Məqalələr

“Halloween bayramı” ?!

Şirk üzərində qurulmuş “bayram”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Miladi təqvimlə 31 oktyabdan 1 noyabra keçən gecə cadugər və küpəgirən qarı geyimində qapı-qapı gəzən uşaq və gənclər, pəncərələrdə gözündən qığılcım çıxan qorxunc təbəssümlə gülümsəyən balqabaq.

Bir vaxtlar kütləvi informasiya vasitələri ilə uzaq ölkələrin bizlərə yad olan bu qəribə ənənəsi təəssüflə qeyd etmək gərəkdir ki, artıq ölkəmizdə də təhsil ocaqlarında, iş yerlərində müsəlman gəncləri və uşaqları arasında müasirlik, bayram, parti, əyləncə və s. adı altında yayılmaqdadır.

Bəs bu “bayram” öz əslini haradan götürmüşdür?

Toronto York Universiteti tarix professoru Nikolas Rocerssözügedən sahədə apardığı araşdırmalarında qeyd edir ki, bu ritual öz əsaslarını paqanizmdən götürmüşdür. Belə ki, vaxtilə indiki Şimali Fransa, İngiltərə və İrlandiya ərazisində məskunlaşmış bütpərəst keltlər ilin fəsillərini “tünd” və “açıq” adı altında təsnif edər, inanardılar ki, soyuq noyabrın gəlişi ilə il “tünd” mövsümünə girəcək, ona görə də Samayn (ing.:Samhain) deyilən şər qüvvədən qorunmaq üçün müqəddəs ruhları köməyə çağıradırlar. Turpdan müxtəlif qorxunc uyuqlar düzəldərək evlərinə asaraq inanardılar ki, bununla tünd mövsümdə “pis ruh”u qova biləcəklər.

Xristian dini gəldikdən sonra katolik kilsəsinin təsiri altında bu bütpərəst ayin bir qədər deformasiyaya uğradı, müqəddəs ruhlar xristian kahinlərini ifadə etməyə başladı, turpdan oyularaq adam forması verilən “Cekin fənəri”ni (ing. Jack-o’-lantern) nisbətən daha ucuz olduğundan balqabaq  əvəzlədi. Günümüzdə isə Hallouin artıq əksərən paqan ayinindən törəmiş müasir bir marketing industriyasına çevrilmiş, kütlə psixologiyasından istifadə edilərək, insanların kortəbii şəkildə hər il milyardlarla pul sərf etdikləri bir “əyləncə”yə çevrilmişdir. (“Halloween: From Pagan Ritual to Party Night”, Oxford University Press 2003).

Beləliklə aydın olur ki, əsli Allahdan qeyrisindən kömək istəmək üstündə, şirk üzərində qurulmuş bu “bayram” Tövhid dini olan İslama qəti şəkildə ziddir.

Uca Allah Qurani Kərimdə buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.” (Quran, Nisa, 48).

Digər ayədə: “Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Quran, Loğman, 13).

Həmçinin: «Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan”» (Quran, Zumər, 65).

Hətta müsəlmanlardan bəziləri “biz bu ayinə inanmırıq, sadəcə əylənmək üçün bayramı qeyd edirik” desə də bilsin ki, “haram buketi”nin içinə düşmüş olur.

Bunlara misal olaraq aşağıdakıları göstərmək mümkündür:
— Öz yaradılış qayəsini unudur. Allah Təala buyurmuşdur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Quran, Zəriyət, 56).

— Peyğəmbərimizin buyurduğuna asi olur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi dəqadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Quran, Həşr, 7).

Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin oynayıb əyləndikləri iki bayram günü var idi. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun): Bu günlər nədir?deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir”. ƏbuDavud, Nəsəi, İmam Əhməd. Şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir.

— Özünü qeyri-müsəlmanlara bənzədir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir qövmə, tayfaya bənzəyərərsə, o da, onlardandır.” Əbu Davud, İmam Əhməd. şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir.

— Pis dostların əhatəsinə düşür: Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) müsəlmanları dost seçimində diqqətli olmağa səsləyərək bildirir:” İnsan öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dostluq etdiyinə fikir versin”. (Əbu Dəvud, Tirmizi).

— Eləcə də abır-həyanın itdiyi, qadın və kişilərin qarışdığı, musiqi və içkinin baş alıb getdiyi və s. belə məclislərdə bir çox digər çirkin əməllərə bulaşmış olur.

Elə isə, ey Allahın İslamla şərəfləndirdiyi gənc! Dininin qiymətini bil, ona çirkin adətləri, mənasız işləri əlavə etmə. Bil ki, müsəlmanlar öz dinlərini hər şeydən uca tutmadıqca, kamil olan dinlərini qoyub, batil sevdaların arxasınca düşdükcə, azar, rəzil olarlar. Qoy Uca Allah səni İslamla izzətləndirsin. Sənə başqa ənənələri sırımağa çalışanlara isə de ki: “Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Quran, Kəfirun, 6).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulAziz