Məqalələr

İslamda siğə nikahı

Siğə, yoxsa ağıllı-başlı evlilik həyatı?!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allaha, aləmlərin rəbbinə həmd olsun. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, əshabələrinə və qiyamətə qədər doğru-dürüst onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.

İslam şəriəti öz kamilliyi və əhatəliyi ilə hər kəsi heyran edir. İslamın bu xüsusiyyətini görən müsəlmanın imanı güclənir, islama inanmayanlar isə bu gözəllik qarşısında qəhr olurlar.

Dinimiz bizə lazım olan bütün məsələləri tam dəqiqliyi ilə izah etmiş, ən xırda məsələdə belə bizi çaşqınlıqda buraxmamışdır. Bu özəlliyə görə hər birimiz uca Rəbbimizə şükr etməyə borcluyuq.

Bu məqaləmizdə biz, müəyyən şübhələr əsasında dinimizin haram etdiyi siğəni halal kimi göstərənlərin şübhələrini dəf edərək bu əməlin şəriətlə haram olduğunu isbatlayacağıq.

Əvvəlcə gəlin baxaq görək siğə nədir?! Siğə, bir kişinin bir qadınla əvvəlcədən razılaşaraq müəyyən vaxt şərti ilə ilkin ödəniş edərək mollada siğə nikahı kəsməsidir. Yəni, siğədə əsas iki şərt, vaxt məhdudiyyəti və maddi qarşılıq olmalıdır.

İndi isə gəlin baxaq görək dinimiz bizə kişi və qadın münasibətini necə öyrədir?! Siğə, yoxsa ağıllı-başlı evlilik həyatı?!

Uca Allah buyurur: “5 — O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar; 6 — Ancaq zövcələri və cariyələri istisna olmaqla, onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. 7 — Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).” (əl-Muminun surəsi).
Uca Allah bu ayədə bizə zövcə və cariəyələrin halal olduğunu bildirir. Kim bundan artığını istəyərsə o həddini aşmış olur. Ona görə də ayədə belə deyilir: “7 — Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).”
Nisa surəsinin 24-cü ayəsində uca Allah belə buyurur: “…Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi…” Hər kəsə məlumdur ki, siğədə namus və iffət məsələsi yoxdur. Ona görə də siğə edən kimsə iffətli ola bilməz.
Uca Allah ən-Nisa surəsinin 25-ci ayəsində isə belə buyurur: “İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar…”

Əziz oxucu, diqqət etsən görərsən ki, uca Allah bu ayədə evlənməyə imkanı olmayanlara çıxış yolu kimi kölə qadınlarla ailə qurmağı tövsiyə edir, bəzilərinin iddia etdiyi kimi siğə etməyi çıxış yolu göstərmir. Halbuki hər kəs bilir ki, siğə etmək asan, ucuz və tez başa gələn bir işdir. Amma buna baxmayaraq uca Allah bizə siğə etməyi yox, kölə qadınla kəbin etməyi tövsiyə edir. Əgər siğə etmək halal olsaydı o zaman uca Allah bizi asan olana yönəldər, daha çətin və bahalı olan çıxış yolu göstərməzdi. Siğənin halal olmasını iddia edənlər dərindən düşünsəydilər, bu onların öz fikirlərindən dönməsi üçün kifayət edərdi.

Amma biz onlara bu haramlığın daha da aydın olması üçün ən-Nur surəsinin 33-cü ayəsini də misal çəkə bilərik. Uca Allah buyurur: “Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar…” Uca Allah yenə də evlənməyə imkanı olmayanlara çıxış yolu olaraq siğə etməyi deyil, səbr edib iffətini qorumağı əmr etdi. Halbuki siğə etmək elə də böyük məbləğ tələb etmir. Siğənin halal olmasını iddia edənlərə görə hətta bir ovuc buğda ilə də siğə etmək olar. Belə olan halda görəsən nə üçün uca və hikmətli Allah bizə siğə etməyi yox, səbr etməyi əmr etdi?! Əlbəttə haqqı-həqiqəti bilmək və öyrənmək istəyənlər üçün cavab aydındır: Çünki uca və hikmətli Allah siğəni haram etmişdir.

Bu dediklərimiz üzərinə siğənin haram olmasını isbat edən hədisləri də sizin diqqətinizə çatdırmaq istərdim.

Səburə əl-Cuhəni adlı səhabə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ey insanlar, mən sizə siğə etməyə icazə vermişdim. Budur, uca Allah siğəni qiyamətə qədər haram etdi. Kimin əlində siğə etdiyi qadın qalıbsa, ondan ayrılsın, verdiyi xərcindən bir şey də geri götürməsin.” (Muslim rəvayət etmişdir).

Muhəmməd bin Əli, Əli bin Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Xeybər döyüşü günü qadınları siğə etməyi və ev eşşəklərinin ətini yeməyi haram etdi.” (Buxari rəvayət etmişdir).

Rabi bin Səburə atasından rəvayət edir ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) fəth ilində siğə nikahını qadağan etdi.” (Muslim rəvayət etmişdir).

Sələmə bin əl-Əkva (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə Əvtas ilində üç gün siğə etməyə icazə verdi, sonra isə bunu qadağan etdi.” (Muslim rəvayət etmişdir).

Siğənin haram edilməsini isbat edən hədislər çoxdur. Biz sadəcə olaraq bəzi rəvayətləri sizin diqqətinizə çatdırdıq ki, hədislərdə deyilənlər də ayədə deyilənləri təsdiq edir.

Əhli Sünnə və Camaat siğənin haram edilməsi haqqında yekdil fikirdədirlər.

Hətta siğənin halal olmasını iddia edənlər kitabxana rəflərində toz basmış kitablarını açıb oxusalar görərlər ki, doğrudan da siğə onların məzhəbində də haramdır.
Məsələn Tusi adlı alimin “əl-İstibsar” adlı kitabında (c.2, səh.142), Amili adlı alimin “Vasəiluşşiyə” adlı kitabında (c.21, səh.12) Əli bin Əbu Talibdən (Allah ondan razı olsun) belə rəvayət olunur: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Xeybər günü siğə nikahını və ev eşşəklərinin ətini haram etdi.”
Həmçinin Məclisinin “Bihərul Ənvar” kitabında (cild. 100, səh.318) deyilir ki, İmam Sadiq Cəfər bin Muhəmməd siğə nikahı haqqında soruşulduqda belə demişdir: “Bizdə bunu yalnız günahkar insanlar edirlər.”

Dəyərli oxucu, bu siyahını çox uzatmaq olar. Bu kimi rəvayətlər kifayət qədərdir. Biz Quran ayələrini və səhih hədisləri sağlam düşüncə ilə oxuyub anlasaq bu və digər məsələlərin həqiqəti bizə tam aydın olar.
Uca Allahdan diləyirik ki, bizi Onun razılığına aparan əməllərə müvəffəq etsin. Amin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti