Hədislər toplusu

İslamda halal və haram prinsipi

Həqiqətən halal da bəllidir, haram da!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Abdulla Numan ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: “Həqiqətən halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Diqqət edin, o (ət parçası) qəlbdir.”[1] əl-Buxari və Müslim rəvayət etmişlər.

Şərh

“Həqiqətən halal da bəllidir, haram da.” hədisdə hökmlər üç hissəyə bölünmüşlər:

1. Halal bəllidir və bundan hamı xəbərdardır. Məsələn, meyvələr, dənli bitkilər, paltarlar haram deyillər. Ümumiyyətlə burada məhdudiyyət yoxdur.

2. Haram bəllidir və bundan hamı agahdır. Məsələn, zina, oğurluq, içki içmək və bu kimiləri.

3. Şübhəli olanlardır ki, onların halal və ya haram olması məlum deyil. Şübhəli olmalarına səbəb, ya dəlilin özü, yaxud dəlilin məsələyə tətbiqi, bəzən onun hökmü, bəzən də hökmün yeri olur.

Dəlildə olan şübhələr:

Birinci, hədis Peyğəmbərin sözü kimi təsdiqini tapıb, yoxsa tapmayıb?

İkinci, hədis bu hökmə dəlalət edir ya yox?

Belə hallar tez-tez baş verir. Əksər hallarda hədisin təsdiqini tapıb tapmadığı və ya bu hökmü daşıyıb daşımadığı məsələləri haqqında ziddiyətli fikirlər söylənir.

Hökmün yeri dedikdə, hədisin müəyyən bir məsələyə tətbiq edilib-edilmədiyi nəzərdə tutulur.

“Bir çox insanlar bunu bilməzlər.” yəni, bu şübhəli məsələləri bir çox insanlar bilmir, bir çoxları isə bilirlər. Hədisdə: “əksər insanlar” – deyilmədi. Əgər belə deyilsəydi, bilən insanlar az olardılar.

Deməli, “Bir çox insanlar bunu bilməzlər.” ifadəsi, onların elmlərinin və ya fəhmlərinin azlığı, yaxud da kifayət qədər məlumatlı olmadıqlarını bildirir.

“Kim şübhəli şeylərdən çəkinərsə” uzaq dayanarsa, “dinini” yəni, özü ilə Allah təalə arasında olanları. “və namusunu” yəni, özü ilə insanlar arasında olanları. Çünki şübhəli məsələlərə müdaxilə edən insan qeyriləri üçün müzakirə mövzusuna çevrilər. İnsanlar onun barəsində deyərlər: “Bu adam belə və belə edir.” Məsələ insanın özü ilə Allah arasında olanları da şamil edir.

“qorumuş olar.” yəni, bəraətli olar.

“Kim şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar.” Bu, şərt cümləsidir.

“Kim şübhəli şeylərə düşərsə” yəni, onları edərsə, “harama düşmüş sayılar.” Bu cümlənin iki məna daşıması ehtimal edilir:

Birinci, şübhəli işləri yerinə yetirmək haramdır.

İkinci, şübhəli işlər harama müdaxilə etməyə səbəbdirlər. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bizə çəkdiyi misala nəzər yetirməklə hansı mənanın daha düzgün olduğu aydınlaşır.

Çəkilən misaldakı “çoban” sözü dəvə, inək və ya qoyun otarana deyilir.

“qoruğun ətrafında sürüsünü otaran” yəni, mühafizə olunan bir yerin ətrafında.

Çobanın həmin ərazinin ətrafında otlayan sürüsü “az qala sürü qoruğa girsin.” Çünki heyvanlar qorunan və otla dolu olan bu yaşıl sahəni görsələr ora girəcəklər. Bundan sonra onları çıxartmaq çətin olacaq. Şübhəli məsələlər də belədir. İnsan bu işlərin ətrafında dolaşdıqdan sonra onları nəfsinə qadağan etməkdə çətinlik çəkir.

Bununla da: “Kim şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar.” ifadəsinin “az qala harama müdaxilə etsin” mənasına yaxın olduğu məlum olur. Çünki çəkilən misal mənanı açıqlayır.

“Bilin ki, hər bir hökmdarın qoruğu (qadağa bölgəsi) vardır.” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) hökmdarın qoruğunun halal və ya haram olmasını açıqlamaq istəmir. Çünki qoruğun bəzisi halal, bəzisi isə haram ola bilər. Hədisdə qoruq sözündən məqsəd baş verəndir.

“Allahın qoruğu isə, Onun qoyduğu haramlardır.” Bu cümlənin mənası belədir: Allahın qoruğu Onun haramlarıdır. Onlara yaxınlaşmaqdan çəkindirirəm. Çünki Allahın haramları hökmdara məxsus qorunulan ərazi kimidir. Ora heç kəs girə bilməz.

“Şübhəsiz ki, cəsəddə elə bir ət parçası var ki,” bu ifadənin mənası belədir: İnsanın cəsədində onun yemək yeyərkən dişlədiyi qədər yəni, kiçik bir ölçüdə ət parçası var.

“Əgər o sağlam olarsa, bütün bədən sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar. Diqqət edin, o, qəlbdir.” Peyğəmbər mükafatı şərtlə dedi. Nə vaxt qəlb sağlam olar, cəsəd də sağlam olar. Əgər fəsada uğrayarsa, cəsəd də bütünlüklə fəsada uğrayar.

Bəzi alimlər bunu (yəni, qəlbi) hökmdara bənzətmiş və onun islahı ilə bütün rəiyyətin islah olunduğunu, fəsadı ilə fəsada uğramasını demişlər.

Lakin tədqiqatçı alimlər bunu araşdıraraq demişlər: «Bu misal düzgün deyil. Çünki bəzi hallarda hökmdar əmr edir, lakin ona itaət edilmir. Amma qəlb əzalara əmr etdikdə onlar sözsüz itaət edirlər. Bu, hökmdarın rəiyyətə əmri ifadəsindən daha əhatəlidir.»

Bu hədis həqiqətdə çox əzəmətlidir. Onun barəsində (ətraflı) danışılsa, çoxsaylı vərəqlər yazılar. Lakin biz, Allahın izni ilə bu hədisin ümumi faydalarına toxunacağıq.

Hədisdən çıxan faydalar:

1. İşlər üç qismə bölünür: Bəyan edilmiş halal, bəyan edilmiş haram və şübhəli olanlar.

Bəyan edilmiş halalın icrasına görə heç kim qınanmaz. Məsələn, Allahın halal buyurduğu dənli bitkilər və meyvələr bura daxildir. Onlar bəyan edilmiş halallardı və burada ixtilaf yoxdur.

Bəyan edilmiş haramı edən hər bir kəs qınanılır. Məsələn, içki içmək, leş və ya donuz əti yemək və digər buna oxşar işlər etmək. Onların hökmü aydın və bəllidir.

Şübhəli işlər barədə isə insanlar ixtilaflar etmişlər. Bəziləri şübhəli məsələni haram, bir başqaları isə halal saymışlar. Digərləri məsələ barəsində susmuş, bir qisim isə açıqlamalar vermişlər.

Məsələn, siqaret çəkmək ilk vaxtlar şübhəli məsələ idi. Lakin tibdəki irəliləyişlərdən və insanların onun barəsində biliklər əldə etməsindən sonra qəti olaraq haram hökmü verildi.

2. Məsələnin şübhəli olmasının dörd səbəbi var:

Elmin azlığı. Bu şübhələrə yol açır. Geniş biliyə malik olanın bildiklərini isə qeyriləri bilmirlər.

Fəhmin azlığı. Yəni, zəif düşüncəyə malik olmaq. Bu halda çox geniş elmə malik olan biri (məsələni) başa düşə bilmir.

Dərindən araşdırma aparmamaq. Belə ki, insan araşdırma və tədqiqat aparmaq, mənaları başa düşmək kimi işlərlə özünü yormur. Sübut olaraq bunların lüzumsuz olduğunu göstərir.

Pis məqsədli olmaq. Bu, şübhəyə ən böyük səbəbdir. Beləsi, dediyinin düz və ya səhv olmasına baxmayaraq yalnız öz sözünün keçməsini qarşısına məqsəd qoyur.

3. Şübhəli məsələlərin qeyd edilməsində Allah təalənin hikməti. Bununla da kimin elm öyrənməyə həris olub-olmadığı bilinir.

4. Şəriətdə bütün insanların bilmədiyi bir məsələnin olması mümkün deyil. Çünki hədisdə buyurulur: “…bir çox insanlar bunu bilməzlər.”

5. Şübhələrdən çəkinməyə sövq etmək. Lakin bu işin şərti, şübhəyə (əsas verən) dəlilin olmasıdır. Amma şübhəyə sübut olmadıqda (yəni, əsas yoxdursa) bu vəsvəsə və işi çətinləşdirmək sayılacaq.

Buna misal, əl-Buxarinin “Səhih” əsərində Aişədən (Allah ondan razı olsun) nəql etdiyi hədisdir. O bildirmişdir ki, bir dəstə insan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hüzuruna gələrək dedilər: “Ey Allahın elçisi, tayfa adamları bizim yanımıza ət gətirirlər. Lakin heyvanı kəsərkən “Bismilləh” deyib-demədiklərini bilmirik.» Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Siz: “Bismilləh” deyin və yeyin.” (Rəvayətçi) dedi: «Onlar küfrdən yenicə ayrılmışdılar».[2]

Bu məsələdə biz ətdən imtina etməliyikmi? Çünki onların, heyvanı kəsərkən Allahın adını çəkmədiklərindən qorxulur?

Cavab: Biz qorxmalı deyilik. Çünki qorxuya heç bir səbəb yoxdur. Buna görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Siz: “Bismilləh” deyin və yeyin.” Bu sanki onları danlama forması idi. Elə bil ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur: “Başqalarının etdiyi işin sizə aidiyyəti yoxdur. Siz ancaq öz etdiklərinizə cavabdehsiniz və siz: “Bismilləh” deyib yeyin.”

Bu səbəbdən də yəhudi və ya xristian kəsdiyi bir heyvan ətini yeməyi sənə təklif edərsə, ondan: “Bu heyvanı İslama uyğun kəsdin ya yox?” deyə soruşma. Çünki bu sualın heç bir əsası yoxdur və bu, işi çətinləşdirmək sayılır.

6. Şübhələrə düşən harama müdaxilə etmiş olur. Çünki hədisdə buyurulur: “Kim ki, şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar.”

7. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) gözəl təlimi. Bu, dərk edilməli mənaların açıqlanması üçün olan misallarda aydın nəzərə çarpır. Quranın da üslubu belədir. Allah təalə buyurur: “Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.” (əl-Ənkəbut, 43).

8. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) “qoruğun ətrafında sürüsünü otaran” ifadəsi ilə qoruq təyin etməyin icazəli olmasını təsdiq edirmi?

Cavab: Bu, xəbərin və hadisənin aydın çatdırılması üçün deyilmişdır. O, şəriət hökmünə dəlalət etmir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bəzən müəyyən hadisələri xatırladır (misal çəkir). Məqsəd həmin hadisənin hökmünü açıqlamaq deyil, sadəcə baş verəcək hadisə haqqında misal çəkməkdir.

Başqa misala baxaq:

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Siz özünüzdən əvvəlkilərin (yəni, azmış ümmətlərin) yolları ilə gedəcəksiniz.”[3] Bu heç də bizdən əvvəlkilərin yolu ilə getməyin icazəli olduğunu bildirmir. Əksinə bu belə bir (pis) hadisənin baş verəcəyindən xəbər verir.

9. Səbəblərin qarşısının alınması. Yəni, harama aparan hər bir səbəb qapısı bağlanmalıdır ki, insanlar harama müdaxilə etməsinlər. Bu qayda şəriətdə varid olmuş dəlillərə əsaslanıbdır. Onlardan biri də Allahın bu kəlamıdır: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər…” (əl-Ənam, 108). Allah müşriklərin ilahlarının söyülməsinin Onun Özünün söyülməsinə səbəb olduğuna görə bunu qadağan etmişdir.

10. Qorumaq hökmdarların adətidir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Bilin ki, hər bir hökmdarın qoruğu vardır.”

11. Ehtiyac duyularsa cümləni gücləndirəcək müəyyən sözlərdən istifadə etmək.

12. Sağlam olmağın və ya fəsada uğramağın mərkəzində qəlb dayanır. Əgər o, sağlam olarsa, bütün bədən sağlam olar. Yox əgər fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar.

Bu faydadan belə nəticə çıxarmaq olar ki, qəlbə əməllərdən çox diqqət yetirmək lazımdır. Çünki əməllərin kökü qəlbdədir. İnsan da məhz qəlbinə görə Qiyamət günü sınağa çəkiləcəkdir. Necə ki, Allah təalə buyurur: “Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman” (əl-Adiyat, 9-10). “Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! Bütün sirlərin aşkar olacağı o qiyamət günü” (ət-Tariq, 8-9).

Elə isə, qəlbini şirkdən, bidətdən, müsəlmanlara bəslənən kindən, nifrətdən və digər şəriətə zidd əxlaq və əqidə əyintilərindən təmizlə! Şübhəsiz ki, qəlb əsasdır.

13. Bu hədis asilik edənlərə rədd sayılır. Çünki onlara etdikləri asilikdən əl çəkməyi dedikdə: “Təqva (yəni, Allah qorxusu) bax buradadır.” söyləyirlər. Hələ bir əlini sinəsinə də döyəcləyirlər. Onlar haqqı batil üçün sübut etmişlər. Çünki: “Təqva bax buradadır”[4] söyləyən Peyğəmbərdir (Ona Allahın salavatı və salamı olsun). Hədisin mənası belədir: “Əgər bax burada təqva olarsa, əzalar da təqvalı olar.” Asi isə deyir: “Təqva bax buradadır” yəni, o Allaha asilik edəcək, təqvası da qəlbində olacaq.

Bu dolaşıq sözə cavab vermək çox asandır:

“Əgər bax buradakı sağlam olarsa, oradakılar da sağlam olar. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Əgər o, sağlam olarsa, bütün cəsəd sağlam olar. Yox əgər fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar.”

14. İnsanın əməllərinin araşdırılması qəlbinə əsasən icra edilir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Əgər o, sağlam olarsa, bütün cəsəd sağlam olar. Yox əgər fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar.”

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Feqih.com heyəti


[1] əl-Buxari: “İman” kitabı, “Dinini qoruyanın fəziləti” bölümü, № 52; Müslim: “əl-Məsəqa” kitabı, “Halalı götürmək və şübhələri tərk etmək” bölümü, № 1599.

[2] əl-Buxari: “Alış-veriş” kitabı, “Vəsvəsəyə və sairə şübhələrə fikir verməyən” bölümü, № 2057.

[3] əl-Buxari: “Kitab və Sünnədən yapışmaq” kitabı, “…yollara tabe olacaqsınız” bölümü, № 6889; Müslim: “Elm” kitabı, “Yəhudi və xristianların yolu ilə getmək” bölümü, № 2669.

[4] Müslim: “Xeyirxahlıq” kitabı, “Müsəlmana zülm etməyin haram olması”, № 2564.