Əqidə

”İslam əqidəsi müsəlmanların geriləməsinin səbəblərindəndir!” — deyənlərə cavab

Bəzi şübhə əhli iddia edirlər ki, İslam əqidəsi qatıdır və müsəlmanların inkişafının qarşısını alır. Çünki, İslam əqidəsi onların gündəlik həyatlarına təsir edir. Beləcə təcrid edən qatı əqidələrinə tutunmaq ucbatından İslam ümməti xəstə, şikəst bir topluma çevrilərək bəşər mədəniyyətinin son sıralarında qalıblar.

Bu şübhənin cavabı bu nahiyələrdən veriləcəkdir:

1) İnsan ağılı necə düşünə bilər ki, əzəmətli bir imperiya qurmuş müsəlmanlar təcrid olunmuş qatı bir əqidəyə sahibdirlər.

2) Milyonlarla insanın təhrik olmadan İslamı qəbul etməsi, habelə İslamın dünyanın hər tərəfində yayılması İslam əqidəsinin yüksəkliyinə dəlalət edir.

3) Qərbin mütəfəkkir və fəlsəfəçilərindən adil olanları İslam əqidəsinin yüksəkliyinə, məqsədlərinin şərəfliliyinə, müdrik qayələrinə və bəşər övladının ehtiyaclarının ödənilməsinə tamamilə kifayət etdiyinə şahidlik edirlər.

4) Əlimizdə olan Quran onların iddialarının əksi olaraq yer üzündə gəzib dolanmağa, dünyaya baxmağa, düşünməyə, diqqət yetirməyə, ağıl işlətməyə rəğbətləndirir.

5) İslam tənbəllik və arxayınlıq dini deyil, əməl etmək, çalışqanlıq və peşəkarlıq dinidir.

Birincisi: Nə zaman ki, müsəlmanlar öz əqidələrinə (xurafatlara deyil, həqiqi islam etiqadına) sarıldılar, inkişaf etdilər. Nə zaman ki, müsəlmanlar İslam etiqadına laqeyd yanaşdılar, gerilədilər.

Şəkk yoxdur ki, bu şübhəni gətirənlər müsəlmanların genişmiqyaslı fəthlərini və böyük bir dövlət qurmalarını inkar etmirlər. Əgər müsəlmanlar şikəstliyə və ölümə aparan qatı əqidələrə inanırdılarsa, necə oldu ki, onlar böyük bir dövlət qurdular və uzun əsrlər bu dövləti qoruyub saxladılar?! Bizlərə heç də gizli deyildir ki, bir imperatorluğu qurmaq onun üzərində qurulacağı müəyyən qaydaları, əsasları və o dövlətin qorunacağı vasitələri gərəkdirir. Görəsən ölüm və şikəstlik gətirən qatı etiqadla müsəlmanlar buna necə nail oldular? Yalnız ərəblər deyil, Osmanlılar İslamla necə izzətləndilər? Osmanlı imperiyasının ərazisi 1683-cü ildə 5.200.000 km² qədər idi.

Osmanlı dövləti yeddi əsrə yaxın bir müddətdə dünyanın ən güclü dövləti idi. Elə bu inkişaf məhz İslam ideologiyası ilə əlaqəli deyildimi? Ümumiyyətlə, inkişaf ideologiya ilə əlaqədardır. Əgər inkişafa, irəliyə aparan bir ideologiya tətbiq olunmayacaqsa, kitablarda qalacaqsa, o zaman o fikir daşıyıcılarının mövcudluğu və zəifliyi o ideologiya ilə əlaqələndirilə bilməz. Çünki, fikir mənsubları artıq o ideologiyadan, o etiqaddan uzaqlaşmışlar.

Yəni, xülasə onu demək istəyirik ki, inkişaf anlayışı heç də dinsiz cəmiyyətlərlə əlaqəli deyil, nə də dindar cəmiyyətlərlə. Dedik ki, inkişaf ideologiya ilə əlaqədardır. Fikir versək təhsilə, elmə önəm verən cəmiyyətlər inkişaf edirlər. Bu inkişaf edən cəmiyyət dindar da ola bilər, qeyri-dindar da ola bilər. İnkişaf edən cəmiyyət bütpərəst, ateist və ya dindar ola bilər. Din mənəviyyatla bağlı olan amildir. Cəmiyyətlər inkişaf üzərə daim bir-biriylə yarışır. Müsəlmanlar tarixin böyük bir kəsimini daim elmdə, texnikada öndə olmuşlar. Bu amil də bizə çox şeydən xəbər verir. Diqqətlə düşünsək, tarixdə gah irəlidə olan, gah geriləyən xalqların, mədəniyyətlərin şahidi ola bilərik. Bu amili yalnız İslamla bağlamaq doğru deyildir.

Halbuki, İslam mənsubları dünyada mövcudluğunun 14 əsrinin yalnız sonuncu əsrində bir qədər geriləmişlər. (Bunun səbəbləri çox olsa da, bu səbəblərin əsaslarından biri ölkələrin müsəlman ölkələrinə qarşı «parçala, hökm et» siyasətini yürütmələri və müsəlmanlara qarşı birləşmələridir) Qalan 13 əsrdə müsəlmanların elmi-texniki inkişaf səviyyəsindən danışmağa bəzi insanlar nədənsə cürət etmirlər.

Görəsən, İslam əqidəsinin müsəlmanın həyatının bütün nahiyələrində tam şəkildə hökmranlıq etməsi özü-özlüyündə eyib sayılırmı? Təbii ki, yox. Çünki, bu vəsfin özü əxlaq elminə, ədəb qanunlarına da şamildir. Həmçinin, İslam həyat tərzi olan bir dindir. Onların yalnız İslamı bu cür hədəfə alıb qınamaları önəmli deyildir.

Bir daha yuxarıdakı söhbətə qayıdaq; Səlcuq imperiyasına gəldikdə bu dövlət böyük İslam dövləti idi və artıq 1080-cı ildə ərazisi  39.000.000 km² qədər idi. Bundan əvvəl isə Əməvilər və Abbasilər dövləti yaxın şərqi, ətrafını, orta Asiyadan bir hissəni, Avropanın bir hissəsini özündə ehtiva edən böyük dövlətlər idilər ki, zamanında dünyanın çox mühüm elm və mədəniyyət mərkəzləri və şəhərləri bu dövlətlərdə cəm olmuşdu. Bu dövlətlərin ərazisi indiki bəzi böyük ölkələr kimi boş sahələri deyil, çoxlu şəhərlər və insanlar olan əraziləri əhatə edirdi.

Ərəblər minlərlə illər qəbiləçilik şəraitində yaşamışlar, qısa müddət sonra isə — İslamın fəziləti sayəsində — bir-birinə çox sıx bağlı və qüvvətli əlaqələri olan bir ümmətə çevrildilər. Beləcə, güclü bir inkişaf edərək tarix boyu çox geniş, böyük, bənzərsiz bir imperatorluq qurdular və bunu uzun əsrlər boyu qorudular.

Ərəblər (İslamdan əvvəl) belə bir ayrılıq, uzaqlıq halında ikən, qısa bir müddət ərzində böyük ictimai şəhər mədəniyyətinə, ağılasığmaz dərəcədə yüksək inkişaf səviyyəsinə çatmış ölkələrə qalib gəldilər. O ölkələr ki, möhkəm əsaslara və yüksək dəyərlərə malik idilər. Məgər üstün olmayan bir qüvvə qısa bir zaman bu qədər qüvvətlənərək özündən qat-qat qüvvətli olan ölkələri hansı qüvvə ilə öz təsiri altına aldı? Məgər bu cür inkişafa tənbəlliyə, hərəkətsizliyə aparan bir etiqad stimul verə bilərdimi? Deməli, İslamın ilk dövründəki insanlar həqiqi İslam etiqadını daha yaxşı mənimsədikləri və tətbiq etdikləri üçün böyük inkişafa nail olmuşdular. O zaman ki, bu etiqaddan uzaqlaşdılar geriləməyə başladılar. Deməli, bu nəticə hasil olur ki, müsəlmanların geriləmələrinin səbəbi İslam etiqadı deyil, əksinə, bu etiqaddan qafil qalmaqdır.

Bir də onu qeyd etmək yerinə düşər ki, təkcə sonuncu İslam xilafəti olan Osmanlılara qalib gəlmək üçün dünyadakı ölkələrin necə sıx ittifaqa girdiyini, tarixdə bu zəmində nələr baş verdiyini nəzərdən keçirsək, həmin dövrdən bu günə kimi o ölkələrin müsəlmanların inkişafına mane olan məkrli planları, müsəlmanlara olan kinləri, daim müsəlman ölkələrində daxili iğtişaşlar salmaları, «sülh məqsədiylə» bitmək bilməyən müharibə ocaqları yaratmaları heç kəsdən gizli qalmaz, necə ki, bu çoxumuza gizli deyildir. Heç kimsə «ortada görünməyən» və müsəlmanlara qarşı qurulmuş ideoliji müharibədən danışmır nədənsə! Bu ideoloji müharibəni aparanların sırf İslamı və müsəlmanları hədəf seçməklərində əsas amil də onların bilmələridir ki, əgər müsəlmanlar öz dinlərinə, İslam əqidəsinə qayıtsalar, bu onları inkişaf etdirəcək, əsrlərlə dünyada liderlik etmiş müsəlmanları öz əvvəlki hallarına qaytaracaq. İslam düşmənlərinin ən çox qorxduğu da məhz elə müsəlmanların bu əzmkar etiqada geri dönmələridir.

İkincisi: Milyonlarla insanın islamı təhrik edilmədən qəbul etməsi İslam əqidəsinin yüksəkliyinə dəlalət edir.

Öz dinlərinə (xristyanlıq, yəhudilik kimi) dəvət edənlərə böyük pullar xərcləyən və imkanlı şəxsləri də öz dinlərinə çağıran missionerlərə böyük məbləğlər sərf etməkdə dünyanın hər tərəfində bu işdə bir-biriylə yarışan millətlərə — heç bir maddi və mənəvi təhrik olmadan — İslamın üstünlük qazanaraq yayılması, yüzlərlə milyon insanın bu dini (İslamı təhriksiz) qəbul etməsi, görəsən bütün bunlar həyatda yarış qabiliyyəti olmayan qatılıq və hərəkətsizlik, şikəstlik və ölüm gətirən təlimlərin nəticəsidirmi?

Əgər onlar bəsirətsiz şəkildə və dəqiqləşdirmədən desələr ki: İslamı qəbul edən tayfalar pislə yaxşını ayırd edə bilməyəcək dərəcədə mədəniyyəti olan millətlərdəndir, onda deyirik ki, onda avropalılar barəsində nə düşünürsünüz? Avropa millətlərindən minlərlə insan İslamı qəbul etmişdir.

Üçüncüsü: Qərb mütəfəkkirlərindən ədalətli olanları İslamın öndə olmasına şahidlik edirlər.

Doğurdan da Qərb mütəfəkkirlərindən ədalətli olanları İslamın üstünlüyünü bilir və İslama lazımi qiyməti verməyə çalışırlar. Onlardan böyük mütəfəkkir və fəlsəfəçi tayfası vardır ki, onlar İslamın yüksək inanclarına, sağlam dayaqlarına, şərəfli məqsədlərinə və dünyadakı insanların ruhi və maddi ehtiyaclarına tam şəkildə kifayət etdiyinə şahidlik edirlər. Onlardan Carlyle, Geothe, Lamartine, Bernard Shaw, Sédillot, Gustave Le Bon, Jaroudi kimi bir çoxlarını misal çəkmək olar.

Maurice Bucaille Quranı Ərəb dilində incələməyə başladıqda dəhşətə gəlir ki, «On dörd əsr müddətində heç bir dini kitabda olmasını təsəvvür edə bilmədiyi elmi həqiqətlər və işarələr Quran kitabında mövcuddur.» O həmçinin demişdir: «Quran ayələrindən elə bir ayə yoxdur ki, onda müasir elmin metodlarına zidd olan bir işarə olsun.» (Movsuatu bəyənil-İsləm, Şubuhəət həvlə əl-Aqidətil-İsləmiyyə, səh 8).

Jaroudi demişdir: «Quran alimlərin hörmətini uca tutur və elm öyrənməyə rəğbətləndirir.» (Eyni mənbə, səh 8).

O həmçinin vurğulamışdır ki: «Müsəlmanlar bütün elm sahələrində böyük bir elmi inkişafın əsasını qoymuşlar.» Həmçinin, demişdir: «İslam əvvəllər olduğu kimi gələcəkdə də islah və inkişaf üçün böyük bir ruhi qüvvədir.» (Eyni mənbə, səh 8).

Həmçinin, Jaroudi hesab edir ki, «Müsəlman qadının İslamdakı halı bir qadının ən nümunəvi halıdır. İslam dini qadına zülmü aradan qaldırmışdır, haqlarda və öhdəliklərdə kişi ilə qadını bir etmişdir. Qadının özünü və onun hörmətini qorumuşdur. Sonra deyir: «İslam iqtisadiyyatının əsasları vardır: daxili paylaşmadakı müvazinətin olması və ehtikarlığın (monopoliyanın) haram olması, şəxsi mülkiyyətin fərdin və camaatın xeyrinə olması. Bazar isə əsas məqsəd deyil, sadəcə vəsilədir» (eyni mənbə, səh 8).

Markus Volland deyir: «İslamda İslami cəmiyyətlərin mövcudluğunda əsaslandırılmış elə bir şey yoxdur ki, müasir anlayışlarla iqtisadiyyatı tətbiq etməkdən aciz buraxsın. İslam öz həqiqətində bununla möminləri müsbət vəziyyət üzərində hərəkətləndirir.»

Amerikalı Şahzadə Charles vurğulayır ki, «Problem təkcə Qərb dünyasının İslamın təbiətini böyük həcmdə yanlış anlamasında deyil, burada qərbin İslam barəsində böyük həcmdə qafil qaldığı qərbi üstələyən İslam mədəniyyəti və əsasları vardır.»

Şərqşünas Leo Poland Wiess deyir: «Müsəlmanların ictimai və mədəni geriləməyə düçar olmalarında mühüm bir səbəb vardır, o da İslam ruhundan uzaqlaşmalarıdır.»

Fransız şərqşünas Domenique Chevallier vurğulayır ki, «İslamın qüvvəsi əxlaqi proqrama malik olduğu üçün (dünyada) yerini tapmışdır.»

Hoffmann deyir: «İslam şiddətli şəkildə insanların eyiblərini araşdırmağı qadağan edir. Lakin, eyni zamanda şiddətlə savadlanmağa və əlavə biliklər əldə etməyə rəğbətləndirir. Quran kitabı da bir çox ayələrində ağıldan, fikir və düşüncədən yararlanmağa dəvət edir.» (əl-Munsifinə lil-İsləm fil-Ğarb, səh 221)

Bunun kimi bir çox qərbli alim və mütəfəkkirlər vardır ki, onlar İslam mədəniyyətinin və qanunlarının üstünlüyünə diqqət çəkmişlər.

Dördüncüsü: Quran şübhə əhlinin dediklərinin əksini bildirir.

Əgər onlar bundan sonra da inkar etməkdə israr etsələr, bilsinlər ki, Qurani-Kərim bunları özündə ehtiva edir, istəsələr Quranı açıb bu uca mənaları oxuya bilərlər. Bu mənalar müsəlmana dünyaya nəzər yetirməyi, düşünməyi və elm yollarına tutunmağı əmr edir.

«Məgər onlar Quran barəsində düşünmürlərmi?» (ən-Nisa, 82)

«Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.» (əl-Bəqərə, 164)

«Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər?» (əl-Ğaşiyə, 17-20)

«Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur.» (əl-Həcc, 46)

«Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.» (əl-Ənam, 97)

«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.» (ər-Rad, 3)

İslamdakı inanclar hərətsizlik, donuqluq kimi pis mənaya yozulmaz və bu pis anlamda dəyişilməzliyə nisbət olunmur. İslamdakı inanclar sabitdir desək daha doğru olar. O anlamda ki, bu doğru (dinə əlavələrdən uzaq olan) inanclar ağıl və məntiqlə çatışmaya girmək mənasına yozulmur. Əksinə, İslam inancları sabitliyi ilə seçilir. Bu sabitlik müsbət anlamdadır, mənfi anlamda deyildir.

İslamda ibadətlər, inanclar sabit və dəyişilməzdir. Bununla bərabər İslam şəriəti insanların məkanını, şəraitini və zamanını nəzərə almışdır. İslamdakı ibadət və hökmlərdə insanların zəruri halları da nəzərə alınmışdır.

Biz Qurani-Kərimin necə dində əlavələr və təhriflər etməyə, Allahın adından yalan uydurmağa qarşı olduğunun şahidi ola bilərik. Allah Quranda buyurur: «Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!» (əl-Bəqərə, 79)

Həmçinin, Allah Quranda elm sahiblərinin dərəcəsinin yüksəldiyini bildirir: «Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldar.» (əl-Mucadilə, 13)

Beşincisi: İslam dini işləmək və çalışqanlıq dinidir, arxayınlıq və tənbəllik dini deyil.

İslam dini qazanmağa, insanlara möhtac olmamağa, işləməyə, aktiv olmağa çağırmışdır.

Allah Quranda buyurur: «Digərləriniz Allahın mərhəmətindən ruzi (qazanc) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq… » (Muzzəmmil, 21)

Başqa ayədə buyurur: «Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın (ruzi qazanın) və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.» (Cümə, 10)

Başqa ayədə Allah buyurur: «Dünyadakı nəsibini də unutma.» (əl-Qasas, 77)

Baxın, Allah hətta, öz Peyğəmbərinə belə dünya işləri barədə göstəriş verir: «İşlərini qurtaran kimi Allah yolunda çalış!» (Şərh, 7)

Başqa ayədə belə buyurur: «Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.» (Nəbə, 11). Qurani-Kərim işləmək üçün ən yaxşı vaxtın gündüz çağı olduğunu da bu ayə ilə bildirmişdir.

Bu barədə ayələr çoxdur.

İnsanları çalışqanlığa, işləməyə yönəltməkdə, rəğbətləndirməkdə İslam kimi bir din yoxdur.

Peyğəmbərin sünnəsinə (hədislərinə) gəldikdə də yenə işləməyə, çalışmağa rəğbətləndirən, işləyənləri xeyirlə müjdələyən neçə-neçə hədislər vardır. Bu hədislərdən:

«Sizlərdən birinin öz qazancıyla yediyi yeməkdən daha xeyirlisi yoxdur. Davud peyğəmbər də öz əlinin qazancından yeyərdi.» (Səhih əl-Buxari, 1966)

Başqa hədisdə deyilir: «Allah sizdən birinin bir iş gördükdə o işi yaxşı bacarmasını Sevər» (Silsilətus-Sahihə, 1113)

Hətta, Məhəmməd Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) nəinki, ümməti işləməyə, halal ruzi qazanmağa sövq etmişdir, hətta, ümmətinin ən yaxşı iş vaxtının bərəkətli, keyfiyyətli olması üçün dua edərək demişdir: «Ey Allahım! Ümmətimin səhər vaxtını bərəkətli et!» (ət-Tirmizi) Bu dua səhər vaxtı görülən bütün işlərə aiddir.

O Peyğəmbər hətta, işçinin əməkhaqqısı barədə indiyə kimi dünyada deyilməyən əmri demişdir: «(pul, ücrət müqabilində işləyən) İşçinin haqqını təri qurumamışdan öncə verin.» (Sünən ibn Macəh, 2434)

İslam dini o qədər əzəmətli dindir ki, insanın özünü dolandırmağa gücü çatdığı təqdirdə  insanlara əl açmaqdan şiddətlə çəkindirmiş, insanın ruhunu izzətli olmağa öyrətmişdir. Hətta, Məhəmməd Peyğəmbər öz əshabını o qədər izzətli tərbiyə edirdi ki, miniyin belindən düşən bir qamçını həmin şəxsin başqalarına ağız açmadan, yardım istəmədən özünün götürməsinin gərəkdiyini öyrədirdi. O, hər bir fürsətdə insanları həm izzətli olmağa, həm də aktiv olmağa, rəğbətləndirirdi.

Muhəmməd Peyğəmbər özü müxtəlif işlər görmüş, əshabına işlərində yardım etmiş, hətta, xidmət olunanlardan olmağa razı olmayaraq ev işlərində ailəsinə belə yardım etmişdir. O, ticarətlə məşğul olmuş, az yaşlarında çobanlıq da etmişdir. O xidmətçilərə də yardım etmişdir. Bu sözləriylə isə insanları  işləməyə rəğbətləndirmişdir: «Sizdən birinin belində odun şələsi daşıması onun başqalarından (yardım) istəməsindən daha xeyirlidir. (başqasına möhtac olduqda) ya ona nə isə verər, ya da verməz.» (Buxari, Muslim)

İslam dini insanın bir peşə sahibi olmasına da rəğbətləndirmişdir. Çünki, hətta, peyğəmbərlərin həyatına baxdıqda onların da özlərinə məxsus peşələrinin olduğunu görürük. Bəzisi dülgər, bəzisi bənna, bəzisi dəmirçi və s. peşələrə sahib olmuşlar.

İslam dini bütünlüklə süstlükdən (hərəkətsizlikdən, yorğunluğa aparmaqdan) uzaqdır. Süstləşmiş, tənbəlləşmiş insanlar qətiyyən İslamı və təlimlərini ifadə edə bilməzlər. Əgər İslam süstlük, tənbəllik dini olsaydı, onda müsəlmanlar böyük imperiyaları diz çökdürə bilməz və dünyanın böyük bir qismini fəth edə bilməz, nə mədəniyyət qura bilər, nə şəhərlər tikə bilər, nə gəmi limanları sala bilər, dini və dünyəvi elmlərdə nəaliyyətlər əldə edə bilməz, nə də bəşəriyyətə elmləri, sənayeləri, şəhərsalma qaydalarını öyrədə bilməzdilər.

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha!

 

Topladı və tərtib etdi:

Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi

Sahib Əsədov