Məqalələr

İcazə almağın ədəbləri — (1ci-hissə)

Bir yerə daxil olmaq istədikdə ilk olaraq salam vermək sonra isə icazə almaq sünnədir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah buyurur: “Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin”. (ən-Nur 28).
Uca Allah başqa ayədə buyurur: “Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər”. (ən-Nur 58).
Uca Allah digər bir ayədə belə buyurur: “Sizin uşaqlar da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza girmək üçün) izn istədikləri kimi izin istəsinlər”. (ən-Nur 59)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İzn istəmək də məhz belə baxışlardan dolayı vacib buyurulmuşdur”. (Buxari 6241, Muslim 5764).

Ədəb

1. İcazə almazdan öncə salam vermək
Bir yerə daxil olmaq istədikdə ilk olaraq salam vermək sonra isə icazə almaq sünnədir. Əbu Hureyra (Allah ondan razı olsun) salam verməzdən əvvəl izn istəyən kimsə barədə belə demişdir: “Salam verməyincə ona (içəri girmək üçün) izn verilməsin”. (Ədəbul Mufrad” kitabında, 1066).

2. İcazə almaq üçün qapını döydükdə, qapının ya sağ ya da sol tərəfində dayanmaq
Qapının sağ və ya sol tərəfində ona görə dayanılmalıdır ki, qapı açıldıqda ev sahibin baxılmasına icazə vermədiyi yerə və ya evdə olan bir şeyə gözü toxunmasın. Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (yad bir) evə daxil olmaq üçün qapıya yaxınlaşıb izn istədikdə üzünü qapıya tərəf tutmazdı. Ya sağ tərəfə, ya da sol tərəfə yönələrdi. Ona izn verilsəydi içəri keçərdi, əks halda isə qayıdıb gedərdi. (Əbu DAvud 5186, Əhməd 17239, Buxari “Ədəbul Mufrad” kitabında 1078).

3. Başqasının evinə baxmamaq. İcazəsiz başqasının evinə baxmaq haramdır
Əbu Hureyrə ( Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişəm: “Əgər bir adam sənin izinin olmadan sənin evinə boylanarsa, sən daş atıb onun gözünü çıxartsan, (buna görə) sənə günah yazılmaz”.( Buxari 6888, 2158).
Buradan belə aydın olur ki, ev sahibi evinə boylanan birini gördükdə daş atıb onun gözünü çıxararsa, bu əməlinə görə ona nə qisas haqqı yoxdur, nə də dinar ödəməməlidir.

4. Üç dəfə icazə almaq
Bir kəsin evinə daxil olmaq istədikdə üç dəfə icazə almaq lazımdır. lazımdır. Bu xüsusda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyur: “İzn almaq üç kərədir. Əgər sənə izin verilsə, daxil ol! Əks halda qayıt”.( Muslim 2153). Əgər evə daxil olmaq istəyən kəs üç dəfə izn alarsa və güman edərsə ki, ev sahibi onu eşitməyib, yenidən icazə almasında heç bir qəbahət yoxdur.

5. İzin istəyərkən “Mənəm ” deməmək
Evə daxil olmaq üçün izin istəyən adamdan kim olduğu soruşulduqda o, cavab olaraq “Mənəm” deməməlidir. “Mənəm” demək özünü tanıtmaq deyil. Məhz buna görə “Mənəm” demək bəyənilmir. Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) mən atamın borcuna dair (məsləhət almaq üçün) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib qapını döydüm. O soruşdu: “Kimdir o?” Dedim: “Mənəm.” O, narazı qalmış halda: “Mənəm, mənəm!”dedi”. (Buxari 6250, Muslim 2155).

Hədisdən belə məlum olur ki, izin istəyən adamın özünü tanıtması üçün “Mən flankəsəm” deməsi düzgündür. Bureydə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidə gəldikdə mən Qur’an oxuyurdum. O soruşdu: “Bu kimdir?” Dedim: “Canım sənə qurban, mənəm Bureydə”. O dedi: “Buna Davudun səslərindən bir səs verilmişdir”. (Buxari “Əbədul Mufrad” kitabı, 805).

Hətta izin istəyən adam kunyasını deməsi də düzgün haldır. Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) yanına getdim və onun qüsl etdiyini, Fatimənin( Allah ondan razı olsun) də (ona) pərdə tutduğunu gördüm. Mən Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salam verdim. O: “Bu (qadın) kimdir?”– deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani”– deyə cavab verdim. Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) : “Xoş gəlibsən, Ummu Hani!”– dedi …”. (Buxari 357, Muslim 336).

Əgər izin istəyən adam adını deməklə özünü tanıda bilməyəcəyindən ehtiyat edərsə adı ilə yanaşı özünü tanıdacaq hər hansı bir söz işlətməsi sünnədir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qurban yaxud fitrə bayramında namaz qılınan yerə getdi. (Namaz qıldıqdan sonra) camaata moizə oxudu və onlara sədəqə verməyi əmr edib buyurdu: “Ey insanlar, sədəqə verin!” Sonra qadınların yanına gedib buyurdu: “Ey qadınlar, sədəqə verin! Çünki mənə Cəhənnəm əhlinin əksəriyyətinin siz qadınlar olduğu göstərildi.” Qadınlar: “Nəyə görə, ya Rəsulullah?”– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Çünki siz (insanları) tez-tez lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir adamın sizin qədər həm ağıl, həm də din baxımından nöqsanlı olduğunu görmədim.” (Bunu deyəndən sonra o) çıxıb getdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) evinə gəlib çatdıqda ibn Məsudun xanımı Zeynəb Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına daxil olmaq üçün izn istədi. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): “Ya Rəsulullah, bu Zeynəbdir”– dedilər. O: “Hansı Zeynəbdir?”– deyə soruşdu. (Ona): “İbn Məsudun xanımı Zeynəbdir”– dedilər. O: “Bəli, ona izn verin”– deyə buyurdu və ona (içəri daxil olmağa) izn verdilər…. ( Buxari 1462)

Ardı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Ramil Soltanov