İslam tarixi Quran

İslam tarixinin yazılmasına başlanması

Xoşbəxt o, kəsdir ki, keçən hər bir günə görə özünü hesaba çəkir və keçirdiyi boş vaxtlarına görə üzülür, qəlbi daralır.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah Qurani Kərimdə buyurur: «Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır.» (Nur 44 )

Gündüzün gecə ilə əvəzlənməsində, gecənin gündüz ilə əvəzlənməsində ağıl sahibləri üçün ibrətlər vardır. Allah Təalanın gecə və gündüzü bir-biri ilə əvəzlməsinin ən böyük hikməti edilən əməllərlə bağlıdır. Kim ki, gündüz xeyir işlər etməyi qaçırıbsa gecə onun üçün fürsətdir, gecə xeyir bir iş görməyi qaçıranlar üçün isə gündüz fürsətdir. Allah Təala buyurur: «Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.» (Furqan 62)

Müsəlman ömründən gedən yaşadığı günlərinin sürətlə keçməsindən ibrət almalıdır. Xoşbəxt o, kəsdir ki, keçən hər bir günə görə özünü hesaba çəkir və keçirdiyi boş vaxtlarına görə üzülür, qəlbi daralır.

İslam tarixi ilk olaraq ikinci xəlifə olan Ömərin (Allah ondn razı olsun) vaxtında yazılmışdır. Ömər (Allah ondn razı olsun) səhabələrini cəm edərək islam tarixinin hansı ildən yazılmasını müzakirə edir və son nəticə olaraq belə qərara gəlirlər ki, İslam tarixi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət etdiyi ildən yazılsın. Çünki həmin ildən İslam dövləti qurulur və müsəlmanlar gücə və qüvvəyə malik olurlar.

Hansı ayın birinci ay olmasını müzakirə edərkən qərara gəlirlər ki, birinci ay olaraq Muharram ayı olsun. Buna səbəb isə  həcc  ziyarətinin zil hiccə ayında olması və muharram ayının zil hiccə ayından sonra gəlməsi olur. Çünki müsəlmanların  həcc ziyarəti etməsində əsas məqsəd etdikləri günahlardan təmizlənmələridir. Ondan sonra gələn Muharram ayı yeni ilin ilk ayı olaraq qeyd edirlər ki, müsəlmanlar zil hiccə ayında günahlarından təmizlənib yeni ilə təmiz başlasınlar. Ona görə də bu ay yeni ildə günahlardan tövbə edib xeyir işləri daha da artırmaları üçün bir fürsətir.

Bu ay ilin ilk ayı olmaqla yanaşı bir çox fəzilətləri ilə seçilir. Belə ki, bu ay Allahın ehtiram edərək başqa aylardan fərqləndirərək Quranda qeyd etdiyi dörd aydan biridir.

Allah Təala buyurur: «Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir»(Tövbə 36)

Əbu Bəkrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Zaman, Allah yerləri və göyü yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır. (Haram aylardan) üçü – zulqadə, zulhiccə və muhərram dalbadal gəlir. (Dördüncüsü isə) Mudər qəbiləsinin (digər on bir aydan üstün tutduğu) və cumədəl-Əxir ilə Şaban (ayları) arasında keçən Rəcəb ayıdır.» (əl-Buxari, 3197)

Haram aylardan biri olan Muharram ayında edilən günahların cəzası digər aylardan daha artıqdır. İlin ilk ayında Allah bizi günahlardan çəkinməyə və ibadətlərimizi artırmağa təhrik edir. Çünki həmişə başlanğıc çox mühümdir.

Bu ayın fəzilətinə dəlalət edən başqa fəzilət isə orucla bağlıdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Ramazan ayından sonra ən əfzəl olan oruc Allahın ayı olan Məhərrəm ayında olan orucdur.» (Muslim, 1982)

Muhərrəm ayında ən fəzilətli gün hesab olunan Aşura günü vardır. Bu da Muharrəmin 10-cu günüdür.

Aşura günündə oruc tutmağın səbəbi Allah Təalanın Musanı Fironun əlindən xilas etməsidir. Rəvayət edilir ki, ibn Abbas (Allah onlardan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu ki: “Bu nədir?” Onlar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam.” Sonra o, həmin günü oruc tutdu və əshabələrinə də oruc tutmağı əmr etdi.» (əl-Buxari, 2004)

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: «Ramazan orucu vacib buyurulmamışdan əvvəl (müsəlmanlar) Aşura günü oruc tuturdular. (Hər il) o gün Kəbənin üstünə (təzə) örtük çəkirdilər. Allah (müsəlmanlara) Ramazan orucunu vacib buyurduqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim Aşura günü oruc tutmaq istəyirsə, tutsun, tutmaq istəmirsə, tutmasın.» (əl-Buxari, 1592)

Bu orucun fəziləti isə böyükdür. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Bu orucla bir il keçmiş günahları silir.» (Muslim)

Əlbəttə burda kiçik günahlar nəzərdə tutulur. Böyük günahlar üçün tövbə lazımdır.

Qeyd etmək istərdim ki, hər bir şeydə yəhudilərə müxalif olmağı bizə əmr edən Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) aşura orucunda da onlara müxalif olmağı tövsiyə edərək bildirmişdir ki, Aşura orucu ilə yanaşı ya bir gün əvvəl ya da bir gün sonra da oruc tutaq.

Hazırladı: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha