Məqalələr

İsraf və təbzir məfhumu

“Yeyin-için, lakin israf etməyin…”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dininin gözəlliklərindən biri də zahidlik və asketizm dini olmamasıdır. İnsanlar Axirət həyatlarına pay ayırdıqları kimi, dünya həyatları ilə də məşğul olmağa təşviq edilir, yemək, içmək, geyinmək, evlənmək, övlad sahibi olmaq kimi ehtiyaclarının ödənməsi də alqışlanır.

Lakin insan fitrət etibarilə doyumsuz və nankor məxluq olduğundan, elm və imanının az yaxud təmamilə olmaması səbəbilə bəzən həddi aşaraq, ona əmanət olaraq verilən dünya nemətlərinə həddən artıq bağlanır. Bu da nəticə etibarilə   həm qəlb, həm də bədən xəstəliklərinin meydana çıxmasına təkan verir: çox vaxt ifrat mal-dövlət sevənləri xəsis, yeməyə  bağlı insanları şişman, içkiyə qurşananları əyyaş, əks cinsə meylliləri naqis əxlaqlı, övlada bağlı olanları qorxaq, geyim-kecim aludəçilərini isə özünəməftun görərsən.

Bu səbəbdən İslam şəriəti sərhədlər qoymuş, dünya həyatından ehtiyacından artıq götürməyi bəyənməmiş, “israf”“təbzir” məfhumları altında təsnif etmişdir.

Lüğəti mənada “israf” – hər hansı bir həddə təcavüz etmək deməkdir. (Lisənul Ərab 11/48) İstilahi mənada isə bəzi alimlər yemək və digər xərclərdə həddi aşmaq  israf adlandırırlar.

Curcani demişdir: İsraf bir şeyi xərcləməkdə həddi aşmaqdır. Həmçinin deyilmişdir: Kişinin özünə icazəli olmayan bir şeyi yeməsidir. Və ya kişinin öz hacətindən çox ədalətsiz yediyinə israf deyilir. Həmçinin kişinin  bir şeydə cahillik səbəbilə həddi aşmasına deyilir. (Təərifət”, s.38)

Uca Allah buyurmuşdur: Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Quran, Əraf, 31).

Sufyan əs-Səuri (Allah ondan razı olsun) demişdir: “Allaha itaətdən başqa xərclənən hər şey israfdır, az bir qism istisna olmaqla” .(Mufrədat fi ğarib əl-Quran, s.230)

“Saçıb səpələmək” mənasına gələn “təbzir”  sözü isə daha xüsusidir və malın haqqı çatmayan yerə xərclənməsi deməkdir. (Lisənul Ərab 4/50) İstilahi mənada isə malın xeyirə xərclənməməsi və ya haqqı olmayan yerə xərclənməsinə deyilir. (Təhriru-t-tənbih, s.200)

Bu barədə Qurani Kərimdə deyilir: Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.(Quran, İsra, 26-27).

Təbzir- hüququn özündə cahillik, israf – hüququn miqdarında cahillik göstərmək deməkdir. (Ədəb əd-dünyə vəd-din, s.87)

Həmçinin İbn Abidin demişdir: “İsraf- daha ümumi mənadadır, ümumən bir şeyin lazımından çox sərf edilməsinə deyilir. Təbzir  isə sərf ediləni xüsusiləşdirərək, bir şeyin lazım olmayan yerə saçıb-səpələyərək, xərclənməsinə deyilir.”. (Raddul muhtər, 5/484).

Rağib əl-İsfəhani təbzir məfhumunun, mahiyyət etibarilə israfdan daha qəbih (pis) olduğunu qeyd etmişdir. (Zəriəti ilə məkəriməş-şəriəti, s. 216).

İslam iqtisadiyyatı elmləri üzrə doktor Zeyd ibn Muhəmməd əl-Rommaninin
eyniadlı məqaləsi əsasında tərtib olunmuşdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Umm AbdulAziz