Əqidə Məqalələr

«Hədislər peyğəmbərdən 200 il sonra yazılıb» yalanına cavab

Hədislər  peyğəmbərdən iki yüz il sonra yazılıb?

Hədis kitabları 200 yüz il sonra yazılıb. Hədislər sonradan yazılıb deyə biz ona necə güvənə bilərik?

Bu şübhənin cavabı:  Peyğəmbərin ﷺ səhabələri onun izni ilə sağlığında da, onun vəfatından sonra da sünnənin (hədislərin) toplanmasına diqqət göstərmişlər.

Buxari Həmməm İbn Munəbbihin belə dediyini rəvayət edir; Əbu Hureyrənin belə dediyini eşitdim: «Peyğəmbərin ﷺ səhabələri içərisində məndən çox hədis bilən yox idi. Yalnız Abdullah İbn Amrdan başqa.  Çünki, o yazırdı, mən isə yazmırdım.» (Fəthul-Bari bişərhi Sahih əl-Buxari, Kitəbul-elm.)

Buxarinin Əbu Hureyrədən rəvayət etdiyi nisbətən uzun hədisdə: «Allah peyğəmbərə Məkkənin fəthini nəsib etdiyi zaman… Sonra isə Yəmən əhlindən bir kişi gəlib deyir ki, mənim üçün yaz ey Allahın elçisi! Peyğəmbər ﷺ dedi: «Əbu Şah üçün yazın.» (Buxari, Kitəbul Elm)

Buxari Əbu Cuheyfəyə isnadən rəvayət edir ki, o dedi: «Əliyə dedim: Sizdə kitab varmı? Dedi: Yox, yalnız Allahın kitabı və ya müsəlman kişiyə verilən fəhm (dini anlayış barədə məlumat) ya da bu səhifədə olan yazı. Dedim: Bu səhifədə nə var? Dedi: Qanbahası, çox əsir azad edən və müsəlman kafirə görə öldürülməz (hədisi).» (Hədisi Əhməd, Buxari, Əbu Davud və Nəsai rəvayət ediblər)

Qeyd edək ki, Qanbahası, həm çox əsir azad etmək və həm də son cümlə barədə peyğəmbərin ﷺ mötəbər hədisləri vardır. Bu da onu göstərir ki, Əlinin səhifəsində hədislər var idi. Artıq biz Quranilərin şübhələrindən birinin cavabında bu məlumatı qeyd etmişdik:

«Səhabələrdən yazanlar və ya səhifələri olanların sayının əlli iki nəfər olduğu hesablanmışdır.» (Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd Mustafa əl-Əazami, səh 92-142)

Əli İbn Əbu Talib (Allah ondan razı olsun) də onlardan biri idi.

Həmçinin, qeyd etmişdik ki, yaddaşı qüvvətli olanlardan İbn Abbas, İbn Məsud, Əbu Hureyrə, Aişə və başqaları bir problemsiz hədisləri rəvayət edirdilər. Hədis rəvayətində ehtiyat edənlər isə daha çox peyğəmbərin: «Kim qəsdli şəkildə mənim adımdan yalan danışarsa, qoy cəhənnəmdəki yerini hazır bilsin» (Buxari, 107; Əbu Davud, 3651) hədisindən təsirlənmişdilər.

Həmçinin, Amr İbn Şueyb atasından, o da babasından rəvayət edir ki, o dedi: «Dedim ki: Ey Allahın Elçisi! Səndən eşitdiyim hər şeyi yazımmı?! Dedi: Bəli. Dedim: Razı olduğun və qəzəbli olduğun halı da (yazımmı)?! Dedi: Bəli: Çünki, mən bunların (bu halların) hamısında yalnız haqqı deyirəm.» (Cəmiu Bəyənil-İlmi va Fadlihi, Elnin (hədislərin) yazılmasına icazə verilməsi babı, no: 388)

Bu rəvayətdə hər şey açıq aydındır deyə izaha ehtiyac görmürük.

Peyğəmbərin ﷺ Konstantinopolun fəthi barədə müjdələdiyi rəvayət Abdullah İbn Amr İbn As’dan rəvayət olunur. O dedi: Peyğəmbərdən Roma, yoxsa, Konstantinopol birinci fəth olunacaq deyə soruşulduqda biz onun ətrafında yazırdıq…(hədisi Əhməd, Darimi, Hakim və başqaları rəvayət edib, Hakim səhih görüb, Zəhəbi də ona müvafiq olub. Albani də səhih görüb)

Bu hədisdə də səhabələrin peyğəmbərin ﷺyanında hədis yazdıqlarına işarə vardır. Hansı ki, peyğəmbər onların yazmasına maneəçilik törətməmişdir.

Bu və digər hədislərdə çoxlu dəlillər vardır ki, səhabələr (Allah onlardan razı olsun) peyğəmbərin hədislərini yazırdılar. Onlardan bəzilərinin hədis yazdıqları səhifələri var idi; Abdullah İbn Amr və Cabir İbn Abdullahın səhifələri kimi.

Yuxarıda qeyd etdiyimiz kimi əgər səhabələrdən əlli iki nəfər yazırdırsa, tabeinlərdən yazanlar daha çox idilər. Eyni məsdərdə yenə tabeinlərdən səhifə və yazıları olanların yüz əlli nəfərdən çox olduğu qeyd olunur. (Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd Mustafa əl-Əazami, səh 92-142)

Digər yazılarımızda artıq qeyd etdik ki, hədislər Quranla qarışmasın deyə ilkin dövrdə yazılmamış, sonra isə buna elə peyğəmbərin sağlığında ikən icazə verilmişdir.

Xəlifə Ömər İbn Əbdül-Əzizin isə ilkin yazılmış hədislərin (səhifələrdə və ya papiruslarda olan hədislərin) toplanaraq bir kitab şəklində ərsəyə gəlməsində çox böyük rolu olmuşdur. Çünki, Əbu Nueymdən rəvayət olunduğuna görə Ömər İbn Əbdül-Əziz vilayətlərə (oradakı alimlərə) yazır ki:

«Peyğəmbərin ﷺ hədislərinə nəzər yetirin və onları toplayın.» (Fəthul-Bari bişərhi Səhih əl-Buxari, Kitəbul-Elm, bab: Keyfə yuqbədul-elm, 1/232; rəqəm: 34)

Həmçinin, Xəlifə Ömər İbn Abdul-Əziz Əbu Bəkr İbn Həzmə (red: zahiri ibn Həzm nəzərdə tutulmur) əmr göndərir ki: «Peyğəmbərin hədislərinə nəzər yetirin və onları toplayın. Çünki, mən qorxuram ki, elmin izi yoxa çıxsın və alimlər getsinlər.»

Tabeinlərdən sonrakı dövrdə (ətbəu tabein zamanında)  isə hədis yazma metoduna yeni üslub əlavə edilir. Səhabə və tabeinlərin sözləri də artıq xüsusi kitablarda toplanmağa başlanılır ki, bu da kitablara və fiqhi bablara görə təsnif olunur.

İslam aləmi mədəniyyətinin elə bir dövrü olmamışdır ki, İslam alimləri bu yazıları bir araya gətirməsinlər və bu kitabları təsnifatlara (elmi başlıqlara uyğun şəkildə) bölməsinlər. Elə məşhur altı hədis kitabının əsası da bu yazılara və bu kitablara (səhifələrə) söykənir.

 Biz həmin səhifəri “papiruslar” da adlandıra bilərik. Hədislər artıq bu papiruslarda yazılmışdı. İmam Buxarinin təzə papirus yazmağına ehtiyac yox idi. O sadəcə özündən əvvəlki elmi zəhmətləri toplayıb elmə xidmət edərək gözəl bir kitabı cəm etmişdir.

Onu da qeyd edək ki, yazı ilə tədvin (yazıların toplanması) ayrı-ayrı ayrı şeylərdir. Bu şübhəni gətirənlər sanki, demək istəyirlər ki, hədislər peyğəmbərdən 200 il sonra yazılıb, bu açıq-aydın yalan və uydurmadır. Çünki, artıq biz qeyd etdiyimiz əsərlərlə göstərdik ki, səhabələr hədisləri öz səhifələrində yazmışdılar. Lakin, bu yazılar elmi fəsil bölgüsünə uyğun hər mövzuda hədis eyni babda toplanmadığından dolayı sonrakı alimlərin işi bu hədisləri bablara və fəsillərə uyğun tərtib edib ayrıca kitab halına salmaq olmuşdur. Buxarinin və «Kutubu Sittə» (altı məşhur hədis kitabı) sahiblərinin hədisləri fiqhi bablarda cəm etməsindən öncə alimlər başqa üslublarda kitabları artıq yazmışdılar. Məsələn; muvattalar, musnədlər, onlardan da qabaq isə təkcə bir mövzuda yığılmış kitablar var idi. Məsələn; Zuhd, Qədər və s. mövzularda olan kitablar kimi.

Bu iki məsələ (yazmaq və tərtib etmək) arasında fərqi bilməyənlər elə biliblər ki, hədislər 200 il sonra yazılıb. Əgər onlar desəydilər ki, hədislər 200 il sonra mövzulara uyğun tərtib edilib, onda daha doğru söz söyləmiş olardılar. Amma, yazılmış hədislərin toplanması xəlifə Ömər İbn Əbdul-Əzizin dövründə, yəni yüz il sonra olmuşdur. Amma, hədislərin səhifələrə (papiruslara) köçürülməsi peyğəmbərin dövründə  artıq baş vermişdir ki, bu da haqqında danışdığımız şübhənin necə batil olduğunu göstərir.

 Lakin, bu məsələnin xülasəsi olaraq onu deyirik ki:

  1. Hədislər peyğəmbərin ﷺ dövründə səhabələr tərəfindən onların peyğəmbərdən eşitdiklərinə əsasən yazılıb. Heç də hədislərin hamısı iddia olunduğu kimi yalnız yaddaşlarda qalmayıb, necə gəldi ötürülməyib. Yaddaş amili mühüm olsa, da hədislər həm yazı, həm də yaddaş yolu ilə Buxarinin dövrünə ötürülüb. Hədislərin peyğəmbərin dövründə yazılmasının isbatını növbətli yazımızda ətraflı izah edəcəyik Allahın izniylə. Onda anlaşılacaq ki, əgər hədislər peyğəmbərin dövründə yazılıbsa, bu yüz və ya iki yüz il sonra yazılma söhbətinə lüzum yoxdur və Quranilər bununla sadəcə insanların başını aldadırlar. (Qeyd: Bu yazımızın əvvəlində də bu barədə rəvayətlər qeyd olunmusdur.)
  2. Xəlifə Ömər İbn Əbdul-Əzizin dövründə bu yazılar ibn Şihəb əz-Zühri (58h.-124h.) tərəfindən toplanıb, bir araya cəm edilmişdir (Hicrətin 100-cü ilində).
  3. Bundan sonra isə 200 il deyil daha da əvvəl hədislər kitab (yazı) halına salınmışdır. Buxari və digər alimlərin elmi götürdükləri qaynaqların əsası bu yazılarda mövcud idi. Onlar heç də özlərindən yeni bir şey gətirməmişdilər. Buxaridən əvvəl isə ilk dəfə Buxarinin gördüyü işə bənzər hədisləri kitab halına salan başqa alimlər də var idilər.

İbn Abdil-Bərr qeyd edir ki:

«Hədisləri ilk dəfə toplayan İbn Şihəb olmuşdur.» (Cəmiu Bəyənil-İlmi va Fadlihi, 1/73) O, hicrətin 58-ci ilində doğulmuş, 124-cü ilində vəfat etmişdir. Hədisləri yazıya toplamaq əmrini isə hicrətin 99 və 100-cü illərində hakimiyyətdə olan saleh xəlifə Ömər İbn Əbdul-Əzizin dövründə almışdır.

Beləcə anlaşılır ki, hədisləri ilk dəfə toplayan Buxari deyil, hətta, ilk hədis toplusu kimi məsələyə yanaşsaq, yenə də Buxari deyil, ondan qabaq yaşamış imam Məlik, Dərimi, Əhməd və s. (Allah onlara rəhmət etsin) olmuşlar.  İmam Zuhri isə onlardan əvvəl toplayıb, bu isə Quranilərin dediyi kimi peyğəmbərdən  200 il sonra deyil, 100 il sonra baş vermişdir. Onun topladığı məlumatlar isə artıq peyğəmbərin dövründə yazılmış səhifələrdə (papiruslarda) var idi. Artıq səhabələr də hədisləri yazmışdılar.

  1. Buxari isə sadəcə mövzulara uyğun başlıqlar qoymaqla mövzuya uyğun hədisləri bir araya toplamış və hədislərin isnadını, mətnini araşdırmışdır. O, hədis elminə uyğun daha mötəbər hədisləri kitabında qeyd etməyi özünə şərt qoymuşdu. Buna görə də Buxarinin kitabı ümmət arasında daha çox məşhurdur.

Sonda onu deyirik ki, əgər hədislər peyğəmbərin səhabələri tərəfindən səhifələrdə (papiruslarda) yazılıbsa, kiminsə sonradan bu hədisləri toplaması və elmi movzulara, fəsil və bablara uyğun kitab halına salmasını misal gətirib “hədislər 200 il sonra yazılıb” deməsi sizcə də absurd fikir deyilmi?! Xüsusən də o şəxsdən illər öncə əvvəl yaşamış imam Zuhri, imam Malik, imam Əhməd, imam Dərimi kimi böyük hədis alimləri qeyd olunmursa, məsələnin qoyulmasındakı qərəzli münasibət daha da aydın ortaya çıxmış olur.

 

 

İstifadə edilmiş mənbələr:

  • Qurani-Kərim.
  • Səhih əl-Buxari.
  • Sünən ət-Tirmizi.
  • Sunən əd-Dərimi.
  • Sunəni ibn Macəh.
  • Sunən İmam Əhməd.
  • Sunəni Əbu Davud.
  • Hucciyyətus-Sunnə.
  • Sunən əd-Darəqutni.
  • Cəmiu Bəyən əl-Elm.
  • Haşiyətu İbn Abidin.
  • Kitəb-ər-Ruh, İbnul-Qeyyim.
  • İbn Sadın «Tabaqat» əsəri.
  • İbn Salah, «Ulum əl-Hədis».
  • Şərhu Müslim, İmam Nəvəvi.
  • əl-Beyhəqinin «əl-Mərifə» əsəri.
  • Savaiq əl-Mursələ, İbnul-Qeyyim.
  • Bağdadinin «Təqyidul-İlm» əsəri.
  • əl-Mədxəl ilə dələilin-Nubuvvət.
  • əl-Quraniyyun və şubuhətuhum.
  • ət-Təbəri, «Cəmiul-Bəyən» Ə. Şakir.
  • Məcmuul-Fətəva, İbn Teymiyyə.
  • İbn Kəsir, «Təfsirul-Quranil-Azim».
  • əs-Sədi, «Teysirul-Kərimur-Rahmən.»
  • Fəthul-Bari bişərhi Sahih əl-Buxari.
  • ər-Risələ əl-Arşiyyə, İbn Teymiyyə.
  • Məkənət Sunnətun-Nəbəviyyə. Umar.
  • «Xizənətul-Ədəb», Xətib əl-Bağdadi,
  • «Şərhu Divanil-Həməsə» əl-Mərzuqi.
  • «Təfsirul-Quranil-Kərim» İbnul-Qeyyim.
  • əs-Sunnətu və Məkənətuhə fit-Təşrii əl-İsləmi, dr. Mustafa əs-Sibəi.
  • əl-Quraniyyun, nəşə’uhum, aqaiduhum, ədillətuhum, Ali Muhəmməd Zeynu.
  • Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd əl-Əazami.
  • əl-Hədis Huccətun binəfsihi fil-Aqaidi vəl-Əhkam, şeyx Albani.
  • Hucciyyətul-Hədisun-Nəbəvi, Muhəmməd İsmayıl əs-Sələfi, 2007.
  • əs-Sunnətu, Hucciyyətuhə va Məkənətuhə fil-İsləm var-Raddu alə Munkiriyhə, Muhəmməd Loğman. 1989.

 

Yazdı: Sahib Əsədov.