Məqalələr

İnsanların sirrini açmaq

Qardaşının sirrini açmaq xəyanətdəndir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanların biri-birinə kin bəsləməsinə, qardaşlıqlarının pozulmasına, onlar arasında fitnənin yaranmasına gətirib çıxaran ən böyük amillərdən biri də müsəlman qardaşının verdiyi sirrin insanlar arasında yayılmasıdır. Sirri açmaq xəyanət olmaqla yanaşı, müsəlmana əziyyət verdiyi üçün də haramdır. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir kişi səninlə söhbət edib sonra dönüb (gedərsə), o, sənə əmanətdir” (Sunənu Əbi Davud 4868, Sunən ət-Tirmizi 1959).

İbn Allən (Allah ona rəhmət eləsin) demişdir: “Hədisin mənası odur ki, onun danışdığı sözlər əmanətdir. Üzünü çevirdikdə belə onun əmanətini itirmək olmazsa, bəs o olmadıqda necə?!”
Məhz buna görə Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Qardaşının sirrini açmaq da xəyanətdəndir».

Hukeym ibn Səd (Allah ona rəhmət eləsin) rəvayət edir ki, mən Əlinin (Allah ondan razı olsun) belə dediyini eşitdim: “Dedi-qodu yayan və sirr açan olmayın. Yoxsa başınıza şiddətli, məyusedici bir bəla gələr və uzun sürən, böyük bir fitnəyə məruz qalarsınız”. Amr ibn əl-As (Allah ondan razı olsun) dedi: “Mən o adama təəccüb edirəm ki, qədər ona yetişdiyi halda, o, qədərdən qaçır. Qardaşının gözündə çöp görür, öz gözündəki kötüyü isə unudur. Qardaşının ürəyində olan nifrəti çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur. Elə adam yoxdur ki, mən ona sirr verim, sonra da sirri yaydığına görə onu qınayım. Mən onu necə qınaya bilərəm ki, özlüyümdə öz sirrimi qorumağa aciz qalıb sıxılıb ona danışmışam”.

Qəlbindəki sirri örtmək istəsən,
Öz qəlbinlə gərək döyüşəsən sən.

Bu əməl haram olması ilə yanaşı, həm də həmin insanı gözdən salır. Məhz ona görə müsəlman danışmazdan əvvəl fikirləşməli, danışdığı sözün halal və ya haram olmasını düşünməli və qardaşının qəlbini qıracaq sözlər işlətməməlidir.

Allahdan qorxan insan müsəlman qardaşının sirrini, xüsusən də, eyiblərini açmaz. İnsanların eyiblərini açan şəxsin də Uca Allah eyiblərini açar. Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Dili ilə iman gətirib qəlblərinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin, onların eyiblərini axtarmayın. Kim müsəlmanların eyiblərini axtararsa, Allah onun eyiblərini evdə gizlətsə belə, üzə çıxarar.” (Sunənu Əbi Davud, 4882).

Hədisdən göründüyü kimi, bu xüsusiyyət münafiqlərin əlamətlərindəndir. İmam Malik (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Elə insanlara rast gəldik ki, onların gizlində eyibləri qalmamışdı. Onlar insanların eyiblərini danışırdılar, sonra isə insanlar onların eyiblərini danışmağa başladılar. Həmçinin elə insanlara rast gəldik ki, onların da eyibləri var idi, lakin insanların eyiblərini danışmadıqları üçün insanlar da onların eyiblərini unutdular”.

Allahdan qorxan şəxs müsəlmanların eyiblərini açan məclislərə rast gəldikdə orada olanları bu əməldən çəkindirməlidir, əgər oradakı insanlar onu eşitməyərək bu əməllərini tərk etməzsə, belə olan halda özü oradan uzaqlaşmalıdır.

Yaxşı adamlarla sən ol həmsöhbət,
Yaxşıdan yaxşılıq görərsən fəqət.
Çəməndə oturan gül ətri verər,
Nadanla otursan zərəri dəyər.

Qəlbində Allah qorxusu gəzdirənin, belə insanlarla bir yerdə olması caiz deyildir.
Uca Allah buyurur: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər” . (əl-Qasas surəsi, 55)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Ramil Soltanov