Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
1. Qüsl almaq
Bayram namazına getməmişdən əvvəl müsəlman qüsl almalıdır.
Abdullah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Fitrə (Ramazan) Bayramı üçün namaza getməmişdən əvvəl qüsl alardı. (İmam Məlik “Muvəttə”)
Ən-Nəvəvi (Allah ona rəhmət etsin) bayram günü qüsl almağın müstəhəb (bəyənilən) əməl olduğunu qeyd etmişdir.
2. Evdən çıxmazdan əvvəl nəsə yemək
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: «Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Fitrə Namazına getməzdən əvvəl tək sayda xurma yeyərək evdən çıxardı.» (Buxari)
İbn Həcər (Allah ona rəhmət etsin) hədisin şərhində bildirmişdir ki, bu, müstəhəb bir əməldir, səbəbi isə Bayram Gününün artıq oruc tutulmayacağını təkidlə qəsd etməkdir. (Fəthul-Bəri)
Həmçinin bu sünnə xüsusiyyət Fitrə bayramını Qurban bayramından fərqləndirir. Belə ki, qurban kəsən şəxs bu ibadəti yerinə yetirənədək heç nə yeməməlidirsə, Ramazan bayramında bunun əksini etmək gərəkdir.
3. Bayram günü təkbir demək
Bu həmin günün ən böyük sünnələrindən biridir.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) namaz qılınan yerə çatanadək təkbir deyər və daha sonra imam gələnədək buna davam edərdi. (Dəraqutni)
Təkbir Bayram Namazından əvvəlki gün Məğrib namazı girdikdən sonra deyilməyə başlayır.
İbn Məsuddan (Allah ondan razı olsun) səhih olaraq, rəvayət edilməsinə əsasən təkbir bu formada deyilə bilər: «Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah. Və Allahu Əkbər, Allahu Əkbər və lilləhil-həmd.» (İbn Əbi Şeybə “Musannəf”)
4. Bayram münasibətilə təbrik etmək
Namazdan sonra müsəlmanların bir-birini ən gözəl sözlərlə təbrik etməsi də sünnədir: Cubeyr ibn Nufeyr bildirir ki, Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) vaxtında insanlar Bayram Günü bir-birilə görüşərkən «Təqabbələllahu minnə və minkə (Allah bizdən də səndən də qəbul etsin!)» deyərdilər. (İbn Həcər “Fəthul-Bəri”)
5. Bayram günü gözəl geyinmək
Cəbir (Allah ondan razı olsun) rəvayət edir ki: «Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Bayram və Cümə günlərində cübbəsini geyərdi.» (Sahih ibn Xuzeymə)
«Abdullah ibn Ömər (Allah ondan da, atasından da razı olsun) Bayram günlərində özünün ən gözəl paltarını geyərdi.» (Beyhəqi)
Qadınlara gəldikdə isə onlara məhrəm olmayan yad kişilərin yanında bəzəkli hicablarla gəzməkdən maksimal dərəcədə çəkinməlidirlər.
6. Namazdan geri qayıdarkən başqa yolla gəlmək
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki: «Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Bayram namazından geri qayıdarkən başqa yolla gələrdi.» (Buxari)
Bu sünnədəki hikmət, müsəlmanların daha çox bir-birləri ilə qarşılaşıb bayramlaşmaları, həmçinin insanların İslamın əlamətlərini, müsəlmanları hər təfərdə görərək bu günün Bayram olduğunu unutmamaları üçündür.
Hazırladı: Ummu Abdul-Aziz
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha