Əxlaq Məqalələr

Gözəl davranış qaydaları

Mərhəmətli, Rəhimli Allahın adı ilə

İslam dini bütün xeyirləri özündə cəm edən sevgi, əmin-amanlıq dinidir.

وَقُولُوا لِلنَّاسِ حُسْنًا
“İnsanlarla xoş danışın.” (Bəqərə, 83 )
Yaradılış etibarı ilə hər bir insan dünyaya mədəni varlıq olaraq gəlir. Yaşadıqca başqa insanlarla ünsiyyətdə olur, beləcə, öz xüsusiyyətini, danışığını, davranış tərzini dəyişir. Məhz bu səbəbdən insanların əxlaqına önəm verən İslam dini yaxşı insanlarla dostuq etməyi əmr edir. Odur ki, insanlarla gözəl davranışda olmaq bir qayda şəklində Qurani-Kərimin müxtəlif ayələrində təkrarlanır.
Allah Təala buyurur: “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar.” (İsra, 53)
İslam dini bizə təkcə müsəlmanlarla deyil, qeyri — müsəlmanlarla da gözəl rəftar etməli olduğumuzu buyurmuşdur. Qurani – Kərimdə, hətta, əhli kitabla münaqişə etdikdə belə gözəl rəftarda olmaq əmr edilmişdir.
“İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin.” (Ənkabut, 46)
Bu ayə Uca Allahın insanlarla gözəl davranışı əmr edən dəlillərindəndir. Burada nəzərdə tutulan davranış özündə yalnız danışılan sözləri deyil, həmçinin heybəti, hərəkəti də cəm edir.
Allah Təala Muhəmməd peyğəmbəri (Allahın ona və ailəsinə salavat və salamı olsun) bütün insanlara rəhmət olaraq göndərmişdir. Necə ki, buyurur:
“Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” (Ənbiya, 107)
Peyğəmbərin (Allahın ona və ailəsinə salavat və salamı olsun) yaşayış tərzinə fikir verdikdə, onun insanlarla necə mülayim rəftar etdiyinin şahidi oluruq.
Ənəs (Allah ondan razı olsun) demişdir: “Mən on il Peyğəmbərə (Allahın ona və ailəsinə salavat və salamı olsun) xidmət etdim, bir dəfə də olsun mənə nə “uf!”, nə “niyə belə etmisən?”, nə də “niyə belə etməmisən?” dedi.” (əl-Buxari, 6037).
Həmçinin, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) nə söyüş söyən, nə ədəbsizlik edən, nə də lənət oxuyan (bir adam) olmuşdur.”. (əl-Buxari, 6031)
Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) əsl müsəlmanı vəsf edərək demişdir: “Müsəlman o kəsdir ki, onun dilindən və əlindən başqa müsəlmanlara zərər dəyməsin.” (əl-Buxari, 10)
Bu qayda müsəlmanın həyatının müəyyən dövrünə deyil, hər anına şamil edilir. Çünki insan müsəlman-qeyri müsəlman, saleh-facir, böyük-kiçik, qoca-cavan, və s olmaqla hər zaman müxtəlif insanlarla rastlaşır. Əsl müsəlman heç bir fərq qoymadan hamı ilə gözəl danışmalı, gözəl rəftar etməlidir.
Qeyd etmək lazımdır ki, bəzi insanlarla rəftarda daha çox diqqətli olmalıyıq. Elə kəslər ki, Uca Allah Özü onları başqalarından fərqləndirmişdir. Bu kəslər valideynlərimiz, həyat yoldaşımız, övladlarımız və tabeliyimiz altında işləyən insanlardır.
Allah Təala valideynlərimizə olan rəftar qaydasında buyurur:
«Uf!» belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!” (İsra, 23)
Həmçinin bizdən kömək istəyib uman kəslərlə olan rəftar qaydasında buyurur:
“Səndən (kömək) diləyəni qovma!” (Duha, 1)
Həmçinin cahil, danışıqlarını bilməyən insanlar pis söz söyləyərkən onlarla olan rəftar qaydasında buyurur:
“Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.” (Furqan, 63)
Bu qızıl qayda onlarla gözəl rəftar edib mülayim və gözəl davranışla Allahın dininə çağırmağa, haqqı başa salmağa, düzgün rəftar etməyə təşviq edir.
Qurani Kərim cahil bir kəs bizə xoşa gəlməyən söz deyərsə gözəl sözlərlə qarşılıq verməyi əmr edir. Bu zaman etdiyimiz rəftarın zəif və aciz olduğumuzdan deyil, əksinə haqlı və güclü ikən tutarlı cavaba malik olduğumuz halda müsəlman əxlaqına uyğun davranış göstərməyimizdən irəli gəldiyini biruzə verməliyik.
Əfsuslar olsun ki, bir çox müsəlmanlar Qurani Kərimin qoyduğu bu qaydaya riayət etmirlər. Həm valideynlərinə, həm həyat yoldaşına, həm övladlarına, həm tabeliyi altında işləyən insanlara və nəhayət bütün insanlara qarşı gözəl rəftarda olmalı olduqlarını unudurlar.
Halbuki, bu ibrətli hekayəni daima xatırlasaq, özümüzü xəta edənə qarşı belə gözəl davranışda olan, bütün insanlara nümunə olan Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavat və salamı olsun) kimi apararıq.
Muaviyə ibn əl-Həkəm (Allah ondan razı olsun) belə rəvayət edir: “Bir dəfə Peyğəmbərlə (Allahın ona və ailəsinə salavat və salamı olsun) namaz qılarkən camaatdan bir kişi asqırdı. Mən ona: “Yarhəmuk Allah “(Allah sənə rəhm etsin) dedikdə camaat gözlərini mənə zillədi. Mən: “Vay olsun mənə, sizə nə olub ki, mənə belə baxırsınız?” dedikdə, onlar əllərini budlarına vurdular. Mən onların məni susdurmaq istəmələrinə qəzəbləndim, lakin susdum. Peyğəmbər, (Allahın ona və ailəsinə salavat və salamı olsun) atam, anam Ona fəda olsun, Ondan yaxşı öyrədən bir müəllim görmədim. Mənə nə əziyyət verdi, nə döydü, nə də söydü. Namazı bitirdikdən sonra belə buyurdu: “Bu, namazdır, onun içində insan danışan sözlərdən heç nə caiz deyildir. Onda yalnız təsbih (Sübhənallah), təkbir (Allahu Əkbər) və Quran oxumaq caizdir.” (Muslim, 537)
Müsəlman qardaş və bacılarım, bilin ki:
Kimin danışığı gözəl olarsa, onu sevənlər də çox olar.
Gözəl danışıq insanın malını, vaxtını və nəfsini qoruyur.
Az danışmaq, danışdaqda da gözəl danışmaq lazımdır.
Sual, cavab, dialoq və bütün danışıq tərzlərində sözlərimiz gözəl olmalıdır.
Zarafat etdikdə belə gözəl sözlər söyləmək, qarşımızdakı insanın qəlbini qırmamaq lazımdır.

Hazırladı: Ramil Soltanov