Məqalələr

İstiğfarı necə edək?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salamı və salavatı olsun.

İstiğfar ərəb sözü olub Allahdan bağışlanma diləmək mənasını verir.

Uca Allah əvvəlki ümmətləri, o cümlədən bizi istiğfar etməyə səsləyir. Uca Allah Qurani-Kərimdə Nuh aleyhissəlamın dilində bizə belə deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!» (Nuh surəsi, 10).

Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun) peyğəmbər ola-ola, günahları bağışlandığı halda, gün ərzində yetmiş, bəzən yüz dəfə istiğfar edirdi.

Sələflərimiz də bizi istiğfar etməyə təşviq etmişlər.

Məsələn, Aişə (Allah ondan razı olsun) belə deyirdi: “Öz əməl dəftərində istiğfar etdiyi yazılan adam necə də xoşbəxtdir!”

Qatədə adlı alim deyirdi: “Bu Quran sizə həm dərdinizi, həm də dərmanınızı tanıtdırır. Dərdiniz günahlar, dərmanınız isə istiğfardır!”

Dinimiz bizə istiğfarın bir neçə cür deyilişini öyrətmişdir

  1. Seyyidul İstiğfar: «Allahummə əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu bizənbi fa-ğfirli fəinnəhu lə yəğfira-z-zunubə illə ənt.» (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacar­dıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur.)
  1. Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm).
  2. Rabbiğfirli (Rəbbim məni bağışla).
  3. «Allahummə inni zaləmtu nəfsi fəğfirli, valə yəğfiru-z-zunubə illə ənt.» (Allahım! Mən nəfsimə çox zülm etdim, məni bağışla. Günahları bağışlayan ancaq Sənsən.) 
  1. «Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illə ənt, fəğfirli məğfiratən min indikə varhamni, innəkə əntə-l-ğafuru-r-rahim» (Allahım! Mən nəfsimə çox zülm etdim. Günahları bağışlayan ancaq Sənsən. Məni Öz dərgahından bağışla və mənə rəhm et. Şübhəsiz, Sən Bağışlayan və Mərhəmətlisən.)
  1. “Əstəğfirullah əlləzi lə iləhə illə huvəl həyyul qəyyum və ətubu iləyhi.” (Özündən başqa haqq ilah olmayan, həmişə oyaq olandan bağışlanma diləyir və Ona tövbə edirəm.)

 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

 

Feqih.com heyəti