Məqalələr

İslamda böyüklərə ehtiram – (3-cü hissə)

Valideynlərə və yaşlılara ehtiram

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dini həyatın bütün sferalarında doğru yolu göstərdiyi kimi, insanın digərləri ilə müamilə məsələlərində də ən doğru, salamat və ucalıq verən ədəbləri təlim edir. Güclü imanın, gözəl əxlaqın ən gözəl təzahürlərindən biri də hər bir müsəlmanın böyüklərə olan ehtiramıdır.

Valideynlərə ehtiram
İslam dinini ailə məhfumuna daim yüksək qiymət vermiş, sağlam və saleh cəmiyyətin əsasını saleh ailələrin təşkil etdiyini vurğulamışdır. Bu baxımdan valideynlərin ailənin qorunmasında əməyi hamıdan daha çox olduğundan, müsəlmanlara da öz ata-analarına, əcdadlarına ehtiram göstərməyi təkidlə tövsiyyə etmişdir. Uca Allah Qurani Kərimdə Öz haqqından sonra ikinci növbədə valideyn haqlarını sadalayaraq belə buyurmuşdur: “Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin…” (Quran, Bəqərə, 83).

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin!…” (Quran, Nisə, 36).

“(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin;…” (Quran, Ənam, 151).

“(Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et…” (Quran, Loğman, 14).

Allaha asi olmağı əmr etmədikləri hər işdə övlad valideyninə  hətta qeyri-müsəlman olsa belə itaət etməlidir. Bu haqda Quranda belə buyurulur:

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” (Quran, Ənkəbut, 8)

“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Quran, Loğman, 14-15).

Əgər hətta Allahın haqqlarına təcavüz edərək şirk edən valideynlərə belə Uca Yaradan hörmət, itaət və ehtiram göstərməyi əmr etmişsə, elə isə valideynləri müsəlman olanların üzərinə düşən məsuliyyət daha da ağırdır.

Eləcə də Allah Rəsulundan (Allahın ona salavatı və salamı olsun) valideynlərə ehtirama səsləyən yüzlərlə səhih hədis günümüzədək gəlib çatmışdır. Onlardan bir neçəsini sadalamaq yerinə düşərdi:

Əsma bint Əbu Bəkr (Allah onlardan razı olsun) rəvayət edir: “Bir dəfə Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) vaxtında müşrik olan anam məni ziyarətə gəlmişdi. Mən Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) bu haqda xəbər verdim:”Anam mənim yanıma ziyarətə gəlib, bizdə qalmaq istəyir. Mən onunla qohumluq əlaqələri saxlaya bilərəmmi?” O, cavabında: ”Hə. Öz ananla əlaqələrini möhkəm tut”. Buxari, Muslim.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən digər hədisdə isə Peyğəmbərdən insanın üzərində ən böyük haqqın kimdə olduğu  soruşulduqda, o, üç dəfə cavabında: ”Sənin anan” dedikdən sonra, dördüncü dəfə “atan” əlavəsini etdi. Buxari, Muslim.

Eləcə də saleh sələflərimizin həyatı, valideynlərə münasibəti bizlər üçün örnəkdir. Onları dünyaya gətirənlərə qarşı elə böyük ehtiram hissi daşıyardılar ki, heç vaxt ata-analarını adları ilə çağırmaz, onlardan qabağa düşüb yeriməz, onlardan öncə yeməyə əl uzatmaz, hətta valideynləri evlərin aşağı mərtəbəsində olarkən, üst mərtəbəyə belə çıxmazdılar ki, nədəsə onlardan yuxarıda dayansınlar.

İbn Abbas (Allah onlardan razı olsun) belə demişdir:Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!” Buxari, Ədəbül Murfad

Əbu Burdə (Allah ondan razı olsun) deyir ki, İbn Ömərlə (Allah onlardan razı olsun) bir yerdə idi. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə’bəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə qorxudulsa da qorxan deyiləm
Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (Allah onlardan razı olsun) cavabında: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir” Buxari, Ədəbül Murfad.

Onlar içərisində hətta öz atasına hörmətindən dolayı səfərin məşəqqətinə dözüb uzun məsafələr qət edərək atasının dostlarını ziyarətə gələnlər də az deyil:

Yusif bin Abdullah bin Salam deyir: ”Mən Əbu Dərdanın (Allah ondan razı olsun) yanına o xəstələnəndə gəldim. Bu onun sonuncu xəstəliyi idi (ölüm döşəyində idi). Əbu Dərda (Allah ondan razı olsun ) soruşdu:”Ey qardaşoğlu (red. Nəzərdə tutulan, qan qohumluğu yox, din qardaşlığıdır), səni bura gətirən səbəb nədir?” Dedim:”Atam Abdullah bin Salamla dostluğundan başqa heç nə”. İmam Əhməd.

Valideynlərə zülm edən, ağ olan, onlarla hərzə zarafatlar edən, arsız və həyasız davranan, haqlarını tapdalayan günümüzdəki insanlarla sələflərimiz arasında necə də böyük uçurum var! Allahdan hamımız üçün islah istəyirik.

Yaşlılara ehtiram
Uca Allah insanı məxluqatın əşrəfi etmiş, onu bütün digər yaradılmışlardan üstün qılmışdır: Biz, Adəm oğullarını hörmətli etdik” (Quran, İsra, 70).

Böyüklərə hörmət etmək İslam cəmiyyətinin əsaslarından biridi. Ona görə də müsəlman təkcə öz valideynlərinə, qohum-əqrabasına, tanış-bilişlərinə yox, bütün yaşlılara hörmət etməlidir. Yaş artdıqca həyat təcrübəsi də artdığından, gənclərin xüsusən saleh yaşlılardan öyrənəcəyi, nümunə götürəcəyi bir çox məsələlər olur. Bu hörmət qeyri-müsəlmanlara təzim hissi keçirmədən sadəcə gözəl əxlaqın təzahürü ilə, İslama dəvət niyyəti ilə edildikdə bəhrəsi də Allahın iznilə çoxala bilər.

Peyğəbərimizin təmiz Sünnəsində yaşlılara ehtirama səsləyən neçə-neçə nümunələr vardır:

Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) keçməyə yol verilməyən yaşı bir qocanı gördükdə belə demişdi: ”Böyüklərə hörmət, kiçilərə rəhm etməyən, alimin haqqını verməyən bizdən deyil.” İmam Əhməd, Hakim, Təbərani, Tirmizi Şeyx Albani hədisin həsən-səhih olduğunu demişdir.

Digər hədisdə isə Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) bildirmişdir:”Allahı həmd-səna etməyin üsullarından biri də saçına dən düşmüş müsəlmanlara ehtiram etməkdir” Əbu Davud. Şeyx Albani hədisin həsən-səhih olduğunu bildirmişdir.

Bütün bunlardan aydın olur ki, insan başqasına, xüsusən yaşlılara qarşı ədəbsiz davranmaqla, yalnız öz tərbiyəsini ortaya qoyur, Allah Elçisinin (Allahın ona salavatı və salamı olsun) əxlaqı ilə əxlaqlanmadığını nümayiş etdirməkdən başqa heç nə qazanmır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti