Məqalələr

Gözəllik salonu (3-cü hissə)

Bədənə qulluq xidmətləri ilə bağlı bəzi şəriət əhkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Tarix boyu qadınlar yaradışlarından gələn ehtiyacı təmin etmək üçün müxtəlif gözəllik xidmətlərindən istifadə etmişlər. Günümüzdə bu xidmətlərdən adətən “gözəllik salonu” adlanan məkanlarda faydalanmaq mümkündür. Müsəlman qadının öz əri üçün gözəl görünməyə çalışması Şəriətlə ibadət hesab edilsə də, İslam alimləri qadınları yalnız yad kişilərdən, haramlardan, fitnədən uzaq, əmin və salamat gözəllik mərkəzlərindən istifadə etməyə və bu məsələdə olduqca ehtiyatlı olmağa səsləmişlər.

Mömin qadınlara da de ki, … zinətlərini (naməhrəmə) göstərməsinlər.” (Quran, Nur, 31).

Bu yazı gözəllik salonlarında tətbiq olunan bəzi bəzək proseduralarına İslam dininin münasibəti ilə müsəlman bacılarımızı tanış etmək məqsədilə tərtib edilmişdir.

Bədənə qulluq xidmətləri ilə bağlı bəzi şəriət əhkamları

Gözəllik salonlarında təklif edilən xidmətlərdən bəziləri isə məhz bədənə baxım sahəsinə yönəlmişdir.

Övrət yerinin qadının öz evindən başqa yerdə açılması qadağandır

İnsan bədəni onun övrətinin, həyasının gizləndiyi yerdir. Bu səbəbdəndir ki, imanın şöbələrindən olan həyanın qorunması üçün Axirətə inanan hər bir müsəlman əlindən gələni etməlidir.

Müsəlman qadın gözəllik salonunda həyata keçirilən solariy, buxar vannası, massaj, epilyasiya və s. kimi xidmətlərdə övrətinin qismən yaxud bütünlükləaçılmasına əsla icazə verməməli, çəkinməlidir:

Aişə anamızın (Allah ondan razı olsun) Şamdan qadınlar gəldkdə o, qonaqlardan soruşdur: “Siz kimsiniz?” Onlar dedilər: “Biz Şam əhliyik”.  Aişə (Allah ondan razı olsun): “Yəqin ki, siz qadınların ictimai hamamlara getdiyi yerlərdənsiniz”. Onlar cavab Verdi: “Bəli”. Onda möminlərin anası (Allah ondan razı olsun) belə söylədi: “Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə dediyini eşitdim: “Ərinin evindən başqa yerdə paltarını soyunan qadın Allahla öz arasındakı pərdəni yırtmışdır” Əbu Davud, İbn Macə, Hakim. Şeyx Albani səhihləmişdir.

Ümmü-Dərdadan( Allah ondan razı olsun) rəvayət edilən digər hədisdə isə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Nəfsim Əlində Olana and olsun ki, öz analarından başqasnın evində paltarını çıxaran özü ilə Ər-Rəhman arasındakı pərdəni yırtmışdır İmam Əhməd. Şeyx Albani səhihləmişdir.

Daimi Fətvalar Komitəsi hədislərin şərhində bildirmişdir: “Bu hədislər qadınlara öz ərlərinin evindən başqa yerlərdə övrətləri açılacaq qədər soyunmağı və bunu başqalarının görməsinə imkan yaratmağı qadağan etmişdir. Fitnədən uzaq olan məhrəmlərinin evində dincəlmək və ya paltarını dəyişmək və s. üçün soyunmağa gəldikdəisə burda problem yoxdur”. “Fətəva əl-Ləcnə əd-Dəimə”, 17/224.

Bədən tüklərinin alınması

Ümumiyyətlə şeyx Useymin insan bədənindəki tükləri Şəriət çərçivəsindən üç qismə bölmüşdür.

1.  Götürülməyi qadağan olan tüklər. Bunlar qaşlar və kişilərdə saqqaldır.
2.  Götürülməyi savab olan tüklər. Bunlar bığlar, qoltuq atındakı və qasıqdakı tüklərdir.
3. Götürülməyi mübah olan tüklər. İnsan bədənində yerdə qalan bütün tüklər isə bu kateqoriyaya aiddir. Onların götürülməsi yaxud saxlanması fərdi olaraq, hər insanın öz vəizyyətinə görə şəxsi seçimidir. “Fətəva əl-Mərah əl-Müslimə”, 3/879.

Bədən tüklərinin başqa qadınlar tərəfindən alınması xidmətinə gəldikdə isə bu, övrət yeri istisna olmaqla (qol, ayaq kimi) digər əzalardakı tüklərin başqa qadın tərəfindən götürülməsi caizdir. “Fətəva əl-Ləcnə Əd-Dəimə”, 5/194.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Qoy heç bir kişi başqa kişinin, heç bir qadın da başqa qadının övrətinə baxmasın”. Muslim.

Dırnaqlar

Kişi və ya qadın olmasından asılı olmayaraq, hər bir müsəlman əl və ayaq dırnaqlarının baxmına diqqət etməli, onları təmiz və gigiyenik şəraitdəsaxlamalıdır.

Lakin baxım dedikdə nəzərdə tutulan onların uzadılması yox, kəsilməsi nəzərdə tutulur. Bu da dırnağın altına yığılan çirk və mikrobların müxtəlif mədə-bağırsaq, dəri xəstəliklərinə yol açmasının qarşısını alır.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Beş şey fitrətdəndir: sünnət olmaq, qasıq tüklərinin qırxılması, bığların qısaldılması, dırnaqların tutulması və qoltuqaltı tüklərin yolunması” Buxari, Muslim.

Digər bir hədisdə isə Ənəs ibn Malik (Allah ondan razı olsun) bildirmişdir: “Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun)  bığlarımızı qısaltmaq, dırnaqlarımızı tutmaq, qoltuqaltı tüklərini didmək və övrət tüklərini qırxmaq üçün vaxt həddi qoymuşdu: biz 40 gündən çox müddətə bunu tərk etmirdik.” İmam Əhməd, Nəsai.

Dırnaqların uzadılmasının qadağan olması barədə Daimi Fətvalar Heyəti belə bildirir:

“Dırnaqların tutulmasındakı hikmət gigiyenanı təmin etməkdən ibarətdir. Həmçinin bununla insan kafirlərdən fərqlənir və heyvanlara öz caynaqları ilə bənzəməkdən çəkinir.” “Fətəva əl-Ləcnə əd-Dəimə», 5/173.

Süni dırnaqlar qoymağa gəldikdə isə bu da həm müxtəlif dırnaq xəstəliklərinə yol açdığından, həm də fitrətə müxalif olduğundan münkər əməl kimi qiymətləndirilir. Bu barədə şeyx İbn Bazın (Allah ona rəhmət etsin) “Fətəva Ən-Nur alə Darb” kassetlərində dinləmək mümkündür.

Dırnaqların boyanmasına gəldikdə isə, zinətlərini naməhrəmlərə göstərməmək şərtilə istər xına kimi təbii vasitələr olsun, istərsə də günümüzdə geniş yayılmış müxtəlif sintetik dırnaq boyaları olsun bunlardan gözəllik üçün istifadə etməkdə problem yoxdur. Amma dəstəmaz və qüsl alarkən əgər bu vasitələr dırnağa su keçməyinin qarşısını alırsa, əvvəlcə həmin boyanı silmək gərəkdir. “Fətəva əl-Ləcnə əd-Dəimə”, 5/218.

Günümüzdə “halal”, “nəfəs alan”, “su keçirən” reklam şüarları ilə kosmetik mağazalarda satılan dırnaq boyalarına gəldikdə isə ziddiyyətli istehlakçı (alıcı)rəyləri bunun həqiqətə nə dərəcədə uyğun olduğunu şübhə altına salır.

Daimi Fətvalar Komitəsinin, şeyx İbn Useymin, şeyx İbn Baz, şeyx Fouzanın qadınlara dair fətva, kitab və risalələri əsasında tərtib edilmişdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti