Əqidə

İslam çatmayıb başqa dində olanın aqibəti nə olacaq? — Bir şübhənin cavabı

Bəzi insanlar sual verirlər ki, elə insanlar var ki, onlara İslam dini barəsində xəbər çatmayıbsa və ya onlar başqa dinlərin üstünlük təşkil etdiyi ölkələrdə yaşadıqları üçün başqa dinləri seçiblərsə, onların aqibəti necə olacaq? Onların da müsəlman olmaq haqları yoxdurmu? Onların da doğru yolu tapmaq və hidayət olunmaq haqları yoxdurmu? Onların kafir olmaqda günahı nədir axı?

 

Bu şübhəyə cavabımız bir neçə aspektdən olacaqdır:

Birincisi: Peyğəmbərimiz bu sualın kökü olan məsələyə aydınlıq gətirmişdir. Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) bir hədisində buyurmuşdur:

«Hər bir doğulan körpə fitrət üzərində doğulur. Sonradan onu valideynləri yəhudi, xristian və ya atəşpərəst edir.» (Buxari, Muslim)

 Bu hədisdə fitrət deyildiyi zaman İslam fitrəti, yəni müsəlman olaraq dünyaya gəlmək nəzərdə tutulur. Yəni, insan yaradılışı etibarilə tək Allaha yönəlmək, Onu yeganə ilah qəbul etmək və bütün batil əqidələrdən uzaqlıq üzərində olur ki, bu insanın daxilində olan təbii hislərdir. Lakin, sonradan valideynləri o körpəni başqa yollara yönəldirlər. Bu o demək deyil ki, valideynlər  insanı başqa yollara yönəltdiyi zaman o uşaqların yenidən həqiqət axtarışları olmur. Bu barədə aşağıda bir neçə nahiyədən təfsilat veriləcəkdir.

İkincisi: Allahu Təala başqa dinləri seçənlərə ixtiyar vermiş və İslamla tanış olmağı asanlaşdırmışdır. Hansı ki, İslamın şöhrəti və İslam barəsində olan xəbərlər onlardan gizli qalmır. İslamın bütün dünyaya yayılması nəticəsində İslamla tanışlıq asanlaşmış və hər il başqa dinlərin mənsublarından yüzlərlə insanlar İslamı haqq dini olaraq seçir və İslama dönürlər. Bu da onu göstərir ki, həqiqəti istəyən, haqqı axtaran və bu axtarışda səmimi olan insanlar onu tapa bilirlər.

Üçüncüsü: Allahın Rəhmətindən və Ədalətindəndir  ki, O, İslam dəvəti çatmayan kəslərə odla əzab verməz. Allah Qiyamət günü uzaq diyarlarda yaşayıb İslamdan xəbəri olmadan fitrət üzərində ölən kimsələrı, Əbu Hüreyrədən gələn hədisə əsasən (Allah onları yenidən diriltdiyi zaman) ciddi bir sınaqdan keçirəcək və onlar üçün bir elçi göndərəcək. Əgər onlar həmin elçiyə tabe olsalar, cənnət əhlindən olacaqlar, yox əgər onlar həmin elçiyə tabe olmasalar, Allah onları cəhənnəmə daxil edəcəkdir.

Fitrət deyildikdə qəsd edilən məna isə insanın anadangəlmə təbii hisslərinin, sağlam emosiyalarının üzərində olması, bir sözlə Allahın yaratdığı kimi saf, təmiz və dəyişilməmiş insanı təfəkkürə malik olmasıdır ki, bu cür dəyişilməmiş fitrətdə olan insanın nəfsi Allahın varlığını qəbul edir və Ona ibadət etməyə meyilli olur.

Dördüncüsü: Allah Elçisi Muhəmməd peyğəmbər ümmətinə xəbər vermişdir ki, Onun peyğəmbərliyi barədə xəbərin çatdığı kimsə onu qəbul etməzsə, o kimsə cəhənnəmə düşəcəkdir. Çünki, Muhəmməd Allahın son peyğəmbərdir. Müslimdə gələn hədisdə Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur:

«Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bu (inanclı) ümmətdən, yəhudi və ya xristian (və ya başqa dindən) olsun, hər kimə mənə göndərilənin xəbəri gəlib çatar və o da ona inanmadan ölərsə, o kimsə cəhənnəm sakinlərindən olar.» (Muslim, 153)

Beşincisi: Bəzi insanların İslam və müsəlman sözlərini düzgün anlamaması onları çox mühüm bir məsələdə yanlışa salır. Bu yalnışlıq onların “Cənnətə ancaq müsəlmanlar girəcək, bəs o birilərinin günahı nədir?” – demələridir. Halbuki bu onların qafil qaldıqları mühüm məsələdir. Onların qəfləti, Muhəmməd peyğəmbərin gəlişinə kimi tək Allahlılıq inancına sahib olan, ilahi şəriətə tabe olan hər bir tövhid (təkAllahlılıq) əhlinin (istər xristian, istər də yəhudi olsun) öz peyğəmbərinin təhrif olunmayan yolu ilə gedən hər kəsin müsəlman (Allaha təslim olan) hesab olunduğunu bilməmələridir. Belə insanlar da (təkAllahlılıq inancına sahib olduqları üçün) son peyğəmbərin gəlişinə kimi təslim olmuşlardan, yəni müsəlmanlardan sayılırdılar.

Qurani-Kərim bu həqiqəti belə açıqlayır: «Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani (xristian) və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.» (əl-Bəqərə, 62).

Bu hal Muhəmməd peyğəmbərin gəlişinə kimi davam etmişdir. Həmin vəsflərdə olan təkAllahlılıq inancının sahibləri də Allaha təslim olan müsəlman hökmünə daxil olurdular. Lakin, Muhəmməd peyğəmbərin gəlişindən sonra onlara bu sonuncu peyğəmbərə inanmaq lazım idi. Məhz bu dövrdən sonra isə həqiqi müsəlmanlar bu peyğəmbərin ümməti sayılır. Həmin dövrdə və ondan sonra da bugünki xristian və yəhudilərə İslam təbliği çatsa da onlar bunu qəbul etmədilər. Hətta, yəhudilər Mədinə şəhərində də var idilər. Bu da o deməkdir ki, yəhudilər İslamdan  xəbərsiz deyildilər. Lakin, az bir qismi istisna olmaqla İslamı qəbul etmədilər. Əksinə, müsəlmanlara xəyanət etdilər.

Eləcə də həmin dövrdə olan xristianlara da İslam barədə məlumatlar çatdıqda onu qəbul etmədilər. Bundan sonrakı dövrlərdə isə xristianlar nəinki İslamı qəbul etdilər, əksinə, İslama və müsəlmanlara qarşı dəfələrlə xaç yürüşləri etdilər. Bu isə o deməkdir ki, bu gün dünyanın sayca ən çox mənsubu olan bir dinin nümayəndələri heç də ateistlərin dediyi kimi İslamdan xəbərsiz deyillər. Yəhudilər və bir çox dinin mənsubları da onlar kimi İslamdan və İslam Peyğəmbərinin dəvətindən xəbərsiz deyillər.

Altıncısı: Əgər sual verilsə ki, nəyə görə yer üzünün əksəriyyəti müsəlman deyil? Cavabında deyərik ki, çünki, onlar küfrü İslamdan üstün tutmuşlar. Avropada İslam düşmənçiliyini yayan xristianlar, Arakanda müsəlmanları qətl edən bütpərəstlər, Azərbaycanda xocalı soyqırımını edən ermənilər və s. məhz küfrü İslamdan bilə-bilə üstün tutmuşlar.

Biz İslam dəvəti çatmayanların üzürlü olduğunu bəyan etdik. Lakin, bəs görəsən öz ölkələrində İslam haqqında oxuyanlar, İslamın haqq səsini eşidərək İslamla tanış olanlar, öz vətəndaşlarından minlərlə insanın ata-baba dinlərini tərk edib müsəlman olmalarının şahidi olanlar, Quran ayələrini eşidib peyğəmbərin sadiqliyinin və Quranın doğru olmasının və Quranın möcüzəvi dəlillərindən agah olanlar, İslam düşmənlərinin şübhələrini darmadağın edən elmi dialoqlara şahidi olan, bununla da İslamı bir din kimi qəbul etməyənlər haqqında bəs nə deyək?! Əksinə, bu cür  milyonlarla sayda insan müsəlman olmağı bilərəkdən özlərinə yaraşdırmamış, öz düzəltdikləri xaça ibadət, yonduqları bütə sitayiş, saxladıqları inəyə ibadət, yaxud başqa dinlərə itaət etməyi seçmişlər.

İslamın haqq olmasının dəlilləri açıq-aydındır. Sağlam fitrət və sağlam ağıl da İslamın haqq olmasına dəlalət edir. Sağlam fitrət tək Allaha ibadətdən başqa ibadətlərin yanlış olmasına dəlalət etsə də insanların çoxu bundan üz döndərir. Allah İslamı göndərməklə insanlara haqqı bəyan etsə də, o insanlar bilə-bilə küfr yolunu seçmişlər.

Yeddincisi: Atalarının üzərində olduğu küfrü təqlid edən və bu küfr yol üzərində ölənlərə gəldikdə isə İslam alimlərindən  ibnul-Qeyyim bu barədə belə demişdir:

«Haqqı bilməyə və öyrənməyə imkanı çatan, lakin, bunu etməyən kimsə ilə, haqqı bilməyə və öyrənməyə imkanı olmayan təqlidçilərin arasında fərq qoyulmalıdır.

Bu iki qism insanın biri (haqqı öyrənməyə) imkanı çatıb üz döndərən, özünə vacib olana qarşı laqeyd yanaşandır. Öyrənməkdən və bilməkdən aciz qalan kimsəyə gəldikdə isə, hansı ki, öyrənməyə imkanı çatmır, onlar da iki qismdirlər:

Birincisi; Doğru yolda olmaq istəyib xeyirdən təsirlənən, xeyiri sevən, lakin, (İslama, bu xeyirə) onu yönləndirən olmadığı üçün buna əli çatmayan, nə də bunu tələb edə bilməyən kimsə ki, belə bir kəsin halı fətrət əhlinin və (İslami) dəvətin çatmadığı kimsənin halı kimidir. (Red. yəni, üzürlüdür, onların da digər üzürlü kimsələrin imtahanından nəsibi vardır)

İkincisi: (Haqdan) üz döndərən, (haqqı) istəməyən, özü üçün (küfrdən) başqa yolu doğru görməyən kimsədir. Elə isə, birincisi deyir: Ey Rəbbim, əgər mən öz üzərində olduğum dindən daha xeyirlisini olduğunu bilsəydim həmin dini seçərdim. İkincisi isə öz halından razıdır, ona başqası təsir edə bilmir, nə də özünə küfrdən başqa yol axtarmır, belə birinin acizliyi və ya imkanı çatması arasında bir fərq qoyulmur. Baxmayaraq ki, birinci misaldakı şəxs də, bu da hər ikisi acizdirlər. Birincinin halı isə fətrət dövründə (doğru olan) dini axtarıb tapa bilməyən kəsin halı kimidir ki, o bütün səylərini göstərdikdən sonra acizlik və bilməməzlik halında qalır. İkincinin halı isə haqqı axtarmayab şirk üzərində ölənin halı kimidir.»

(İbnul-Qeyyim, Tariqul-Hicrateyn, səh 678)

Elə isə bu məsələnin necə dəqiq olduğunu, Allahın necə Rəhmli və Ədalətli olması barəsində gəlin düşünək. Allah Qiyamət günü öz qullarına zülm etməz, onlara Rəhmli və ədalətli davranar. O həqiqətən də hər şeyə Qadirdir.

 Səkkizincisi: İndi isə gəlin bu şübhənin batil olduğunu göstərən bəzi Quran ayələrini oxuyaq:

 «Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.» (Tövbə, 115)

 «Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.» (Nisa, 165)

Lakin, təəssüflər olsun ki, insanların bəhanələri bitmək-tükənmək bilmir.

 «Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər. (Anam, 130)

Xülasə odur ki, Muhəmməd peyğəmbərə qədər hər bir qövmə peyğəmbər göndərilirdi. Muhəmməd peyğəmbərin gəlişindən sonra isə İslam bütün dünyaya yayıldı və İslam bütün şəriətləri tamamladı. Müasir dünyada İslamın daxil olmadığı, İslam dəvətinin çatmadığı ölkələr barmaqla sayıla bilər. Onlara da məqalədə izah olunduğu kimi Allahın ədalətli hökmü təcəlli edəcək və onlara zülm olunmayacaqdır!

 

Yazdı: Sahib Əsədov