Əxlaq

İslamda övlad haqları

İslam şəriəti bizim hər halımızı islah etmək üçün gəlmişdir. Dinimiz hər bir kiçik və ya böyük iş barədə bir qayda, hökm, ədəb-ərkan göstərmişdir.

İslam şəriəti cəmiyyəti firəvan etmək üçün gəlmişdir. Uşaqlar da cəmiyyətin bir parçasıdır. Sənə övlad dünyaya gətirən zövcə və zürriyyət bəxş edən Allaha həmd olsun. Dünyada övladı olmayan, övlad həsrəti ilə yaşayan insan çoxdur. Allah sənə övlad veribsə, onları lazımi qaydada dəyərləndir. Uca Allah buyurur: “O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. 50 — Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (əş-Şura: 49-50).

Çox təəssüf, biz elə bir vaxtda yaşayırıq ki, din, şəriət sanki qeybə çəkilmiş, cəhalət isə hər yeri bürümüşdür.

Uşağın İslam səyahəti hələ o mövcud olmamışdan əvvəl, əməlisaleh zövcə, yaxud zövc axtarışından başlayır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  demişdir: “(evlənmək istədiyin qadının) Din xüsusiyyətinə üstünlük ver, əlin xeyrə çatar.”

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) həmçinin mülayim və törəyib artan qadınlarla evlənməyi əmr etmişdir: “Mülayim və törəyib artan qadınlarla evlənin. Mən qiyamət günü Peyğəmbərlərin önündə sizin çoxluğunuzla fəxr edəcəyəm.” (Əhməd rəvayət etmişdir).

İnsan övladı olmadan öncə belə dua etməlidir: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Ali İmran: 38). Allahın Peyğəmbəri Zəkəriyyə də bu duanı edərdi.

Əgər Allah sənə qız və ya oğlan övladı bəxş edibsə, bil ki, onların müəyyən hüquqları vardır:

  1. Uşağın qulağına azan oxumaq. Uşağın qulağına oxunan bu azan uca Allahın əzəmətini və böyüklüyünü xatırlatdığı üçün onun ilk eşitdiyi söz məhz bu olsun. Azanın sözləri içərisində insanı islama daxil edən şəhadət kəlməsi mövcuddur. Azanı uşağın sağ qulağına oxumaq lazımdır. Əbu Rafi (Allah ondan razı olsun) deyir ki, Fatimə (Allah ondan razı olsun) Həsəni dünyaya gətirəndə, mən Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun)  Həsən bin Əlinin qulağına azan oxuyan gördüm.” (Əbu Davud və Tirmizi rəvayət etmişlər. Şeyx Albani əl-İrva kitabında (159) hədisin həsən olduğunu söyləmişdir.)
  2. Uşağa xurma daddırmaq. Uşağın yeddinci günündə ona xurma daddırmaq Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) gözəl adətlərindəndir. Xurmanın iç hissəsindən yumşaq yerini həzmə hazır vəziyyətdə əzir, sonra həmin əzilmiş xurmadan barmağına sürtərək uşağın ağız boşluğuna – sağa-sola sürtürlər.

Yaxşı olar ki, bu işi təqva sahibi və əməlisaleh insan etsin ki, uşaq üçün dua da etsin. Buxari və Muslimin “əs-Səhih” əsərində rəvayət olunur ki, Əbu Musa (Allah ondan razı olsun)  deyir ki, “mənim oğlum olmuşdu və mən onu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  yanına gətirdim. O, onu İbrahim adlandırdı və ona xurma daddırdı. Sonra isə onun üçün Allahdan bərəkət istədi.”

  1. Uşağın ana südü ilə bəslənməsi. Dinimiz bunu uşağın haqqı olaraq dəyərləndirir. Uca Allah buyurur: “Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər.” (əl-Bəqərə: 233).

Uşağın ana südü ilə bəslənməsinin fizioloji və mənəvi faydaları vardır.

  1. Uşağa gözəl ad qoymaq. Uşağa gözəl ad qoymaq lazımdır. Uşağa hansı adı qoymaq barədə fikir ayrılığı olduqda, ad qoymaq hüququ ataya məxsus olur. Hədisdə belə deyilir: “Hər bir uşaq əqiq qurbanı borcludur. Yeddinci günündə qurbanı kəsilir, adı qoyulur və saçı qırxılır.” (Əhməd).
  2. Uşağın saçını qırxmaq. Bu da Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla bağlı gözəl adətidir. Hədisdə belə deyilir: “Doğulan uşaq əqiq qurbanı borcludur. Onun qurbanını kəsin və ona əziyyət verəni təmizləyin.” (Buxari).  Hədisdə deyilən əziyyət uşağın saçıdır. Bu mənanı təsdiqləyən başqa hədislər çoxdur.
  3. Əqiq qurbanı. Uşağın digər hüququ isə onun üçün əqiq qurbanının kəsilməsidir. İmam Əhməd hətta bu qurbanı kəsməyə imkanı olmayan insanın borc götürməsini sevdiyini söyləmişdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir qurban kəsilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir qoyun kəsin.” (Əhməd).

Başqa hədisdə isə belə deyilir: “Hər bir uşaq əqiq qurbanı borcludur. Yeddinci günündə qurbanı kəsilir və adı qoyulur.”

İbn əl-Qeyyim demişdir: “Bunun yeddinci günündə edilməsi daha yaxşıdır. Əgər qurbanı dördüncü, səkkizinci, onuncu, yaxud hər-hansı vaxt kəsərsə, qəbuldur.”

  1. Sünnət elətdirmək. Bu haqda bir çox hədislər rəvayət olunmuşdur. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  belə dediyini rəvayət edir: “Beş əməl fitrətdəndir… (onlardan biri də) uşağı sünnət elətdirmək.” Yaxşı olar ki, sünnəti yeddinci günü edəsən. Bunu həddi-buluğa çatana qədər etmək olar. Həddi-buluğa çatanda isə sünnət elətdirmək artıq vacib olur.  Lakin sünnəti kiçik yaşlarda etmək daha yaxşıdır.
  2. Uşağın ehtiyaclarını qarşılamaq. Dinimiz uşaq böyüyüb, boya-başa çatana qədər onların xərclərini qarşılamağı bizə vacib etmişdir. Oğlan uşağı həddi-buluğa, qız isə ailə həyatı qurana qədər onların xərcini qarşılamaq valideynin məsuliyyətidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “İnsanın xərclədiyi ən üstün dinar, ailəsi üçün xərclədiyidir.” (Muslim).
  3. Uşaqları qucaqlamaq və onlarla əylənmək. Uca Allahın uşaqlar üçün təyin etdiyi haqqlardan biri də onları qucaqlamaq, əzizləmək, onlarla əylənmək, səmərəli vaxt keçirməkdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Həsən və Hüseyni qucaqlayar və əzizləyər, ətrafındakı müsəlmanlara isə belə deyərdi: “Rəhm etməyənə rəhm olunmaz.” (Buxari).

Qeyd: Valideynlər övladlarına qarşı bəd dua etməməli, onları söyməməli, lənət oxumamalıdırlar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  demişdir: “Nə özünüzə, nə də övladlarınıza bəd dua etməyin…” (Buxari).

  1. Uşaqları qorumaq üçün dua oxumaq. Abdullah bin Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Həsən və Hüseyni qorumaq üçün dua oxuyur və deyirdi: “Babanız (İbrahim) İmaili və İshaqı qorumaq üçün bu duanı oxuyardı: “Uizukumə bikəlimətilləhit təmməti min kulli şeytanin va həmmətin va min kulli aynin ləmmətin.” (Sizi, bütün şeytan və canlılardan, bütün bəd nəzərlərdən Allahın kamil kəlmələrinə sığındırıram) (Buxari).

Əziz valideynlər, övlad tərbiyəsi əmanət və məsuliyyətdir. Bu işin öhdəsindən layiqincə gəlmək lazımdır. Bu gün bu əmanəti korlayan nə qədər müsəlman vardır. Valideynlər övladlarına kiçik yaşlarında məsuliyyətsiz yanaşmış, övladları da böyüyəndə valideynlərinə fayda verməmişlər.

Bir kişi təəccüb və təəssüflə öz övladına deyir ki, “oğlum, sən mənim üzümə ağ olursan?!” Övladı isə belə cavab verir: “Atacan, mən balaca olanda sən “mənim üzümə ağ olmusan”, indi də mən böyüyüb sənin üzünə ağ oluram. Məni uşaq ikən itirmisən, mən də böyüyəndə səni itirmişəm. Cəza əməlin növünə uyğundur.”

Allah bizim övladlarımızı islah etsin.

Son duamız Allaha həmd-səna etmək, Peyğəmbərimizə Allahdan salavat və salam diləməkdir.

Feqih.com heyəti