Məqalələr Müxtəlif

İslamda kişi-qadın bərabərliyi anlayışı varmı?

Dinimiz İslamda bütün insanların hüquqları qorunmuş, hər birinin hüquqlarına ayrıca yer verilmişdir. Məsələn, kişi, zövcə, valideyn, uşaq haqları və s.
Bunların içərisində qadın haqları da vardır ki, İslam dini onların haqlarına xüsusi yer vermiş, bu məsələdə ədalətli mövqe tutmuşdur. Çünki, bəzi toplumlarda ya ümumiyyətlə qadınların hüquqları tamamilə quldarlıq səviyyəsinə gətirilmiş, qadınla bir qul olaraq müamilə edilmiş, yaxud da buna əks olaraq demokratiyada olduğu kimi kişi-qadın bərabərliyi ideologiyası şüar olaraq irəli sürülmüş, qadınlara onların öz hədlərindən irəli gedərək kişilərin sahib olduğu haqlar verilmişdir. Lakin, həqiqətdə isə İslam dini bu şeylərin ortasında mötədil mövqədədir ki, dinimiz qadınların hüquqlarına kişi hüquqları ilə eyni səviyyədə deyil, ədalət prinsipi ilə yanaşır.
Kişi-qadın bərabərliyi anlayışının doğru olmadığını, ədalətlilik prinsipindən uzaq olmasını primitiv bir misal gətirərək sübut etmək olar.

Fərz edin ki, iki kişi pəncərədən meydana baxmaq istəyirlər. Onlardan birinin boyu uzun, digərinin boyu isə qısadır. Əgər biz bərabər hüquqluq anlayışına əsasən yanaşsaq, onların hər birinə meydana baxmaları üçün eyni ölçüdə ayaqaltı versək, nəticə etibarilə ilə boyu qısa olan meydana baxa bilməyəcəkdir. Lakin, İslamda olduğu kimi ədalətlilik prinsipinə əsasən hərəsinə meydana baxa biləcək ölçüdə ayaqaltı versək, məhz bu hər ikisi üçün ədalətli olar.
Yaxud, başqa bir misal: Bir ailədə iki övlad var. Biz onların birinin 16, digərinin isə 3 yaşında olduğunu düşünək. Əgər ata onlara bərabərlik prinsipi üzərə gündəlik eyni xərclik, yəni, 3 yaşındakı uşağın ehtiyacı olan xərcliyi 16 yaşlı övladına versə, bu, artıq böyük övlada zülm olar. Çünki, bildiyimiz üzərə yeniyetmə yaşında olan bir uşağın ehtiyacı ilə kiçik yaşlı uşağın ehtiyacları, gündəlik xərcləri eyni deyildir. Lakin, ədalətli olan hər bir uşağa onların özlərinə aid ehtiyacı səviyyəsində xərclik verilməsidir ki, məhz dinimiz İslam da bütün məsələlərə bu mövqedən yanaşır.

Bu sadə misallardan sonra artıq bəyan olur ki, kişi-qadın bərabərliyi anlayışı sadəcə qərbin irəli sürdüyü, zahirdə gözəl səslənən, lakin, həqiqətdə isə içərisində batilləri gizlədən bir anlayışdır və bu anlayış heç də qadın yaxud kişi haqlarında ədalətli mövqe sərgiləmir. Əksinə, bu şüarla qərb qadınları fuhuş işlərə, batilə dəvət etmiş olur. Təəssüflər olsun ki, müsəlmanların öz dinlərindən xəbərsiz olmasına görə, bu gün bir çox müsəlman ölkələrində məhz bu ideologiya ilə yaşayan bir çox müsəlmanlar vardır. Lakin, həqiqətdə müsəlmanlar dinlərini öyrənib yaşasalar, görərlər ki, bu məsələdə ən ədalətli, ən doğru mövqedə olan məhz İslam dinidir.

Hazırladı: Nail Paşayev.