Əxlaq Məqalələr

Həcci başa vuran müsəlmanlara nəsihət

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz qardaşım, Allah məni və səni haqq üzərində sabit etsin! Allaha çoxlu şükr et ki, səni Onun evini həcc etməyə müvəffəq etdi. İndi isə O evi tərk edirsən və o mübarək yerlərdən səfər edirsən (ayrılırsan). Şəkk yoxdur ki, belə yerlərdən səfər etmək insana ağır gəlir. Xüsusən də O insan ki həcc əməllərini ixlasla etməyə çalışıb, Onun üçün belə yerlərdən səfər etmək (ayrılmaq) çox çətindir.

Sən oranı tərk etdiyin zaman xatırla ki, müqəddəs evi tərk edirsən, bir neçə gün əvvəl mübarək bir mövsümü başa vurdun. Elə bir mövsüm ki, itaətlərin və Allaha yaxınlaşdıran əməllərin savabının qat-qat artıq olduğu bir mövsüm.

Lakin əziz qardaşım, çalış ki, vətəninə qayıtdığın zaman itaətlərdə davamiyyətli ol! Özün üçün həyatında yeni bir səhifə aç ki, məbrur həcc sahiblərinin sifətlərinə nail olasan.

Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) demişdir: «Məbrur həcc, o həccdir ki, onun sahibi həccdən qayıdarkən dünyada zahid və axirətə can atan halda olur.»

Bəzi alimlər isə demişlər: «Məbrur həccin əlamətlərinddəndir ki, həccdən sonra insanın imanı, halı əvvəlki halından yaxşı olsun.»

Əziz qardaşım, bil ki, həqiqətən də sənin itaətlərdə davamiyyətli olmağın, qiyamət günü sənin xoşbəxtliyinin açarıdır. Belə ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Hansı əməl Allaha daha sevimlidir?” – deyə soruşduqda O, belə cavab verir: «Az olsa da davmiyyətli olan.» (Muslim)

Möminlərin anası Aişə (Allah ondan razı olsun) bir əməl etdiyi zaman o əməl üzərində davamiyyətli olardı. İnsanın itaətlərdə davamiyyətli olması onun salehliyinin əlamətidir. Çalış ki, az olsa da itaətlərdə davamiyyətli ol! Və bu az əməlləri aşağı görmə! Ola bilsin Allahu Taalə sənin az olsa da davamiyyətli etdiyin əməllərin səbəbi ilə sənə gözəl sonluq yazsın və sənin həccinin bərəkətini qoruyub saxlasın.

Nəfs tənbəllik və rahatlığı sevəndir. Çalış ona itaət etmə ki, şeytan sənə daxil olmağa yol tapmasın.

Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) demişdir: «Şeytan sənə baxdığı zaman səni itaətlərdə davamiyyətli görərsə səni azdırmağa çalışar və o səni yenə də itaətlərdə davamiyyətli olduğunu görərsə, bezər və səndən uzaqlaşar. Yox əgər səni gah davamiyyətli gah da əksinə görərsə, səni ələ keçirməyə tamah edər.»

Çalış ki, itaətlərə və asiliklərə qarşı səbrli ol! Həqiqətən itaətlərə və asiliklərə qarşı səbr etmək — səbrin ən uca mərtəbələrindəndir.

Məymun ibn Məhran demişdir: «Müsibətlərə qarşı səbr etmək gözəl şeydir. Lakin asiliklərə qarşı səbr etmək daha əfzəldir.»

Əziz qardaş, həccdə olduğun zaman, mübarək məkanlarda mücahidə etdiyin kimi, nəfsinlə mücahidə et! Zəifləmə! Necə ki, Allahu Taalə buyurur: «Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir.» (əl-Ənkəbut 69)

Həmçinin Allahu Taalə buyurur: «Kim həddi aşmışsa dünya həyatını axirətdən üstün bilmişsə həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə həqiqətən, Cənnət onun məskəni olacaq.» (ən-Nəziət 37-41)

Allaha çoxlu dua et ki, itaətlər üzərində sabit qalmağın üçün sənə yardım etsin! Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) bu duanı çox edərdi: «Ey qəlbləri çevirən, mənim qəlbimi dinində sabit et!» Bu barədə ondan soruşulanda isə O belə dedi: «Hər bir adəm övladının qəlbi Allahın barmaqlarından iki barmağı arasındadır. O istədiyini sabit edir, istədiyini də azdırır.» (Silsilətul əhədisis-Sahihə)

İtaətlərdən az əməl etdikləri zaman özlərinin yer əhlinin ən fəzilətli insanları olduqlarını hesab edənlər kimi, öz nəfsinə qürur əhlinin baxışı ilə baxmaqdan çəkin!

Beləki əziz qardaşım, sən daima özünə aşağı gözlə bax! Və bil ki, sən nə qədər saleh əməllər etsən də Allahın sənə verdiyi ən az nemətin belə şükrünü ödəyə bilməzsən. Əgər saleh insanların saleh əməllər etdikdən sonra hallarının necə olduğunu bilmək istəyirsənsə aşağıda gələnlər üzərində düşün!

Budur Allahın Rəsulu Muhəmməd (Allahın ona salavat və salamı olsun) Allaha ibadətin necə olduğunu bizə öyrədir.

Möminlərin anası Aişə (Allah ondan razı olsun) buyurur: «Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) o qədər gecə namazı qılardı ki, hətta ayaqları şişərdi. Mən ona dedim ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün belə edirsən? O dedi: “Allaha şükr edən qul olmayım mı?!» (Buxari və Muslim)

Başqa bir Hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Vallahi mən gün ərzində yetmiş dəfədən çox Allahdan bağışlanma diləyirəm.» (Buxari)

Gör Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) keçmiş və gələcək günahları bağışlandığı halda necə ibadət edirdi. Bundan sonra bizlərdən kimsə deyə bilərmi ki, “Mən həqiqi şəkildə Allaha ibadət etdim?!”

Budur Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun) xəlifə seçildiyi zaman xütbə deyərkən buyurur: «Ey insanlar artıq mən sizin üzərinizə xəlifə seçildim. Lakin mən sizin ən xeyirliniz deyiləm.» Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) buyurur: «Vallahi O insanların ən xeyirlisi idi. Lakin insan özünü aşağı görməlidir.»

Muhamməd ibn Əta buyurur: “Bir gün Əbu Bəkr ilə (Allah ondan razı olsun) oturmuşdum, O, bir quş gördü və quşa belə dedi: “Nə xoş sənin halına, bu ağacdan yeyirsən sonra da heçnə olursan və sənin üzərində hesab da yoxdur. Məndə sənin yerində olmaq istəyərdim.” Mən isə ona belə dedim: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sıddiqi olduğun halda səndəmi belə deyirsən?!”

Ömər ibn əlXəttab buyurur: “Qiyamət günü bir nidaçı çağıraraq desə ki, “Bir nəfərdən başqa hər kəs cənnətə girsin!”, O bir nəfərin özüm olduğumu zənn edərəm.”

Həcc edən qardaş və bacım, Allahın yardımı ilə bu qədər ibadətlər etdikdən sonra günahlar işləyərək, Allahın həddlərini aşaraq bu ibadətlərin üzərindən xətt çəkməyin! Etdiyiniz bütün ibadətlərə sizi müvəffəq edən Odur və Sizin üçün həyatda bundan böyük nemət ola bilməz. İbadətlərdə davamiyyətli olmaqla bu nemətin şükrünü əda etməyə çalışın!

Fudeyl ibn İyad (Allah ondan razı olsun) demişdir: «Ey həcc edən insan, həqiqətən Allahu Təalə həcc edənin əməlini nurdan bir möhürlə möhürləyərək qiyamətə saxlayar. Asiliklərlə o möhürü açmaqdan çəkin!»

Bil ki, günahlar insanın həyatını çətinləşdirir, üzünün nurunu aparır, ömürdə və ruzidə olan bərəkəti silir və beləliklə insan itaətlərdə və Allahla ünsiyyətdə olmağın ləzzətini itirir.

Və sonda: Əziz qardaş və bacım, əgər məbrur həccimizi qorumaq istəyiriksə birinci növbədə fərz və vaciblərə diqqət yetirək, asiliklərdən uzaqlaşaq, dilimizi qeybət, nəmmamlıq və yalandan, gözümüzü də harama baxmaqdan qoruyaq. Bilin ki, hər heccə gedən həcc etmiş sayılmır. Neçə-neçə həcc edən insanlar vardır ki, onlara həcclərindən yalnız yorğunluq qalmışdır.

Mucahid (Allah ona rəhmət etsin) insanların dəstə-dəstə həccə gəldiyini görərək Abdullah ibn Ömərə (Allah ondan razı olsun) belə dedi: «Nə qədər də çox həcc edən vardır!» O isə belə dedi: “Həcc edən nə qədər azdır! Əksinə de ki, «Nə qədər çox həccə gələn vardır.»

Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət etsin) insanların Ərafadan Muzdəlifəyə tələsdiyini görüb belə deyir: «Bu gün (hər kəsi) ötən insan, dəvəsi öndə gedən insan deyildir. Ötən insan o insandır ki, artıq onun günahları bağışlanmışdır.»

Sonda Allahu Taalədən istəyirəm ki, bizim həccimizi məbrur həcclərdən etsin! Bizi həccdən yeni doğulmuş uşaq kimi günahsız çıxanlardan etsin və bu həcci bizim axrıncı həccimiz etməsin! Amin.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment