Aktual Əxlaq Müxtəlif Müxtəlif Oruc Ramazan ayı

İFTAR MƏCLİSİ necə olmalı?

Ramazan ayı təqvimin ən önəmli aylarındandır. Oruc isə Ramazan ayının ən önəmli əməlidir. Ramazan günlərində sahurdan iftar vaxtına qədər yemək və içməkdən imtina edən insan, bu həyat üçün vacib olanları tərk etməyi bacarır. Beləliklə digər nəfsi istəkləri tərbiyə etmək ona bu ayda  asanlaşır.

Oruclu insan həm özünə, həm ətrafındakılarına zərər verən nəfsi istəklərin nə olduğunu bilərsə ayın sonunda həm əməllərində, həm də davranışında böyük fərqi hiss edər.

Ramazanın ən sevilən tərəfi, sahur və iftar zamanı insanların bir yerə toplaşmasıdır. Bu həm topluma, həm də süfrəyə bərəkət gətirir. İnsanlararası münasibətləri möhkəmlədir, insanlar bir-birinin halından xəbərdar olur. Ən önəmlisi isə sahur  və iftardan sonra namazlar birlikdə, camaat halında qılınır ki, bu da  daha çox savab qazandırır.

Lakin iftar edərkən önəmli olan bəzi məqamlarda xətalara yol veririk:

  1. Qonaqpərvərliyi ilə seçilən xalqımız iftar süfrələri açarkən müxtəlif növ yeməklər hazırlayır, qonağı ən yüksək şəkildə qarşılamağa can atırlar. Könlüaçıq olmaq yaxşı xüsusiyyət olsa da çox zaman həddi aşmaq mənasına gələn “israfa” yol verirlər. Və təəssüf ki, Uca Allahı razı salmaq istədikləri halda Onun

 “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Əraf 31) ayəsini unudurlar.

  1. Həmçinin çox zaman iftar süfrəsinə öz yaxınlarını, əzizlərini, müəyyən bağları olan insanları oturdurlar. Bu da adətən iftar məclisi verən insanın öz imkan səviyyəsinə uyğun kəslər olur. Bəzən də “O, məni çağırıb, mən də onu çağırım”, düşüncəsi ilə, özləri iftar vermək imkanın malik olan kəsləri məclislərinə dəvət edirlər. Halbuki iftar məclislərimizə təmənna bağımız olmayan, nəinki özü iftar məclisi təşkil edən, hətta iftar açarkən normal yemək tapa bilməyən, yoxsulları dəvət etməyimiz gərəkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “İstəyirsənmi qəlbin yumşalsın və istədiyinə çatasan? Yetimə rəhm et, onun başını sığalla, öz yeməyindən ona yedirt qəlbin yumşalar, istədiyinə çatarsan”. ( Təbərani, “Səhih hədislər silsiləsi”, 2/533).
  1. İftar zamanı vücudunu qidalandıran insan, ruhunu da qidalandırmağı düşünməlidir. Çünki iftar məclisində yemək və içmək üçün çox da uzun müddət tələb olunmur. Orucunu açdıqdan sonra tox mədəli insan Ramazan ayında olduğunu unudub, təkrar digər aylarda olduğu kimi özünü hiss edə bilir. Bir növ “sərbəstləşir, nəfsini zindandan buraxmış kimi olur”. Oruc üzündən bəzi vərdişlərini tərk edən kəs orucunu açan kimi təkrar o əmələ qayıdır. Əsla vərdiş dedikdə ağlımıza yalnız siqaret , qəlyan çəkmək vərdişi gəlməsin. Gün ərzində dilini qeybətdən, gözünü harama baxmaqdan, qulağını haram dinləməkdən, ayağı ilə günahlara yeriməkdən, əli ilə günah etməkdən qoruyan kəsin  iftardan sonra bu əməllərə qayıtması da onun kimidir. Buraya vaxtını boş faydasız işlərə sərf etməyi də aid etmək olar. Odur ki, iftar məclislərində mütləq Allahı xatırladan, növbəti günün sahuruna qədər imanımızı qorumağa şərait yaradan söhbətlərin olması lazımdır. Axı bilir ki,  Allahı zikr etmək mərhəmətə, hüzura, mələklərin zikr edənlərin ətrafında toplaşmasına səbəb olur. Bilirik ki, Allah zikr edənləri ən yüksək mövqelərdə xatırlayır. Mələklər onların günahları üçün Allahdan bağışlanma diləyirlər. Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhih hədisdə bu barədə buyurur: «Bir toplum zikr etdikləri zaman mələklər onları əhatə edər, Allahın rəhməti onları bürüyər, onların üzərinə bir sakitlik nazil olar. Allah orada olan hər kəsi yada salar«. (Səhih Müslim 2700) Həmçinin Səhl bin Hənzəli (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir camaat zikr etmək üçün bir yerə toplaşıb sonra oradan getdikləri vaxt onlara deyilər: Bağışlanmış halda qalxın!” (Səhih əl-Cami)
  1. Geyimimiz, görünüşümüz, bizlərə verilmiş dünya nemətləri bir-birimiz qarşısında öyünmək üçün iftar məclislərinə can atanlarımız da vardır. Halbu ki, əbədi səadətə çatmaq, daimi olanı qazanmaq üçün bir-birimiz qarşısında yarışmağa digər səbəblər vardır. Necə ki, Uca Allah buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah nə edəcəyinə nəzər salsın”. (əl-Həşr, 18)  Bu mühüm səbəblər həsəd aparılmasına icazə verilən iki əməl: elm və sədəqədir. Odur ki, “Görəsən məclisdəkilərdən kim Qurani — Kərimi gün ərzində məndən daha çox oxudu, kim daha çox yaxşılıqlar edib, qəlb sevindirdi, kim daha çox günahlardan çəkindi?”, düşüncəsi evimizdən çıxmalıyıq. Necə ki, Uca Allahın öydüyü insanlar bu ayədə buyurduqlarıdır: “Ayələrimizə inam gətirən kəslər bu ayələri, xatırladıqları zaman səcdə edərlər, öz Rəbbləri olan Allahın adını uca tutarlar və heç bir vaxt lovğalanmazlar, onlar ibadət etmək üçün yataqlarından qalxar, Allaha ondan qorxaraq və həsrətlə ibadət edərlər. Onlara verdiyimiz ruzidən sərf edərlər”. (əs-Səcdə 15-16) . Digər bir ayədə isə: “Onlar gecələri az yatırlar, səhərə qədər oyaq qalıb ibadət edirlər. Allahdan bağışlanma diləyərlər”.
  2. İftar məclislərimizin qonaqları içərisində Alladan daha çox qorxan, imanı üzərində daima çalışan insanların olmasına da çalışmalıyıq. Çünki məclisdəkilərin çoxu imanca zəif olsalarda da ən azı bir imanlı kəsin davranışlarından təsirlənəcək, Allahı xatırlayıb günahlardan çəkinəcəklər. Axı insanlar nə qədər iman qaldıran moizəni diqqətlə dinləsələr belə moizə bitən kimi öz xüsusiyyətlərinə qayıdırlar.  Saatlardır başqasının sözünü danışmayıb, dilini oruc olduğu üçün çətinliklə qeybətdən qoruyan kəslər yeyib içdikdən, moizəni dinlədikdən sonra nəfslərini “azad” buraxırlar.  Onları dinləməyə hazır olan birini tapıb doyunca qeybət etdikdən sonra “rahatlaşdım” hissini yaşayırlar. Bu zaman iftar məclisi oların zərərinə işləyir. Savab qazanmaq üçün iftar məclisinə gələrkən günahlarla geri qayıdırlar. Halbuki iftarlarını öz evində açsalar dilləri ilə günaha girmədən yatıb sahura qalxa bilərdilər.

Odur ki, “İftar məclisidir, demək ki, Allahın sevdiyi məclisdir”, düşüncəsi ilə kifayətlənmək olmaz! Qeyd edilən bu sadalananlara nəzər salıb xatırlamağımız önəmlidir. Bəzən şeytan insanı yoldan çıxarmaq üçün bizi bu yollarla da aldada bilir. Hər zaman bu hədisi xatırlamağımız lazımdır: Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: “Dünya lənətlənmişdir. Orada Allahı xatırlamaqdan, Allahın dost tutduğu insanlardan, alimdən və öyrənəndən başqa hər şey lənətlənmişdir” . (İbn Macə, 4112; «əs-Səhih ət-tərğib vat-tərhib, 71)

Müəllif: Feqihcom heyəti