Məqalələr Müxtəlif

Gizlində günahlar edirəm, necə qurtulum?

İnsan zəif xəlq edildiyi üçün onun iradəsi də zəifdir. Bu isə insanlardan ayrı, uzaq bir məkanda, təklikdə olarkən daha çox özünü biruzə verir. Adətən insan təklikdə olarkən şeytan üçün vəsvəsə qapıları daha çox açılmış olur, hücumları daha da çoxalır.
Məlum olduğu üzərə adətən şeytan insana iki qapıdan yaxınlaşır: şübhələr və şəhvətlər qapısından. Əgər qul şübhələrə qarşı sabit olarsa, lakin, şəhvətlərə qarşı zəiflik göstərərsə, şeytan ona məhz bu qapıdan yaxınlaşar. Yox, əgər şəhvətlərə qarşı dözümlü, sabit olar, lakin, şübhələrə tez düşərsə, bu halda da şübhələr qapısından daxil olar və bunun üçün bütün gücünü sərf edər.
Beləliklə, qulda bu qapılardan hansı birində zəiflik olarsa, şeytan üçün həmən qapıdan insana yaxınlaşmaq daha da asanlaşar.
Buna görə də, şəhvətlər tərəfindən zəif olanlar bu qapını şeytana açmamaq üçün xüsusən təklikdə qalmaqdan çəkinməlidirlər. Çünki, insan adətən camaat içərisində olarkən hər hansı bir eyib əməl, günah etməkdən həya edib çəkinir. Lakin, təklikdə isə onu heç kəs görmədiyi üçün bu günaha düşmək ehtimalı onun üçün böyüyür.

Şeyx Abdur-Razzaq əl-Bədr (Allah onu qorusun) dərslərinin birində bu barədə danışarkən bir şəxsin başına gələn hadisəni zikr edir. Həmən şəxs bir dəfə təkliyə, öz otağına çəkilib, yatağında haram olan şeyləri izləyirmiş. Bu an qapı tərpənir və səs eşidir. Həmən şəxs dərhal özünü toparlayır, telefonu bağlayır və qəlbinə qorxu, həyəcan düşür. Qalxıb həmən səsin nə olduğunu baxmaq istədikdə görür ki, məgər qapını tərpədən pişik balası imiş. Onun qorxub çəkindiyi şey pişik imiş.
Bu qissə həqiqətən düşünüb ibrət alan mömin üçün bir ibrətdir. Çünki, həmən şəxs Rəbbinin onu görməsini ən aşağı səviyyəyə endirmiş oldu. Hansı ki, onun ən çox utanıb həya edəcəyi hər yerdə Görən və Eşidən, gizlini və aşkarı Bilən Allah olmalı idi. Uca Allah bu haqda belə buyurur: {Onlar insanlardan gizlədir, Allahdan isə gizlətmirlər…} [Nisə: 108].

Xəlvətdə günah edən kəs tez bir zamanda Rəbbinə tərəf qayıtmalı, bu əməlindən tövbə etməlidir. Çünki:
1) İnsan nə zaman öləcəyini bilmir və buna da yəqindir ki, yaşadığı həyatda Rəbbi hər an onun canını ala bilər. Mömin bir kəsin günah üzərində bu dünyadan köçməsi isə, nəticə etibarilə onun bu dünyadan pis bir əməllə köçüb, pis əməl üzərində Rəbbi ilə qarşılaşmasına səbəb ola bilər. Çünki, Allahın elçisi ﷺ buyurmuşdur ki, həqiqətən əməllər sonluğa görədir. İnsan hansı əməl üzərində bu dünyadan köçərsə, Qiyamət günü də məhz o əməl üzərində həşr olunar.
Elə isə mömin pis sonluq üzərində ölməmək üçün bu günahından dərhal qayıtmalı, Rəbbinə tövbə etməlidir.
2) Gizlində edilən günahlar əməllərin puç olmasına səbəbdir. Çünki, Peyğəmbərimiz ﷺ xəlvətdə günah edən kəslərin Qiyamət günü dağlar qədər savablarla gəlib, Allahın onların bu savablarını toz dənəciklərinə çevirəcəyini bizlərə xəbər vermişdir.

Gizlində edinlən günahların bu dünyada olan digər zərərləri də vardır ki, biz axirət ilə bağlı əsas zərərlərini zikr etdik.
Sonda isə mömin daima bu barədə sələflərdən varid olan bu deyimi xatırlamalıdır: «Allahın görməsini görənlər içərisində ən aşağı etmə»

Hazırladı:Nail Paşayev