Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
6. Qapını asta döymək
Ümumiyyətlə, qapını asta döymək sünnədir, bərk döymək isə gözəl ədəbdən hesab olunmur. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qapısı dırnaqla döyülərdi. (Buxari “Əbədul Mufrad” kitabı, 1080. Səhihdir). Eyni zamanda yavaş döyməklə eşidilməyəcəyindən ehtiyat edilərsə, eşidiləcək dərəcədə döyməklə səsi artırmaq olar.
7. Ev sahibi izin vermədikdə geri dönmək
Bir kəsin izin istəməsində əsas məqsəd ev sahibinin ona evə daxil olmasına icazə verib-verməməsini müəyyənləşdirməkdir. Məhz bu səbəbdən əgər icazə verilməzsə geri qayıtmalıdır. Bu xüsusda, Uca Allah buyurur: “Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu, sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir”. (Nur, 28).
8. Evdə heç kim olmadıqda icazəsiz o evə girməmək
Çünki ev müsəlmanın şəxsi mülküdür. Başqasının mülkündən isə icazə almayana qədər istifadə etmək olmaz. Bu barədə açıq-aydın ayə vardır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin”. (Nur, 24).
9. Məclisdən qalxdıqda orda olanlardan icazə alaraq qalxmaq
Buna əməl etmək insanın yuksək əxlaqından xəbər verir, həmçinin özündə bir çox hikmətləri cəm edir. Bu hikmətlərdən ən önəmlisi odur ki, məclisi tərk edən kəs icazəsiz gedərkən gözü evdə ev sahibinin istəmədiyi yerlərə toxuna bilər. Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, yüksək əxlaqı ilə insanlar üçün örnək olan Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz qardaşını ziyarət edib oturduqda, icazə almadan qalxmasın.” (Şeyx Albani hədisi səhihləşdirib, bax: “Sahihul Cəmi”, 583).
10. Ana, bacı və s. məhrəm olan qadınların yanına daxil olduqda izin istəmək
Bu əməl evdə olan qadınların istəmədikləri halda onları görməkdən ehtiyat olunmasına görədir. Əlqamə rəvayət edir ki, bir kişi Abdullahın (Allah ondan razı olsun) yanına gəlib dedi: “Anamın otağına girmək üçün izn almalıyammı?” (Abdullah) dedi: “Ananın yanına izn istəmədən girsən, xoşuna gəlməyən şeyi görərsən.” (Buxari “Əbədul Mufrad” kitabı, 1090. İsnadı həsəndir).
Hətta, kişinin öz həyat yoldaşı olan otağa daxil olduqda belə xəbərdarlıq edib daxil olması bəyənilən əməllərdəndir. Çünki kişi öz həyat yoldaşını özünə xoş gəlmədiyi halda görə bilər. İmam Əhməd (Allah ona rəhmət etsin) belə buyurur: “Müstəhəbdir ki, kişi evinə daxil olarkən, öskürsün və ya ayaqqabilarını tərpətsin.” (“Təfsiru İbn Kəsir”, 6/39-40)
11. Aranızda olan kölələr və həddi-buluğa çatmayanlar üç vaxt izin istəməlidirlər
Birinci: sübh namazından əvvəl;
İkinci: günorta istirahət vaxtı;
Üçüncü: İşa namazından sonra.
Yəni yalnız bu üç vaxda daxil olduqda izin almalıdırlar.Bu üç vaxtdan başqa hər hansı bir vaxtda daxil olduqda qəflətən gördükləri bir şeyə görə onlara günah yazılmaz. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.” (ən-Nur, 58).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Ramil Soltanov