Məqalələr Qadınlar üçün

Hicablanmaqdan həya edən bacım…

«Kim insanların qəzəbinə baxmayaraq, Allahın razılığını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahın qəzəbi bahasına insanların razılığını axtararsa, Allah da ona qəzəblənər, insanların da ona qəzəblənməsini təmin edər.» (ət-Tirmizi 2414, Albani səhihləşdirmişdir.)

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanların nə fikirləşəcəklərindən, nə deyəcəklərindən çəkinərək, hicablanmaqdan həya edən, günü günə satan, Allahın hər müsəlman qadına fərzbuyurduğunu təxirə salan bacım. Sənin üçün ən gözəl nümunə səhabə qadınlardır, Allah hamısından razı olsun. Onlardan biri haqqında danışmaq istərdim. Məşhur hədisdən də yaxşı tanıdığın bir səhabə haqqında. Epilepsiyadan əziyyət çəkən o zənci  qadın haqqında. Cənnəti  insanların ona “dəli” deməyinə seçən o səbrli, həyalı möminə haqqında. Yəqin ki, kimdən söhbət getdiyini artıq başa düşdün.

Rəvayət edilir ki,  Əta ibn Əbi Rəbəh demişdir: «(Bir dəfə) İbn Abbas mənə dedi: “Sənə Cənnət əhlindən bir qadın göstərimmi?” Mən: “Göstər” dedim. İbn Abbas dedi: “Bu zənci qadın Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib demişdi: “(Ya Rəsuləllah), mən (bəzən) bayılıram və üstüm başım açılır, Allaha dua et.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “İstəyirsən, səbir et, sənə Cənnət nəsib olsun. İstəyirsənsə, dua edim, Allah sənə can sağlığı versin.” Qadın dedi: “Mən səbir edərəm, amma üstüm açılır. Allaha dua et ki, üstüm açılmasın.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də onun üçün dua etdi.» (Buxari, Müslim)

Bu Həbəşistanlı uzun boylu, qara dərili qadının künyəsi (ləqəbi) Ummu Zəfərdir, bəzi rəvayətlərdə adının Suayra (Sukayra və ya Şüfeyra və ya Şüqeyra) əl-Həbəşiyyə əl-Əsədiyyə olduğu qeyd edilir.  İbn Sə`d bildirir ki, o, gəncliyində Xədicənin (Allah ondan razı olsun) məşşatəsi (Şərq ölkələrində xanımların saçlarını, tüklərini qaydaya salan qadın bərbər) olmuş və onunla rəfiqəlik etmişdir. Bu səbəbdən Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) ona daim xüsusi ehtiram və hörmət göstərərdi. Yetkin yaşa çatdıqda o epilepsiya xəstəliyinə tutularaq, dövri şəkildə bayğınlaşıb yıxılmağa başladı.

“Üstül Ğabə”də İbn Cüreyc  Həsən ibn Müslimdən, o isə Təvusdan rəvayət edir ki, qardaşları onu Rəsulullahın (Allahın ona salavat və salamı olsun) yanına müalicəyə gətirdikdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ondakı xəstəliyin (cinlər səbəbi ilə baş verən idyopatik epilepsiyanın) müalicə olunmadığını, yalnız ruqyə ilə keçə biləcəyini, lakin səbr etməyinin bundan daha xeyirli olduğunu söyləmişdir. Bu təqvalı qadın xəstəliyinin bütün ağırlığına əvəz olaraq, Cənnəti seçərək dözməyə razı olsa da, həyasından ancaq bir şeyə dözmək istəməmişdi: hətta özündən asılı olmayan səbəblə də olsa örpəyinin açılmağına!

Səhabələrin, tabiinlərin, saleh müsəlmanların həyatına baxdıqda hicabının hətta bir qarışının belə açılmasına qısqanclıqla yanaşan, dünya və içindəki xeyirlərə dəyişmək istəməyən Ummu Zəfər  kimi neçə-neçə möminə qadının misalı ilə qarşılaşmaq mümkündür. Onlar nə gözəl nümunədirlər. Allah hamısını Cənnət əhlindən etsin.

Bacım, əgər insanların  sənin örtünməyini necə qarşılamağından narahatsansa, rahat ol. Bil ki, sənin də, onların da Rəbbi Allahdır. O Allah ki, qəlblər onun əlindədir, istədiyi tərəfə çevirməyi bacaran da yalnız Odur.

«Kim insanların qəzəbinə baxmayaraq, Allahın razılığını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahın qəzəbi bahasına insanların razılığını axtararsa, Allah da ona qəzəblənər, insanların da ona qəzəblənməsini təmin edər.» (ət-Tirmizi 2414, Albani səhihləşdirmişdir.)

O Allah ki, Ona təslim olanları qoruyanların ən yaxşısıdır, Həfizdir. O Allah ki, Ona bir addım atana doğru qaçır, çətini asanlaşdırır.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə deməsi rəvayət olunur: «Allah-taala buyurur: “Ey Adəm oğlu! Sən mənə doğru ayağa qalx, mən sənə sarı yeriyərək gəlim. Sən mənə sarı yeriyərək gəl, mənə sənə doğru qaçaraq gəlim”.» (İmam Əhməd)

Elə isə həyalanmağa Həyiy olan Rəbbin daha layiqdir, Ona təslim ol.

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment