Məqalələr

“Lə iləhə illəllah”ın şərtləri

Lə iləhə illəllah Cənnətin açarıdır. Bəs bunu söyləyən hər bir kəs Cənnətə girə bilərmi?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Lə iləhə illəllah Cənnətin açarıdır. Bəs bunu söyləyən hər bir kəs Cənnətə girə bilərmi?
Vəhb ibn Münəbbihdən: ““Lə iləhə illəllah” Cənnətin açarı deyilmi?”, deyə soruşulduqda, belə cavab verdi: “Bəli o Cənnətin açarıdır. Fəqət dişləri olmayan açar, açar deyildir. Dişli açar gətirsən Cənnətin qapısı üzünə açılar, əks halda açılmaz”.

Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu açarın dişlərini açıqlayan bir cox hədisləri vardır.
Belə ki, “Kim ixlasla, səmimi olaraq Lə iləhə illəllah deyərsə …”, “ Kim qəlbi ilə qəti olaraq, yəqinliklə Lə iləhə illəllah deyərsə …”, “Qəlbi ilə sidq ilə istəyərsə…”. Bu və buna oxşar digər hədislər Cənnətə girməyə can atan hər bir kəsi bu kəlimələrin mənasını bilməyə, ölənə qədər onlar üzərində sabit qalmağa, əməl etməyə bağlamışdır. Alimlər kəlmeyi-şəhadətin Cənnətin açarı ola bilməsi və sahibinə fayda verə bilməsi üçün maneələrin olmaması ilə bərabər lazım olan şərtləri ortaya qoymuşlar. Bu şərtlər açarın dişləridir.

Elm
Hər sözün bir mənası vardır. “Lə iləhə İlləllah” sözünün mənasını da cəhaləti və savadsızlığı ortadan qaldıracaq qədər bilmək lazımdır. Bu sözün mənası Allahdan başqasının ilah olduğunu rədd etmək və Onun ilah olduğunu qəbul etməkdir. Yəni «Allahdan başqa haqq məbud yoxdur» deməkdir. Uca Allah buyurur: “Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır.” (Zuxruf 86)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “ Kimə Allahdan başqa haqq ilah olmadığını bildiyi halda ölüm gələrsə Cənnətə girər”. Müslim rəvayət etmişdir.

Yəqinliklə inanmaq
Bu “Lə iləhə İlləllah” kəliməsinə tam olaraq inanmaqdır. Çünki bu şəkk, şübhə, zənn və tərəddüd qəbul etməz. Allah- təala möminləri belə anladır: “Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolun­da mal­ları və canları ilə cihad edən­lər­dir! İmanlarında sadiq olan­lar da məhz onlardır.” (Hücurat 15).

Bu kəliməni sadəcə söyləmək kifayət deyildir. Qəlbin tam olaraq əmin olması lazımdır. Çünki qəlbdə tam olaraq inanc meydana gəlməzsə bu tam bir münafiqlikdir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Allahdan başqa ilah olmadığına və Allahın peyğəmbəri olduğuma şahidlik edirəm. Bu kəlmələrə qəti olaraq inanaraq Allaha qovuşan bir qul mütləq Cənnətə girər”. Müslim rəvayət etmişdir.

Təsdiq
Bildikdən və tam olaraq inandıqdan sonra bu biliyin nəticəsi olması lazımdır. Bu isə kəlimənin qəlb və dil ilə təsdiq edilməsidir. İstər qəzəbdən, istər inad səbəbi ilə kim ki, tövhid çağırışını rədd edər və qəbul etməzsə kafir olur. Allah -təala rədd edən kafirlərdən belə buyurmuşdur: “Çünki onlara: “Allahdan başqa ilah yoxdur!”– deyil­dikdə təkəbbür gös­tərir” (Saffat 35)

İnqiyat
Tövhidə tam olaraq bağlanmaq deməkdir. Bu imanın əsl ölçüsü və əməl göstəricisidir. Bu Allahın əmr etdiyi şeyləri etmək və qadağan etdiyi şeylərdən çəkinməklə olur. Belə ki, Allah-təala belə buyurur: “Yaxşı əməl sahibi olub özünü Alla­ha təslim edən şəxs ən möh­kəm dəs­təkdən yapış­mış olar. Bütün işlərin sonu Allaha qayıdır.” (Loğman 22)

Sidq
Bu kəliməni söyləyərkən tam bir doğruluq içində söylənilməlidir. Sadəcə dili ilə söyləyib qəlbi ilə yalan sayan kəs kafirdir. Buna dəlil Allahın münafiqlər haqda bu sözüdür: “Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələ­rimiz bizi döyüşə get­məkdən yayın­dırdı. Allahdan bizim üçün ba­ğışlanma dilə!”– deyəcəklər. Onlar qəlbində olmayanları dil­ləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xə­bər­dardır” (Fəth 11)

Məhəbbət
Mömin bu kəlimələrə olduğu kimi əməl etməyi və əməl edənləri sevər. Qulun Rəbbini sevməsinin əlaməti nəfsinə xoş gəlməsə də Allahın sevdiyi şeyləri etməsi, Allah və Rəsulunun dost etdiyi kimsələri dost seçməsi, onun düşmən etdiklərinə düşmən olması, Peyğəmbərinə tabe olması, onun yolu ilə getməsi və rəhbərliyini qəbul etməsidir.

İxlas
Bu sözləri söyləyərkən sadəcə Allahın razılığına ümüd etməsidir. Allah təala buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət et­mək, namaz qılmaq və zəkat vermək əmr olun­muşdu. Doğru din də elə budur!” (Beyyinə 5)

Bütün bü şərtlərlə bərabər ölənə qədər bu kəlimələr üzərində sabit qalmaq gərəkdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: feqih.com heyəti