Fiqh Fiqh Elmi

Fiqh elminə giriş — 1-ci dərs

Fiqh elmi Quran və Sünnə ətrafında dövr edir və şəriət əhkamlarını bu iki mənbədən çixarır. Elə bu ona fəzilət olaraq kifayətdir.

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Əməllər niy­yətlərə görədir və hər kəsə ancaq niyyət etdiyi bir şey vardır. Kimin hicrəti Allah və Onun rəsulu üçündürsə, onun hicrəti Allah və Onun rəsulu üçündür. Kimin də hicrəti dünyaya nail olmaq və ya bir qadınla evlənmək üçün olarsa, onun hicrəti nə üçün hicrət etmişsə elə onun üçündür.» (Buxari 1)

Bu gündən Allahın izni ilə fiqh mövzusunda olan məqalələrə başlayırıq. Məqalələrdə zikr olunmuş məlumatlar fiqh sahəsində yazılmış kitablardan seçilib və tərcümə edilmişdir. İstifadə olunacaq bəzi terminlərin mənaları ayrıca olaraq bəyan ediləcəkdir inşəAllah. Allahdan bu əməlin ixlaslı, faydalı, bərəkətli və davamlı olmasını istəyirik. Həqiqətəndə O, hər şeyə qadirdir.

Əvvəlcə fiqh elmi haqqında mühüm  olan bir neçə məsələyə toxunmaq istəyirəm.

Fiqh elminin  əsasları

Birinci əsas:

Tərifi  Ərəb dilində «fiqh» — anlamaq, başa düşmək deməkdir. İstilahi mənada isə — «Təfsilatlı dəlillərdən şəri, əməli hökmlər çıxartmaq haqqında olan elmdir.»

İkinci əsas:

Mövzusu  Fiqh elminin mövzusu mükəlləflərin əməlləri haqqındadır

Üçüncü əsas:

Faydası  Allah Təalənin nəyi əmr etdiyini öyrənib ona əməl etmək və nəyi qadağan etdiyini öyrənib ondan uzaq durmaq.

Dördüncü əsas:

Fəziləti — Fiqh elmi Quran və Sünnə ətrafında dövr edir və şəriət əhkamlarını bu iki mənbədən çıxarır. Elə bu ona fəzilət olaraq kifayətdir.

Beşinci əsas:

Nisbət  Şəriət elmlərinə nisbət edilir.

Altıncı əsas:

Əsasını qoyan  Fiqh mövzusunda tərtib edilmiş kitab şəklində ilk dəfə kimin yazdığı dəqiq bilinmir.

Yeddinci əsas:

Adı  Bu elm fiqh adlanır. Həmçinin «Şəriət əhkamları elmi» və yaxud «Halal və haram elmi» həmçinin «Kiçik fiqh» də adlanır.

Səkkizinci əsas:

Məsdəri  Quran, Sünnə, İcma və Qiyas.

Doqquzuncu əsas:

Bu elmi öyrənməyin hökmü  İbadətlərin və insanlarla müamələlərin doğru olması üçün gərəkli olan ən mühüm məsələləri öyrənmək hamıya vacibdir. Bundan əlavə olanları öyrənmək isə müstəhəbdir.

Böyük fiqh əqidə haqqında olan elmdir. Kiçik fiqh isə ibadətlər və müamələlər haqqında olan elmdir.

Fiqh elminin inkişaf tarixi

Elm əhlinin buyurduğuna görə fiqh elmi bu günki, istilahi adıyla Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra inkişaf edib. Allah rəsulunun (Allahın ona salavat və salamı olsun) sağ olduğu vaxtlarda isə şəri əhkamlar vəhyin iki növü vasitəsi ilə gəlirdi  — Quran və Sünnə. Fətva və qazilik məsələləri ilə yalnız Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məşğul idi. Bununla yanaşı O, (Allahın ona salavat və salamı olsun) öz səhabələrinə fiqhi məsələlərdə ictihad etməyin yollarını öyrədirdi. Beləki onun vəfatından sonra səhabələr fətva və qazilik məsələlərini öz üzərlərinə götürərək ayələrdən və hədislərdən əhkamlar çıxartmağa başladılar. Bununla da fiqh elminin əməli olaraq başlanğıcı qoyuldu.

Böyük səhabələrin dövrü başa çatır, lakin fiqh sahəsində hələ heç bir kitab yazılmır. Onların verdiyi fətvalar kiçik səhabələrin və boyük tabi`inlərin hafizələrində qalır. Səhabələrdən fiqh sahəsində daha çox tanınanların sayı yeddi idi: Ömər ibn əl-Xattab, Əli ibn Əbi Talib, Möminlərin anası Aişə, Abdullah ibn Məsud, Zeyd ibn Səbit, Abdullah ibn Abbas, Abdullah ibn Ömər (Allah onlardan razı olsun).

Səhabələrdən sonra gələn tabi`inlərin dövründə də bu elm haqqında yazılmış kitabların sayı kifayət qədər deyildi. Sözün əsl mənasında bu elm yalnız Ətbə`ut-tabi`inlərin (tabi`inlərdən sonra gələnlərin) zamanında kitablara yazılır. Ümumiyyətlə Ətbə`ut-tabi`inin yaşadığı dövr islam tarixində «Qızıl əsr» adlanır. Çünki, həmin vaxt bəzi şəriət elmlərinin və digər elmlərin əsası qoyulub. Fiqh sahəsində kimin ən birinci kitab yazması isə ixtilaflıdır və dəqiq bilinmir.

Sonda Allah Təalədən istəyirik ki, bizi dində fəqih olanlardan etsin və özünün sevdiyi və razı qaldığı əməllərə müvəffəq etsin. Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd, onun ailəsinə və səhabələrinə.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment