Məqalələr

İslamda dost seçimi

İnsan öz dostunun dinindədir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allah Təala insanı daim ünsiyyət qurmağa meyl edən bir varlıq kimi yaratmışdır. Ona görə də hər kəs fitrətindən gələn bu  ehtiyacı ödəmək üçün cəmiyyət arasında əlaqələr qurur, eyni dünya görüşünə malik olduğu, eyni əqidəni bölüşdüyü insanların əhatəsində özünü daha xoşbəxt və rahat hiss edir, dostluq, yoldaşlıq etməyə başlayır.

Dostların insan üzərindəki təsiri danılmazdır: yoldaşlıq edilən kəsdən asılı olaraq, insan pis və yaxşı xislətlərə yiyələnir, dəyişir.

Odur ki, İslam dini müsəlmanları saleh, xeyirxah, gözəl əxlaqlı insanlarla dostluğa təşviq etmiş, pis dostluqlardan isə çəkindirmişdir.

Qurani Kərimdə pis dostların insana Qiyamət Günü peşmançılıq gətirəcəyini bildirərək belə deyilir:

“O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.” (Quran, Zuxruf, 67)

Digər ayədə: Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.” (Quran, Furqan, 27-29)

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) müsəlmanları dost seçimində diqqətli olmağa səsləyərək bildirir: İnsan öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dostluq etdiyinə fikir versin.”  (Əbu Dəvud, Tirmizi)

Həmçinin“ Yaxşı və pis dostun misalı, ətir satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə gözəl ətir hədiyyə edəcək, ya sən həmin ətri satın alacaqsan, ya da (ən azı) ondan gələn xoş qoxunu iyləyəcəksən. Dəmirçinin yanında durduqda isə ya dəmiri körüklədiyi zaman paltarını yandıracaq, ya da (ən azı) sən onun pis iyini hiss edəcəksən.” (Buxari və Muslim)

Böyük İslam alimlərindən şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Dostlar üç növ olur:  Birincisi, mənfəət dostu. O, səninlə malından, mövqeyindən və s. yararlanmaq üçün yoldaşlıq edir. Götürdüyü fayda bitdikdən sonra isə düşməninə çevriləcəkdir: sanki nə o səni tanıyır, nə də sən onu. Belə “dost”lar necə də çoxdur. Həmçinin səndən mənfəət uman dostlar da çoxdur: “Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.” (Quran, Tövbə, 58) Məsələn, xətrini çox istədiyin dostun haqqında düşünürsən ki, o da sənin barəndə eyni fikirdədir. Amma bir dəfə oxumaq üçün kitabını istəyir. Ona “Allaha and olsun ki, bu kitab sabah mənə lazımdır” desən, səndən inciyəcək və düşmənçilik edəcəkdir. Məgər beləsi dost hesab edilə bilərmi? Belə dost yalnız mənfəət dostu adlanır.

İkincisi, ləzzət dostu. Səninlə ünsiyyət, söhbət ona ləzzət verdiyi üçün dostluq edir. Lakin həqiqətdə münasibətlərinizdə heç bir fayda yoxdur: nə o sənə xeyir verir, nə də sən ona. Belə dostluq vaxt israfından başqa bir şey deyil. Vaxtı belə boş yerə sərf etməkdən sizləri çəkindirirəm.

Üçüncüsü, həqiqi dost. Belə dost səni bəzəyir, ucaldır və səni alçaldan hər şeyi qadağan edir, xeyir qapılarını üzünə açır. Əgər xəta etsən, o səni xətandan ləyaqətini alçaltmayacaq tərzdə çəkindirəcəkdir. Bax, bu həqiqi dostluqdur. “Şərh hilə talibul-ilm”, 102

Eləcə də bilmək lazımdır ki, dostluqlar təsadüfi qurulmur. İnsanın kimlərlə dostluğa can atması onun yaradılışındakı xüsusiyyətlərə işarədir.  Belə ki, Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: Ruhlar əsgərlər kimidir, bir-birlərini tanıdıqda birləşir, tanımadıqda isə ayrılırlar.” Buxari.

Hədis yaxşı və pis yoldaşlarla dostluqların qurulmasının, təsadüfi olmadığına dəlalət edir. Hər nə qədər xaricən insan saleh müsəlman kimi görünsə də  əgər onu salehlər özünə cəlb edirsə, bu onun fitrətinin təmizliyinə, günahkarların məclisinə meyl etməsi isə qəlbində xəstəliyin olmasına işarədir.

İmam İbn əl-Əsir demişdir: “Ruhların yerləşdiyi cəsədlər necə yaranmalarından asılı olaraq, birləşir və ayrılırlar. Buna görə də sən yaxşı insanları yaxşılara, pis insanları isə pislərə can atan görərsən”. “Nihayə”, 1/336

Əl-Xattabi (Allah ona rəhmət etsin) demişdir: “Bu, ona görədir ki, yaxşı və pis, ədalətli və ədalətsiz xüsusiyyətlərə malik olan ruhlar arasında oxşarlıq vardır: yaxşı insanlar təbiətləri etibarilə həmişə yaxşılar, pisləri isə pisləri özlərinə cəzb edirlər.”

Sabit (Allah ona rəhmət etsin) rəvayət edir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Əgər geniş bir meydana  hamısı möminlərdən ibarət camaat toplansa və onların arasında yalnız iki kafir olarsa, bunlar mütləq bir-birini tapacaq və dostlaşacaqlar. Eləcə də əgər həmin meydana kafirlərdən ibarət camaat toplansa və içlərində yalnız iki mömin qalsa, onlar da mütləq bir-birini tapıb dostlaşacaqdır.” Tabərani “Əl-Kəbir”10/30 Ibn Batta “Əl-Ibanə” 427

Malik ibn Dinar (Allah ona rəhmət etsin) demişdir: “İnsanlar quşlara bənzəyir. Göyərçin göyərçinlərlə, qarğa qarğalarla, ördək ördəklərlə, sərçə isə sərçələrlə dostluq edir. Eləcə də hər insan öz bənzəri ilə yoldaşdır.” İbn Batta “Əl-İbanə” 512

Bütün bunlardan aydın olur ki, müsəlman öz ətrafını ən salehlərdən seçməli, istər real həyatda, istərsə də günümüzdə geniş vusət almış virtual aləmdə yalnız o kəslərlə oturub durmalıdır ki, ya xeyir alsın, ya da xeyir verə bilsin. Əks halda faydasız yaxud pis dostlarla oturub-durarsa bu, gec-tez onun qəlbini korlayacaq, səksəkəyə məruz qoyacaqdır:

İbn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Ümmətimdə münafiqlər iki qoyun arasında gedib-gələn qoyuna bənzəyir: gah birinin, gah o birinin yanına gələrək, hansının arxasınca getməyi qərarlaşdıra bilmir” Muslim

Abdus-Saməd rəvayət edir: “Mən Fudeyl ibn İyadın (Allah ona rəhmət etsin)  belə dediyini eşitdim: “Allah üçün təvazökarlıq göstərəni Allah ucaldar. Ehtiyaclılarla oturana Allah bu məclis səbəbi ilə fayda verər. Qəlbini korlaya bilən kəslərlə oturub-durmaqdan həzər et. Həva əhli ilə oturmaqdan çəkin, çünki buna görə Allahın qəzəbinə gələcəyindən qorxuram”. İbn Batta, “Əl-İbanə” 451

Yəhya ibn Əbu Kəsir rəvayət edir ki, Suleyman Peyğəmbər (Allahın ona salamı olsun) demişdir: “Bir insanın haqqında kiminlə dostluq etdiyini görmədən hökm kəsməyin” . İbn Batta, “Əl –İbanə” 460

Həmçinin içki içənləri (cəza məqsədilə) vuran Ömər ibn AbdulAzizdən (Allah ona rəhmət etsin) onların arasında oturan oruclu bir kişini də döydüyünü görüb səbəbini soruşduqda, bu ayəni oxumuşdu: “(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.” (Quran, Nisa, 140) İbn Batta, “Əl-İbanə”, 515

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulAziz