Əxlaq İslamda ədəb qaydaları Məqalələr

İnsanın öz nəfsinə dəvət etməsi nə deməkdir?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahu təala buyurmuşdur: «Qoy sizdən xeyirə dəvət edən bir camaat olsun.» (Əli İmran 104)

Alləmə Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) demişdir:

 Bu ayənin faydalarından: «(xeyirə dəvət edən bir camaat) Çünki, bəzi insanlar xeyirə, bəziləri isə öz nəfsinə dəvət edir. Bu ayədə diqqətləri ixlasa yönəltmək vardır. Nəfsə dəvət etməyin əlaməti isə: O insan xəta üzərində olsa belə insanların ona müxalif olmalarını istəmir. Bunun əlamətlərindəndir ki, o, başqa birinin (onun gördüyü xeyir işə cəlb olunmasını) bir xeyirə qarışmasını, yəni xeyirə dəvət etməsini istəmir. Heç bir şəkk yoxdur ki, bu cür insan başqasını öz nəfsinə dəvət edən bir kimsədir. Beləcə, o istəyir ki, insanların içində meydanda yalnız özü kefi istədiyi kimi hərəkət etsin. Bu da həmçinin, insanların üzünü özünə yönəltmək üçün öz nəfsinə dəvət edən kimsədir. Allahdan bizi bundan (bu sifətdən) qorumasını istəyirik! Amma, əgər bir insan başqasını xeyirə dəvətdən məhrum etmək və insanların üzünü özünə yönəltmək istəyi olmadan əcr qazanmaq niyyətilə xeyirə dəvət edərsə, onda bir zərəri olmaz.» (Əli İmran surəsinin təfsiri — 2-ci cild, səh. 10-11)

Mucəddid alim Muhəmməd ibn Əbdul-Vəhhab (Allah ona rəhmət etsin) «Tövhid» kitabında «Lə İləhə illəllah şəhadətinə dəvət» babında belə demişdir: «Burada bəzi məsələlər vardır: İkincisi; İxlasa diqqət yetirmək; Çünki, insanların çoxu haqqa dəvət (etdiyini sansa da) etsə də, əslində öz nəfsinə dəvət edir.»

Alləmə ibn Useymin (Allah ona rəhmət etsin) bunu şərh edərək deyir: «İkincisi: “Allaha (tərəf) dəvət edirəm” sözündən ixlasa diqqətlərin yönəldilməsi götürülür. Buna görə də (müəllif) belə demişdir: Çünki, insanların çoxu haqqa dəvət (etdiyini sansa da) etsə də, əslində öz nəfsinə dəvət edir. «Allaha dəvət edən o kimsədir ki, o yalnız Allahın dininin yüksəlməsini istəyir. Nəfsinə dəvət edən isə öz sözünün haqq və ya batil olmasından asılı olmayaraq qəbul olunmasını istəyir.» (Qovlul Mufiyd alə kitəbit-Təuhid, 1/139)

Alləmə Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) demişdir ki: «Məlumdur ki, mömin insan haqqa dəvətinin qəbul olnmadığı zaman kədərlənir. Lakin insanların haqqı qəbul etmədikləri zaman kədərlənən iki növdür:

1-ci, bu növ kədər ki, o özü qəbul olunmayıb deyə kədərlənir.
2-ci, digər növ isə, o haqqın qəbul olunmadığı üçün kədərlənir

Bunlardan ikincisi isə mədh olunmuş bir əməldir. Çünki, birincisi dəvət etdikdə yalnız öz nəfsinə dəvət etmiş olur. İkincisi isə dəvət etdikdə Allaha dəvət etmiş olur. Buna görə də Allahu təala buyurmuşdur: «Öz Rəbbinin yoluna dəvət et» (Əli İmran). Lakin, əgər bir insan desə ki, «mən sözümün qəbul olunmadığı üçün kədərlənirəm, çünki, sözüm haqdır. Bu səbəbdən də haqqın sözümün əksi olaraq ortaya çıxması baş verərsə, mən o haqqı götürərəm» – deyən biri görəsən yaxşı bir iş görmüş olur, yoxsa bunun əksini etmiş olur? – Cavab: O kimsə yaxşı bir iş görmüş olur. Çünki, o, digər (misal çəkilən) kimsə kimi deyil, onun üçün haqqın özü və ya başqası tərəfindən çatdırılmasının heç bir fərqi yoxdur.» (əl-Kəhf surəsinin təfsiri, 16-17)

İbnul-Cəuzi (Allah ona rəhmət etsin) demişdir: «Artıq şeytan elmdə kamilləşənlərə (elmin bir çox sahələrilə məşğul olanlara bəzi şeyləri) bəzəkli göstərmişdir, onlar gecələrini yuxusuz keçirir, sabahlarını isə elmləri cəm edib əsərlər yazmaqla keçirirlər. İblis də onlara elə göstərir ki, guya məqsədləri dini yaymaqdır. Bundakı batini məqsəd isə tanınmaq, səsinin yüksəlməsi, (insanların) uzaq yerlərdən onun yanına gəlməsi (kimi bir şey istəmək)dir. Bu aldanma da tezliklə üzə çıxır. Çünki, əgər onun məqsədi elmin yayılmağıdırsa, insanlar o elmi onunla əlaqələndirmədən onun əsərlərindən faydalandıqda və ya onun hər hansı bir məsləkdaşının əsəri oxunduqda o buna görə sevinər.»

Sələflərdən bəziləri belə demişlər: «Öyrətdiyim elə bir elm yoxdur ki, mən onu insanlara öyrədim və onun mənə nisbət olunmadan faydalı olmasını istəməyim.»

(Nəfsinə dəvət edənlərdən) Bəziləri çoxsaylı tərəfdarları olmasıyla fərəhlənir, şeytan da onu aldadır ki, doğurdan da sənin bu fərəhin çoxsaylı tələbələrin olması səbəbilədir. Onun əsl istədiyi şey isə, çoxlu dostlarının olması və hamının onu tanımasıdır. Özünün sözlərindən və elmindən xoşlanması da buna daxildir. Bu da beləcə aşkara çıxmış olur. Çünki, əgər onun tərəfdarlarından bəziləri ondan uzaqlaşaraq daha savadlı birinin yanına gedərsə, bu şey ona çox ağır gələr. Bu isə elm öyrətməkdə ixlaslı bir kimsənin xüsusiyyəti deyildir! Çünki, ixlaslı bir kimsənin məsəli Allah yolunda xəstələri müalicə edən bir həkimlərə bənzəyir ki, əgər o xəstələrdən bəziləri başqa bir həkimin vasitəsiylə sağalarsa, digər bir həkim buna görə sevinər.

Əbdur-Rahmən ibn Əbi Leylə demişdir: «Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) 120-dən çox Ənsarlı səhabəsini gördüm, onlardan hər hansı birinin bir istəyi olardısa, o şeyə (müsəlman) qardaşının nail olmasını istəyər və hər biri də bir danışıq etmək istədikdə, (müsəlman) qardaşının bunu etməsini istəyərdi.» (Təlbisu İblis; səh. 159-160)

Həmçinin, (İbnul-Cəuzi) demişdir: «Mən bir çox alim və zahidlərin halına fikir verib gördüm ki, onlar hiss etmədikləri (bəzi) cəzalara düçar olublar. Bu cəzaların ən böyüyü isə başçılıq istəməkləri baxımındandır. Belələrindən olan bir alimin xətası özünə deyildikdə qəzəblənər, moizə edənin çıxışı süni olar, zahidlik edəni isə ya ikiüzlü, ya da özünü göstərmək istəyən biri olar. Belələrinin ən birinci mübtəla olduğu şey haqdan üz döndərərək insanlarla məşğul olmaqdır. Gizli qalan cəzaları isə, Allaha yalvarışın şirinliyinin və ibadət ləzzətinin onlardan çəkilməsidir. Yalnız mömin kişilər və mömin qadınlar bundan istisnadırlar. Allah onlarla yeri qoruyar. Onların daxilləri zahirləri kimidir, bəlkə bundan da təmizdir. Onların sirləri aşkarları kimidir. Bundan da aşkardır. Onların həvəsləri sürəyya ulduzu yüksəkliyi yanındadır və ya daha yüksəkdir. Əgər tanınsalar (halları) dəyişər, onlardan bir kəramət görülərsə bunu inkar edərlər. İnsanlar öz qəflətlərində olduqda, onlar öz geniş, kimsəsiz yerlərindədirlər, onları yer əhli sevər, səma əhli onlarla sevinc duyarlar.» (Seydul-Xatir, səh. 49)

İmam ibn əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: «İnsanların yanında olana görə bir qəlbdə ixlas, tərif və səna sevgisi və tamah cəm olmaz. Necə ki, su, od, kələz (iri kərtənkələ növü) və balina bir arada cəm ola bilməz.

Əgər nəfsin sənə ixlaslı olmaqdan danışarsa, əvvəlcə nəfsindəki tamahkarlığı ümidsizlik bıçağı ilə kəs, sonra isə mədh və sənaya tərəf yönəl, dünya aşiqlərinin axirəti tərk etdiyi kimi sən də dünyaya qarşı zahid ol. Əgər tamahı kəsməyi, tərifdən, sənadan zahid olmağı bacarsan, bu zaman sənə ixlaslı olmaq asanlaşar.

Əgər desən ki, tamahı kəsməyi, tərif və sənadan zahid olmağı asanlaşdıran şey nədir?

– Deyərəm: Tamahı kəsməyi sənə asanlaşdıran şey yəqinliklə bilməyindir ki, tamah edilən elə bir şey yoxdur ki, o Tək Olan Allahın əlində olmasın və onun xəzinələrinə yalnız Allah sahib olmasın. Qul bundan artıq şey gətirə bilməz. Amma, tərif və sənadan zahid olmağı asanlaşdıran şey isə bilməyindir ki, Allahdan başqa tərifi fayda verən, bəzəyən və məzəmməti zərər verən, çirkinləşdirən yoxdur. Necə ki, bir ərəb Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) dedikdə ki: «Mənim (bir insanı tərifləməyim) bəzəkdir, məzəmmət etməyim isə (onu) çirkinləşdirməkdir.» O (Allahın ona salavat və salamı olsun) belə cavab verdi: «Bunu edən Allahdır!» – tərifdən zahid ol ki, birinin tərifi səni bəzəməz və birinin səni məzəmmət etməsi səni çirkinləşdirməz.»  (əl-Fəvaid kitabı, səh. 219-220)

İbrahim ibn Ədhəm (Allah ona rəhmət etsin) demişdir: «Tərifi sevən bir qul Allahla sadiq olmamışdır.»

İmam Zəhəbi (Allah ona rəhmət etsin) demişdir: «Ola bilsin ki, ixlaslı bir alim şöhrəti sevsin və bunu özü də hiss etməsin. Həmçinin, əgər o buna görə danlansa, canı sıxılmaz və özünü təmizə çıxarmağa çalışmaz, əksinə, etiraf edərək deyər: «Allah mənə öz eyiblərimi (xəbər verməklə) hədiyyə edənə rəhm etsin.» Və ola bilsin ki, o özündən təəccüblənməsin, lakin öz eyiblərini də görməsin, bunu hiss etmədiyini də hiss etməsin. Bax bu, sağalmaz bir xəstəlikdir.» (Siyəri aləmin-Nubələ, 7/393)

İmam ibn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: «Təqvanın həqiqəti isə, bu, Allahın itaətində imanla və əcrini Allahdan istəyərək Onun əmr və qadağalarına riayət edərək əməl etməkdir. Beləcə Allahın ona əmr etdiyi şeyi iman edərək və Onun vədini təsdiqləyərək yerinə yetirir, Onun qadağan etdiyi şeyi isə qadağasına iman gətirərək və əzabından qorxaraq tərk edir.»

Necə ki, Talq ibn Həbib demişdir: «Fitnə baş verərsə, onu təqva ilə dəf edin.» Dedilər: Təqva nədir? – dedi:

— Sənin Allahın itaətində Ondan olan bir nurla əməl etməyin, Onun əcrini istəməyin, Allaha asilik etməyi Allahın cəzasından qorxaraq Ondan olan bir nurla tərk etməyindir.

Bu, təqvanın həddi haqqında deyilən ən yaxşı kəlamlardan biridir. Çünki, hər bir əməlin bir başlanğıc nöqtəsi və qayəsinin olması labüddür. Bir əməlin məsdəri imandan olmayınca, o əməl (Allaha) itaət və yaxınlıq sayıla bilməz. Belə (doğru) olduqda o əmələ sövq edən amil adət, nəfsin havası, tərif və şərəf sevgisi və ya başqa şey deyil, sırf xalis iman olar. Gərək əməlin başlanğıcı mütləq xalis iman olsun. Əməlin qayəsi isə Allahın verəcəyi əcri, Onun istəyini və razılığını qazanmaq üçün olmalıdır. Allahdan əməlin qarşılığını gözləyərək əməl etmək də budur. (Risələtut-Təbukiyyə, səh. 8-9)

Şeyxul-İsləm Əbul-Abbas ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Sanki, bir çox elm tələbələrinin məqsədi elm deyil, məqsədləri başçılıq və ya mal əldə etməkdir. Hər bir insan da etdiyi niyyət üzərindədir. Amma, din və elm sahibi kimsələr ki, onun əhlidirlər, onlar bu dünyada və axirətdə Allaha ehtiyaclı olduqlarından onların məqsədləri Allahın onlara mənfəət verməsidir.

Necə ki, Muaz ibn Cəbəl (Allah ondan razı olsun) elmin sifəti haqqında danışarkən belə demişdir: “Elmi Allah üçün tələb etmək ibadətdir, onu təkrarlamaq zikrdir, onu axtarmaq cihaddır, onu bilməyənə öyrətmək sədəqədir, onunla Allah tanınır və Allaha elmlə ibadət edilir, elmlə Allah uca tutulur və təkləşdirilir.» Buna görə də elmdən faydalananların onunla nəfslərini təmizlədiklərini, elm əhli dedikdə hava əhlini yox, haqq əhlini qəsd etdiklərini, elmdə insaflı və ədalətli olduqlarını, onu sevdiklərini və ondan ləzzət aldıqlarını, elmin və onun əhlinin çoxalmasını sevdiklərini, həvəslərinin elmi ehtiva edən şeylərə, onun vacibatlarına və onunla əməl etməyə söykəndiyini görərsən. Bunlar, elmi yalnız mal əldə etmək və başçılıq üçün tələb edənin halının əksidir. Bu cür insanların buna (mala və başçılığa) başqa yollarla nail olmaları mümkün olsa, onu edərlər. Hətta, ola bilsin ki, elmdən asan bir yol olsa, onu elmdən üstün tutarlar.”» (Minhəcüs-Sunnə, səh. 209-210)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment