Aktual Əxlaq Məqalələr Müxtəlif

Haram sevgi

«Qəlblər Allahı zikr etməkdən qafil olduğu zaman, Allah da onları Özündən başqasına qulluğa mübtəla edər!»

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Sevginin bir neçə növü vardır. Onlardan biri də həddi aşmış sevgidir ki, buna eşq deyilir. Eşq bəzən insanı küfrə sürükləyəcək bir həddə çatır. Belə ki, bir kəs aşiq olduğunu Allah kimi sevir və bununla da onu Allah (subhənəhu və təalə) ilə bir tutaraq küfrə düşür. Bu əfv olunmayan bir eşqdir. Çünki bu böyük şirkdir. Uca Allah isə şirki bağışlamaz. Şirk və küfr olan eşqə düçar olmuş kəs- Aşiq olduğu kəsin rizasını Allah rizasından üstün tutur. Əgər aşiq olduğu kəsin haqqı ilə Rəbbinə itaət haqqı uyğun gəlməzsə, həmin adam məşuqunun haqqını Allahın haqqından üstün tutar. Həmin adam, aşiq olduğu kəsə gücü çatdığı ən nəfis şeyləri verərkən, Rəbbinə ən qiymətsiz şeylərini verər. Aşiq olduğu kəsin razılığını, sevgisini qazanmaq üçün var gücünü sərf edər, ona yaxınlaşmaq naminə bütün vaxtını ona ayırar, fəqət Rəbbinə yerdə qalan vaxtı sərf edər! Aşiqlər haqqında düşünsən, çoxunun məhz bu cür olduğunu görəcəksən. Bunlardan bəziləri o qədər ifrata varmışdırlar ki, sevdiyi kəsə olan eşqlərinin – Tövhiddən daha xoş olduğunu söyləmişlər. Onların bir çoxu qəblərində aşiq olduğu kəsdən başqa heç bir kəsə yer qalmadığını və həqiqi anlamda bu sevginin qulu olduqlarını etiraf etmişlər.
Hikmət sahiblərindən biri demişdir: «Nə qədər aşiq oldu ki, məşuqları uğrunda mallarını, şərəflərini və canlarını tələf etdilər. Ailələrini, dinlərini və dünyalarını itirdilər.»

Şübhəsiz ki, bu eşq- böyük şirkdir. Bu kəs – Yaradana qul olmaq əvəzinə, yaradılana qul olmağa razı olmuşdur. Çünki əsl – qulluq hədsiz sevgi və zəlillikdir. Bu kəslər də, bütün sevgisini və zəlilliklərini aşiq olduğu kəslərə fəda etdiklərindən dolayı onların qulu olmağa qərar vermişlər. Bu cür eşq – zina ilə müqayisə edilməz. Çünki zina böyük bir günahdır, onu edənə təyin edilmiş bir cəza hökmü vardır. Bu cür eşq isə böyük şirkdir.

Hikmət sahiblərindən bir demişdir: «Özünə ibadət etdirən və Allahdan uzaqlaşdıran bir eşqə düçar olmağım, qəlbim razı olmadan zinaya düşməkdən daha pisdir!»
Tövhidə zidd olan bu ağır xəstəlik cəhalətdən və Allaha qarşı olan qəflətdən qaynaqlanır. Sələfi alimlərindən birinə «Eşq nədir?» soruşduqda, o demişdir: «Qəlblər Allahı zikr etməkdən qafil olduğu zaman, Allah da onları Özündən başqasına qulluğa mübtəla edər!»
Buna görə də, bu xəstəliyin əlacı – Tövhidi, Sünnəni bilmək, daha sonra isə qəlbi başqa şeylərlə məşğul etməyə imkan verməyən ibadətləri yerinə yetirmək və bu eşqi qəlbindən silməsi üçün Uca Allaha yalvarıb-yaxarmaqdır. Eşq xəstəliyinin İxlasdan daha xeyirli bir dərmanı yoxdur! Uca Allah buyurur: «Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim ixlaslı (seçilmiş) qullarımızdandır.» (Yusuf surəsi, 24)
Allah (subhənəhu və təalə) bu ayədə ixlas səbəbi ilə Yusuf peyğəmbəri (aleyhissələm) Eşq çirkabından qoruduğunu xəbər vermişdir. Çünki, əgər qəlb ixlaslı olarsa, o zaman bu cür eşq həmin qəlbə yol tapa bilməz. Bu haram eşq – ancaq boş və qafil qəlbə yol tapır. Çünki, qafil qəlb — Şeytanın məskənidir!

Şübhəsiz ki, Yusuf peyğəmbər (aleyhissələm) başına gəlmiş bu hadisədən Uca Allahın köməyi ilə qurtulmuşdur. Hərçənd ki, həmin an Yusuf peyğəmbəri (aleyhissələm) həmin qadının eşqindən qoruyacaq səbəblər yox dərəcəsində idi. Bu əmələ meyl etməyə təşfiq edən səbəblər isə çox güclü idi. Beləki:

1- Uca Allah kişilərin fitrətinə qadına meyl istəyini qoymuşdur. Susuz olan kəsin suya meyl etdiyi kimi, ac olan kəsin yeməyə meyl etdiyi kimi, kişi də qadına meyl edir. Hətta bəzi insanlar, susuzluğa, aclığa səbr edər, fəqət qadınsız olmağa səbr edə bilməz. Bu halal olduqda isə məzəmmətə heç bir yer qalmaz, əksinə öyülən bir haldır. Necə ki, Peyğəmbərimiz (Ona Allahın salavat və salamı olsun) demişdir: «Sizin dünyanızdan mənə qadınlar və ətir sevdirildi.» (İmam Əhməd)
2- Yusuf (aleyhissələm) gənc idi. Gəncin şəhvəti isə çox güclü olur.
3- Subay idi, şəhvətini öldürəcək bir zövcəsi yox idi.
4- Yaşadığı yerdən çox uzaqda idi. Bir kəs öz vətənində, ailəsinin və yaxınlarının əhatəsində edə bilmədiyi çox şeyləri onlardan uzaq bir yerdə rahatlıqla edir.
5- Qadın şərəfli və gözəl idi. Bir qadında olan bu xüsuslar da, ona meyl etməyə dəvət edən səbəblərdir.
6- Qadın əlaqəyə girmək üçün cəhd etmişdir. Bir çox kişilərdə qadına olan meyl- qadının inkar etməsindən dolayı yox olur, əksinə qadın bir kişiyə özü meyl edər və özünə yaxın olmağa izn verərsə, bu kişidə qadına qarşı istəyi artırar.
7- Qadın bunu özü istəmiş, özü təklif etmişdir. Beləcə Yusufu (aleyhissələm) istək zillətindən qurtarmışdır.
8- Yusuf (aleyhissələm) qadının evində və onun əmri altında idi. İtaət etmədiyi təqdirdə, ona əziyyət veriləcəkdir. Beləcə, həm bu baxımdan olan qorxu, həm də şəhvət və cazibə bir araya gəlmişdir.
9- Bu hadisənin yayılmasında Yusufun (aleyhissələm) heç bir qorxusu yox idi. Çünki qadın bu işə özü təşfiq etmiş və qapıları bağlayıb, gözətçiləri uzaqlaşdırmışdır. «Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: «Yanıma gəl!»– dedi.» (Yusuf surəsi, 23)
10- Yusuf peyğəmbər (aleyhissələm) onun köləsi idi və istənilən vaxt onun otağına girib-çıxırdı.
11- Qadın ona qarşı hiylə quran qadınlardan kömək istəmiş və Yusufu (aleyhissələm) onlara göstərərək halını şikayət etmişdir. Yusuf isə Rəbbinə belə demişdir: «Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram.» (Yusuf surəsi, 33)
12- Qadın bu işi etmədiyi təqdirdə Yusufu (aleyhissələm) zindanda həbs edəcəyi və alçaldacağı ilə təhdid etmişdir. Bu təhdid – bunları etməyə qadir olan biri tərəfindən idi.
13- Qadının əri onları bir-birindən uzaqlaşdıracaq dərəcədə də qısqanc deyildi. Əksinə bu hadisə qarşısında Yusufa (aleyhissələm) «Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç!», qadınına da: «Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən» (Yusuf surəsi, 29) –sözlərindən başqa heçnə demədi! Belə ki, qadının ərinin qısqanc olmamağı Yusufun (aleyhissələm) bu əməli etməkdən çəkindirməyəcək bir səbəb idi.

Fəqət, butün bunlara baxmayaraq Yusuf (aleyhissələm) Uca Allahın rizasını diləyib, Allah qorxusunu seçdi. Allah sevgisi — onun zina etməyini zindana dəyişməsinə səbəb etdi. «Yusuf dedi: «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur.» (Yusuf surəsi. 33)

İmam Hafiz Əbu Muhəmməd (rahiməhullah) rəvayət edir ki, «Bir nəfər eşqə düşdü. Aşiq olduğu kəs ondan uzaqlaşınca həmin adam, bu iztiraba dözməyib xəstələndi və yatağa düşdü. Sonra ona “məşuqən səni ziyarətə gələcək!”- söylədilər. Bu sözlər onu çox sevindirdi və üzüntüsünü apardı. O aşiq olduğunu gözləyərkən ona gəlib dedilər: “Yolun yarısına kimi gəldi və geriyə qayıtdı. Buraya qədər gəlmək fikrindən vaz keçdi.” Bu sözlər onu yenidən əvvəlki halına qaytardı. Hətta bu dəfə daha ağır xəstələndi və aşiq olduğu kəsə xitab edərək dedi: “Ey xəstənin rahatlığı, ey əldən düşmüş kəsin şəfası. Sənin razılığın mənə Yaradanın rəhmətindən daha xoşdur!”
Ona: “Allahdan qorx!”- söylədim və yanından qalxıb getdim. Evin qapısına çatmamış, onun ölüm iniltisini eşitdim. Pis sonluqdan Allaha sığınıram!»
Bu cür sevginin nə dini, nə də dünyavi bir faydası yoxdur. Əksinə zərərləri sayıla bilinməyəcək qədər çoxdur. Bu eşqin bəzi zərərləri bunlardır:
1- Məxluqun sevgisi və onu düşünməklə məşğul olub, Uca Allahın sevgisindən və zikrindən məhrum olmaq. Bunların hər ikisi bir qəlbə sığmaz, nəhayətində bunların biri digərini qəlbdən qovacaqdır.
2- Qəlbi daim hüzn içində olub, ona əziyyət verər. Qəm-qüssə içində boğular və heç rahatlıq tapmaz. Çünki Uca Allahdan başqasını sevən qəlb iztirab çəkməyə məhkumdur.
3- Qəlbi başqasının əlində əsarətdədir və aşiq olan daim zillət əzabı dadar. Fəqət, eşq sərxoşluğuna necə aludə olarsa, bunları hiss etməz. Həqiqətən, aşiqin həyatı — əlləri və gözləri bağlı olan bir əsirin həyatı kimidir.
4- Aşiq – ancaq eşqə qapanıb, vaxtını onunla məşğul edər və həm dini, həm də dünyavi işləri alt-üst olar. Eşq həqiqətən də, qəlbi darmadağın edər.
5- Bu haram eşqə düçar olmuş kəsləri müsibətlər əhatə edər. Çünki, qəlb eşqə yaxınlaşdıqca, Allahdan uzaqlaşar, Allahdan uzaqlaşdıqca da bəlalar ona yaxışlaşar. Şeytan bu kəsi öz ağuşuna alar və ona qarşı istədiyini edər. Və şeytan da heç bir zaman düşmənin qəlbinin rahat olmasını arzulamaz.
6- Eşq qəlbə sahib olduğu zaman – aşiqin ağlını alıb, zehnini pozar. Necə ki, hikmət sahiblərindən biri demişdir:
— Dəliliyin növləri vardır, onlardan biri də EŞQdir.
7- Eşq insanı kor və kar edər. Belə ki, aşiq məşuqunun qüsurlarını görməz, onda olan pis xüsusları eşitməz. Eşq- gözə çəkilən bir pərdədir.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) Ərəfatda ikən yanına haldan düşmüş bir kəsi gətirdilər. İbn Abbas onun dərdinin nə olduğunu soruşduqda, onun eşqə düşdüyünü söylədilər. Bunu eşidən İbn Abbas həmin gün ərzində Eşqdən Allaha sığındı!

İbnul Qeyyim əl-Cəuziyyənin “Əd-Də’u vəd-Dəva” kitabı əsasında…

Hazırladı: Ummu Suleyman

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment