Hədislər toplusu

İnsanın yaradılışı və aqibəti

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Abdulla ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, doğru danışan və doğruluğu təsdiqlənən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə danışdı ki: “Sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən qırx gün nütfə halında, sonra o vaxt qədər laxta qan halında, sonra həmin vaxt qədər dişlənilmiş ət parçası halında olur. Daha sonra ona ruh üfürəcək bir mələk göndərilir. Mələyə dörd kəlmə əmr verilir: “(İnsanın) ruzisini, əcəlini, əməlini, bədbəxt yoxsa xoşbəxt olacağını yazmaq.” Özündən başqa (haqq) ilah olmayan Allaha and olsun, sizlərdən biri Cənnət əhlinin əməlini edər. Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək ora daxil olar. Həmçinin sizlərdən biri də Cəhənnəm əhlinin əməlini edər. Nəhayət onunla Cəhənnəm arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək ora daxil olar.”  (əl-Buxari və Müslim rəvayət etmişlər. əl-Buxari: “Vəhyin başlanması” kitabı, “Mələklərin zikri” bölümü, № 3208; Müslim: “Qədər” kitabı, “İnsanın necə yaradılması” bölümü, № 2643.)

 Şərh

“doğru danışan və doğruluğu təsdiqlənən” – sözləri peyğəmbər kəlməsini möhkəmləndirir. Çünki kim Onun peyğəmbər olmasını qəbul edərsə, Onun doğru danışan və doğruluğu təsdiqlənən olmasını da təsdiqləyər.

“doğru danışan”  yəni, xəbərlərində doğru danışan. “doğruluğu təsdiqlənən”  yəni, xəbərləri doğru olan.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəsfi tamlıqla belədir. O, verdiyi xəbərlərində doğrudur. Həmçinin ona verilən vəhy də doğrudur.

İbn Məsudun bu ifadəni işlətməsinə səbəb, onun gizli qalan qeyb (ana bətnində uşağın inkişafı) məsələsindən danışması idi. Çünki həmin vaxt nə olacağını bilmək üçün tibb hələ inkişaf etməmişdi.

Hədisdə tibb elmindən də yüksək məsələlərdən bəhs edilir. Bu ruzinin, əcəlin, əməlin, xoşbəxt yoxsa bədbəxt olmanın yazılmasıdır. Buna görə də Abdulla ibn Məsud öz düşüncəsi əsasında hədisi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dediklərini gücləndirəcək bir ifadə ilə nəql etmişdir.

“Sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən”  yəni, kişi öz zövcəsi ilə yaxınlıq edərkən bölünmüş su yığılır. Lakin hədisdə yığılmanın necə olması bildirilmir. Bəziləri deyirlər ki, insanın formalaşması ilə bağlı bəzi məsələlər artıq tibbə məlumdur. Allah daha yaxşı bilir.

“qırx gün nütfə halında”  yəni, bir qətrə mənidən.

“sonra o vaxt qədər laxta qan halında”  O, nütfədən dərhal laxta qana çevrilir?

Cavab, xeyr. O, tədricən əmələ gəlir. Tünd qırmızı olana qədər qırmızılaşaraq laxta qan parçasına çevrilir.

“Ələq” (sözü ərəb dilində) həm laxta qan parçasına, həm də gölməçələrdə yaşayan zəliyə deyilir.

“sonra həmin vaxt qədər dişlənilmiş ət parçası halında”  yəni, qırx gün. “Mudğa” sözü (ərəb dilində) insanın dişləyə biləcəyi qədər ət parçasına deyilir.

Bu ət parçası da tədricən formalaşır. Allah təalə bu səbəbdən buyurur: “Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək.” (əl-Həcc, 5). Bunlar bütünlükdə yüz iyirmi gün, yəni dörd ay edir.

“Daha sonra ona bir mələk göndərilir.”  Göndərən aləmlərin Rəbbi olan Allah təalədir. O, mələklərdən birini ana bətnindəki uşağın yanına göndərir. Mələk sözü ümumi formada işləndiyi üçün burada xüsusi bir mələk qəsd edilmir.

“ona ruh üfürəcək”  Ruh vasitəsilə insan bədəni dirilir. Üfürmənin necəliyini Allah daha yaxşı bilir. Ana bətnindəki uşağa ruh üfürülür və bədən onu qəbul edir.

Peyğəmbərə ruh barədə sual verildikdə, Allah təalə ona əmr etdi ki, desin: (Ey Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra, 85). Bu bir növ qınaqdır. Yəni, hər şeyi bildiniz, bircə ruh barədə elminiz qaldı? İndi də onun haqqında soruşursunuz. Buna görə də quş dənizdən su içdikdə Xıdır u Musayau dedi: “Mənim və sənin elmin Allahın elmindən bu quşun dimdiyindəki ilə dənizdən azaltdığı qədər azaltdı.” (əl-Buxari: “Təfsir” kitabı, № 4721.) Yəni, heç nə azaltmadı.

“Mələyə dörd kəlmə əmr verilir” Mələyə əmr verən Allah təalədir.

“(İnsanın) ruzisini, əcəlini, əməlini, bədbəxt yoxsa xoşbəxt olacağını yazmaq.”

“ruzisini” – burada ruzi dedikdə, insanın istifadə etdikləri nəzərdə tutulur ki, onlar iki növdür: Bədənin və dinin tələbatı olan ruzi.

Bədənin tələbatı sayılan ruzi: yemək, içmək, geyinmək, yaşayış yeri, minik və buna oxşar olanlardır.

Dinin tələbatı sayılan ruzi isə: elm və imandır.

Hədisdə hər iki növ nəzərdə tutulubdur.

“əcəlini”  yəni, dünyada qalacağı müddəti. İnsanlar əcəl baxımından bir-birindən fərqlənirlər. Onlardan bir qismi anadan olduğu zaman vəfat edir. Ümmətin bəzi fərdləri isə yüz ilə qədər yaşayırlar. Bizdən öncəki ümmətlərdə insanlar bundan da çox yaşayırdılar. Nuh öz qövmü arasında doqquz yüz əlli il qalmışdır.

Həyatın uzun və ya qısa olması insanın əlində deyil. Bu, bədənin sağlam və ya güclü olmasından da asılı deyil. Çünki bəzən ölüm insanı güclü olduğu bir vaxtda müəyyən bir hadisə nəticəsində haqlayır. Əcəllərin nə vaxt yetişməsi Allaha məxsusdur.

Əcəl bir an belə tez və ya gec gəlməz. Əcəl tamamlandıqda insanın həyatı sona çatar.

Bir məsələ də var. Əcəl varisə ötürülə bilərmi?

Cavab: Əcəl varisə keçə bilməz. Çünki çox gənclər, uzunömürlülər yaşayan qəbilələrdən olmalarına baxmayaraq erkən vəfat etmiş, azömürlü sayılan qəbilənin gəncləri isə uzun müddət yaşamışlar.

“əməlini”  yəni, onun sözdə, hərəkətlərdə və qəlbdə olan əməlləri yazılmışdır.

“bədbəxt yoxsa xoşbəxt olacağını”  bu sondur. Xoşbəxt fərəh və sevinc içində olan bədbəxt isə onun əksidir. Allah təalə buyurur: “…(O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir. Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi – göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi – göylər və yer durduqca qalacaqlar. (Bu) tükənməz bir nemətdir.” (Hud, 105-108). Son ya bədbəxt ya da xoşbəxt olmaqdır. Nöqsansız Allahdan bizi xoşbəxt olanlardan etməsini diləyirəm.

“Özündən başqa (haqq) ilah olmayan Allaha and olsun ki,”  Bu cümlənin (hədis terminologiyasında) “mudrac”, yəni, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) deyil, İbn Məsudat məxsus olduğunu demişlər.

Hədis alimləri rəvayətin hər hansı bir cümləsinin əsas mətnə qarışmış olub-olmadığında ixtilaf edərlərsə, (sübut tapılmayana qədər) həmin hissə mətndən sayılacaq. Çünki cümlənin qarışıq olduğu yalnız dəlillə təsdiqlənə bilər.

Buna görə də düzgün sayılan rəy, onun Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) kəlamı olmasıdır.

“Özündən başqa (haqq) ilah olmayan Allaha and olsun ki,” Bu, tövhidlə gücləndirilmiş and içmədir. “Allaha and olsun ki,” and içmə, “Özündən başqa (haqq) ilah olmayan” isə, tövhidlə gücləndirmədir. Allahdan başqa ibadət edilən ilahlar olsa da onlar haqq ilah deyillər. Necə ki, Allah təalə buyurur:“Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək ilahları (tanrıları) vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir deyillər…” (əl-Ənbiya, 43). Başqa ayədə buyurur: “Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir.”(Loğman, 30).

“Sizlərdən biri Cənnət əhlinin əməlini edər. Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda…” Yəni, onun əcəli tam yaxınlaşdıqda. “Hətta onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda…” cümləsi, əməl mərtəbəsi mənasını daşımır. Çünki onun əməli saleh deyildi. Necə ki, hədisdə varid olub: “Sizlərdən biri insanların gördüklərinə əsasən Cənnət əhlinin əməlini edər, amma o, Cəhənnəm əhlindəndir.” (Bu rəvayəti bilməyən) bəzi insanlar hədisi ziddiyyətli sayaraq deyirlər: «Necə ola bilər ki, o, Cənnət əhlinin əməlini etsin. Hətta onunla Cənnət arasında bir dirsək qədər məsafə qalsın. Sonra da Kitab onu qabaqlasın və o, Cəhənnəm əhlinin əməlinin edərək oraya daxil olsun.»

Deyirik ki, o, insanların gözündə Cənnət əhlinin əməlini etmişdir. O, nə irəli keçmişdi, nə də ötmüşdü. “Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda…” yəni, əcəli yaxınlaşmışdı, ölməsinə az qalmışdı. “…kitab onu qabaqlayır və o, Cəhənnəm əhlinin əməlini edərək…” yəni, əvvəl etdiyi əməli tərk edir. Buna səbəb isə qəlbində hiylənin olması idi. (Allaha sığınırıq.) O, üzü üstə Həviyəyə (Cəhənnəmin adlarından biridir.) atılacaqdır.

Mən bunu, kimsə Allah barəsində pis zənnə düşməsin deyə söyləyirəm. Allaha and olsun ki, Ona sədaqət və səmimiyyətlə (ixlasla) üz tutan və Cənnət əhlinin əməlini edən heç bir şəxsi Allah əbədiyyən zəlil etməz.

Allah təalə Ona ibadət edənə qarşı səxavətlidir. Lakin qəlbin sınağa çəkilməsi zəruridir.

Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) döyüşlərdən birində iştirak edən kişi haqqındakı hekayəni yada salın. Həmin kişi düşmənin göz açmasına imkan vermirdi. O, (igidliyi ilə) insanlara xoş təsir bağışladı. Onlar dedilər: “Bu adam döyüşün savabını qazandı.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə buyurdu: “O, Cəhənnəm əhlindəndir.” Əshabələr buna çox təəccübləndilər. Necə ola bilərdi ki, belə bir adam Cəhənnəm əhli olsun. (Əshabələrdən) biri dedi: “Mən onun yanından ayrılmayacağam.” O belə də etdi. Həmin bu şücaətli və öndə olan kişi düşmənin atdığı oxla yaralandı. O, məyus halda qılıncını çıxararaq (Allaha sığınırıq) ucunu sinəsinə dəstəyini isə yerə dayadı. Sonra üstünə yıxıldı. Qılınc onun kürəyindən çıxdı. O, özünə qəsd etdi. Yanındakı adam olanları xəbər vermək üçün Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələrək dedi: “Mən şəhadət edirəm ki, sən Allahın Elçisisən.” Peyğəmbər buyurdu: “Nə olub?” O dedi: “Cəhənnəm əhli olduğunu dediyin həmin kişi belə etdi (o, hadisəni danışdı).» Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Sizlərdən biri insanların gördüklərinə əsasən Cənnət əhlinin əməlini edər, amma o, Cəhənnəm əhlindəndir.” (əl-Buxari: “ər-Riqaq” kitabı, “Əməllər sonluğa görədir.” bölümü, № 6128.)

Ənsarların bəni əl-Əşhəl qəbiləsindən olan əl-Asyarimi yada salın. O, İslama qarşı çıxaraq ona düşmən kəsilmişdi. İnsanlar Uhud döyüşünə gedərkən Allah onun qəlbinə iman verdi. O, iman gətirərək döyüşə getdi və şəhid olaraq öldürüldü. İnsanlar döyüşdən sonra öz meyitlərini götürərkən onu (yaralı halda) görüb soruşdular: «Səni bura öz qövmünə bağlılığın, yoxsa İslama sevgin gətirib?» O dedi: “İslama sevgim.” Sonra onlardan xahiş etdi ki, Peyğəmbərə ronun salamını çatdırsınlar. Bu onun sonluğu idi. O, əvvəllər İslama qarşı çıxsa da sonda şəhid olaraq öldürüldü.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin