Məqalələr

İslamda böyüklərə ehtiram – (2-ci hissə)

Əmr sahiblərinə ehtiram

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dini həyatın bütün sferalarında doğru yolu göstərdiyi kimi, insanın digərləri ilə müamilə məsələlərində də ən doğru, salamat və ucalıq verən ədəbləri təlim edir. Güclü imanın, gözəl əxlaqın ən gözəl təzahürlərindən biri də hər bir müsəlmanın böyüklərə olan ehtiramıdır.

Əmr sahiblərinə ehtiram
Uca Allah Qurani Kərimdə buyurur: “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin, özünüzdən olan ixtiyar (əmr) sahiblərinə də..” (Quran, Nisə, 59).

Böyük müfəssirlərdən AbdurRahmən əsSəədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində “ixtiyar sahibləri”ndən qəsdin müsəlmanlar üzərində bu və ya digər sahələrdə ümumi və ya xüsusi hökm sahibi olan kəslər olduğunu qeyd etmiş və onların hamısına Allahın əmrlərinə müxalif olmadığı təqdirdə itaətin elə Allah və Rəsuluna tabeçilik demək olduğu üçün vacib bildirmişdir. Çünki məhz bu səbəblə cəmiyyətdə səadət, nizam-intizam, dissiplina, məsuliyyət bərqərar olur, xaos, çaxnaşma və təlaş toxumlarının səpilməsinə şərait yaranmır, insanlar əmin-amanlıq və rifah içərisində yaşayır, tək yumruq şəklində yüksək amallara doğru can atır, kiçik, dünyəvi ehtiraslara yox, ali, yüksək məziyyətlərə yönəlirlər.

Şübhəsiz ki, hər bir səmimi tabeçiliyin əsli tabe olunan kəsə hörmət və ehtiramdan başlayır. İnsan hörmət etmədiyi bir şeyə heç vaxtsəmimi itaət göstərə bilməyəcək şəkildə yaradılmışdır. Təsadüfi deyil ki, müsəlman rəhbərlərə qarşı çıxma mənafeyini güdən və bundan öz məqsədləri üçün istifadə edən kəslərin ilk hədəfi əmr sahiblərinin nüfuzdan salınmasına yönəlmişdir. Tarix boyunca istər bir sıra dünyəvi-siyasi mənfəəti olanlar, istərsə də cinayətkar aləmin nümayəndələri və eləcə də digərləri öz əməllərinə bəraət qazandırmaq üçün bu üslubdan istifadə etmişlər. Lakin son nəticədə daha çox fəsadın ortaya çıxmağı da heç kimə sirr deyil.

Səhl ibn Abdullah (Allah ona rəhmət etsin) belə demişdir: “İnsanlar ancaq müsəlman hakimlərinə və alimlərinə ehtiram göstərdikləri müddətcə səadət içərisində olacaqlar. Əgər bunu etsələr dünya və Axirət işlərini Allah yoluna qoyacaq, etməsələr həm dünyalarını, həm də Axirətlərini məhv edəcəklər.” “Təfsirul kubra”,5/260.

Göründüyü kimi İslami nöqteyi nəzərdən müsəlman əmr sahiblərinə hörmət və ehtiram göstərmək vacibdir. Bu ehtiramın itirilməməsi üçün isə bir sıra qaydalar var.

Heç kimi gözündə böyütmə
Başqaları haqqında insanın təəssüratının kəskin mənfiyə doğru dəyişilməsinin başlıca səbəbi insanın ilk öncə öz qəlbində onlara hansısa məqamına görə lazımından artıq dəyər verməsi, heyranlıq göstərməsi ilə bağlıdır. Halbuki müsəlmanın qəlbində əsas ehtiram Uca Allaha qarşı yönəlməlidir. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Hansı əməl üzərində öldüyünü görmədən heç kəsə heyran olmayın” İmam Əhməd, şeyx Albani səhihləmişdir.

Əgər insan bu həqiqətin mahiyyətini dərk edərsə, bilər ki, məxluqları yüksək mərtəbələrə, ucaldan da, alçaldan da yalnız Allahdır. Belə olduğu təqdirdə heç kəsin nə məqamına heyran olmağa, nə də onların xətalarını sıravi insanlarınkından daha çox gözündə şişirtməyə ehtiyac qalmayacaq. Nifrət qığılcımları saçıb, vəziyyəti daha da gərgin hala gətirmək yerinə, daha hikmətli, konstruktiv həll yolları axtarışına çıxacaqdır.

Hətta zalım da olsa tabe ol
Şəriət insanın hətta onu acılayan, ədalətsiz davranan böyüyünə, ağsaqqalına, valideyninə asi olmasını, hörmətsizlik etməsini qınadığı kimi hətta ədalətsiz olan əmr sahiblərinə də tabeçiliyi vacib buyurmuşdur. İnsan bunu qorxu və digər səbəblə deyil, nəfsini Allah və Rəsulunun əmrinə tabe etmək üçün edərsə, ibadət sayılar.
Adi ibn Xatim (Allah ondan razı olsun) rəvayət edir:”Bir dəfə biz soruşduq:”Ey Allahın Elçisi, biz səndən Allahdan qorxan hökmdar haqqında yox, filan filan (günah) əməlləri edən barədə soruşuruq.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə cavab verdi: ”Allahdan qorxun və tabe olun!” İbn Əbu Əsım 2/508 şeyx Albani səhihləmişdir.

Nəsihət et
Bir xətanın islahının ən gözəl üslubu hikmətli, yerli-yerində edilmiş, müdrik, səmimi nəsihətdir. Rəhbərin islahı ilə əmri altında olanlar da islah olar.
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir.” Orada olanlar: “Ey Allahın elçisi, kimin üçün?” — deyə soruşdular. O isə cavabında buyurdu: “Allah, Onun Kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün fərdləri üçündür.” Müslim.

Digər bir hədisdə isə buyurmuşdur: ”Həqiqətən, Allah sizin üçün 3 şeydən razı, 3 şeydən isə narazıdır. O, sizin yalnız Allaha ibadət edib şirk qoşmamağınızdan, Onun ipindən möhkəm yapışıb ayrılmamağınızdan və üzərinizə təyin etdiyi hökm sahiblərinə nəsihət etməyinizdən razıdır. Nəmmamlıq etməyinizdən,malı faydasız yerə xərcləməyinizdən və lazımsız ifrat sual verməyinizdən isə narazıdır.” Əhməd, Bəğavi, isnadı səhihdir.

Daim dua et
Rəhbər üçün istər nəsihət etməyə imkanı(yaxınlığı, səlahiyyəti və s.) çatan, istərsə də çatmayan kəs olsun, yeri gələndə insanları bu əmələ şövqləndirmək üçün aşkarda, yeri gələndə isə gizlində dua etmək ən gözəl ədəblərdəndir.
İmam əl-Bərbəxari (Allah ona rəhmət etsin) demişdir: ”Əgər hökmdarı söyən bir kəsi görsən, bil ki, o, öz nəfsinə uymuş kəslərdəndir. Əgər hakim üçün xeyir diləyən birini görsən, bil ki, o Sünnə əhlindəndir”. “Şərh Sünnə”, 113.

Qeybətini etmə və eyiblərini açma
Ehtiramın itməsinin, beləliklə də cəmiyyətdə hərc-mərcliyin yaranmasının ən başlıca səbəblərindən biri də insanların arasında qeybətin yayılması, eyiblərin açılmasıyla əlaqədardır. Günahların aşkara çıxması ilə onlar adiləşir, insanlar artıq yaxşıdan yox, pisdən nümunə götürməyə başlayırlar. Bu günah əməl rəhbərlərə, idarəçiliyində insanlar olan kəslərə yönəldikdə fəsadın miqyası daha da genişlənir. Ona görə də saleh sələflərimiz insanların belə tərbiyələnməsinə izin verməz, eyibləri örtər, bu davranışları şiddətlə qınayardılar.

İbn Abbasdan (Allah onlardan razı olsun) rəhbərə nəsihət etmək barədə sual soruşduqda o belə dedi: ”Əgər (nəsihət) etmək istəyirsənsə, bunun başqa şəxlərin yanında olmamasına diqqət et və öz imamın (rəhbərin) haqqında qeybət etmə” İbn Əbu Şeybə, 15/74 İsnadı səhihdir.

Nüfuzdan salanları, asi olanları dayandır. Müsəlman rəhbərlərə qarşı ehtiramın təzahürlərindən biri də onları nüfuzdan salmağa çalışanları dayandırmaqdır.

Əl-Ədəvi (Allah ona rəhmət etsin) demişdir: ”Bir dəfə ƏbuBəkra (Əs-Səqəfi) ilə minbərin yanında şəffaf (əzalarını bildirən nazik parçadan tikilmiş) paltarda xütbə verən əmirin oğlunu gördük. Əbu Bilal dedi:”Bir bizim fasiq paltarı geymiş əmirimizə baxın!” dedi. Əbu Bəkra (Allah ondan razı olsun) cavabında:”Sus! Mən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini eşitmişəm:”Kim rəhbəri alçaltsa, Allah da onu alçaldar” İmam Əhməd, Tirmizi. Şeyx Albani hədisin həsən olduğunu demişdir.

Ardı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti