Məqalələr

Gecə namazına insanı gümrah saxlayan iki sünnə

Təhəccüd namazı, gecə namazı, qiyamul-leyl adları ilə tanınan ən şərəfli könüllü ibadətlərdən biridir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Təhəccüd namazı, gecə namazı, qiyamul-leyl adları ilə tanınan ən şərəfli könüllü ibadətlərdən biridir. Uca Allah bu ibadətin fəzilətini vurğulayaraq onu qılanları tərifləmiş, Öz Kitabında buyurmuşdur: “Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.” (Quran, Furqan, 64)

Başqa bir ayədə: “Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh­­mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.” (Quran, Zumər, 9)

Eləcə də Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) dəfələrlə təhəccüd namazlarına təşviq edərək buyurmuşdur: “Allah üç kəsi sevər, onlara gülər və onlarla fərəhlənər. Birincisi bir camaat Allah yolunda döyüşər, o da onlarla birgə həm də öz nəfsi ilə savaşan kəsdir. Ya öldürülər, ya da Allah onu qoruyar və qalib edər. (Allah) deyər: “Baxın mənim bu quluma, necə mənim üçün öz nəfsilə səbr etdi”. Digəri gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə (namaza) qalxan kəsdir. (Allah) deyər: “O öz şəhvətini tərk edib məni zikr edir, istəsəydi yata bilərdi”. Üçüncüsü isə səfərdə ikən onunla birgə olanlar gecəyə kimi (oyaq) qalar, gecəni isə yatarlar. O isə yaxşı və pis anında da gecə (namaza) qalxar.” İbn Əsakir, şeyx Albani səhihləmişdir.

Həmçinin: “Qulun öz Rəbbinə ən yaxın olan vaxtı gecənin son anıdır (son üçdə bir hissəsi). Əgər həmin saatda (vaxtda) Allahı zikr edənlərdən ola bilərsənsə, ol!” Tirmizi, Nəsai.

Saleh sələflərimiz də istər sözlə, istərsə də öz şəxsi nümunələrində təhəccüd namazının mühümlüyünü bizlərə bildirmişdlər:

Bir gün Əbu Zərr (Allah ondan razı olsun) Kəbənin qarşısında dayanaraq, yoldaşlarına belə deyir: “Sizdən biriniz səfərə çıxmaq istəsə hazırlaşmırmı?” – “Bəli” — dedilər. Dedi: “Axirətə səfər, sizin bütün səfərlərin ən uzağıdır”. Dedilər: “Onun tədarükünü bizə göstər”. Dedi: “Böyük (ən əhəmiyyətli) işləriniz üçün həcc edin, qəbirdəki dəhşətli halınız üçün gecənin qaranlığında 2 rükət namaz qılın, qiyamət gününün uzunluğu üçün, uzun isti bir gündə oruc tutun”. (“Əl-Hilyə”, 1/165)

Yuxu — Uca Allah tərəfindən müsəlmana verilmiş ən şirin nemətlərdən biridir. Bu vasitə ilə bədən itirdiyi gücünü, sağlamlığını bərpa edir, hüceyrələr yenilənir və bir çox faydalara nail olunur. Hər nemət kimi yuxu nemətinin də sədəqəsini vermək, gecə ən az iki rükət sədəqə vermək bəyənilən əməllərdəndir.

Lakin günümüzdə çox zaman müsəlmanlar günü düzgün planlaşdıra bilmədiklərindən ya gecə ibadətindən sonra yuxusuz qaldıqları üçün fərz ibadətlərində səhlənkarlıq göstərməyə başlayır ya da ailə-məişət zəminində bu səbəbdən çətinliklərlə üzləşirlər. Nəticədə isə gecə namazlarını qılma vərdişi yerinə onu “iş adamıyam”, “körpə uşaqla mümkün deyil”, “vaxtım yoxdur”, “yuxusuz qalıram” ,” fərzləri yerinə yetirim, bəsimdir” kimi bəhanələr gətirməyə, bu şərəfli əməldən çəkinən görmək mümkündür. Halbuki saleh müsəlmanların həyat şəraiti ilə müasir dövrümüzü müqayisə etdikdə, onların bizlərdən daha çox fiziki əmək sərf etdiklərini görmək olar. Onların gün ərzində piyada yaxud ibtidai vasitələrlə getdiyi yolları biz nəqliyyat vasitələri ilə gedə bilir, ev işlərimizdə odun yığmaq, ocaq qalamaq, əllə paltar yumaq, tikmək ,toxumaq və s. əvəzinə elektrik cihazlarından istifadə edir, hətta elm tələb etmək üçün belə internet, kompyuter, telefon və s. kimi texnoloji alətləri köməyimizə çatır.

Bəs elə isə onları gecə namazlarına bizlərdən daha əzmli olmasının, eləcə də gün ərzində bu qədər gümrah qalmasının sirri nədədir?

Heç şübhəsiz ki, ilk ağıla gələn cavab əvvəlki müsəlmanların xislət olaraq, sonrakılardan daha saleh olmasıdır. Bu barədə İmran bin Huseyndən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Muhəmmədin (Allahın ona salavatı və salamı olsun) belə dediyi bildirilir: “Ümmətimin ən yaxşıları mənim əsrimdəkilər, sonra onların ardınca gələnlər, daha sonra yenə də onların ardınca gələnlərdir. “İmran (Allah ondan razı olsun) deyir ki: “Yadımda deyil ki, o özündən sonra iki yoxsa üç nəsil zikr etdi”). Onlardan sonra elə insanlar ortaya çıxacaq ki, istənilmədiyi halda şahidlik (yalandan) edən, xəyanət etdikləri üçün onlara etibar edilməyəcək, vəd verəcək, ancaq yerinə yetirməyəcəklər. Onlar ancaq yoğunlaşıb piylənəcəklər”. Buxari, Müslim.

Müasir müsəlmanların da öz sələflərinin izi ilə getməsinə və gecə namazlarına güc toplamasına səbəb olacaq bir neçə unudulmuş sünnəni xatırlatmaq yerinə düşərdi:

Qaylulə
Müsəlmanın günün yorğunluğunu müsəlmanın canından atması və istər sübh namazına, istərsə də ən əfzəl könüllü ibadətlərdən olan gecə namazına oyana bilməsi üçün istifadə edə biləcəyi Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) sünnəsidir.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Günorta yuxulayın (dincəlin). Həqiqətən şeytanlar belə etmir”. Əbu Nueym, şeyx Albani (Allah ona rəhmət etsin) hədisin həsən-səhih olduğunu bildirmişdir.

Qaylulə elə sünnələrdəndir ki, onu tətbiq etmək nəinki nəfsə ağırlıq törətmir, eləcə də sırf niyyəti Allah razılığına kökləməklə yanaşı, həm də digər fərz və könüllü ibadətlər üçün də xeyir qapısı açır.
Xatıb əl-Şirbini (Allah ona rəhmət etsin) demişdir: “Təhəccüd namazı qılan insan üçün qaylülə etmək sünnədir. Onun vaxtı günəş zenitdən quruba doğru meyl etdiyi zamandır. (Gecə namazı qılan üçün) qaylulə etmək oruc tutan üçün suhur etmək kimidir”.

Bu yuxu müddətcə uzun olmur , dilimizdə daha çox mürgüləmək adı ilə tanınır. İnsan yuxulamasa da, günorta istirahət etməsi qaylülə hesab edilir. “Subulul-sələm”

Yatmazdan əvvəl zikrlərin deyilməsi
Allahı zikr etməyin ecazkar bir qüvvəsi vardır. İnsan qəlbi bu səbəblə yemək-içməkdən daha güclü bir enerji ehtiyatı ilə hərəkətə keçir, çətin olan məqsədlər su içmək kimi asanlaşır. Bütün gecəni namazda keçirsə də səhər az yuxu ilə elə bir gümrahlıqla oyanır ki, ən yatağan isanlar da bu ləzzətə nail ola bilmir.

Bu səbəbdəndir ki, Muhəmməd (Allahın ona salavatı və salamı olsun) öz sevimli qızı Fatiməyə zikr etməyi nəsihət etmişdir: Əli (Allah ondan razı olsun) rəvayət edir ki, Fatimə (Allah ondan razı olsun) atasının (Allahın ona salavatı və salamı olsun) yanına çox yorulduğunu deməyə və ona köməkçi ayırmasını istəməyə gəldikdə Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdi: “Qulluqçudan daha xeyirli olanı söyləyimmi? Yatmamışdan əvvə 34 dəfə təkbir (“Allahu Əkbər”), 33 dəfə təsmih (“SubhənAllah”), 33 dəfə təhmid (“ƏlhəmduliLLəh”) demək. Bu qulluqçudan daha xeyirlidir.” Buxari, Müslim.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu AbdulAziz