Məqalələr

Hikmətli olaq!

Sahib Əsədov

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İbn Mənzur  (Allahın ona rəhməti olsun) demişdir: «Hikmət; ədalətlilikdir. Daha hikmətli iş isə daha dəqiq görülən işdir. Hikmətli şəxs  isə məsələləri yaxşı biləndir».

Cövhəri (Allahın ona rəhməti olsun) demişdir: «Hikmət elmdəndir. Hikmətli şəxs isə alimdir. Həmçinin, hikmət sahibi və müdrik kimsə: məsələləri yaxşı biləndir«.

Hikmət (ərəbcə) lüğəvi cəhətdən müxtəsər olaraq bu mənaları ehtiva edir: Elm, helm, ədalət, yəqinlik və qadağa.

Hikmətlə görülən iş odur ki, bu iş elmə əsaslanaraq görülsün və o əməl sahibi ədalət, helm və yəqinliklə vəsf olunsun. Həmçinin; başqalarına zülm etməkdən çəkinilsin.

İstilahi cəhətdən isə: Bu barədə təriflər çox olsa da biz bəzilərini qeyd edəcəyik:

Hikmətin ən məşhur tərifi: Bir şeyi öz (düzgün) yerinə qoymaqdır.

İbn Qeyyim (Allahona rəhmət etsin) demişdir: «Hikmət haqqında ən yaxşı sözlərdən biri də Mücahid və Malikin dediyi sözlərdir: Hikmət; haqqı bilib ona əməl etmək, sözdə və əməldə doğru olmaqladır. Bu isə yalnız Quranı ( düzgün) anlamaqla mümkündür.«

HİKMƏTİN NÖVLƏRİ:

Hikmətin iki əsas növü var:

1) Elmi hikmət

2) Əməli hikmət

Birinci növ elmi hikmət, əşyaların batini həqiqətini bilmək, həmçinin, yaradılış, əmr, qədər və şəri cəhətdən səbəbləri və səbəbləri gərəkdirən amillərin əlaqəsini başa düşməkdir.

İkinci növ əməli hikmət isə; bir şeyi öz (düzgün) yerinə qoymaqla olur. Onu da qeyd edək ki, hikmət bu iki növdən kənara çıxmır.

Ya bu hikmət Quran, sünnədən götürülmüş, sələfin əməl etdiyi və miras qoyduğu elmi hikmətdir. Ya da bu əxlaqla bağlı olan əməli hikmətdir ki, bu hikmətin qayəsi də elmi hikməti yerinə yetirməkdir.

Necə ki: Allahu təala buyurmuşdur: «Allah istədiyi şəxsə hikmət bəxş edər, kimə hikmət verilmişdirsə, ona çoxlu xeyir verilmişdir». (əl-Bəqərə 269)

HİKMƏTİN 3 RÜKÜNU VAR:

1) Elm, 2) helm, 3) təmkinli olmaq ( yəni, işlərində tələskən olmamaq)

HİKMƏTSİZLİYİN İNSANA 3 ƏSAS ZƏRƏRİ VAR:

1) Cahillik 2) Qərarsızlıq 3) Tələskənlik

HİKMƏTİN DƏRƏCƏLƏRİ:

Hikmətin 3 dərəcəsi vardır:

1) Hər bir şeyin haqqını vermək (etməklə görəvli olduğu hər işə qədərincə vaxt ayırmaq) və həddi aşmamaq, o işi nə tələsib vaxtından tez etməmək, nə də gecikdirməmək.

2) Allahın vədinin doğru olduğunu təsdiqləmək, Onun verdiyi hökmlərdə ədalətli olduğunu bilmək və bir şeyi qadağan etmişdirsə, bununla quluna yaxşılıq etdiyini düşünmək.

3) Bəsirətli olmaq; bu isə elmin, mərifətin, bacarığın, idrakın, ağılın, təcrübənin və zəkanın birgə gücü ilə hasil olur.

BƏSİRƏTİ HİKMƏTLİ DƏVƏTDƏ İŞLƏTMƏK ÜÇÜN BU 4 ŞEYİ BİLMƏK LAZIMDIR:

1) İnsanları öyrətdiyi, dəvət eydiyi şeyi, dinini düzgün şəkildə bilmək, əmr etdiyi və qadağan etdiyi şeyləri yaxşı bilmək bə yalnız haqqa, xeyirə və islaha dəvət etmək;

2) Dəvətçi insanın hansı sifətləri, hansı əxlaqi xüsusiyyətləri və bəyənilən keyfiyyətləri qazanmalı olduğunu bilməsi ki, bununla onun dəvəti gözəlləşsin, qüvvətli, səmərəli və təsirli olsun.

3) Dəvətçinin dəvət etdiyi insanların halını bilməsi, onların hansı şəraitdə olduqlarını və nəyə ehtiyacları olduğunu bilməsi. Beləcə daha mühüm olanla dəvətinə başlaması.

4) Dəvətçinin dəvət etdiyi insanlara uyğun dəvət vasitələri və üslublarını anlaması. Bu barədə Uca Allah buyurmuşdur: «İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et». (Nəhl 125)

Vəsailud-Dəvət kitabı — müəllif: d.Abdur-Rahim ibn Muhəmməd  əl-Məğzəvi. (İslam universitetinin «Usulid-Din vəd-Dəava» fakultəsinin dərsliyindən) seçmələr.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha