Firqələr Məqalələr

«Hizbullah» terror təşkilatı

Mövzumuzdan bu aspeklərdə bəhs edəcəyik:

1 — Hizbullahın inkişaf etmə şəraiti.
2 — Hizbullah hərəkatının yaranması.
3 — Partiyanın idarəçiliyi haqqında.
4 — Hizbullah partiyasının lideri: Həsən Nəsrullah.
5 — Hizbullah partiyasının hədəfləri nələrdir?
6 — Bir çox əhli sünnənin onlara aldanması.
7 — Hizbullah terror təşkilatıdır.

Birincisi: Hizbullahın inkişaf etmə şəraiti.
Hizbullah barədə söhbətə başlamazdan əvvəl bu partiyanın hansı hərəkatdan törəndiyinin bilinməsi labüddür. Bu Əməl (Ümid) hərəkatıdır.
Əməl hərəkatı Livanda İran tərəfindən dəstəklənən şiə hərəkatıdır. İlk öncələrdə hərəkat «Şiə Ümid hərəkatı» — (حركة أمل الشيعية) adlanırdı. Sonra isə bütün çevrəsinin genişləndirilərək bütün İslam ümməti arasında yayılması üçün adı dəyişdirilərək «İslami Ümid» (أمل الإسلامية) adlandırıldı. Çünki «Ümid» hərəkatının rolu Livan siyasi və şiə kəsimini əhatə etməklə çərçivələnmişdi. Hərəkatın adının «İslami Ümid» (أمل الإسلامية) adlanması şiəliyi həm Livanda, həm də İslam dünyasında yaymağa hesablanmışdı. Beləcə, bu hərəkat özü haqqında «ümməti müdafiə etmək və onun müqəddəsatını qorumaq» kimi təsəvvür yaratmağa çalışırdı. «Şiə Ümid Hərəkatı»nın (حركة أمل الشيعية) vəhşi əməlləri və çirkin cinayətlərinə baxarkən ondan törəyən «İslami Ümid» (أمل الإسلامية) hərəkatı da (iddia olunduğu kimi) ümməti müdafiə etmək görəvini üstlənməyi haqq etmirdi. Elə bundan narahat olaraq yeni bir partiya yaradır və onun adını bu gün tanıdığımız «Hizbullah» qoyurlar (1).
«Ümid» hərəkatının qurucusu İran vətəndaşı olan Musa əs-Sadr olmuşdur. O 1928-ci ildə anadan olmuş, Tehran universitetindən məzun olmuşdur. Livana 1958-ci ildə çatmışdır. Onun İran vətəndaşı olmasına baxmayaraq, Livan vətəndaşlığını əldə etməsi Fuad Şihab tərəfindən rəsmi qərarın verilməsi ilə baş tutdu. O, Xomeyninin tələbəsi idi və onu Xomeyni ilə ən güclü əlaqələr bağlayırdı. Xomeyninin oğlu Əhməd, Musa əs-Sədrin bacısı qızı ilə evli idi. Musa əs-Sədrin bacısı oğlu Mürtəza ət-Təbətəbai isə Xomeyninin nəvəsi ilə evli idi.
Musa əs-Sədr Livanın cənubunda, Beyrutda və Biqada «Ümid» (أمل) silahlı qruplaşmasını təsis edir ki, bu qruplaşma (Livanın) milli qüvvələri ilə yardımlaşma içində idi (2).
Bu amil bir daha İrandakı Şiə «Vilayətül-Fəqih» prinsipinə əsasən İranın müstəmləkəçilik təmayüllərini və həmin ölkəyə inqilab ixrac etmək planlarını təsdiqləyir.

İkincisi: «Hizbullah» hərəkatının meydana gəlməsi.
Livanda şiə «Hizbullah»ı 1982-ci ildə meydana gəldi. Lakin bu təşkilat siyasət arenasına 1985-ci ildə qatıldı. İran hökuməti Muhəmməd Hüseyn Fəzlullahın (ləqəbi Livan Xomeynisidir), Sübhi Tüfeyli, Həsən Nəsrullah, İbrahim Əmin, Abbas Musiri, Nəim Qasim, Züheyr Kənc, Muhəmməd Yəzbək və Rağib Hərb kimi şəxslərin əliylə «Hizbullah» adlı təşkilatı qurmağa cəhd göstərir.
Tezliklə bu şəxslər arasında iki mövqe yaranır və onlar Livandakı şiə bölgələrinə nəzarəti ələ keçirmək məqsədilə ixtilaf edirlər, sonra hər iki tərəf — Ümid hərəkatı və Hizbullah- bir-birinə qarşı şiddətli şəkildə vuruşurlar. Nəticədə «Hizbullah» təşkilatı Livanın cənub məntəqələrinin çoxusunda nəzarəti ələ keçirir və İran dövləti tərəfindən məntəqədə yaşayan şiələrə təqdim etdikləri böyük ictimai xidmətlər, yardımlar sayəsində yerli şiələr arasında nüfuz qazanırlar.
Bu «Hizbullah» partiyası müasir zamanda dünyada Əhli Sünnə vəl-Camaata qarşı ən şiddətli fitnə idarəçilərindən hesab olunurlar. Onlar zahirdə Allahın düşmənləri olan «yəhudi və xristianlara» qarşı cihad etdiklərini iddia edir, həqiqətdə isə şiəliyə dəvət edir, Xomeyninin İran rafizi inqilabını İslam dünyasına yaymağa çalışırlar (3).

Üçüncüsü: Partiyanın liderliyi.
Əgər «Hizbullah»ın Livandakı İran partiyası olduğunu desək heç də yanılmarıq. Partiyanın yaradılması haqqında olan bəyanatda (4) belə bir başlıq keçir: «Biz kimik? Hara mənsubuq?» bu bəyanatda partiya özünü belə tanıdır: «…Biz Hizbullah ümmətinin övladları, hansı ki, Allah onun öncüllərinə İranda yardım etmişdir və dünyada mərkəzi İslam (şiə) dövlətinin toxumları yenidən təsis edilmişdir… Biz hizbullahçılar şərtləri özündə cəm edən «Vilayətül-Fəqih»in vahid liderliyi altında olan əmrlərə tabe oluruq» (5). Sonra isə İran inqilabının lideri Xomeyniyə tabe olmaları haqqında bəzəkli sözlər işlədilir. Hizbullahın idarəçilərindən biri olan İbrahim əl-Əmin demişdir: «Biz demirik ki, biz İranın bir hissəsiyik. Biz Livanda bir iranıq, İranda da bir Livan» (6).
Beləcə inqilabın İranı, inqilabçı Hizbullah və Livan şiələri arasındakı möhkəm bağlılıq ortaya çıxmış olur. Artıq İran şiələrin dini və siyasi qibləsi, istiqamət götürdükləri standartları təyin edən mərkəz olduğu kimi Hizbullahın da təməl daşlarını atan və ona hərtərəfli dəstək verən ölkə olduğu heç kimə gizli deyil. Bütün bunlar çox dəlil və isbat istəməyən məsələlərdir ki, reallıq və Şam diyarındakı hadisələr də bir daha bunları təsdiqləmiş, Suriya və İraqı xaraba qoyduqdan sonra oradakı Əhli Sünnəni qətl etmək və torpaqlarından didərgin salmaqda, evlərini yıxmaqda, mal-mülklərini ələ keçirməkdə İranın kamil şəkildə Hizbullah ilə işbirliyi içində olduğunu ortaya qoymuşdur.

Dördüncüsü: Hizbullahın başçısı Həsən Nəsrullah kimdir?
O, Həsən Əbdül-Kərim Nəsrullahdır, 1960-cı ilin 21 avqustunda dünyaya göz açmış, 1976-cı ildə rafizi imamiliyin dini elmini öyrənmək üçün İraqın Nəcəf şəhərinə səfər etmiş, sonra Suvar məntəqəsinin «Bazuriyyə» rayonunda
«Ümid» hərəkatının məsul şəxsi olaraq təyin edilmişdir. Sonra 1982-ci ildə «Biqa» iqlimində «Ümid» hərəkatının siyasi məsul şəxsi və siyasi ofisinin üzvü təyin edilir. Sonra isə çox keçmir ki, o hərəkatdan ayrılır, «Hizbullah» təşkilatına qoşulur və 1985-ci ildə hizbullahın Beyrutdakı nümayəndəsi olaraq təyin edilir. Sonra isə 1987-ci ildə partiyanın mərkəzi idarəsinin icraiyyə komitəsində üzv olaraq təyin edilir. 1992-ci ildə partiyanın keçmiş ümumi katibi Abbas Movsurinin sui-qəsd nəticəsində qətlə yetirilməsinin ardınca sələfinin vəzifəsini tamamlamaq üçün partiyanın ümumi katibi təyin edilir. Sonra isə 1993-1995-ci illərdə yenidən katib seçilir (7).

Beşincisi: Hizbullahın hədəfləri.
Hizbullah partiyasının elan olunmuş və elan olunmamış hədəfləri var. Elan olunmuş hədəflərə gəldikdə: hizbullahçılar iddia edirlər ki, bu Hizbullah partiyası İsrailin Livan işğalına qarşı İslami müqavimət hərəkatıdır. Həmçinin, müsəlmanları aldatmaq məqsədilə Fələstindəki İslami müqəddəsatları şüarını qaldırıblar. Bununla da hizbullahın gizli planlarından nəzərləri yayındırmağı, insanları özlərinə yönləndirmək və özlərinə qarşı yumşaltmağı hədəfləyiblər.
Hizbullahın gizli hədəflərinə gəldikdə isə: Livanda şiəliyi yaymaq, bu ölkədə şiəliyin daimi mövcudluğunu təmin etmək və oradakı güc sahələrinə (yollarına) hökmranlıq etmək, istədiyi zaman məntəqəyə daxil olması, siyasi-dini hədəf və mənfəətlərini gerçəkləşdirmək üçün İranın ayaq qoyması üçün yer hazırlamaqdır. Həmçinin, Livanın altyapısına zərbə vurmaq, partiyanın Livana hakim olmasının asanlaşdırması üçün Livanı müharibəyə çəkmək planı da var. Bu isə İran inqilabını İslam aləminə gətirilməsinin bir hissəsidir. Planlaşdırdıqları və səy göstəridikləri kimi Şiə Hilalı dövlətləri qurmaq da istəyirlər (8).

Altıncısı: Əhli sünnədən bir çoxlarının hizbullaha aldanması.
Hizbullah — zahiri iddia olaraq — İsrail ordusuna qarşı müqavimət nümayişi etməklə məşhurlaşmışdır. Hətta bəzi bu oyundan xəbəri olmayan yaxşı müsəlmanlar belə onların zahirdəki bu iddiasına aldanaraq Hizbullah təşkilatını azadlıq və müqavimət rəmzi hesab edirlər. Yalnız bu iddiaların hamısı hiylə və məkrdir. Birincisi, «Hizbullah»ın İsrailə qarşı cihad etməsi siyasi bir yalandır, torpaq azad etmək üçün deyildir, sadəcə partiyanın idarəetmə hədəflərini gerçəkləşdirmək üçün istifadə olunur. Təəssüflər olsun ki, bir çox müsəlmanlar Həsən Nəsrullaha aldanmışlar. Bu aldanmanın bir neçə səbəbləri olsa da ən bariz səbəbləri iki səbəbdir:
1 — Bir çox müsəlmanların imamlar haqqında həddi aşan ifratçı imamilərin əqidələrindən xəbərsiz olmaları; hansı ki, Qurani-Kərimin təhrif olunduğunu, böyük səhabələrin, möminlərin anaları sayılan peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcələrini kafir hesab etmələri, on iki imami şiələrindən başqa bütün İslami tayfaları kafir hesab etmələri, özlərini xilas olmuş tayfa hesab etmələri, özlərindən başqa bütün tayfaların cəhənnəmdə yanacağına inanmaq (9).
2 — Təqiyyə: Hizbullah (öz inanclatına görə) yaxşı təqiyyə edir və təhlükəli surətdə ona əməl edir. Təqiyyənin tərifi rafizilərə görə necə ki, şeyxləri əl-Mufidin izah etdiyi kimi: «Haqqı gizlətmək və onunla (inandığın) etiqadı göstərməmək, müxaliflərdən gizlənmək, dininə və dünyasına zərər verən şeyləri onlara izhar etməyi tərk etməkdir» (10).
Rafizilərin «birinci şəhid» olaraq vəsf etdikləri Muhəmməd əl-Amili təqiyyənin tərifi haqqında demişdir: «Təqiyyə: İnsanların zərər verməsindən həzər edərək onların tanıdıqları (qəbul etdikləri) şeylər haqqında özünü yaxşı (qəbul edirmiş kimi) göstərmək, insanların inkar etdikləri şeyləri isə tərk etməkdir» (11).

Yeddincisi: Hizbullah terror təşkilatıdır
Onu da qeyd edək ki, «Hizbullah» qruplaşması «Ərəb Dövlətləri Birliyi» (12) və dünyanın bir çox ölkələri tərəfindən «terror təşkilatı» olaraq qeydə alınmışdır.
«Ərəb Dövlətləri Birliyi»ndan başqa Hizbullahı terror təşkilatı kimi tanıyan ölkələrdən bəziləri bunlardır: Litva, Avstraliya, ABŞ, Kanada, Sloveniya, Almaniya, İngiltərə, Hollandiya, Çexoslovakiya, Estoniya, Latviya, Kosova, Argentina, Kolumbiya, Guatemala, Paraqvay, Honduras və s.
Maraqlısı budur ki, bir çox Avropa ölkələri Hizbullahı terror təşkilatı kimi gördüyü halda Xomeyninin inqilab etmək üçün 1979-cu ildə təyyarə ilə İrana göndərən Fransa hökuməti Hizbullahı terror təşkilatı hesab etmir (13). Rusiya isə Hizbullah yaraqlılarını Ukraynaya qarşı döyüşdə istifadə edir (14).
«Hizbullah» terror təşkilatı Suriya və İraqda bir çox qanlı hadisələrin iştirakçısıdır. Həmçinin, bir çox ərəb və İslam ölkələrində də sui-qəsdlərin təşkilatçısıdır.
Bu isə məşhur radikal qruplaşmaların ortaq cəhətlərindən hesab olunur. Hizbullahın təkcə Türkiyədə törətdiyi qəribə cinayət əməllərinə baxsanız, bu haqda araşdırma etsəniz, İsrailə qarşı səsləndirdikləri «şüarların» həqiqi mahiyyətini başa düşərsiniz. Hizbullahı tərifləyənlərin tərifləri çox vaxt 2006-cı ildə İsrail və «Hizbullah» arasında Livan torpaqlarında hegomonluq uğrunda gedən mübarizədən başqa bir şeyə əsaslanmır. Başqasının torpaqlarına yiyələnmək üçün mübarizə aparmaq prossesi zamanı o ərazidən istər Rusiyanı çıxart, istər İsraili çıxart, də başqa işğalçı dövləti çıxart, əgər sənin özün də batil əqidə üzərində olmağın bir yana, üstəlik başqasının torpağının «ağası» olmaq istəyirsənsə, bu heç də tərif məqamına daxil olmur. Bir də həmin hadisədən 15 il sonra Livan İsrailə bir neçə raket atıb. Qalan illərdə sünnü ölkələrdə iğtişaşlar, sui-qəsdlər, qətllər törətməklə məşğul olub. Amma, nə qədər sünniləri qətl edib, nə qədər müsəlman ölkələrində sui-qəsdlər edibsə, bu hadisələrin müsəlmanlardan olan zərərçəkənlərinin heç yüzdə birini yəhudilər çəkməyib. Bu da Hizbullahın kimə və nəyə xidmət etdiyini göstərir. Yəni, yarandığı gündən müsəlmanlara zərər verməklə məşğul olub. Biz «İşid», «əl-Qaidə» terror şəbəkələrini tənqid etdiyimiz kimi, bu terror şəbəkəsini də tənqid edir, terrorun hər bir sifətini pisləyirik!

 

Qeydlər və istinadlar:
(1) Əməl vəl-Muxayyəmət əl-Filistiniyyə. Abdullah Muhəmməd əl-Ğarib. səh. 181.
(2) Məzə təarifu an hizbilləh? Əli əs-Sadiq. səh. 11.
(3) Öncəki mənbə. səh. 21.
(4) Bax: Misaq Hizbullah fi kitəb (Hizbullah ruyə Muğayirah) Abdul-Munim Şəfiq. səh. 226. və ondan sonrakı səhifələr.
(5) Məzə təarifu an hizbilləh? Əli Sadiq. səh. 22.
(6) Eyni mənbə. səh. 22.
(7) Bu tərcümeyi-hal Həsən Nəsrullahın «əş-Şahid əs-Siyasi» qəzetində dərc olunmuş dialoqunun müqəddimatında varid olmuşdur. no: 147)
(8) Məzə təarifu an hizbilləh? Əli Sadiq. səh. 71.
(9) Ətraflı məlumat üçün: «Həttə Lə Nənxadi» (Hətta aldanmayaq) kitabı. Abdullah əl-Mosuli. səh. 229.
(10) Baxmaq üçün: ət-Təqiyyə Mənhəc İsləmi Vain. التقية منهج إسلامي واع — Məhdi əl-Attar. səh. 16.
(11) Məzə təarifu an Hizbilləh? Əli Sadiq. səh. 121.
(12) Məqalə: Ərəb Dövlətləri Liqası “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb. teref.az saytı. tarix: 2016.03.16.
Avropa.info xəbər verir ki, bu haqda qərar Ərəb Liqası xarici işlər nazirlərinin toplantısında verilib. Tunisdə keçrilən toplantıda «Hizbullah»ın Bəhreyn, Yəmən və Suriyada terrorçu fəaliyyətlə məşğul olduğu qeyd olunub. Ərəb Liqası ölkələri «Hizbullah»ı ərəb ölkələrində təhlükəsizliyi pozmaqda ittiham ediblər.
Toplantıda iştirak edən İraq, Əlcəzair və Livan istisna olmaqla bütün dövlətlər «Hizbullah»ın terror təşkilatı siyahısına salınmasına səs veriblər.
(13) Məqalə: Nikolya Sarkozi «Hizbullah»ı terror təşkilatı kimi görmür – mətbu orqan. az.trend.az saytı. Tarix: 2008.09.15.
(14) Məqalə: Rusiya “Hizbullah”ı Ukraynada müharibəyə cəlb etdi. Günün səsi saytı. Tarix: 2022.03.22.

Yazdı: Sahib Əsədov