Məqalələr

Günahlar tövbədən sonra dərhal silinirmi?

Qəlbləri daşlaşdırıb, qıfıllayan günahlar…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.” (Quran, İnfitar, 5).

“Hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.” (Quran, Təkvir, 14).

Qəlbləri daşlaşdırıb, qıfıllayan günahlar… Kamil olan Allahdan başqa hər bir kəs günah və xətalardan xali olmasa da təqvalı insan hər əməlini hesaba çəkib, öz qəlbini araşdıran, dərhal tövbəyə can atan, əməlindən peşman olandır.

Lakin bir çoxunu günahlara qarşı laqeyd, səhlənkar, qəflət bir mövqedə görərsən. Onlar “necə olsa tövbə edəcəm və hər şey unudulacaq” deyərək, əməllərinin sanki kompyuterdəki “delete” düyməsinə toxunan kimi silinəcəyinə etiqad edir, bu da onu rahatlaşdırır, günahlarını kiçik, milçək vızıltısı kimi əhəmiyyətsiz görməyə vadar olur.

Beləliklə də yeni-yeni pis əməllərə şeytanın onu gizlincə hazırladığını heç anlamır da.

Əslində isə səhih dəlillər göstərir ki, insanların günahı hətta tövbə etdiyi təqdirdə belə dərhal silinmir, ta ki, Qiyamət Gününədək.

“Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:”Həsən əl-Bəsrinin belə söyləmişdir: ”Insan günah edir, sonra peşman olur və tövbə qapısını döyür və Allah onu bağışlayır. Amma Allah bu günahı onun əməl kitabından nə üçün günah etdiyini sual etmədikcə silmir!” Sonra Həsən hönkürtü ilə ağladı və davam etdi: ”(Rəbbimizin hüzurunda) bu utancı hiss etməyimiz kifayətdir ki, öz halımıza yorulmadan ağlayaq”.

Bilal ibn Sad (Allah ona rəhmət etsin) demişdir: ”Allah Öz bəndələrinə onların günahını bağışlasa da etdiklərini əməl dəftərindən dərhal silmir. Hətta tövbə etsə də Qiyamət Günü onu Öz quluna təqdim edəcəkdir”.

Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir: ”Qiyamət Günü Allah qulunu Özünə yaxınlaşdıracaq, sonra digər insanların nəzərindən onu gizlədəcəkdir. Daha sonra bəndəyə əməl dəftəri təqdim olunacaq və deyiləcək:” Ey Adəm oğlu, kitabını oxu!” İnsan əməl kitabını oxuduqda xeyir əməllərinə çatanda üzü işıqlanacaq və qəlbi sevinəcək. Rəbbi soruşacaq:”Bunlar sənə tanışdırmı?” Qul:”Bəli” söyləyəcək. Allah buyuracaq:”Mən onları səndən qəbul etdim” və insan Rəbbinin hüzurunda səcdəyə qapanacaq. Uca Yaradan buyuracaq:” Başını qaldır və davam et!”. İnsan yenidən oxumağa davam edəcək. Günah əməllərinə rast gəldikdə isə üzü qaralacaq, qəlbi qorxudan sıxılacaq və titrəməyə başlayacaq. Öz Rəbbi qarşısında elə bir utanc hiss edəcək ki, bunun böyüklüyünü yalnız özü biləcək. Allah soruşacaq:”Bunlar sənə tanışdırmı?” İnsan:”Bəli, ey Rəbbim” deyəcək. Uca Yaradan ona:” Mən onları bağışladım” və qul Öz Rəbbi qarşısında səcdəyə qapanacaq. Digər insanlar Allahla onun arasındakının məğzini bilməyəcək, yalnız insanın səcdəyə qapandığını görəcək və deyəcəklər: ”Tubə (Cənnətdə ağac, qurtuluş) olsun ona, o heç vaxt öz Rəbbinə asi olmayıb!”.”

Əbu Osman ən-Nəhdi  Salmandan bu sözləri rəvayət edir:”Qiyamət Günü qula əməl dəftəri təqdim olunacaq. Oxumağa başladıqda günahlarını görəcək və qəlbini kədər bürüyəcək. Sonra səhifənin sonunda saleh əməllərinə rast gələcək. Sevinəcək və yenidən günah əməllərinə qayıdıb baxmaq istəyəndə onların xeyirlə əvəzləndiyini görəcək”. “Cəmi əl-ulum və-k-hikəm”, 453.

Allahdan bizləri qəlblərimizi diri tutmağa və günahlarımızı dağlartək böyük görməyə müvəffəq etməyini diləyirik.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti