Məqalələr

İslamda qonşuluq əlaqələri

Bəs qonşuların üzərimizdə nə kimi haqları vardır?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir müsəlmanın üzərində Öz Rəbbinə qarşı öhdəçiliklərindən sonra sosial həyatda da yerinə yetirməli olduğu öhdəçilikləri vardır. Uca Allah buyurmuşdur: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin!” (Quran, Nisə 36).

Ayədə qeyd edilən vəzifələrdən biri də qonşuluq əlaqələridir.

Qonşu — bəzən müsəlmanın gündəlik həyatında öz yaxın qan qohumlarından da tez-tez qarşılaşdığı, ünsiyyətdə olduğu insandır. Odur ki, qonşulara gözəl davranmaq dinimizin ən vacib əmrlərindən biri hesab edilir.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu haqda belə demişdir: Cəbrayıl (Allahın ona salamı olsun) mənə qonşulara gözəl davranmaq haqda o qədər nəsihət etdi ki, onların da mirasda varis qismində olacağını düşündüm” Buxari, Muslim.

Ayədə “yaxın” və “uzaq” qonşu dedikdə  nəzərdə tutulan qonşuluqdan əlavə də haqların olmasıdır.  Səhabələrdən bəziləri bunun qohumluq haqqı çatan və çatmayan, digərləri İslam haqları çatan və çatmayan qonşular şəklində təsnif etmişlər. (İbn Kəsir təfsiri)

Kimlərin bir-birinə qonşu hesab edilməsi barədə isə Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur“Yaxınlıqdakı qırx evdə yaşayan sənin qonşundur”Əbu Davud

Şihəbdən (Allah ona rəhmət etsin) bu “qırx ev”in nə olmasını soruşduqda belə cavab vermişdir: “Qırx ev sağda, qırx ev solda, qırx arxada, qırx öndə”. (Ət-təlxis əl-xabir, 3/93)

Hətta şeyx Salih AbdulAziz Aliş-şeyx (Allah onu qorusun)  Allah Taələnin Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) onunla Mədinədə yaşan münafiqlərə işarə ilə Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər” (Quran, Əzhab, 60) ayəsindən fayda çıxararaq, eyni şəhər, kənd və ya qəsəbədə yaşayanların da bir-birinə qonşuluq haqqının çatdığını bildirmişdir. (Şərh ərbəinən-nəbəviyyə)

Bəs qonşuların üzərimizdə nə kimi haqları vardır?

Ziyan verməyin

Qonşuya edilən pis əməl fəsadın çoxluğu baxımıdan başqa insana edilən pis əməldən daha şiddətli, cəzası da daha ağırdır.

Peyğəmbər (Allahı ona salavatı və salamı olsun) demişdir: “Allaha and olsun ki, iman gətirməmişdir! Allaha and olsun ki, iman gətirməmişdir! Allaha and olsun ki, iman gətirməmişdir” Ondan: “Kim, ey Allahın elçisi,” deyə soruşduqda, cavabında bildirmişdir: “Qonşusu onun şərrindən əmin olmayan kimsə” Buxari, Muslim.

Qonşuluq əlaqələrində bu, özünü ən çox kommunal-məişət sferada göstərilən səhlənkarlıqda, məsələn, günümüzdə tez-tez qarşılaşdığımız həyət-bacanın, məhəllənin zibilli saxlanmasında, yuxarı mərtəbələrdən aşağıya suyun axıdılmasında, avtomobillərin düzgün yerlərdə dayandırılmamasında, təmir işləri və s. aparıdıldıqda qonşulara əziyyət törətməkdə özünü biruzə verir. Halbuki səhih hədisdə buyurulur:

“Müsəlman, digər müsəlmanların onun dilindən və əlindən ziyan görmədikləri kimsədir”. Buxari, Muslim.

Eləcə də adi hal almış, günümüzün bəlalarından olan qonşuları güdmək, eyiblərini araşdırmaq, ona özünə aid olmayan məsələlərlə, özgə həyatları ilə maraqlanmaq: “Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Quran, Hucurat, 12).

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: «Müsəlmanın ən gözəl xüsusiyyətlərindən biri də ona aid olmayan işlərə qarışmamasıdır” Tirmizi.

Başqa bir hədisdə: Müsəlman qardaşının eyiblərini araşdıran şəxsi evində olsa belə, Allah Təala biyabır edər.” Buxari.

Hətta yaxın qonşu da olsa başqasının evinə icazə almadan daxil olmaq: “Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət ala­­sınız.”(Quran, Nur, 27).

İznsiz açıq qapı-pəncərədən içəriyə baxmaq  qadağandır: Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun): “Birisi insanların evinin içinə izinsiz baxarsa, (və buna görə) gözü çıxarılarsa, halal olar”. Muslim.

Ömər (Allah ondan razı olsun) dedi:  “Birisi izinsiz başqasının evinin künc-bucağı ilə öz gözlərini doldurarsa, fasiq olar”. Buxari, Ədəbul Murfad.

Bütün bunlar fitnə, qeybət, böhtan, söz gəzdirmək və daha bir çox fəsadlara yol açır. İstənilən halda günah sayılan bu əməllər qonşularla münasibdətdə baş verdikdə kin-küdurət, düşmənçilik və ədavətin daha da çoxalmasına səbəb olduğundan cəzası da qat-qat ağır olur.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun)gecələr namaz qılan, gündüzlər oruc tutan, xeyir əməllər görən və sədəqə paylayan, amma qonşularına dili ilə əziyyət verən bir qadın haqqında xəbər verildiyni rəvayət edir. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: “Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir”. Buxari, Ədəbül Mufrad.

Yardımlaşın

Yaxşı əməllər isə qonşularla əlaqələrin möhkəmlənməsi niyyəti ilə edilərsə, savabı daha çox olar.

AbduLLah ibn Ömərdən (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə dediyi rəvayət edilir: “Öz dostuna ən yaxşı davranan Allah yanında ən yaxşı dost, öz qonşusuna ən yaxşı davranan Allah yanında ən yaxşı qonşu sayılar”. Ədəbul Mufrad.

Belə xeyir əməllərdən qonşularla hal-əhval tutmağı, müsəlmanlara özlüyündə dua olan salam verməyi:

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Salamı yayın” Muslim.

Sıxıntı və ehtiyaclarını ödəməyi: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim mömin qardaşından dünya sıxıntılarından bir sıxıntısını aradan qaldırarsa, Allah təala da onun qiyamət günü sıxıntılarından bir sıxıntısını aradan qaldırar. Kim darda qalanı sevindirərsə, Allah təala da onu dünya və axirətdə sevindirər. Kim müsəlmanın eybini gizləyərsə, Allah təala da onun eyblərini dünya və axirətdə örtər. Qul (müsəlman) qardaşının köməyində olduqca Allah da onun köməyində olar.” Muslim.

Başqa bir hədisdə isə buyurmuşdur: Qonşusu ac ikən özü tox olan mömin deyil”. Ədəbul Mufrad.

Həmçinin Əbu Zərrdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “Şorba hazırlayarkən, suyunu çox et ki, qonşuların da qayğısına qalasan”. Muslim.

Əziyyət və narahatlıq törədən əşya və maneələrin yollarından götürülməsini: Muhəmməd (Allahın ona salavatı və salamı olsun) demişdir: “İmanın yetmiş neçəsə və ya altmış neçəsə şöbəsi vardır. Onların ən üstünü Lə İləhə İlləl-lah deməkdir, ən aşağısı (insanların) yolunda olan əziyyət verən şeyləri təmizləməkdir. Həya da imanın bir şöbəsidir.» Muslim.

Eyiblərini örtməyi: Peyğəmbərimiz demişdir: Bir müsəlmanın eyibini örtənin, Allah da qiyamət günündə eyiblərinı örtər.” Buxari.

Xəstələri ziyarət etməyi qeyd etmək olar: Xəstəni ziyarət edən insan ziyarət edən qayıdana qədər cənnət meyvələri arasındadır.”  Muslim.

Hədiyyə verin

Hədiyyə alıb-vermək qəlbdə sevgini, bağlılığı artıran vasitələrdəndir. Bu səbəbdəndir ki, Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz” Buxari.

Eləcə də xüsusən müsəlman qadınlara xitab edərək buyurmuşdur: “Ey müsəlman qadınlar, öz (qadın) qonşularınıza hətta qoyunun dırnağı olsa belə verməyi həqir görməyin” Buxari, Muslim.

Qonşularla münasibətləri möhkəmlətmək üçün toy, əqiq, müsəlman bayramları və yaxud heç bir səbəb olmadan hədiyyə vermək istər hədiyyə verəni, istərsə də alanı şən, əhval-ruhiyyəyə bürüyəcək, mehribançılığı artıracaqdır.

Nəsihətləşin

Bir insanın digərinə edə biləcəyi ən gözəl yaxşılıq onu İslama, haqqa çağırması, nəsihət etməsidir. İnsanı haqqa çağıran qonşusunun olması onun səadət içində olması deməkdir. Uca Allah buyurur: (İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Quran, Fussılət, 33).

Digər ayədə: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Quran, Maidə, 2).

Sad ibn Əbi Vaqqasdan rəvayət edirlər ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Dörd şey səadətdəndir: saleh zövcə, geniş məskən, saleh qonşu və rahat minik. Və dörd şey də bədbəxtlikdəndir: pis zövcə, pos qonşu, pis minik və dar məskən” Hakim, şeyx Albani səhihləmişdir.

Lakin nəsihət edərkən müdrik və ədəblərə müvafiq davranmaq, münasib söz, məqam və yerin seçilməsi olduqca vacibdir. Əks halda bu xeyir yox, şər qapısı açacaqdır.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Nəsihət- insanlara səmimi qəlblə xeyir istəmək, onları xeyirə dəvət etmək, xeyiri izah etmək və xeyirə yönəltməkdir”. Şərh Riyadus-salihin, 22.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Umm AbdulAziz