Aktual Dua və zikrlər Fiqh Önəmli günlər Oruc Ramazan ayı

İman zəifliyi — Ramazan bir çarə!

Hər bir kəsin imanının artıb azalan vaxtları olur. Bəzən bu iman zəifliyi nəinki aradan qalxmır, hətta getdikcə aşağıya doğru enir. Allahı daim zikr etməyən, Onun əzəmətini və hər şeyi görüb-bildiyini hiss etməyən müsəlmanın imanı həmişə zəifləyir və hətta yox dərəcəsinə belə çatır.

Keçmişimizə, yəni İslamın ilk dövrünə nəzər salsaq, səhabələrin və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) davamçılarının necə yaşadığını öyrənsək, aramızdakı dəhşətli fərqi görərik.

Əbu Bəkr (Allah ondan razı olsun) bir gün bağçada bir nəfərlə gəzərkən, bir quş görür. O quşu diqqətlə izləyir, sonra başlayır ağlamağa. Yanındakı səhabə ondan niyə ağladığını soruşanda O (Allah ondan razı olsun): «Quş istədiyi yerə uçur, istədiyi yerə qonur, istədiyini yeyir, amma etdiklərinə görə hesaba çəkilmir. Kaş, bir quş kimi olaydım, etdiklərimə görə Rəbbim məni hesaba çəkməzdi.», deyir.

Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti dövründə bir kor qadın var idi. Evdə onun bəzi işlərini kimsə görürdü. Ömər (Allah ondan razı olsun) bir dəfə qadından bu işləri kimin gördüyünü soruşur. Qadın: «Mən onu görmürəm, tanımıram. Gəlir yeməyimi hazırlayır, evimi süpürür sonra qoyunu sağıb südü qoyub çıxır gedir.» cavabını verdikdə  Ömər (Allah ondan razı olsun) bunun Əbu Bəkr (Allah ondan razı olsun) olduğunu anlayır və öz-özünə: «Özündən sonrakı xəlifələri yordun, ey Əbu Bəkr!» deyir.

Səhabələr və onlardan sonra gələnlər hər əməl və addımlarında Allahın rizasını qazanmaq üçün hərəkət edirdilər. Çünki onlar bilirdilər ki insanın qəlbi dəyişkəndir. Müxtəlif səbəblər üzündən çevrilə bilər və imanın zəifləməsinə səbəb olar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurduğu kimi , «Qəlb çöldə torpaq üzərinə düşən lələk kimidir, külək onu o tərəf bu tərəfə çevirər» (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», 227; «Zilal əl-cənnə fi təxricu əs-sünnə», 1/102. Sənədi səhihdir) .  Başqa bir hədisdə buyurur: «Adəm övladının qəlbi fikirlərlə coşub-daşdığı vaxt daha da dəyişkən olar» . (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», 226; «Zilal əl-cənnə fi təxricu əs-sünnə» 1/102. Sənədi səhihdir).
Allah  qəlbləri dəyişdirən və yönləndirəndir. Necə ki, Abdullah bin Amr Amr bin As  (Allah ondan razı olsun)  Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə eşitdiyini rəvayət edir: «Həqiqətən, Adəm övladının hamısının qəlbi tək bir qəlb kimi ər-Rəhmanın barmaqlarının ikisinin arasındadır. Onu necə istəyər, elə də çevirər» . Sonra Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: «Allahım, sən qəlbləri dəyişirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!». (Müslim, 2654) .

Əgər biz günah işlədiriksə və bu günahlara israrla davam ediriksə bir müddət sonra etdiyimiz günah bizim üçün qəbahət sayılmırsa və etdiyimiz günah barədə başqalarına da açıb danışırıqsa deməli bizdə artıq iman zəifliyi vardır.  Bu barədə Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Günahlarını yayan kəslərdən başqa bütün ümmətim bağışlanar. Bir kəs gecə bir günah iş görər, səhər açılarkən isə Allah onun günahını örtər. Bunun əksinə həmin şəxs, «ey filankəs mən dünən gecə filən işi gördüm» deyərsə, axşam yatarkən Allah onun günahını örtdüyü halda, səhər açılarkən Allah pərdəni ondan götürər». (Buxari, «Fəth əl-Bari», 10/486).
Həmçinin əgər qəlbimiz sərtləşmişsə, ölüm barədə danışıldıqda, cənazə gördükdə təsirlənib Axirət qəbir əzabı barədə düşünmürüksə deməli qəlbimiz xəstlənmiş imanımıza zəifləmişdir. Necə ki, Allah taala daş qəlbli insanları daşla müqayisə edərək buyurur: «Bundan sonra qəlblərimiz yenə sərtləşərək daş kimi, bəlkə də daha sərt oldu». (əl-Bəqərə, 74)

Namaz qılarkən, Quran oxuyarkən, səhər axşam zikrlərini edərkən mənaları haqqında dərindən fikirləşmiriksə, əzbərdən bildiyimiz zikirləri tez və cansıxıcı şəkildə deyiriksə imanımız zəifləmişdir demək.  Halbuki hədisdə deyildiyi kimi Allah «..qafil qəlbin duasını qəbul etməz». (Tirmizi, 3479; «Səhih hədislər silsiləsi», 594)
İbadətlərdə tənbəllik etmək, sünnə ibadətlərini yerinə yetirməmək, xeyir əməllər etmək üçün fürstləri qaçırmaq, birsözlə savab qazanmağa əhəmiyyət verməmək imanın zəiflik əlamətləridir.  Allah taala münafiqləri belə vəsf edir: «Onlar namaza durduqda yerlərindən tənbəlliklə qalxarlar«. (ən-Nisa, 142)

İmkan olduğu halda Həcc etməyi gecikdirmək, camaat və cümə namazlarına gecikmək də buna aiddir. Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur : «Bir qövm nə qədər ki, ilk sıraya gecikir, Allah onları odda buraxar» . ( Əbu Davud, 679; Səhih ət-Tərğib», 510) . Hansı ki, belə insanlar vacib bilinən namazlara biganə yanaşaraq yatıb qaldıqda vicdan əzabı hiss etməzlər. O insanlar savab qazanmaq istəməz, əksinə buna ehtiyac belə duymazlar. Allah isə bu cür insanların əksi olanlar barədə buyurur: «Onlar xeyir işlər görməyə tələsər, rəğbət və qorxu ilə Bizə ibadət edərlər. Onlar bizə müti idilər«. (əl-Ənbiya, 90)
Əgər bizlərdən biri özünü ağır yükün altında olan kəs kimi hiss edirsə, tez əsəbləşirsə, adi bir şeyə görə qalmaqal yaradırsa, ətrafındakı insanların hərəkətlərindən qəlbi sıxılırsa bu insanın imanı zəifləmişdir. Çünki bu insanda səbirdən əlamət qalmamışdır. Halbuki Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «İman səbir və əliaçıqlıqdır» . (Səhih hədislər silsiləsi», 554, 2/86) . Digər hədisdə isə Rəsulullah (Allahın ona salavat və salamı olsun) mömini bu cür vəsf edir: «Əsl mömin səmimi olan və dostluq yaradandır. Bunları etməyən insanda xeyir olmaz» . («Səhih hədislər silsiləsi», 427)
Zəif imanı olan kəs Qurana qulaq asmaqdan qaçar, ona davamiyyətli qulaq asmaqdan bezər, hər dəfə Quranı açdıqda isə az qalar ki, onu bağlasın.
Çoxlarımız və bəlkə də demək olar ki, bir-ikimiz istisna olmaqla hamımız Allahın  kəlamını adi bir söz kimi qəbul edirik. Quran oxuyarkən, dinləyərkən və yaxud namazda oxunarkən biz o sözlərə və bu sözlərin kimə məxsus olduğuna diqqət yetirmirik. Buna görə də Rəbbimizin buyurduqları bizə təsir etmir. Rəbbimiz buyurur ki:

«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar.« (əl-Ənfal, 8:8)

Müəllif: FEQİH.COM heyəti