Məqalələr

Faydalar (1-ci hissə)

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Dində rəhbərlik, imamlıq iki şey ilə olur, səbr və yəqinliklə. Uca Allah buyurur: «Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik» (əs-Səcdə, 24).

Çünki səbr və yəqinlik insanı şübhə və şəhvətlərdən qoruyur. Səbr şəhvətlərdən, yəqinlik isə şübhələrdən qoruyur.
İnsanlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək fardu kifəyədir. Uca Allah buyurur: «Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır» (Ali İmran, 104).

Bəzən isə yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək fardu ayn olur. Məsələn, bir nəfərdən başqa bir pis işi dəyişdirə bilən yoxdursa o zaman o pis işi dəyişdirmək fardu ayn olur.

Şeyxul İslam ibn Teymiyyə buyurmuşdur: «Müsibətlər günahları bağışlayır, müsibətlərə səbr etdikdə isə savab qazanılır. İnsanın üzərinə düşən vacib budur. Çünki insan öz ixtiyarında olan əməllərə görə savab qazanır».

Quran və sünnədə olan həmd beş şeyi əhatə edir. Aydın olsun deyə bu növlərin hər birinə Qurandan bir və ya iki dəlil zikr edirik:
1. Rububiyyə tovhidində. Uca Allah buyurur: «Həmd olsun aləmlərin Rəbbi Allaha» (əl-Fatihə, 2). Digər bir ayədə buyurur: «Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun!» (əl-Fatir, 1).
2. Uluhiyyə tovhidində. Uca Allah buyurur: «De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut» (əl-İsra, 111). Həmçinin bu ayə üçüncü növədə dəlildir.
3. Ad və sifətlər tovhidində. Uca Allah buyurur: «Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır» (əs-Saffat, 180).
4. Kovni qədərində. Uca Allah buyurur: «Beləliklə də zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha» (əl-Ənam, 45).
5. Şərii qədərində. Uca Allah buyurur: «Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!». (əl-Kəhf,1). Digər bir ayədə buyurur: «Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir» (əz-Zumər, 69).

İslamdan əvvəl olmuş dinlərdən gələn xəbərlər üç qismə bölünür:
1. Quran və sünnəyə müvafiq olanlar. Bu növdən olan xəbərləri təqdir edirik.
2. Quran və sünnəyə zid olan xəbərlər. Bu növdən olan xəbərlər şəriətə zid olduğu üçün inkar edirik.
3. O xəbərlər ki, Quran və sünnə təsdiq etməsədə inkar etmir. Bu növdən olan xəbərləri nə təsdiq edirik, nə də ki inkar edirik.

Varlı şükr edən əfzəldir, yoxsa kasıb səbr edən? Bu məsələdə alimlər ixtilaf etmişlər. Düzgün rəy odur ki, şükr edən varlı səbr edən kasıbdan daha əfzəldir.

Seçim arasında qaldıqda şəriət ilk olaraq nəyi qorumağı bizə bildirmişdir?
Bunları ardıcıllıqla qeyd edirik:
1. Dini qorumaq.
2. Nəfsi qorumaq.
3. Ağlı qorumaq.
4. (Qeyrəti mail) qorumaq.
5. Nəsəbi qorumaq.

Üç halda edilən tövbə qəbul olunmur və düzgün deyildir
Birinci hal: Əzab nazil olduqda. Uca Allah buyurur: «Onlar əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik! Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi» (Gafir 84-85).
Digər bir ayədə Firon barədə buyurur: «Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!». Uca Allah ona dedi: «Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun» (Yunus 90-91).
Uca Allah bu halda yalnız Yunus peyğəmbərin qövmünü istisna etmişdir. Uca Allah buyurur: «Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik» (Yunus, 98).

İkinci hal: Ruh hulquma yetişdikdə. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Uca Allah bəndənin tövbəsini ruhu hulquma yetişdikdə qəbul eləmir».

Üçüncü hal: Günəş batdığı yerdən çıxdıqda artıq tövbələr qəbul olmur. Uca Allah buyurur: «Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik» (əl-Ənam, 158).
Burada «Rəbbinin bəzi əlamətləri» deyildikdə günəşin batdığı yerdən çıxması nəzərdə tutulur. Həmçinin peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Günəş məğribdən çıxdığı zaman insanlar hamısı iman gətirəcəklər. Ancaq əvvəlcədən iman gətirmədikləri üçün onların imanı heç bir fayda verməyəcəkdir».

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) cinlərə Quran oxuması sabitdir. Ancaq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onları görməsi barəsində dəlil varid olmayıb. Uca Allah insanların cinləri görmək barəsinda belə buyurur: «Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər» (əl-Əraf, 27).

Musa (Allahın ona salamı olsun) iki dənizin qovuşduğu yerə Yuşa ibn Nuh ilə gedir. O, həmin şəxsdir ki, Musa və Harunun ölümündən sonra Beytul-Məqdisi fəth edir. O həmin şəxsdir ki, Uca Allah günəşin batmağını onun üçün qoymur. (Hədis Səhih əl-Buxaridə zikr olunur).

Yəqinliyin üç növü vardır. Hər biri o biri növündən üstündür:
Birinci növ: Elmlə yəqin etmək. İnsanın şərii dəlillə və ya əqli dəlillə bildiyi şeyə deyilir.
İkinci növ: Gözlə görməklə yəqin etmək. İnsan bir şeyə yəqin etdikdən sonra onu görməsinə deyilir.
Üçüncü növ: Haqq olan yəqin. İnsan elmlə yəqin edib onu birbaşa özü görməsinə deyilir. Bu ən üstün dərəcəsidir. İbrahim peyğəmbər (Allahın ona salamı olsun) Allaha belə xitab etdikdə (Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər) yəqinlik elmindən gözlə görünən yəqinliyə keçməsini istəmişdi. Məhz ona görə Rəbbi ondan (Məgər sən inanmırsan) deyə soruşduqda o, (Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun) deyə cavab verir (əl-Bəqərə, 260).

Allahın xəlili İbrahim (Allahın ona salamı olsun) və Muhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbərdir. Allahın bir başa danışdığı peyğəmbər Musa (Allahın ona salamı olsun) və Muhəmməddir (Allahın ona salavat və salamı olsun).

Ardı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Ramil Soltanov