İslam Şəriətini göndərmiş, evlilik üçün təmiz, halal qanunlar təyin etmişdir.

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” (Quran, Ali İmran, 110).

Bu qanunları tapdayıb günahlara qurşandıqda isə insan dünyada ikən həm fiziki və psixoloji xəstəliklərə, məzəmmət və alçalmağa və digər sıxıntılara, həm də Axirət əzabına özünü məruz qoyur.

Şübhəsiz ki,  insanın öz fitrətinə qarşı etdiyi ən çirkin əməllərdən biri də əks cinsi qoyub, öz cinsinə meyl etməsidir. Livat- İslamda boyük günahlardan biri olub, çirkin, alçaq əməllər silsiləsində qiymətləndirilir.

İlk dəfə Lut qövmündə peyda olan bu əməl barədə Qurani Kərimdə belə buyurulur: Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.” (Quran, Əraf, 80-81).

“Həqiqətən, siz kişilərin yanına (şəhvətlə) gedir, yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” “ (Quran, Ənkəbut, 29).

“Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!” (Quran, Nəml, 55).

“Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir, və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.” (Quran, Şüəra, 165-166).

Lutu da (yada sal!) Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir camaat idilər.” (Quran, Ənbiya, 74).

Həmçinin Cabirdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) belə dediyi bildirilir: Ümmətim üçün Lut qövmünün əməlindən daha çox qorxduğum heç nə yoxdur”. İbn Macə, Tirmizi. Şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir.

İbn Abbas (Allah onlardan razı olsun) demişdir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: Heyvanlarla əlaqədə olan və Lut qövmünün əməlini edən lənətlənmişdir”. İmam Əhməd. Şeyx Albani (Allah onlara rəhmət etsin) səhihləmişdir.

Göründüyü kimi İslam dini eynicinsli əlaqələrin böyük günah olduğunu və buna görə şiddətli əzabın gözləndiyini bildirir.  Həqiqətən də bu iyrənc əməl sahiblərinin əxlaqsız yaşayış tərzləri, onlar arasında baş alıb gedən natəmiz xəstəliklər, üzlərinə çökən qaranlıq bir daha təsdiqləyir ki, Allah Təalanın heç bir əmrində zülm, ədalətsizlik yoxdur.

Buna baxmayaraq, Uca Allah məxluqlarını tərtəmiz yaradılışla, müdrikliklə yaratdığı halda hələ də insanlar arasında bu sapıq əməli normallaşdırmaq, sanki təbii hal kimi göstərmək istəyənlərə, “neyləsin, onu da Allah elə yaradıb” deyib bəraət qazandırmağa cəhd edənlərə rast gəlmək mümkündür. Bu fikrin əsassız olmasını Amerikan Psixologiya Assosasiyasının ən aktiv üzvlərindən Doktor Liza Daymond 2014-ci ildə Kornella Universitetində verdiyi mühazirəsində psixologiya sahəsində aparılan ən son araşdırmalar nəticəsində insanların seksual orientasiyasında həmcinslərinə marağın doğuşdan etibarən yox, sonradan meydana çıxdığını bildirməklə sübuta yetirmişdir.

Bəs bu kimi bəlalardan istər qadın olsun, istərsə də kişi necə qoruna bilər?

—        Allah Təaladan yardım istəməklə
—        Onu bu pis əməldən qoruduğu üçün şükr etməklə
—        Fərz əməllərə möhkəm sarılmaqla
—        Səhər və axşam zikrləri ilə
—        Günahkar məclislərdən, bu tip insanları, əməlləri normal qəbul edənlərdən uzaq durmaqla
—        Musiqi dinləməyi tərk etməklə
—        Zinanın istənilən növündən çəkinməklə
—        Əxlaqsız film və video çarxları izləməməklə
—        Halal ruzi ilə qidalanmaqla
—        Qadınların kişilərə, kişilərin qadınlara bənzəməsinin qarşısını almaqla
—        Geniş, həyalı və əzaları bildirməyən geyimlər geyməklə
—        Özgənin namusuna nə dil, nə də əl uzatmamaqla
—        Halal evliliklə.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulAziz