Hədislər toplusu

Gözəl söz danışmaq, qonşunun və qonağın haqqını qorumaq

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin.” [1] (əl-Buxari və Müslim rəvayət etmişlər.) 

HƏDİSİN ŞƏRHİ

“Kim… iman gətiribsə” ifadəsi şərt cümləsidir. Onun cavabı: “ya xeyir danışsın, ya da sussun” hissəsidir. Burada məqsəd insanı xeyir söz danışmağa və ya susmağa təşviq etməkdir. Sanki: «Əgər Allaha və axirət gününə iman gətiribsənsə, xeyir söz danış ya da sus.» – deyilmişdir.

“ya xeyir danışsın” xeyir iki cür ola bilər. Ya danışığın özü xeyir sayılsın, ya da məqsəd xeyir olsun.

Danışıqda olan xeyrə gəlincə, Allahı zikr etsin, sübhənallah və əlhəmdulilləh desin, Quran oxusun, elm öyrənsin, yaxşı işləri əmr etsin və pis əməllərdən çəkindirsin. Bütün bunlar özlüyündə xeyir sayılır.

Başqası üçün xeyir olana gəlincə, insan özlüyündə xeyir olmayan bir söz desin. Lakin bunu yanında oturanları sevindirmək üçün etsin. Bu, ünsiyyət qurulduğu, təklikdən yaxa qurtarıldığı və mehribançılıq əmələ gətirildiyi üçün xeyir sayılır. Çünki sən insanlarla oturduqda danışmağa söz tapa bilmirsənsə, bu özündə bir xeyirdir. Lakin içəri daxil olandan ayağa qalxana qədər sakit dayanman, tənhalıq hesab edilir. Bu vəziyyətdə sənin dostlarını sevindirmək üçün özlüyündə xeyir olmayan nə isə danışman başqasına edilən xeyir sayılır.

“ ya da sussun” yəni, sakit dayansın.

“Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin.” Yəni, qonşu evdə yaşayana. Zahirən qonşu dükanda işləyən belə buraya daxildir. Lakin birinci variant yəni, qonşu evdə yaşayan olması daha aşkardır. Qonşu nə qədər yaxın olarsa, haqqı bir o qədər böyük olar.

“Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin.” Qonaq, yanına gələn şəxsə deyilir. Məsələn, yanına gələn müsafir qonaq sayılır deyə ona yaxşılıq edilməlidir.

Hədis bizə bunları öyrədir

1 – Xeyirdən başqa məsələlərdə susmağın vacib olması. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun.” Bu, hədisin zahiridir. Lakin insanların əhvalına baxsaq bu vacib sayılmır. Danışılan sözlər isə üç qismə ayrılırlar: xeyir, şər və mənasız.

Xeyir sözlər, insandan tələb olunanlardır. Şər sözlərin deyilməsi haramdır. Mənasızlar isə, nə xeyri, nə də şəri olmayanlardır. Onları danışmaq insan üçün haram sayılmasa da, susmaq daha yaxşıdır. Belə deyirlər: «Danışmaq gümüşdürsə, susmaq qızıldır.» Nə qədər kəlmələr var ki, yiyəsinin qəlbinə bəlalar salıb. Əgər söz ağzından çıxmayıbsa, sənin əlindədir. Yox əgər çıxsa, artıq sənin deyil.

Susmaq və danışmaq arasında seçim olsa, susmaq üstün sayılacaqdır. Çünki o, daha təhlükəsizdir.

2 – Dili qorumağa təşviq. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Kim Allaha və axirət gününə iman gətiribsə, xeyir söz danışsın ya da sussun.”

3 – Qonşuya yaxşılıq etməyin vacibliyi. Çünki hədisdə buyurulur: “Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin.” Bu, ümumi şəkildə ifadə edilmiş yaxşılıqdır. Ona görə də adət-ənənəyə baxmaq lazımdır. Bəzən qonşuya yaxşılıq gedib onunla salamlaşmaq və yanında oturmaqdan ibarət olur. Bəzən isə onu evə dəvət edib yaxşılıq etməkdən, bəzən də, hədiyyə verməkdən ibarət olur.

4 – İslam, digərlərindən fərqli olaraq mehribançılıq, birlik və tanışlıq dinidir. Bəzi toplumlara nəzər yetirdikdə görürsən ki, onlar bir-birini tanımırlar, hətta qonşusu ilə danışmağa bir kəlmə belə tapa bilmirlər.

5 – Qonağa ikram hesab edilən işlərlə yaxşılıq etməyin vacibliyi. Onu gülər üzlə qarşılayaraq: “Xoş gəlmisiz, buyurun içəri.” və digər buna bənzər xoş sözlər deməlisən.

Hədisin zahirinə görə qonağın bir və ya yüz olmasında heç bir fərq yoxdur. Çünki qonaq sözü (ərəb dilçiliyinə görə) ümumi formada işlədilibdir.

Sən evinə gələn qonağa bacardığın qədər yaxşılıq etməlisən. Lakin qonaq üçün xüsusi yer hazırlamağa elə bir imkanın olmadığı və evin darısqallığı səbəbindən onun qalması mümkün olmazsa, ona: Ey filankəs, evim darısqaldır. Sənin burada qalman ailəmə narahatçılıq törədəcək. (Vəziyyəti nəzərə alaraq), götür bu yüz riyalı və ya iki yüz riyalı[1], mehmanxanada gecələ.” deməklə kifayətlənmək olarmı?

Cavab: Zəruridirsə, kifayətlən.

 

[1] Buxari: № 6110. Müslim: № 74.

[2] Riyal: Səudiyyə ərəbistanının pul vahidi.

 

 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin


Fəqih.com
 heyəti