Məqalələr

İslamda böyüklərə ehtiram – (1-ci hissə)

Elm əhli, xüsusən böyük, Rəbbani alimlər bu dinin dayağıdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam dini həyatın bütün sferalarında doğru yolu göstərdiyi kimi, insanın digərləri ilə müamilə məsələlərində də ən doğru, salamat və ucalıq verən ədəbləri təlim edir. Güclü imanın, gözəl əxlaqın ən gözəl təzahürlərindən biri də hər bir müsəlmanın böyüklərə olan ehtiramıdır.

Allaha ehtiram
İnsan öz qəlbində ən əsas ehtiramı, hörmət və heybəti onu xəlq edəm Əl-Əkbər (Ən Boyük) olan Allaha bəsləməlidir. Allaha ehtiram dedikdə həmçinin Onun dini, Peyğəmbəri (Allahın ona salavatı və salamı olsun), Onun ayə və nişanələrinə olan hörmət də qəsd edilir. Müsəlman hansı şəraitdə olursa olsun, başına nə gəlirsə gəlsin, daim qəlbində bu sadalananlara qarşı dərin ehtiram hiss etməli, İslamın söz, əməl, yaxud eyhamla da olsa alçaldılmasına biganə yanaşmamalıdır.

Bu səbəbdəndir ki, Uca Allah İslam tematikasının əsla lağlağı, zarafat mövzusu olmadığnı bildirmiş, bunu edənləri şiddətlə qınamış, bu əməlin İslamdan çıxardığını bildirmişdir: “Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: ‘Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!’ De: ‘Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?” (Quran, Tövbə, 65).

İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət edilir ki, Təbuk yürüşü zamanı bir nəfər dedi: “Bizim (Quran) qarilərindən daha qarınqulularını, yalançılarını və düşmənlə qarşılaşanda qorxaqlarını görməmişik.” deyərək Allah Rəsulunu (Allahın ona salavatı və salamı olsun) və səhabələrini (Allah onlardan razı olsun) qəsd etdi. Bu vaxt həmin məclisdə oturan Əuf ibn Malik (Allah ondan razı olsun) dedi: “Sən yalançı və münafiqsən! Mən hökmən dediklərini Peyğəmbərə çatdıracağam”.
Əuf (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib, deyilənləri xəbər vermək istəyərkən ilahi vəhy artıq onu qabaqlamışdı.Həmin pis sözü deyən insan Muhəmmədin (Allahın ona salavatı və salamı olsun) yanına gəldikdə, o dəvənin tərkində oturmuş yolla gedirdi. Adam dedi: “Ey Allah Rəsulu, biz sadəcə səfərin yorğunluğunu atmaq məqsədilə danışıb lağlağı edirdik”. İbn Ömər (Allah onlardan razı olsun) deyir: ”İndiki kimi gözümün qabağındadır, həmin adam Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yeriyən dəvəsinin yüyənindən tutmuşdu. Daşlar onun ayağını cızırdı, o isə elə hey (özünə bəraət qazandırmaq üçün) deyirdi: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq”. İbn Kəsir təfsiri, 2/368.

Odur ki, müsəlman istər real həyatda, istərsə də günümüzdə geniş vüsət almış social şəbəkələrdə Allahın dinini alçaldan, nüfuzdan salan söz və əməllərdən həm özü uzaq durmalı, həm də bu təhlükəli əməldən başqalarını bacardığı qədər dayandırmalı, gözəl şəkildə xəbərdarlıq etməlidir. Axı Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: “İnsan özü də dərk etmədən elə bir söz deyə bilər ki, Allahın qəzəbinə düçar olub, Cəhənnəm oduna atıla bilər”. Buxari.

Alimlərə ehtiram
Elm əhli, xüsusən böyük, Rəbbani alimlər bu dinin dayağıdır. Onların səbəbi ilə Uca Allah İslam dinini ilkin saflığında qoruyaraq, bidətlərin, küfrlərin qarışmasının qarşısını alır. Ona görə də şeytanın ən təhlükəli hiylələrindən biri də Rəbbani alimlərin nüfuzunu, dəyərini aşağı salmaq üçün çalışmasıdır. Bu səbəbdən dininin qeyrətini çəkən hər bir müsəlman ayıq olmalı, alimlərə tən edilməsindən çəkinib çəkindirməlidir.

İbn Useymin (Allah ona rəhmət etsin) alimlərə gözəl münasibətin özündə 5 şeyi ehva etdiyini bildirmişdir:
1. Alimlərə sevgi bəsləmək. Çünki insan sevmədiyi birisinin sözünü heç vaxt ciddi qəbul etmir.
2. Onlarla əlbir olmaq. Bu, elmin yayılmasında insanın bacardığı qədər iştirak etməsi ilə olur.
3. Alimlərin şərəfinin qorunması. Bu, onlar haqqında heç kimin pis danışmasına, tənə və istehza etməsinə, nüfuzdan salmasına izn verməməklə olur. Bütün bunlar heç də o demək deyil ki, alimlərin hər sözünə kor-koranə təqlid etmək gərəkdir. Lakin haqqı araşdırarkən ədəbli olmaq, dəqiqləşdirmək, üzr axtarmaq kimi vacib qaydalara riayət etmək mühümdür.
4. Xəta edildiyi aydın olduğu təqdirdə isə onların alimlərin həmin rəyinə tabe olmaq olmaz.
5. Xətanı elm əhlinə ən gözəl ədəblə, hikmətlə bildirmək gərəkdir. Şeyx Useymin, “Şərh ərbəinə-n-nəbəviyyə”, 240-243.

Lakin günümüzdə bütün bu ədəblərə riayət etməyən, elm əhlinin şərəf və ləyaqətini alçaldan, “saray alimi”, “nifas alimi” və d. Sözlər söyləyərək, , onların sanki ədalətsizlik etdiklərinə, dünyaya satıldıqlarına eyham edərək müsəlmanların gözündən düşməsinə çalışan insanlara rast gəlmək mümkündür. İnsan qəlbinə bu şübhələri buraxmazdan əvvəl bilməlidir ki, bu üslub yeni deyil, tarix boyu şeytanın ordusu insanların yolunda eyni tələləri qurmuş, saleh müsəlmanlar isə buna etiraz etmiş, uymamışlar:
İmam əş-Şətıbi (Allah ona rəhmət etsin) demişdir: “Bidət əhlindən bir nəfərin fəlsəfənin fiqhdən üstün olduğunu göstərmək üçün belə dediyi bizlərə gəlib çatmışdır:” İmam Şafi və Əbu Hənifənin elmi heyz və nifas məsələlərindən o yana keçə bilməmişdir. “Bunu yalnız zəlil olan deyə bilər, Allah onları məhv etsin!” Əl-İtisəm, 2/239.

Əbu Sədə (Allah ona rəhmət etmişdir) mötəzilə əqidəsindən olan iki bidət əhlinin birinin o biri haqqında belə dediyini bildirmişdir: “Ona qulaq asın, amma Həsən əl-Bəsriyə, İbn Sirinə, İbrahim Nəhai və əş-Şəbini dinləməyin. Onların sözü atılmış heyzdən çirklənmiş əski parçası kimidir” “Əd-Duəfə”, 3/285.

Odur ki, müsəlman alimlərə münasibət məsələsində də bacardığı qədər ayıq olmalı, qəlbini şübhələrdən və şübhə əhlindən diri tutmağa səy göstərməlidir.

Şeyx Useymin (Allah ona rəhmət etsin) belə söyləyir: “İnsanlar hətta peyğəmbərlərə də ziyan verərdilər, onlar isə səbr edərdilər. Hətta Allah Rəsulunu (Allahın ona salavatı və salamı olsun) qənimətləri ədalətsiz bölməkdə ittiham etdilər! Bu ittiham hicrətin 8-ci ilində, yəni nübuvvətin başlanğıcında yox, artıq onun (Allahın ona salavatı və salamı) sadiqliyinin Allah tərəfindən müxtəlif dəlillərlə hamıya aydın olduğu vaxt irəli sürülmüşdü. Onda insanların alimlərə qüsur şamil etməsinə necə təəccüblənmək olar ?! Şeytan insanları alimlərin nüfuzunu aşağı salmağa səsləyir. Axı əgər alimlər gözdən düşsə, insanlar üçün elmin dəyəri qalmayacaqdır. Onları Allahın Kitabına səsləyənlər olmadıqda isə insanlar şeytanın ordusu vasitəsilə idarə olunacaqlar.

Ona görə də alimlərin qeybətini etmək adi insanların qeybətini etməkdən daha təhlükəlidir. Birinci halda bu, şəxsi qeybətdir, zərəri də ancaq edilənə toxunur. Alimlərin qeybəti isə bütün İslam dininə zərər yetirir, çünki alimin nüfuzu düşdükdə, onunla birlikdə İslam da nüfuzdan düşür. Bu isə İslam ümmətinə zərərdən başqa heç nə vermir.” Şeyx ibn Useymin, “Şərh Riyad əs-Salihin”, 1/106

Ardı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti