Əxlaq Seçilmişlər

İnsanların eyiblərini açmaq

Məgər başqaların eyibləri ilə məşğul olan insan bilmir mi ki, “Cəza əməlin növündəndir”?!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanların eyibləri ilə məşğul olmaq pis və qınanılan bir əməldir və bu əməl insanı öz nəfsinə baxmaqdan və ona əhəmiyyət verməkdən kənar qoymuşdur, necə ki demişlər: «Kim insanların eyiblərinə baxarsa, öz nəfsi üçün kor olar.» (Beyhəqinin Zuhd ktabı, 1/195).

Həmçinin başqası deyib ki: “İnsanların eyiblərinə vaxt ayıranın öz nəfsini unutduğunu hesab edirəm, əgər öz nəfsinə əhəmiyyət versəydi heç kəsin ayıblarına ayırmağa vaxtı olmazdı.” (Feydul-Qadir 4/371).

Eləcədə, kim ki, müsəlmanların sirlərinə qulaq asmağa, başqalarının yanında eyiblərin yaymağa, namuslarına tənə etməyə həvəslidirsə artıq onun nəfsinin pislikləri ona əmr edir, qardaşlarına qarşı həsədi nifrəti onu kor etmişdir və öz nəfsini ona unutmuşdur.

Buna görə də Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bundan çəkindikmişdir.

İbnu Ömərdən (Allah hər ikisindən razı olsun) gələn rəvayətdə, Rasulullah (Allahın ona salavat və salamı olsun) minbərə çıxıb uca səslə belə dedi: «Ey dili ilə islama girən qəlblərinə iman girməyənlər! Müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin, eyiblərin axtarmayın çünki kim insanların eyiblərini üzə çıxararsa evinin içində olsa belə Allah onun eyiblərin üzə çıxarar.» (Tirmizi 2032, Albani hədisi səhihləşdirib).

Məgər insan özü dərk etmirmi ki, başqalarının eyibləri ilə məşğul olmaq onu öz nəfsinin eyiblərini və pisliklərini bilməkdən məhrum edəcək?! O öz nəfsinə əhəmiyyət verməyib, eyiblərini islah etməzsə, onun eyiblərini də başqaları üzə çıxaracağını bilmirmi?!

Buna görə də insan öz nəfsi ilə məşğul olmalıdır, çünki insanların eyiblərini açsa, onları həlak etmiş olar.
Əbu Hureyradan (Allah ondan razı olsun) gələn rəvayətdə, Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurub: «Əgər biri, “İnsanlar həlak olub” deyərsə, o özü insanları həlak etmişdir.» (Muslim 2623).

Çünki, hər bir insan günahkardır və hər kəsin günahı var və əgər o hər günah edənin eyibini açsa insan öz günahını unudacaq və özünə ucb (özünü bəyənmək) xəstəliyi gələcək. O, insanların həlak olduğunu iddia edib onları ifşa edəcək və nəhayət özü, insanları həlak etmiş olacaq.

Muaviyədən (Allah ondan razı olsun) gələn hədisdə, Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurub: «Həqiqətən əgər sən insanların eyiblərini araşdıracaqsansa, onları korlayacaqsan.» (Əbu Davud 4880, Əbu Yəalə 13/382).

İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurur: “Kim öz nəfsini tanıyarsa, insanların eyiblərini tərk edər və öz nəfsini islah etməklə məşğul olar.” (Fəvaid, səh. 57).

Məgər başqaların eyibləri ilə məşğul olan insan bilmir mi ki, “Cəza əməlin növündəndir”?! Və kim bir pislik edərsə onun cəzasını görəcəkdir?! Bilmirmi ki müsəlman qardaşının eyiblərini üzə çıxarmağa səy göstərərsə, Allah onun eyiblərini üzə çıxarar və kim bir qardaşının eyiblərini örtərsə Allah onun eyiblərini dünya və axirətdə örtər?!

İbni Abbasdan (Allah onların ikisindən də razı olsun) gələn hədisdə, Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Kim müsəlman qardaşının eyibini örtərsə (gizlədərsə), Allah qiyamət günü onun eyiblərini gizlədər. Kim də onun eyiblərini açarsa, Allah onu evində gizlənsə belə ifşa edər.» (İbn Məcə, 2546. Albani hədisi səhihləşdirib).

İbnul Cəuzi (Allah ona rəhmət etsin) buyurur: “Kim şəriəti lazım olan şəkildə öyrənərsə, Peyğəmbərini tanıyarsa, Səhabələrin və böyük alimlərin halın bilərsə görər ki, insanlar adəti üzrə gedirər şəriətnən yox. Bir-birini ziyarət edib insanların qeybətini edirlər, hər kəs müsəlman qardaşının eyibləri haqqında soruşur, əgər birində nemət varsa həsəd aparar, müsibət baş veribsə söyər pisləyər, təkəbbürlü-təkəbbürlü ona nəsihət edər, dünya malından ondan nəsə götürmək üçün ona hiylə işlədər və imkanı olsa öz xətalarınıda onun üzərinə yıxar.» (Saydul Xatır, 96).

Bu yerdə İbni Abbasdan (Allah onların ikisindən də razı olsun) gələn hədisdə, Rasuluallah (Allahın ona salavat və salamı olsun) gözəl buyurub: «Kim bir qövmün danışığına onlar istəmədiyi halda qulaq asarsa, qiyamət günü qulağına qurğuşun töküləcəkdir.» (Buxari 7042).

İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurub: «Xoş o insanın halına ki, öz eyibləri ilə məşğuldur və başqalarının eyiblərinə vaxt ayırmır. Vay o insanın halına ki, öz eyibini unudub başqalarının eyiblərinə vaxt ayırır. Birincisi xoşbəxtliyin, ikincisi isə bədbəxtliyin əlamətidir.» (Tariqul Hicrateyn, 271).

İbnu Abbas (Allah onların ikisindən də razı olsun) buyurur ki: «Dostunun eyiblərin yadına salmaq istəyirsənsə, öz günahlarını yadına sal.» (Ədəbul Mufrad, 328).

Uca səslə nəsihət etmək və ya insanların yanında nəsihət etmək də əgər tutarlı bir səbəb yoxdursa qardaşının eyibini açmaq, onu ifşa etmək sayılır, nəsihət yox.

İmam Şafii (Allah ona rəhmət etsin) buyurur: «Kim bir qardaşına gizlində nəsihət edərsə, bu — nəsihət və bər-bəzəkdir. Kim də açıqda nəsihət edərsə, bu — ifşa etmək və xəyanətdir.» (Hilyətul Əuliyə, 9/140).

Buna görə də müsəlman gərək bu çirkin xislətdən uzaq dursun, özünə fayda verən işlərlə məşğul olsun, özünü və insanları həlaka aparmasın, onların islahına çalışsın və onları hidayətə çağırsın. Çünki bu, ən böyük xeyirli əməllərdəndir.

Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Allaha and olsun ki, sizdən birinizin əli ilə Allahın bir kəsi hidayətə yönəltməsi, qırmızı dəvədən (o vaxtın ən bahalı miniyi) daha xeyirlidir.» (Buxari 3701, Muslim 2406)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, İlqar Eyvazoğlu