Əqidə

İslam dini Şumerlərdən götürülüb?

İslam dini Şumerlərdən götürülüb?

 (Şübhəyə cavab)

SUAL: Bəzi aqnostiklər, deistlər və ateistlər: “Şumerlər haqqında qədim yazılar oxunandan sonra İslam dininin guya Şumerlərdən gəldiyinin məlum olduğunu” — deyirlər. Bu nə dərəcədə doğrudur? Onlar həmçinin yerin yaşı və peyğəmbərlərin yer üzündə yaşadığı müddət barədə şübhə gətirməyə çalışır və Şumerləri, babilistan xalqını və s. yer üzündə ilk sivilizasiya kimi təqdim etməyə çalışırlar. Sonra da peyğəmbərlər və İslami biliklər barədə guya Şumerlərin qədim yazılarında dini biliklər barədə eyni məlumatların olduğunu iddia edirlər. Nəticədə demək istəyirlər ki, İslam dini bu qədim sivilizasiyaların dini etiqadları dan götürülüb. Buna necə cavab verə bilərsiniz?

CAVAB: Bu batil sözdür, yanlış məlumatdır. Bunu yalnız dindən anlayışı olmayan bir insan söyləyə bilər. Qədim Şumer yazıları oxunduqdan sonra onların dini fikirləri və ayinləri barədə daha dolğun bilgilər əldə edilmişdir. Bu dini bilgiləri araşdırdığımız zaman qəribə faktlarla rastlaşdıq. Elə faktlar ki, dindən bir azca başı çıxan insan bu bilgilərə tanış olarsa, edilən bu iddianın yanlış olduğunu anlayar. Bu yazılarda Nuh Peyğəmbərin tufanından, dünyanı su basmasından danışılır. Ən qəribəsi isə Şumerlərin, eyni zamanda Babilistan əhlinin bütpərəstlik (politeist) inancına sahib olduğunu qeyd olunur. Bunu bilən insanlar yenə də təkAllahlılıq (monoteist) dini olan İslama qarşı iddialar irəli sürürlər. Digər bir neçə iddianı  da qarşıda qeyd edərək cavablandıracağıq. Nuhun Tufanından isə qarşıda bəhs edəcəyik.

Onlara ən mühüm cavabımız odur ki, İslami mənbələrdə qeyd olunur ki, yer üzündə bütpərsətlik meydana çıxmamışdan on əsr əvvəl təkAllahlıq dövrü olmuşdur. Bu rəvayətlər təfsir kitablarında da mövcuddur.

Məsələn; İbn Abbasın rəvayətində peyğəmbər Adəmlə Nuh arasında nə qədər zaman kəsimi olduğunu xəbər verərək deyir: «Adəmlə Nuh arasında on qərn (əsr və ya nəsil) olmuşdur. Onların hamısı haqq şəriət üzərində olmuşdular. Bundan sonra onlar ixtilaf etdilər. Beləcə, Allah müjdəçi və qorxudan peyğəmbərlər göndərdi…» (Silsilətus-sahihə, Albani, 7/854, səhihdir)

Yəni, Adəm peyğəmbərlə Nuh peyğəmbər arasında on qərn olmuşdur. Bəzi araşdırmaçılar burada işlədilən «qərn» sözünü əsr deyil, nəsil kimi başa düşmüşlər. Yəni, on nəsil. Adəmdən Nuha kimi insanların ömrü təxminən min il olurdu. Əgər on nəsil müddəti bu amil nəzərə alınaraq hesablanarsa, o zaman bu müddət çox uzun olacaqdı. Əlqərəz, bu müddətdə insanlar tək Allaha ibadət etmiş və ona şərik qoşmayaraq bütpərəstlikdən uzaq olmuşlar. Bizim haqqında danışdığımız zaman dilimi Şumerlərdən əvvəlki zaman dilimidir. Şumerlər isə bütpərəstlik dininə sitayiş etmişlər. Ona görə də biz mötəbər İslami mənbələrə əsasən rahat şəkildə deyə bilərik ki, Şumerlər Nuh peyğəmbərdən sonra olublar və ya ən azı onların əcdadları Nuh peyğəmbərin zamanına çatıblar. Çünki, İslami mənbələr Nuh Peyğəmbərə kimi yer  üzündə bütpərəstliyin olmadığını bizə xəbər verir. Qaldı ki, hansısa dini mənbələrdə guya dəqiq bir neçə min il rəqəminin verilməsinə biz bu barədə mötəbər bir İslami mənbə olmadığına şahidlik edirik. Ən azından elmi araşdırma əmanəti adına deyək ki, araşdırma zamanı belə bir mötəbər mənbə ilə rastlaşmadıq.

 

İndi isə gəlin görək Şumerlər kimlərdir? Nə zaman yaşayıblar? Mühüm bir girişdən sonra bu suala cavab verəcəyik;

 

Əldə etdiyimiz məlumata görə Şumerlər bizim eradan əvvəl 8-ci minillikdə yaşayıblar. (Mənbə: Vikipediya) Təbii ki, bu dünyəvi alimlərin dəqiq deyil, təxmin etdikləri bir bilgidir. Bu dörd min, beş min, on min də ola bilər. Bundan daha çox da ola bilər. Sözümüz bunda deyil. Lakin, ortada qarışdırıldığı müşahidə olunan iki məsələ var. O da yerin yaşı ilə ən qədim insanın yaşıdır. Yenə İslami mənbələrə müraciət etdikdə biz insanın yerin yaranmasından sonra yarandığına dəlil olduğunu görürük. Bu iki hadisə arasındakı zaman müddəti də bizə məlum deyil.

Əgər Adəm peyğəmbərlə Muhəmməd peyğəmbər (Allahın onlara salavatı və salamı olsun) arasında zaman dilimini hesablamaq araşdırmaçılar üçün çox çətin bir mövzudursa, onda görün indi yerin yaşını hesablamaq nə qədər çətin bir işdir. Bu barədə olan ehtimallar yaxın ehtimallar olmaqdan da uzaq görünür. Qaldı ki, bu müddəti dəqiq və yəqinliklə bilmək olsun. Bundan isə heç söhbət belə gedə bilməz. Çünki, yerin yaranmasından bu yana olan müddət barədə də dünyəvi alimlər müxtəlif fərziyyələr irəli sürürlər; Onlardan bəziləri yerin «üç millyon» il yaşının olduğunu deyir, bir qismi yerin «dörd milyon yarım» il yaşının olduğunu deyir. Bəziləri isə daha da uzağa gedərək yerin 13 milyondan çox yaşının olduğunu deyirlər. Təbii ki, bunlar hamısı təxmin və fərziyyə olmaqdan o yana keçmir. Eləcə də insanın yaranması və bəşər övladının yaşı barədə olan bilgilər də bu qəbildən olan təxmin və fərziyyələrdir.

Amma, bəşər övladının yer üzündəki mövcudluğunun neçə il olması məsələsinə gəldikdə isə guya bəziləri dini kitablarda 7000, bəzilərində 4300, bəzilərində 5000-dən yuxarı müxtəlif rəqəmlər qeyd olunmuşdur. Bəzi araşdırmaçılar muxtəlif metodlarla  hesablama apararkən onlardan kimisi bəşər övladının bu dünyada mövcud olması müddətini 10.000-ə yaxın, bəziləri 19000, bəziləri isə 100.000 və s. rəqəmlər demişlər ki, bu rəqəmlərin heç birini İslam alimləri mötəbər hesab etməmişlər. Bu rəqəmlərin hər biri müxtəlif hesablama metodları və üslubları ilə həyata keçirilmişdir. Doğru olan görüş isə bu xəbərin qeybi bir xəbər olmasıdır. Bu müddəti bizə bəyan edən aydın və mötəbər bir dəlil yoxdur. Bizə məlum olan isə odur ki, Nuh peyğəmbər Şumer və Babilistan əhlindən daha əvvəl yaşamışdır. Bunu isə ona əsasən deyə bilirik ki, (yuxarıda da bu barədə mötəbər rəvayət qeyd etmişik) Adəm  peyğəmbərdən sonra  on əsr təkAllahlılıq dini olmuşdur. Bu zaman kəsimindən sonra isə ilk bütpərəstlik Nuh peyğəmbərin zamanında yaranmışdır. İnsanlar yollarını azdiği zaman Allah Nuh peyğəmbəri onlara elçi göndərmişdir.

Babil və Şumer tayfaları arasında bütpərəstliyin yayılması üçün isə xeyli zaman gərəkirdi. Yəni, Babil və Şumerlərdə bütpərəstlik o qədər geniş vüsət almışdı ki, bu cür geniş yayılma Nuh peyğəmbərin zamanında mümkün deyildi. Çünki, arada zaman fərqi var idi. Şirk Nuh Peyğəmbərin zamanında  kifayət  qədər  yayılsa da, babil və şumerlərin çatmazdı. Ona  görə ki, Nuha qədər yer üzündə insanlar tövhid üzərində idilər. Tövhiddən dərhal sonra şirk Babil və Şumerdəki kimi yayılmasa da kifayət qədər yayılmışdı. Eyni zamanda tarix daha çox Nuhun tufanından sonra bu barədə tarixi həkk edən Şumer mənbələri olduğunu bizə işarət edir. Onların yenidən bütpərəstliyə qayıtmaları da bir qədər sonra yenidən baş verdi. Yəni, Nuhun tufanı barədə Şumer yazılarında keçdiyi iddia olunan məlumatlar təkcə dini məlumat kimi deyil, həm də bəşər tarixinin çox mühüm ikinci həyatının başlanması anlamına gəlir ki, belə mühüm bir tarixi məlumatın Şumer mənbələrində qeyd olunması faktı əgər isbatlanarsa, bu birincisi, Qurandakı həqiqəti inkar edən deyil, əksinə, təsdiqləyən bir məlumatdır. Qurani-Kərim heç bir tarixi mənbədə ətraflı izah olunmayan Nuhun tufanınını xırda detallarına kimi bizə vəsf etmişdir. Qurani-Kərim başqa dini kitablardakı yanlışları, təhrifləri belə düzəldərək bizə bir çox tarixi hadisələr barədə dəqiq məlumatlar vermişdir. Qurani-Kərim hətta, bir çox mövzularda Tövrat və İncildəki (İstər Nuhun tufanı, istər Musa, istər İsa peyğəmbər barədə və  başqa mövzularda) təhrifləri bəyan edir və bizə ilahi kitab olduğunu sübut edir.

Onu da qeyd edək ki, Nuhun tufanı barədə nəinki, qədim dini kitablarda və nəinki, Şumerlərdə, hətta, başqa tarixi mənbələrdə də rast gəlmək mümkündür. Bu isə bir neçə məna verir:

Birincisi: Bəşər tarixi üçün önəmli olan böyük bir hadisənin bir çox mənbələrdə qeyd olunması normal bir haldır. Bu, adətən həmin hadisənin daha mötəbər surətdə təsdiqlənməsi mənasını verir.

İkincisi: Qədim bir hadisənin bir çox mənbələrdə olması, xüsusən də, daha sonrakı mənbələrdən birində daha geniş və daha dəqiq izah olunması, digər mənbələrdəki təhrifləri vurğulaması isə yalnız həmin mənbənin (Quranın) möhtəşəmliyinə və ilahiliyinə dəlalət edir.

Üçüncüsü: Nuhun tufanı barədə Şumer yazılarında məlumat verilməsi təbii bir şeydir. Çünki, tarix daim baş verdikdən sonra yazılır. Hadisə baş verməmişdən öncə tarix yazılmır. Bu bilgilər Qurandakı bilgiləri təsdiqləyir, inkar etmir.

Qayıdaq mövzumuza; Şumerlər kimlərdir? Nə zaman yaşayıblar? Artıq Şumerlilərin dini olan bütpərsətlik və dünyəvi alimlər tərəfindən deyilən onların dünyada olduqları zaman dilimi (b.e.ə 8-ci minillik) barədə də məlumat vermişik.

«Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmıışdır.

Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını “Mesopotamiya dini” kimi adlandırırlar.» (Vikipediya)

Bu dinləri bir araya gətirən amil isə şəkk yoxdur ki, bütpərəstlik amilidir. Şumerlilər bütpərəstliyə inanırdılar. Bəli, onlar müsəlmanlar kimi bir Allaha deyil, onlarla, yüzlərlə tanrıların olduğuna inanırdılar.

Bütpərəst (politeist) bir dini təkAllahlılıq dini ilə müqayisə edib eyniləşdirmək nə məntiqdən, nə də ədalətdən olardı. Lakin, bu gün bunu hüccət və dəlil hesab edənlər çəkinmədən iman ilə şirki, küfrü bir araya cəm etmək istəyir. Tarixdə edilməyən ən gülməli iddianı edərək sanki, demək istəyirlər ki, “bu bir Allahı qəbul edən İslam dini yüzlərlə tanrıları qəbul edən dinlərlə eyni kökə malikdir.” Təbii ki, bu iddia batildir. Çünki, bütün peyğəmbərlərin mübarizəsi bütpərəstliyə qarşı olmuşdur. Qurani-Kərim də bunu ifadə edir: «Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.» (Əraf, 59) Eyni sözləri Hud peyğəmbər (Əraf, 65-də) də deyir. Eyni sözləri Saleh peyğəmbər də deyir (Əraf, 73). Şueyb peyğəmbər də eyni sözləri öz qövmünə demişdir (Əraf, 85) və başqa peyğəmbərlər hamısı təkAllahlığa dəvət etmişlər. Xülasə odur ki, təkAllahlılıq dini ilə bütpərəstlik qətiyyən eyniləşdirilə bilməz. Ona görə də deyirik ki, şumerlərin, babilistan əhlinin və ümumilikdə Mesapatomiyadakı bütpərəst dinləri İslamdan şübhəsiz ki, uzaqdırlar.

Həmçinin, Şumerlərin yazılarında mövcud olan rəmzlərdən biri də üstəgəl işarəsidir ki, bu cür simvollar başqa qədim yazılarda da görülməkdədir. Misir yazılarında da buna bənzər qədim işarələr olmuşdur ki, bu məhz “xaç simvolu” ilə əlaqəli olub olmamasını demək çətindir. Çünki, tarixdə qədim xalqların istifadə etdikləri yazılardan oxşar görünüşlü olub başqa məna verən simvollar da az olmamışdır. Hətta, misal üçün müasir bir misal deyək; bu gün şevrolet markalı maşının markası olan “üstəgəl” işarəsinə bənzər işarəni kimlərsə xaça da bənzədə bilər. Lakin, bu barədə bilgisi olanlar şirkət rəsmilərindən öyrəndikdə onlar bunun xaç deyil, başqa məna üçün istifadə etdiklərini bildiriblər.

Başqa bir versiya isə Şumerlərdə çarmıxa çəkmək adətinin qədim bir cəza adəti olması versiyasıdır ki, çarmıx həmin xaça bənzər bir simvolları da ifadə edilə bilərdi və bunun xristianlarla heç bir əlaqəsi olmaya bilər.  Bu da ehtimal olunur. Lakin, hər bir halda bu heç nəyi dəyişmir və zənn, təxmin olmaqdan o yana keçmir, nə də bir dəlil hesab olunmur. Baxmayaraq ki, Şumerlərin yazılarında xaça bənzər bir işarənin olması biz müsəlmanları maraqlandırmır. Çünki, qədim xalqlarda çarmıxa çəkmək cəzası məşhur bir şey olmuşdur. Bu onlara görə bir başqa mənaya çalan simvol və ya hətta hərif də ola bilərdi.

Həmçinin, şumerlərin dinində mühüm yer tutan məsələlərdən biri də cadugərlik, sehrbazlıq idi. Hətta, Quranda sehrdən bəhs edən ayədə “Babil” sözü keçir və həmin ayə sehri, cadunu pisləyir. Ayənin əvvəli belə başlayır:

«Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular…» (əl-Bəqərə, 102)

Bu da (cadugərlik, sehrbazlıq) bildiyimiz kimi İslam dinində qadağan və haram əməl hesab edilir. Lakin, bu şübhəni gətirənlər bu qədər İslama zidd gələn mövzuları, İslamla uyğun olmayan məsələləri sırf müsəlman övladlarını dinlərində şəkk-şübhəyə salmaq üçün gətirirlər. Hətta, Şumer və Babil dini barədə Azərbaycan dilində olan vikipediyada bu  qədim  sivilizasiyaların  İslam  dini  ilə yersiz əlaqələndirilməsinin dəfələrlə şahidi olduq. Baxmayaraq ki, Şumerlərin təkcə bütpərəstliyə inanmaları bu şübhəni alt-üst etməyə kifayətdir.

Cadugərliyin Babildə yayılması və bunun həmin ölkədə dəstəklənməsi və bu barədə istər Babildə, istər də Şumerlərdə eyni vəziyyətin olması bizə çox mühüm bir ipucu verir. Bu da sehrin, cadugərliyin Suleyman peyğəmbərdən sonra yayılması həqiqətini ortaya qoyur. Çünki, Qurani-Kərim xəbər verir ki, bu Suleymanın səltənətində yayılmışdı. (əl-Bəqərə, 102) Süleyman peyğəmbər isə Nuh peyğəmbərdən çox-çox  sonralar yaşamışdır. Bunun neçə yüz  və ya min il  olması bizə  bəlli olmasa da… Bu bir daha sübut edir ki, Nuhun tufanına bənzər tufan barədə Şumerlərdə olan bilgilər elə onlardan əvvəl baş vermiş tarixi həqiqətləri göstərir. Bu sübut edir ki, Nuh peyğəmbər Şumerlərdən əvvəl yaşayıb.

Yuxarıda qeyd olunan ayəni oxuyan kəs açıq-aydın Quranın cadugərliyi pislədiyinin və sehri qadağan etdiyinin şahidi olur. Lakin, istər bu məlumat, istər də İbrahim peyğəmbərin bütpərəstliyə qarşı mübarizəsi Azərbaycan dilində olan “vikipediyada” təhrif edilərək elə təqdim olunur ki, oxucuya İslamın və tövhidin təbliğatçısı olan peyğəmbərlərin zamanında bütpərəstlik barədə məlumat verilsə də, onların bütpərəstliyə qarşı mübarizəsi barədə məlumat verilmir. Ərəb dilində buna təhrif deyilir. Elə bizim dilimizdə də. Həmin məqalə birbaşa məlumatların qeyri dini cəhətdən izahı və təfsilatlarının verilməməsi ilə oxucuda yalnış təsəvvür oyadır, həmçinin bu, oxucuda “guya səmavi dinlərin qədim mədəniyyətlərin məhsulu olması” təəssüratı yaradır.

Hətta, həmin yazıda guya Şumerlərin bəzi rəqəmləri barədə bilgilər verildiyi zaman, məsələn; 12 rəqəmi barədə danışıldıqda yəhudilikdəki 12 rəqəmi və yəhudilikdən təsirlənən şiələrin 12 imanını qabardaraq 12 rəqəmini İslami bir rəqəm kimi təqdim etmələri də məqalə sahibinin İslamdan xəbəri olmamasını göstərir. Halbuki, bu əlaqələndirmə əvəzinə ilin 12 ayı kimi bir əlaqələndirmə də edilə bilərdi.

Azərbaycan dilində Babil barədə Vikipediyada verilmiş məlumatlar əslində çox hiyləli şəkildə bir məqsədə xidmət edərək yığılmışdır. Elə son cümləsinə kimi bir məqsədə qulluq edən məqalənin sonunda belə deyilir: «Yəni, bu yəhudi mətnlərinin məzmunu Quranla üst-üstə düşür.» Gah İslamı Şumerlərlə, gah Babillə, gah da yəhudi və xristianlarla əlaqələndirmək məqsədi güdən bu məqalə yalnız dindən xəbəri olmayan insanları çaşdıra bilər. Çünki, həmin məqalədə İslam dini yəhudilik və xristanlıqla əlaqələndirilir, lakin, bu dinlər arasında olan böyük fərqlər qeyd olunmur. Şumer və Babil barədə də eyni qəribə metodun şahidi oluruq, onların bütpərəst olmalarına baxmayaraq, yenə, qəribə bir şəkildə oxucuya şüuraltı bilgilər eyni üslubda təqdim edilir. Bunu ona görə deyirik ki, bizə sualı ünvanlayan şəxsin məlumatı aldığı yeri oxuduq və həmin yazının elmi əmanətə zərərli və qərəzli bir yazı olduğunun şahidi olduq. Bütün bunlardan sonra bu qənaətə gəlirik ki, vikipediyadaki Babil və Şumerlərlə əlaqəli bilgilər yenidən işlənməlidir. Bu işi isə dindən anlayışı olan mütəxəssislərin köməyi ilə etmək məsləhət görülür.

Yazdı: Sahib Əsədov.