Müxtəlif

İnsanlara hüccət çatdırmaq

Dəvətin hədəfləri və məqsədləri

İnsanlara hüccət çatdırmaq dəvətin hədəfləri və məqsədlərindəndir. Bu ona görədir ki, insanların Allaha qarşı bir bəhanəsi olmasın.

Allahu Təala buyurur:

رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

«Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.» (ən-Nisə surəsi, 165).

Allahu Subhənəhu həmçinin buyurur:

وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ

“Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” (Taha surəsi, 134).

Sonra Pak və Nöksansız Allah bildirir ki, O, Elçi göndərməmiş heç kəsə əzab vermir:

مَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا

“Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz Elçi göndərməmiş heç kəsə əzab vermirdik.” (əl-İsra surəsi, 15).
Sonra haqqı inkar edənlərdən soruşulacaq:
Allahu Təala buyurur:

تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

“Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” (əl-Mülk surəsi, 8).

Onlar isə peşmançılıq çəkərək günahlarını etiraf edəcəklər:

قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ

“Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.” (əl-Mülk surəsi, 9).

Ona görə Allahu Subhənəhu Öz Elçilərinə və qullarına Özünə (Allaha) dəvət etməyi əmr etmiş və həmçinin bildirmişdir ki, Onları bununla; Allahın risaləsini necə təbliğ ediblər, (zay ediblər yoxsa doğruldublar?)- deyə haqq hesab edəcəkdir.
Israil övladları o zaman ki, Allahın əmrlərindən üz çevirib şəriətini zay etdilər, Allah da onları lənətlədi və onlara Öz əzabını göndərdi.
Allahu Təala onlar (İsrail oğulları) barəsində deyir:

لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ

«İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.»

كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ

«Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir.» (əl-Maidə surəsi, 78-79).

Allahu Subhənəhu Təala həmçinin belə deyir:

وَإِذْ قَالَتْ أُمَّةٌ مِنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا ۖ قَالُوا مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!” (əl-Əraf surəsi, 164).
Beləcə; İmanı və Tövhidi -Peyğəmbərlərin etdiyi kimi gözəl şəkildə; Dəvətin üslubları və vasitələri ilə öyrətmək və ya izah etməklə insanlara hüccət qalxır.

Məqalədən öyrəndiyimiz faydalı məlumatlar:
1) Bütün ümmətlərə Peyğəmbərlərin göndərilmə səbəbləri — (ən-Nisə surəsi, 165).

2) Yaxşılığı əmr edib pislikdən çəkindirmək çox əhəmiyyətli işdir — (əl-Maidə surəsi, 78-79).
3) Yaxşılığı əmr edib pislikdən çəkindirdikdə gözəl üslubla, öyüd-nəsihətlə etmək — (əl-Əraf surəsi, 164).
Sonda: Allah bizi yaratmış, ruziləndirmiş və bizi nəzarətsiz buraxmamışdır. Əksinə bizə Elçi göndərmişdir. Kim ona tabe olarsa, cənnətə, kim də asi olarsa, cəhənnəmə daxil olar.
Allahu Subhənəhu buyurur:

إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا

“Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.”

فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا

“Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.” (əl-Müzəmmil surəsi, 15-16).

 

Toplayan və tərcümə edən:

Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin tələbəsi

Elvin Mövlayev