Hədislər toplusu

İslamın əsasları

İslam beş əsasın üzərində qurulmuşdur

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Əbu Abdurrahman Abdulla ibn Ömər ibn əl-Xəttab (Allah onların hər ikisindən razı olsun) demişdir: «Mən eşitdim ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “İslam beş əsasın üzərində qurulmuşdur: “Lə iləhə illəllah və Muhəmmədən rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” əl-Buxari və Müslim rəvayət etmişlər.

Şərh

“Əbu Abdurrahman” – künyədir. Onun adı Abdulla ibn Ömərdir.

Künyə – ata, ana, qardaş, dayı və digər bu kimi sözlərlə başlanır.

“Allah onların hər ikisindən razı olsun.”– Alimlər demişlər: Əgər səhabə və onun atası müsəlman olsalar, onda: “Allah onların hər ikisindən razı olsun.” deyilir. Əgər yalnız səhabə müsəlman olub, atası qeyri-müsəlman olarsa, onda: “Allah ondan razı olsun.” deyilir.

İbn Ömər demişdir: «Mən eşitdim ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “İslam beş əsasın üzərində qurulmuşdur.” İslamı beş əsas üzərində quran Allah təalədir. İcraçı bəlli olduğuna görə qeyd olunmayıbdır. Necə ki, Allahın kəlamında da icraçı qeyd edilməyibdir: “…çünki insan zəif yaradılmışdır.” (ən-Nisə, 28). Burada insanın kim tərəfindən yaradıldığı bildirilməyibdir. Lakin O, məlumdur.

“beş əsasın” – yəni, beş dayağın üzərində.

“Lə iləhə illəllah və Muhəmmədən rasulullah” şəhadəti” – Bu iki şəhadət dil ilə deyilir, qəlb ilə etiqad olunur.

Namaz qılmaq bədənlə yerinə yetirilən əməldir. O, söz və əməldən ibarət olur. Namazın kamilliyi üçün bəzi hallarda vacib olan mal-mülk ondan sayılmır. Məlumdur ki, dəstəmaz namaz üçün vacibdir. Əgər su tapmasan onu pul ilə olsa belə alacaqsan. Həmçinin məlumdur ki, sən namazda övrət sayılan yerləri örtürsən və bunun üçün müəyyən məbləğ qarşılığında geyim də alırsan. Lakin bu ibadətdən kənar bir işdir. Buna görə də deyirik ki, namaz bədənə məxsus ibadətdir.

Zəkat vermək bədənlə deyil, mal-mülklə icra edilən ibadətdir. Varlının bu malı kasıba çatdırması üçün onun piyada və ya maşınla getməsi zəkat ibadətindən kənar bir işdir. (Yəni pulu kasıba necə çatdırmaq birbaşa ibadətin özünə aid deyil.)

Ramazan orucu başqa növ bədən ibadətidir. Namaz bədənlə icra edilir və o, əməldir. Oruc da bədənlə edilən əməldir, lakin o, əl çəkmək və tərk etməkdir. Bəzən insana bir işi etmək asan gəlir, lakin (nədənsə) əl çəkmək ağır olur. Bəzən isə əl çəkmək asan, etmək ağır gəlir. İbadətlərin növlərə ayrılmasına səbəb sınağın daha mükəmməl keçməsidir. Nöqsansız Allah əzəmətlidir.

Həcc etmək yalnız mal xərcləməkdirmi? (yəni həcc ibadəti bədəni ibadətdir, yoxsa maddi?)

Bu, təfsilatlı şəkildə izah edilməlidir.

Əgər insan (həccə getmək üçün) səfərə çıxmalıdırsa, mütləq pula ehtiyacı olacaq. Lakin bu məsələ, namaz qılmaq üçün dəstəmaz almaq kimi, ibadətdən kənar sayılır.

Əgər (həcc etmək istəyən) şəxs Məkkədədirsə, yenə ibadəti mal xərcləməkdən asılı olacaqmı?

Cavab olaraq deyirik ki, əgər yeriməyə gücü çatırsa, onun pul xərcləməsinə ehtiyac yoxdur. Yeməyə və içməyə xərclədiyi pula gəlincə, bunu hər zaman etmək məcburiyyətindədir.

Bu səbəbdən də həccin təkcə bədən, yoxsa bədən və mal-mülklə icra edilən ibadət olmasında tərəddüd edirəm. Lakin hər bir halda o da sınaqdır.

Bu böyük hikmət, İslamın rüknlərində aşağıdakı kimi ifadə olunur:

Sevimli bir şeyi xərcləmək, sevimli bir şeydən əl çəkmək və bədəni yormaq. Bütün bunlar sınaqdır.

Sevimli bir şeyin xərclənməsi zəkatla olur. Çünki mal-mülk insana sevimlidir. Necə ki, Allah təalə buyurur: “Həqiqətən, insan var-dövlətə çox hərisdir!” (əl-Adiyat, 8). Başqa ayədə buyurur: “Mal-dövləti isə lap çox sevirsiniz.” (əl-Fəcr, 20).

Sevimli bir şeydən əl çəkmək isə orucla olur. Necə ki, qüdsi hədisdə (Allaha nisbət edilib Qurani-Kərimə daxil olmayan rəbbani kəlamlar. ) deyilir: “O, yeməyini, içməyini və şəhvətini Mənə görə tərk edir.” (əl-Buxari: “Oruc” kitabı, “Ramazan orucunun vacibliyi” bölümü, № 7492; Müslim: “Oruc” kitabı, “Orucun fəziləti” bölümü, № 1151.)

Bu beş dayağın müxtəlif növdən olması sınağın daha mükəmməl keçməsi üçündür. Çünki elə insanlar var ki, onlara oruc tutmaq asan gəlir. Lakin bir qəpik belə xərcləmək ağır olur. Bəzilərinə isə namaz qılmaq asan gəlir, lakin oruc tutmaq çətin olur.

Rəvayət edilir ki, bir hökmdara kəffarə verməsi vacib olur. O, bir qul azad etməli, əgər bunu bacarmasa, iki ay davamlı oruc tutmalı, bunu bacarmasa altmış kasıbı yedirtdirməli idi. Bəzi alimlər məsələni araşdırıb həmin hökmdara deyirlər: «Sən qul azad etməli deyil, iki ay davamlı şəkildə oruc tutmalısan.» Bu haqda müftiyə söylədikdə o demişdi: «Çünki hökmdara iki ay oruc tutmaq qul azad etməkdən daha çətindir. Kəffarə ilə məqsəd günahı silmək və bir daha onu etməmək olur.»

Həmin müftiyə deyirik ki, bu yaxşı hesab etdiyin qərar əslində yerində (düzgün) istifadə edilməmişdir. Çünki bu hökm şəriətə ziddir. Həmin hökmdara Allahın ona vacib etdiyini söyləmək lazımdır. Onun haqq-hesabı (və ya sorğu-sualı) sənə deyil, Allaha aiddir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin