Aktual Əxlaq Müxtəlif

Hələ də müsəlman qardaşına əziyyət verirsən?

Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) dedilər: “Ey Allahın elçisi! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir”. Onlar dedilər: “Filan qadın yalnız vacib namazları qılır, yağsız pendirdən sədəqə verir, heç kəsə də əziyyət vermir”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  dedi: “O, Cənnət əhlindəndir”. (Buxari , Əhməd, Hakim, Beyhaqqi)

Əslində bu hamımızın düşünüb ibrət alacağı bir hədisdir . Çox müsəlmanların etdikləri xeyir əməllərinə arxayın olmaqla müsəlmanlara əziyyət vermələrinin şahidi oluruq. Halbuki saleh əməllər çox olsa belə müsəlmanlara əziyyət vermək Cəhənnəmə aparan səbəblərdəndir. Odur ki, hər bir müsəlman ibadətlərinə məsuliyyətli olduğu qədər müsəlmanlara əziyyət verməməyə də məsuliyyətli olmalıdır. Onların haqlarına girməkdən çəkinməlidir.

Bir çox müsəlmanlar, müsəlmanlara əziyyət verməyə adi şey kimi baxıb, onların qeybətini edir, qeybəti ediləndə susdurmur, böhtan, yalan, nəmimə, lağa qoymaq, mallarını yemə, xəyanət və s. sayını təyin edə bilmədiyimiz əziyyətlər verirlər. Özləri də bilmədən qazandıqları savabları əziyyət verdikəri müsəlmanlara ötürürlər.

Nə qədər müsəlmanlar vardır ki, ibadətdə olduqları zaman onlara əziyyət verilir.

Nə qədər müsəlmanlar vardır ki, Quran oxuduqları zaman özlərinin də xəbəri olmadan onlara əziyyət verilir.

Nə qədər müsəlmanlar vardır ki, hətta evlərində yatdıqları vaxta belə onların haqlarına girilir. Heç bir əməl etmədikdə belə haqqlarına girilməklə onlara savab gəlir.

Allah Təala buyurur:

«Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, (əziyyət verirlər) sözsüz ki, öz üstünə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər.» (Əhzab, 58)

Bu ayəni şərh edərkən Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) buyurur: “İslam dini  itə belə haqsız yerə əziyyət verməyi qadağan edirsə, möminə əziyyət vermək necə?”.

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edərək buyurur: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə çıxaraq, var səsi ilə dedi: “Ey dilləri ilə iman gətirib qəlblərinə iman daxil olmayan kimsələr. Müsəlmanlara əziyyət verməyin, onları eyibləməyin, onların eyiblərini axtarmayın. Kim müsəlman qardaşının eyiblərini axtararsa Allah da onun eyiblərini üzə çıxarar. Nə qədər dərinlikdə gizlətsə belə”.  Tirmizi

Əziyyət vermək müsəlmanı Qiyamət günü müflisliyə aparır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki,  Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir gün dedi: “Bilirsinizmi müflis kimdir?” (Səhabələr) “Malı, parası pulu olmayan kimsələrdir”, cavab verdilər. Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)  dedi: “Ümmətimdən müflis olanlar o kəslərdir ki, Qiyamət günü namaz, oruc, zəkat ilə gələcəklər. Ancaq bunu söyüb, ona böhtan atıb, o birinin malını yeyib, birinin qanını axıdıb, o birini vurub. Ona görə savabları götürülərək ona buna veriləcəkdir. Savabları qurtardıqda onların günahları götürülərək bunun üzərinə qoyulacaqdır. Sonra isə cəhənnəmə atılacaqdır”. (Muslim)

Bir kəsin heybəti, gücü, malı, zahirdə etdiyi əməlləri sizi təəcübləndirməsin! O kəsin kimliyini bilmək istəyirsinizsə etdiyi zülmə, qeybətə,  düşmənçiliklərə baxın! Abdullah ibn Mubarak “Zuhd” kitabında, İmam Beyhaqqi “Şuabul İman” kitabında rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) insanlara xütbə verərkən demişdir: “İnsanların görünüşü, halı sizi təəcübləndirməsin. Kim ki boynunda olan əmanəti yerinə yetirmişsə, insanlardan dilini və əlini çəkmişsə kişi odur”.

Baxın, görün, Sələf kişiliyi nədə görürdü? Onlar «insanlara əziyyət verməməyi» əsl kişilik hesab edirdilər. Düşünməyə dəyər….

Müəllif: Feqih.com saytının heyəti