Hədislər toplusu

Faydasız işlərə münasibət

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

 

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “İnsanın İslamının gözəlliyi, ona aid olmayan işləri tərk etməsidir.”[1] Həsən hədisdir. Tirmizi və başqaları bu cür rəvayət etmişlər.

 

Şərh

 

“ona aid olmayan” yəni, onun diqqətindən kənar olan, əhəmiyyət vermədiyi. Bu hissə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) buyurduğu kimidir: “Kim Allaha və qiyamət gününə inanırsa, ya xeyirli söz danışsın ya da sussun.”[2] Bu hədisin yuxarıdakı hissəyə bəzi oxşar cəhətləri var.

 

Hədis bizə bunları öyrədir:

1 İslam gözəl işlərin toplusudur.

İslamın bütün gözəllikləri iki kəlmədə cəm edilmişdir. Allah təalə buyurur: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, …buyurar.” (ən-Nəhl, 90).

2 – İnsanın əhəmiyyət vermədiyi işləri və ehtiyac duymadığı məsələləri tərk etməsi, onun gözəl İslamındandır.

3 – Aidiyyəti olmayan işə müdaxilə edənin İslamı o cür də gözəl olmaz. Bəzi insanlar bir çox hallarda buna yol verirlər. Onlar aidiyyəti olmayan işlər barədə danışır və ya kiminsə yanına gələrək ondan lazımsız şeylər soruşur, ona aid olmayan işlərə qarışırlar. Bütün bunlar onun İslamının zəifliyinə dəlalət edir.

4 – İnsan İslam gözəlliklərini əldə etməli və ona aid olmayan işlərdən əl çəkərək rahatlıq tapmalıdır. Əks halda o, özünü yormuş olacaqdır. Lakin burada bir sual verilə bilər ki, “Qul ona aid olmayan işləri tərk etməlidir” – dedikdə, onun yaxşı işləri əmr etməyi və pis işlərdən çəkindirməyi (əmr biməruf və nəhy anil-munkəri) də tərk etməsi nəzərdə tutulur?

Cavab: Xeyr, çünki yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək insanın diqqət yetirməli olduğu işdir. Necə ki, Allah təalə buyurur: (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!” (Ali İmran, 104).

Əgər bir insanın pis əməl etdiyini görüb ona: “Qardaş, bu pis əməldir. Onu etmək olmaz” söyləsən, onun haqqı yoxdur ki, sənə: “Bunun sənə aidiyyəti yoxdur” desin. O belə desə də, bu qəbul edilməyəcək. Çünki xeyirli işlər görməyi əmr etmək və pis əməlləri qadağan etmək bütün İslam ümmətinə aiddir.

Həmçinin ailə başçısı zövcəsini, oğullarını və qızlarını xeyirli işlərə yönəltməli, bunu onlara əmr etməli və onları şərdən çəkindirməli, bunu onlara qadağan etməlidir. Allah təalə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir) (ət-Təhrim, 6).

 

 


[1] ət-Tirmizi, “Zühd” kitabı, “Aidiyyəti olmayan sözləri danışan haqqında” bölümü, 2318-ci hədisdə, İbn Məcə, “Fitnələr” kitabı, “Fitnələr zamanı dili qorumaq” bölümü, 3976-cı hədisdə rəvayət etmişdir.

 

[2] əl-Buxari, “Raqaiq” kitabı, “Dili qorumaq” bölümü, 6475-ci hədisdə, Müslim, “İman” kitabı, ”Qonşuya yaxşılıq” bölümü, 47-ci hədisdə rəvayət etmişlər.

 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin
Fəqih.com
 heyəti