Məqalələr

Gözmuncuğu, həmayıl, talisman = Şirk, xurafat, cahillik

“Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.” (Quran, Talaq, 3).

“Təmimə” Ərəb kəlməsi olub luğəti mənada  tilsim deməkdir. İstilahi mənada isə insanın gözdəymə və s. kimi zərərləri dəf etmək məqsədilə asdığı və ya üzərində gəzdirdiyi daş, muncuq, parça, dəmir və digər əşyalara deyilir. Hətta günümüzdə eyni məqsədlə insanların yanlarında gəzdirdikləri oyuncaq, zinət vasitələri və  sair əşyalar da təmimə hesab edilir.

Bu əşyalara münasibətdə isə cəmiyyətimizdə müxtəlif mövqeli insanları görmək mümkündür:

Onlardan bir qismi  ümumiyyətlə gözdəymə, cin toxunması, sehr və s.kimi zərərləri ümumiyyətlə inkar etdiklərindən, buna qarşı qorunmağı da ağılsızlıq, xurafat, geridəqalmışlıq adlandırır;

Digərləri bu tip şərə inanır, lakin qorunarkən elmsiz şəkildə  cahilliklə ondan-bundan eşitdiklərini tətbiq edir, nəticədə isə şirk, haram və bidət əməlləri etmiş olurlar. Necə deyərlər, qaş düzəltdiyi yerdə gözü də çıxarırlar;

Yalnız üçüncü qism öz ağlı və nəfsi ilə yox, məsələyə elmi prizmadan  yanaşır, əməllərini düzgün əqidə üzərində qururlar. Məhz sonuncu ən salamat və düzgün olan mövqedə olan insanların seçdiyi yoldur.

İlk əvvəl qeyd etmək yerinə düşər ki, yuxarıda sadalanan bütün zərər növlərini dinimiz İslam haqq sayır:

Gözdəymə haqqında hədislərdə belə buyurulur:

 Ibn Abbasdan (Allah ondan da , atasından da razı olsun)  rəvayət edilən hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)belə deyir: “Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi.”  Buxari, Muslim.

Cabir (Allah ondan razı olsun!) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Nəzər insanı qəbrə, dəvəni qazana salar” İbn Hibban. Şeyx Albani səhihləmişdir.

Sehrin haqq olmasına dair isə Uca Allah Qurani Kərimdə belə buyurur: Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.” (Quran, Bəqərə, 102).

Cin toxunmasına dair isə müqəddəs kitabımızdan bu ayəni dəlil gətirmək olar:

 “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar” (Quran, Bəqərə, 275).

Şeyx Fouzan (Allah onu qorusun) bu ayənin cin toxunmasının haqq olmasına dəlalət etdiyini bildirmişdir. “Məcmu əl-Fətəva Şeyx Fouzan” 1/52.

Lakin bu zərərlərdən qorunarkən insanların bir çoxunun azdığını görmək mümkündür: “İman gətirənlərin əksəriyyəti Allaha şərik qoşmadan inanmırlar”. (Quran, Yusif, 102).

Qəlblərini  bütünlüklə Allaha bağlamaq əvəzinə Onunla yanaşı daşdan, dəmirdən, parçadan mədət ummaq, bu özlərini belə sınmaqdan, yırtılmaqdan, paslanmaqdan qoruya bilməyən cansız vasitələrin, aciz əşyaların hər hansı bir zərəri dəf etməyə qadir olmasına inanmaq ən yumşaq dillə desək, sadəlövhlükdür. İstər Quran, istərsə də Sünnədə gözmuncuğu, qolbaq, həmayıl, talisman və s. vasitələrlə zərəri dəf etməyin qadağan olmasına dair dəlillər mövcuddur. Qurani Kərimdə buyurulur: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!” (Quran, Həcc, 73).

Şeyx Əs-Səədi (Allah ona rəhmət etsin) ayənin təfsirində belə demişdir: “Hər hansı bəlanın qarşısını almaq ya da ondan xilas olmaq üçün halqa, ip, tilsim və bunun kimi əşyalar taxmaq Uca Allaha həmin şeyləri şərik qoşmaq deməkdir. Bu, ibadətdə şirkdir və Allahla yanaşı başqa nəsnələri də ilahlaşdırmaq hesab edilir. Qəlbən həmin əşyaların xeyir ya da zərər gətirəcəyinə inanmaq şirkdir.” “Qoul əs-sədid”, 89.

Uqbə bin Amir (Allah ondan razı olsun) Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Təmimə asana Allah xeyirli sonluq verməsin, gözmuncuğu gəzdirənə Allah rahatlıq nəsib etməsin”İmam Əhməd, İbn Hibban, Hakim. Şeyx Albani səhihləmişdir.

Əbu Səadə deyir ki: “Gözmuncuqları ərəblərin uşaqların boynuna taxdığı muncuqlardır, onlar (muncuqların uşaqları nəzərdən qoruduğunu) güman edirdilər. Lakin İslam bütün bunların boş bir şey olduğunu isbat etdi”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Kim Təmimə – tilsim assa şirk etmiş olur”. İmam Əhməd. Şeyx Albani səhihləmişdir.

Bütün bunlardan aydın olur ki, gözmuncuğu, həmayıl, talisman və sair bunun kimi əşyaların özlüyündə insanı qoruduğuna etiqad etmək böyük, bu əşyaların Allahın qoruması üçün bir səbəb olduğuna inanmaq isə kiçik şirkdir. İstənilən halda Qurani Kərimdə bu dəhşətli əməl haqqında belə buyurulur: “Şübhəsiz ki, Allah Özü­nə şərik qoşulmasını bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə ba­ğışla­yar” (Quran, Nisa, 48).

Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!” (Quran, Loğman, 13).

Bəs elə isə İslam Şəriəti bizə gözdəymə, sehr, cin toxunması kimi şərlərdən hansı vasitələrlə qorunmağı halal buyurmuşdur?

İlk əvvəl hər bir müsəlman qəlbini bütövlüklə Allaha bağlamalı, bilməlidir ki, Onun izni olmadan heç bir xətər insana toxuna bilməz. Qoruyan da, Şəfa verən də şəriki olmayan Allahdır.

“Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz”. (Quran, Yunus 107).

Uca Allahın himayəsinə nail olmaq üçün isə müsəlman mümkün qədər çox haramlardan çəkinməli, saleh əməllər görməli və Şəriətlə icazəli olan vasitələrlə qorunmağa çalışmalıdır.

Eləcə də mümkün qədər insanların diqqət mərkəzində olmaqdan, necə deyərlər “məclislərin gözü” olmaqdan, cəlbedicilikdən çəkinmək gərəkdir.

Peyğəmbərimiz  (Allahın ona salavatı və salamı olsun) və səhabələri  (Allah onların hamısından razı olsun) sehr, cadu, cin toxunması, gözdəymə kimi zərərlərdən ruqyə edərək – Quran ayələri və zikrlər oxumaqla Allaha təvəkkül edərək müalicə olunardılar. Necə ki, Uca Allah buyurur: Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar” (Quran, İsra, 82).

“Səhih Buxari”də varid olan hədislərdən aydın olduğu kimi xüsusən, hər namazda çoxlarımızın tez-tez oxuduğu və əzbər bildiyi Kursi Ayəsi, Fatihə surəsi, İxlas, Fələq, Nəs surələri hər bir müsəlmanın qəlbini tam Allaha bağlayaraq, özünü müalicə edə biləcəyi sünnələrdəndir.

Ənəs ibn Malik (Allah ondan razı olsun) söyləyir ki, Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) əqrəb sancmasına, nəzərə və ekzemaya qarşı ruqyə (dua) oxumağa icazə verdi. Muslim.

Başqa hədisdə: “Gözü dəyən insan dəstəmaz alsın və həmin su ilə nəzər dəyən xəstə qüsl etsin”. Əbu Davud

Aişə anamız (Allah ondan razı olsun) söyləyir: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)  mənə (və ya birisinə) nəzər dəyməyə görə dua (ruqyə) oxumağı əmr etdi”. Buxari, Muslim

Əsma bint Ümeys (Allah ondan razı olsun!) Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun): “Ey Allahın Rəsulu, Cəfər oğullarına nəzər dəydi. Onlara oxuya bilərəmmi?—deyə soruşdum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəli, qədəri keçə biləcək bir şey olasaydı, əlbəttə, onu nəzər keçərdi”.” Tirmizi.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) nəvələri Həsən və Hüseynin (Allah onlardan razı olsun!) nəzərdən qorunması üçün bu duanı oxumuşdur:
[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]
Hər bir şeytan,hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlimələrinə həvalə edirəm.  Buxari.

Bəs qorunmaq üçün  müsəlmanların üzərlərində gəzdirdikləri yaxud evlərinə, nəqliyyat vasitələrinə asdıqları “Allah” yazılmış, Quran ayələri işlənmiş əşyaların hökmü barədə nə demək olar?

Baxmayaraq ki, bunun icazəli olub-olmamasına dair İslam alimləri arasında ixtilaf mövcddur, istər üzərində Allah Kəlamı yazılıb asılmış həmin əşyaların hörmətinin, təmizliyinin layiqincə qorunmasını təmin etmək həmişə mümkün olmadığından, istərsə də qorunmaq üçün asılan, gəzdirilən istənilən cür həmayılların hamısına ümumi qadağa gəldiyindən, istərsə də insan qəlblərinin həmin tilsimlərdəki kəlamların mənasına yox, məhz şəklinə bağlanması təhlükəsi olduğuna görə üstün rəyə əsasən bu da qadağandır.

“Quran ayələri yazılmış həmayılların haram olub-olmamasında ixtilaf edilsə də, ən güclü rəyə əsasən qadağa gəlmiş hədislərin ümumi mənasına əsaslanaraq, şərə qapı açdığı üçün bu icazəli deyil”. “Daimi Fətvalar Heyəti”, 1/212.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

 fəqih.com heyəti