Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
İnsanların yaşayışı üçün istifadəsinə verilən bütün nemətlər rizq adlanır. Ər-Rəzzaq Uca Allahın 99 kamil adından biridir, “ruzi verən” deməkdir.
Uca Allah Öz Kitabında belə buyurur: “De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”” (Quran, Səba, 39).
Ruzini verən Allahla yanaşı müsəlmanın qəlbini istər canlılara, istər hadisələrə, istərsə də nəsnələrə bağlaması, Allahla yanaşı onlardan kömək diləməsi şirkdir. Düşünün, gündə ən az beş namazımızda Fatihə surəsini oxumağımızın əmr edilməsinin səbəblərindən biri də elə budur: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.” (Quran,Fatihə,5)
Bəs ruzini artırmaq üçün hansı səbəblərdən istifadə etmək olar. Onlardan bir neçəsini sadalayacağıq inşəAllah:
1. Allaha təvəkkül etmək
Halal, təmiz işlə, sənətlə, ticarətlə və s. Bu kimi səbəblərdən yapışaraq Allaha qəlbin tam şəkildə təvəkkül etməsi ruzinin artılımasının mühüm səbəblərindəndir. Necə ki, Muhəmməd (Allahın ona salavatı və salamı olsun) quşların yuvalarında gözləyərək yox, yuvalarından yem ardınca uçmaları misalını gətirdiyi hədisdə bunun şahidi ola bilərik: “Əgər siz Allaha layinqincə təvəkkül etsəydiniz, quşları boş qarınla yuvalarından uçaraq, tox geri qayıtmaqlarına səbəb olduğu kimi O sizi də ruziləndirərdi”. Nəsai, Tirmizi. Şeyx Albani səhihləmişdir.
2. Dua etmək
Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) tez-tez bu duanı edərək, Uca Allahdan gözəl ruzi istəyərdi: “Allahım, Səndən faydalı elm, gözəl ruzi və qəbul olunan əməl istəyirəm”. İbn Macə, şeyx Albani səhihləmişdir.
3. Zəiflərə və acizlərə yaxşılıq etmək
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: ”Ola bilsin ki, sizə içinizdəki zəiflərə görə yardım olunur və ruzi verilir”. Nəsai, Tirmizi. Muslimin şərtlərinə görə səhihdir.
4. Qohumluq əlaqələrini möhkəmlətmək
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Bol ruzi və uzun ömür istəyirsinizsə, qohumluq əlaqələrinizi möhkəmləndirin”. Buxari, Muslim
5. Həcc və Ümrəni çoxaltmaq
Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həcc və Umrə edin. Həqiqətən onlar kasıblığı və günahları körüyün pası təmizlədiyi kimi təmizləyir.” İmam Əhməd, Tirmizi, İbn Macə. Şeyx Albani səhihləmişdir.
6. Ev əhlinə namazı əmr etmək
Qurani Kərimdə deyilir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır”. (Quran, Ta-ha, 132)
7. Təqva
Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər. və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.” (Quran, Talaq, 2-3)
8. İbadət əhli olmaq
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən qüdsi hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) Uca Allahın belə buyuduğunu demişdir: “Ey Adəm övladları! Mənə ibadət edin. Əgər belə etsəniz, qəlblərinizi zənginləşdirər, sizi kasıbçılıqdan qurtararam. Əgər Mənə ibadət etməsəniz qəlbiniz sıxıntı içində olar və güzaranınız da çətinləşər”. İmam Əhməd, Tirmizi, İbn Macə . şeyx Albani səhihləmişdir.
9. Daim şükr etmək
Allah Təala buyurur: “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.” (Quran, İbrahim, 7)
10. Evlənmək
Müqəddəs Kitabımızda deyilir: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” (Quran, Nur, 32)
11. Övlad sahibi olmaq
Qurani Kərimdə buyurulur: “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.” (Quran, İsra, 31)
12. Tövbə etmək
Uca Allah deyir: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar”. (Quran, Nuh, 10-12)
13. Sədəqə vermək
Allah Təala buyurur “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir.” (Quran, Bəqərə, 261)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Hazırladı: Ummu AbdulAziz