Video dərslər

Himmə

Ramil Soltanov

Muaz ibn Cəbəl (radıyəllahu ənh) elm haqqında belə buyurur: «Elm öyrənin! Həqiqətən elmi Allah xatirinə öyrənmək təqvadır, elm tələb etmək ibadətdir, elmi müzakirə etmək təsbihdir, (yəni Allahı zikr etməkdir) elmi axtarmaq cihaddır, bilməyənlərə elm öyrətmək sədəqədir. Çünki, məhz elm halal və haramın öyrənilməsi üçün səbəbdir, cənnət əhlinin yolunu işıqlandıran nurdur, vəhşilər arasında insandır, qəriblikdə isə dostdur, xəlvətdə sənə həmdəmdir, sevinc və kədərində sənə yol göstərən vasitə, düşmənlə mübarizədə silah, dostlar yanında zinətdir. Onunla Uca Allah bir qism insanlara xeyir nəsib edir, onları aparıcı qüvvəyə çevirir və digərləri də onların ardınca gedir, mələklər onları sevir və onları əhatə edir, hər bir canlı və cansız onlar üçün bağışlanma diləyir. Hətta dənizlərdəki balıqlar və qurudakı heyvanlar belə. Elm qəlbləri cəhalətdən oyadır, gözləri də zülmətdən nura açır. Bəndə, elmin fəziləti ilə ən xeyirli insanların dərəcəsinə çatır, dünya və axirətdə olan ən yüksək məqamlara nail olur. Elmdə təfəkkür orucu, müzakirə etmək isə qiyamı (gecə namazını) əvəz edir. Onun vasitəsilə qohumluq əlaqələri möhkəmlənir. Elm hər bir əməlin imamı hesab olunur və əməl də ona tabe olur. Elmə nail olan insan xoşbəxt, ondan məhrum olan isə bədbəxt olur» (Cəmi` Bəyənu-l-İlm və Fədlihi 1/52)